Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:22

Yeni müdafiə nazirinə Azərbaycan və Ermənistandan reaksiyalar


Zakir Həsənov və İlham Əliyev
Zakir Həsənov və İlham Əliyev
-
«Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında bir gün də tab gətirə bilməz» – Yeni müdafiə Zakir Həsənov bu sözləri ötən ilin martında hələ Daxili Qoşunların komandanı olarkən söyləyib. O, Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara qatıldığı zaman Ermənistan hərbçilərinin döyüş qabiliyyətinə bələd olduğunu da sözlərinə əlavə etmişdi:

«Ermənilər 1993-cü ildə rusların köməyi ilə döyüşsələr də, çox vaxt döyüş meydanını qoyub-qaçırdılar. Horadiz əməliyyatını yadınıza salmaq istərdim».

ETİRAZ AKSİYALARININ TƏSİRİ?

Zakir Həsənov döyüş təcrübəsindən söz açsa da, bu məlumat çapa hazırlanan zaman onun Qarabağda nə vaxt savaşdığını dəqiqləşdirmək mümkün olmadı.

Tərcümeyi-halında Zakir Həsənovun 1993-cü ilədək SSRİ Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışdığı bildirilir. O, sonrakı 10 il boyunca, yəni 2003-cü ilədək Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsində xidmət edib. 2003-cü ildən Daxili Qoşunların komandanıdır.

Sələfi Səfər Əbiyev 18 ildən çox bu vəzifədə çalışıb. Ölkənin hərbi büdcəsi il-ildən artsa da, orduda əsgər ölümləri, «köhnə-təzə» çəkişmələri, korrupsiya halları barədə iddialar da azalmayıb. Özəlliklə ilin əvvəlində keçirilən «Əsgər ölümlərinə yox!» aksiyaları sonradan Bakıda və bölgələrdə etiraz qığılcımı yayıb. Səfər Əbiyevin müdafiə naziri postundan uzaqlaşdırılmasını ölkə başçısının həmin etirazlara gecikmiş cavabı sayanlar da var. Bütün hallarda yeni nazirdən gözləntilər də böyükdür.

Cəsur Sümərinli
Cəsur Sümərinli
GÖZLƏNTİLƏR

«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli ordunun artıq idarəolunmaz hala gəlib çıxdığını, generallar arasında ciddi ziddiyyətləri, hərbi qulluqçuların maddi-texniki təminatında qüsurları, əsgər ölümlərinin artdığını vurğulayır. O, problemi məhz idarəçilik böhranında görür:

«O qədər biabırçı vəziyyət yaranıb ki, təsəvvür edin, məhkəmə qərarları MN rəhbərliyi tərəfindən yerinə yetirilmirdi. Bu gün xeyli sayda hərbi qulluqçuya MN-nin borcu var. Zabitlərin karyera imkanları məhdudlaşdırılırdı. Orduda ciddi rüşvət və korrupsiya halları baş verirdi».

Sümərinli yaxın 2 ay boyunca Müdafiə Nazirliyindəki generallar korpusunun yeniləşdiriləcəyini gözləyir. Onun fikrincə, hazırkı oturuşmuş generallarla nazirliyi idarə etmək mümkün deyil:

«Xüsusən korpus rəhbərlərinin dəyişiləcəyini gözləyirəm. MN idarə rəhbərlərinin dəyişilməsi, bir sıra sahələrə məsul, özəlliklə maddi-texniki, maliyyə təminatına məsul şəxslərin vəzifələrindən çıxarılması da gözləniləndir.
Üzeyir Cəfərov
Üzeyir Cəfərov
Çünki bunlar strateji istiqamətlərdir. MN-nin informasiya siyasətində də ciddi dəyişiklik gözləyirəm».

Hərbi ekspert Üzeyir Cəfərov Zakir Həsənovun qısa müddətə MN-də köklü dəyişikliklərə gedəcəyinə inanmadığını söyləyir. Onun fikrincə, yeni nazirin uğurla işləməsi üçün yaxşı komanda lazımdır ki, bu da nazirliyin bir sıra yüksəkrütbəli rəsmilərinin vəzifədən uzaqlaşdırılması hesabına formalaşdırıla bilər. Ekspert yeni nazirin işə daha tələbkar yanaşmasını da önəmli şərt sayır:

«Düşünmürəm ki, Zakir Həsənovun gəlişi əsgər ölümlərinin sayını azaldacaq. Bu, heç onun iradəsindən də asılı deyil. Ölümlərin əsas səbəbləri düşmən gülləsi, komandirlərin məsuliyyətsizliyi, bədbəxt hadisələr, xəstəliklərdir».

TÜRK ZABİTLƏRİ GƏTİRİLSİN

Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, keçmiş nazirin tənqidçilərindən olan Zahid Oruc Zakir Həsənovu «bir az şəxsi» tanıdığını deyir. Onun Daxili Qoşunlarda nizam-intizamı peşəkarcasına təmin etdiyini, müasir sistemlərə bağlılığını, ordunun modernləşməsi üçün mükəmməl baxışları olduğunu vurğulayır.
Zahid Oruc
Zahid Oruc
Deputatın fikrincə, hər bir vəsaitin əsgərə çatması, özəl və subyektiv meyllərə yol verilməməsi, bütün münasibətlərin hüquqa dayanaraq qurulması, cəmiyyət-ordu bağlantısının yaxşı bir nəzarət sisteminə çevrilməsi hamının xeyrinədir. Orduda aparılması vacib islahatlara gəlincə, Z. Oruc düşünür ki, Türkiyə generaliteti, səriştəli zabit, yaxud model və təlimatları Azərbaycan silahlı qüvvələrinə gətirilməlidir:

«Çox arzulayıram ki, türk generallarından biri, ya ikisi Müdafiə Nazirliyində mühüm vəzifə alsın, hərbi müşavir, yaxud digər vəzifələr daşısınlar. 2011-ci ildə qardaş ölkə ilə Strateji Əməkdaşlıq Şurasının yaradılması buna əsas verir. Baxın, bir neçə ay əvvəl Qaraheybət düşərgəsində və Naxçıvanda birgə hərbi təlimlər keçirildi. Çox arzulayıram ki, birgə hərbi birləşmələr də yaradılsın».

NİYƏ ORDU GENERALI YOX?

Bəzi sosial şəbəkə istifadəçiləri Zakir Həsənovun təyinatına toxunarkən, 2003 və 2005-ci illərdə müxalifət aksiyalarının məhz Daxili Qoşunların köməyi ilə dağıdılmasına diqqət çəkirlər. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da yeni müdafiə nazirinin «Azadlıq», «Qələbə» meydanlarında «döyüşdüyünü» xatırladır və
Ərəstun Oruclu
Ərəstun Oruclu
general karyerasını DQ-də qurmuş bir şəxsin MN rəhbərliyinə gətirilməsini daha çox daxili siyasətə hesablanmış qərar sayır. Mərkəz rəhbərinin fikrincə, Azərbaycan ordusunda 20-dən çox general və şəxsi heyətin sayına, silaha-sursata, təsir imkanına görə DQ komandanından xeyli yüksəkdə duran korpus komandirləri var:

«Bir məqsəd o ola bilər ki, ordunu zərurət yaranarsa, daxili siyasi proseslərə qoşmaq mümkün olsun. Yeni müdafiə nazirinin bu sahədə Daxili Qoşunlardan müəyyən təcrübəsi var. Xatırlayırsınızsa, ərəb ölkələrinin çoxunda ordu xalqın tərəfinə keçdi. İkincisi, bu o deməkdir ki, müxtəlif bəyanat və gurultulu hədələr səslənsə də, Azərbaycan ordusu heç də Dağlıq Qarabağı və digər əraziləri işğaldan azad etməyə hazırlaşmır. Əks halda ordunun başına döyüş təcrübəsi görmüş general gətirilərdi».

ABŞ, RUSİYA AMİLİ

Politoloq xarici siyasət amilinə də diqqət çəkir. Onun dediyinə görə, ölkədə Gömrük İttifaqına, Avrasiya Birliyinə qoşulmaq, Assosiativ Sazişi imzalamamaq çağırışları səsləndiyi bir vaxtda ABŞ və Qərbin himayə etdiyi Səfər Əbiyev hakimiyyət üçün əhəmiyyətini itirib:
Richard Giragosian
Richard Giragosian

«Son zamanlar Səfər Əbiyev ABŞ tərəfindən az qala açıq himayə olunurdu. Məsələn, avqustda Putinin səfəri ilə əlaqədar onun Pentaqona dəvət olunması, bundan sonra ABŞ səfirinin Əbiyevlə görüşməsi, daha sonra böyük ehtimalla hakimiyyətin yüksək çevrələrindən stimullaşdırılan səsyazısı qalmaqalı – bütün bunlar ona yönəlmişdi ki, ölkənin xarici siyasət istiqamətini dəyişmək üçün müəyyən addımlar atılsın».

Eurasianet.org portalı da Azərbaycan müdafiə nazirinin dəyişməsini şərh etməyə çalışıb. Ermənistan politoloqu Richard Giragosian Qarabağ müharibəsi təhlükəsinin üç dəfə artdığını düşünür. Onun fikrincə, bu addım əsl müdafiə islahatlarının, ciddi hücum mövqeyinin seçiləcəyini, MN-də korrupsiyanın kökünün kəsiləcəyini göstərir. Politoloqun baxışlarını bölüşməyən başqa bir təhlilçi Sergey Minasyan portala bu fikrin tam əksini söyləyib:

«Daxili Qoşunların komandanı müdafiə naziri təyin olunubsa, görünür, Əliyev yeni müharibə başlatmaqda deyil, daha çox öz silahlı qüvvələri üzərində yaxşı nəzarət etməkdə və ondan arxayın olmaqda maraqlıdır».

Portal Azərbaycan müdafiə nazirinin döyüş təcrübəsinin olmamasına, hətta sovet ordusunda arxa cəbhədə xidmət keçməsinə də diqqət çəkir.
XS
SM
MD
LG