Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:25

Sevda Sultanova. Berqmanın "Persona"sı


Sevda Sultanova
Sevda Sultanova
-

“Baxılası 50 film”


Sevda Sultanova


İnqmar Berqmanın “Persona” filmini təqdim edir


İsveç rejissoru İnqmar Berqman intellektual fəlsəfi kinonun son ustalarından sayılır.
Berqmanın filmləri hər şeydən əvvəl insan şüurunun alt, gizli qatlarını, ən dərin suallarını araşdırır.

Ailə ənənələrinin, şəxsiyyətin, dinin böhranı, insanların getdikcə qəlizləşən münasibəti və bunu anlamağa cəhd onun əsas mövzularıdır.

Keşiş ailəsində doğulan, qadağalar dünyasından qaçıb azad sənəti seçən Berqmanı daha yaxşı dərk etməkdə onun avtobioqrafik “Laterna Magika” kitabı yardımçı ola bilər.

Bu gün sizə onun yaradıcılığının ən əhəmiyyətli filmlərindən biri və kino mütəxəssislərinin çöxölçülü adlandırdığı “Persona” psixoloji dramını (1966) təklif edirik. (ardı aşağıda)



Filmin məzmunu:

Teatr aktrisası Elizabet tamaşa zamanı qəfildən susur və daha danışmır. Psixiatr müəyyənləşdirir ki, Elizabet psixi sağlam olsa da qəribə bir vəziyyətdə- donub qalma vəziyyətindədir.

Onu baxıçısı, tibb bacısı Alma ilə birlikdə şəhərkənarı evə dincəlməyə yollayırlar.
Elizabet susur, Alma isə onu vəziyyətdən çıxarmağa çalışır.

Əslində filmin bütün mahiyyəti onun adında gizlənib. “Persona” latın sözü olub “maska” deməkdir.

Filmi çəkərkən Berqman, “persona”nı arxetip kimi götürərək onu insanın sosial maskası kimi təqdim edən İsveçrə psixiatrı Karl Yungun fəlsəfi nəzəriyyəsinə əsaslanıb.

Yunga görə “persona” fərdin süni şəkildə formalaşdırdığı, ictimai rəyə hesabladığı “mən”idir, başqa cür desək, onun sosial maskasıdır. Yəni fərd ictimai həyatın tələblərinə, normalarına uyğun davranaraq maskalanır, onun gizlədiyi gerçək “mən”i isə başqadır.

Filmdə də iki “mən”in - sosial maskanın və gerçək mənin konflikti dayanır.

Antik teatrda aktyorların maskası məhz “persona” adlanırdı və baş qəhrəmanın da peşəcə aktrisa olması təsadüf deyil.

Müxtəlif maskalar taxıb səhnədə oynayan aktrisa reallıqda da oynamağa məcburdur. Məsuliyyətini daşımaq istəmədiyi (məsələn, o, ətrfadakıların xoşuna gələcək nümunəvi insan olmalıdır) rolu oynamaqla individuallığını itirməsinin böhranını yaşayır

Film boyu Elizabet susur, Alma isə keçmişindən danışır, gələcək planlarını, sirlərini bölüşür. O, bir növ Elizabetin ikinci “mən”inə çevrilir.

Bir çox kinoşünaslar hər iki personajı əslində eyni, vahid obraz kimi qəbul edir. Yəni Alma gerçək, daxili “mən”, Elizabet sosial maskadır. Və Alma ilə Elizabet arasındakı konflikt, mübarizə bir insanın daxilində baş verir.

Berqman tamaşaçını çətin suallarla üz-üzə qoyur: necə yaşamalı və ya necə yaşamaq düzgündür? Cəmiyyətin gözləntilərini doğrultmaq üçün maska geyinərək ailədə, işdə rol oynamaq, yoxsa daxili “mən”ini zahirə çıxarıb özün kimi yaşamaq? Məhz bu dilemma arasında fərdin ekzistensiallıq problemi yaşanır.

Yuxarıda yazdıqlarım filmin ümumi xarakteristikasıdır.

Ümumiyyətlə isə “Persona”nı birmənalı şəkildə yozmaq doğru deyil. Filmin çox mənalılığı ilə Berqmanın yozumlar üçün saysız yer qoyur, insanı “mən”ində enmək istəmədiyi məkanlara nəzər salmağa vadar edir. Kimi üçün “Persona” travma, kimi üçün isə terapiya ola bilər. Bu, filmi necə qəbul edəcəyinizdən asılıdır.

”Persona” ağ-qara, kamera filmidir, rejissor əsasən iri planlarla işləyib. Süjet demək olar ki, iki aktrisanın üzərində qurulub.

Berqman maraqlı vizual fəndlərdən (qadın obrazların bir-birinə qarışıb eyni vücudda birləşməsi), işıq və kölgə (məsələn, kadrlarda personajların üzünün bir tərəfi qaranlıq, digər tərəfi aydındı), həyat və səhnə, ölüm və həyat kontrastlarından istifadə edib.

Filmə burdan baxa bilərsiz.

kulis.az
XS
SM
MD
LG