Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:51

Parisdə yaşayan Topçubaşov kasıblayanda nə edirdi? (Yeni film)


Əlimərdan bəy Topçubaşov (1862–1934)
Əlimərdan bəy Topçubaşov (1862–1934)
-
«Topçubaşovun həyatı, fəaliyyəti o qədər zəngin olub ki, arxiv materiallarının, sənədlərin, xronikaların içində itib-batmışıq».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Əlimərdan bəy Topçubaşov (Topçubaşı) haqqında filmin rejissoru Tahir Əliyev söylədi.

FİLMLƏRİN ƏN AĞIRI...

Onun dediyinə görə, filmin montajı bu səbəbdən yubanır:

«İndiyədək çəkdiyim filmlərin içində ən ağırı bəlkə də budur. Bu işi ortaya qoymaq üçün vaxt lazımdır. Filmin çəkilişləri apreldən başlayıb».

FİLMİN ÇƏKİLİŞLƏRİ FƏRQLİ ŞƏHƏRLƏRDƏ GERÇƏKLƏŞDİ

Aparıcının: «Yəqin ki, çəkiliş dövründə müxtəlif şəhərlərdə oldunuz. Çünki Əlimərdan bəyin ömür yolu dünyanın fərqli şəhərlərindən keçib» sualı belə cavablandı:

«Təbii! Biz bu filmin ssenarisini İntiqam Qasımzadə ilə yazanda, belə nəzərdə tutduq ki, Topçubaşovun həyatını, yaşadığı bütün əraziləri əhatə edək. Odur ki, filmin çəkilişləri tək Bakıyla məhdudlaşmadı. Moskva, Sankt-Peterburq, Tiflis, Batum, Paris, İstanbul—Əlimərdan bəyin ayağı dəydiyi bütün yerlərdə çəkilişlər apardıq. Filmin məsləhətçisi Ramiz Abutalıbov bizə zəngin arxiv materialları təqdim etdi. Ədalət Tahirzadə də həmçinin. Düşünürük ki, ortaya maraqlı bir iş qoya biləcəyik».

RAMİZ ABUTALIBOV FİLMƏ NECƏ YARDIMÇI OLDU?

Tahir Əliyev bu yardımın detallarına da vardı:

«Ramiz müəllim ötən əsrin 60-cı illərindən başlayıb bugünədək mühacirət tariximizi araşdırıb. Ə.B.Topçubaşovun, M.Ə.Rəsulzadənin, Ceyhun Hacıbəylinin həyatı ilə maraqlanıb. Onlar haqqında kitablar, əsərlər, arxiv materialları toplayıb. Fikrimcə, Topçubaşovun həyatı ilə ondan daha çox maraqlanan azərbaycanlı yoxdur».

KASIBLAŞDIQCA ŞƏHƏRDƏN UZAQLAŞIRMIŞ...

Tahir Əliyev Parisdə Əlimərdan bəyin yaşadığı bütün ünvanlarda olduqlarını söylədi:

«Yalnız birinə xatirə lövhəsi vurulub. Ramiz müəllim Parisdə mənə 4-5 ünvan göstərdi. Dedi, bax, birinci dəfə burada yaşayıb, sonra bura köçüb, daha sonra bura, sonra bura. Səbəblərini də bildirdi. Kasıbladıqca, şəhərdən uzaqlaşırmış... Axırda şəhərətrafı qəsəbədə dünyasını dəyişib».

PARİS, «CLARIDGE» OTELİ. 1919-CU İL...

Ramiz müəllimə sonsuz təşəkkürlərini dönə-dönə ifadə edən Tahir Əliyev onun haqqında maraqlı bir fikir də söylədi:

«Ramiz müəllim şəxsən özü bizə «Claridge» otelini göstərdi. Bu oteldə 1919-cu ildə Paris Sülh Konfransına qatılan Azərbaycan nümayəndə heyəti yaşayıb. Hansı otaqda qalıblar, hansında işləyiblər--hamısını Ramiz Abutalıbov bizə göstərdi və lentə aldıq. Sağ olsun. Bəlkə də yeri deyil, amma deyəcəyəm. Mən belə düşünürəm ki, bu həyatda Ramiz Abutalıbovu tanımadan dünyadan köçmək günahdır...».

İLK BAXIŞ NƏ ZAMAN OLACAQ?

Tahir Əliyev montaj prosesindən də danışdı:

«Biz hər zaman Ramiz müəllimlə, Cəmil Həsənli ilə məsləhətləşirik. Çünki bu insanlar Topçubaşovun həyatını araşdırıblar. Dediyim kimi, arxiv materialları yetərincədir. Onların üzərində, mətnin üstündə iş gedir. İlham Tumas da bizə kömək edir. Düşünürəm ki, oktyabrın 1-dən təsvir üzərində işləməyə başlayacağıq. Oktyabrın son ongünlüyündə isə filmin son variantı hazır olacaq. Noyabrın 20-dən sonra filmə ilk baxış keçirə biləcəyik».

ƏLİMƏRDAN BƏYLƏ CEYHUN BƏY EYNİ MƏZARLIQDA UYUYUR

Tahir Əliyev aparıcının: «Yəqin ki, Əlimərdan bəyin məzarı başında da oldunuz» sualını belə cavabladı:

«Heç şübhəsiz! Çox maraqlı çəkilişlər etdik. Əlimərdan bəyin dəfn olunduğu Sen Klu məzarlığında Ceyhun Hacıbəyli də uyuyur... 50-60 metr araları var. Biz oranı da lentə aldıq. Dediyim kimi, Əlimərdan bəyin sonuncu evi də məzarlığın yanındadır... Onu da deyim ki, Topçubaşovun qəbri yaxşı vəziyyətdədir. Sanballı təmir olunub Azərbaycan tərəfindən».

MİLYONLAR GÖTÜRÜB GEDƏN MÜHACİRLƏRDƏN OLMAYIB

«Əlimərdan bəyin nəyi, kimi qalıb orada» sualına müsahibimiz belə cavab verdi:

«Onlar—mühacirlər kirayədə yaşayıblar. Oradan-ora, burdan-bura... 20-30-cu illər pis dövrlər idi. Əlimərdan bəyin bu gün Fransada heç bir mülkü yoxdur. Onlar milyonlar-milyardlar götürüb gedən mühacirlərdən olmayıblar ki? Onlar qayıtmaq üçün gediblər və qayıda bilməyiblər... Onun bir məktubu var—dəhşətli bir məktubdur—hətta işıqpulu keçirməyə, qənd almağa pulları olmayıb. Belə həyat keçirən adamın mülkü ola bilərmi? Onlar mənəvi cəhətdən fəxr olunası bir həyat sürüblər. Maddi tərəfdənsə zəif olublar».
XS
SM
MD
LG