Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Amerika yeniyetmələr üçün hansı kitabları qadağan edir?


"Adamlar və siçanlar", C.Steynbek
"Adamlar və siçanlar", C.Steynbek
-

Bu, senzuradırmı?

Amerikadakı orta məktəblərin haqqı var ki, valideynlərin şikayəti əsasında kitabxanalarındakı bəzi bədii əsərlərin şagirdlərə verilməsini qadağan etsin.

Amerika Kitabxanaları Assosiasiyası isə bunu senzura adlandıraraq bildirir ki, məktəb senzorları əsasən seks, narkotiklər və intiharlar barədə açıq yazan kitabları hədəfləyir, bunu yeniyetmə oxucuları zərərli təsirlərdən qorumaq zərurəti ilə izah edirlər.

Assosiasiya qadağan edilmiş bu cür kitablar haqda məlumatları ölkə boyu toplayıb onların adlarını bir qayda olaraq Amerikada “Qadağan Olunmuş Kitablar Həftəsi” – 22-28 sentyabr arasında elan edir.

Hərçənd assosiasiyanı bu "həftə" boyu "yalan yaymaqda" ittiham edənlər də var. Məsələn, mühafizəkar "Focus on the Family" (Ailəyə diqqət) təşkilatı həmin kitabların heç də qadağan edilmədiyini, sadəcə, bəzi yaş qrupları üçün məqsədəmüvafiq bilinmədiyini iddia edir.

“Qadağan Olunmuş Kitablar Həftəsi”ni keçirən Amerika Kitabxanalar Assosiasiyasının prezidenti Barbara Stripling bildirir ki, qadağa, barəsində valideynlərdən çoxlu şikayət daxil olmuş bədii kitablara şamil edilir.

Bu ilin qadağan olunmuş kitabları siyahısında ikinci yeri Sherman Alexie-nin “Yarımştat hindunun tamamilə həqiqi gündəliyi” (The Absolutely True Diary of a Part-Time Indian) kitabı tutur.

Birinci yerdə Dav Pilkey-nin “Kapitan Alt paltarı” (Captain Underpants) kitabıdır. Nyu York şəhər məktəbi bu kitabı 11 yaşlılar üçün qadağan siyahısına daxil edib, halbuki roman gənclər üçün əsərlər kateqoriyasında Amerika Milli Kitab Mükafatına layiq görülüb. On dörd yaşlı yeniyetmə haqqında olan bu kitabda alkoqol, yoxsulluq, zorakılıq, masturbasiya və özünəhəzz vermə səhnələrinin təsvirləri var.


Kitablar yox, kompüter oyunları təhlükəlidir
Harry Potter haqda kitab Britaniyada dükanda, 2005
Harry Potter haqda kitab Britaniyada dükanda, 2005

Naşirlər adətən belə qadağanlarda məntiq görmürlər. Məsələn, sözügedən kitabı Britaniyada çap etmiş Andersen Press nəşriyyatının redaktoru Charlie Sheppard deyir ki, o, bu əsərin 11 yaşlı oğlu tərəfindən oxunmasını istərdi.

Andersen Press gənclər üçün ziddiyyətli kitabların nəşri ilə məşhurdur. Yeniyetmə yazıçı Melvin Burgess-in “Narkoman” (Junk) romanını da bu nəşriyyat buraxıb.
Cənab Sheppard deyir ki, bu cür kitabların nəşrini davam etdirəcək.

Onun fikrincə, kitablar oxucuya təcrübə və emosiya verir. O deyir ki, yeniyetmələrin tərbiyəsindən narahat olanlar kitablara yox, kompüter oyunlarına diqqət yetirsinlər.
Yazıçı Jay Asher-in yeniyetmələr üçün “Niyənin 13 Niyəsi” (Thirteen Reasons Why) əsəri intihar barədədir və “New York Times” qəzetinin bestsellerlər siyahısında birincidir. Di gəl ki, bu kitab 2012-ci ildə qadağan edilmiş kitabların onluğuna düşüb.
Xanım Stripling bu əsərin məhz yeniyetmə intiharına aid olduğu üçün qadağan edildiyini bildirir, lakin əlavə edir ki, kitabların kimisə intihara təşviq etdiyi barədə dəlillər ortada deyil.

Qiraət azadlığı

O bildirir ki, yeniyetmə oxucuların özləri belə qadağaların əleyhinədirlər. Onlar deyirlər ki, “əgər bu kitabları oxumasaq, həyatın keşməkeşlərinə necə hazır ola bilərik?”
Amerika Kitabxanalar Assosiasiyası təkcə 2012-ci ildə 464 şikayət alıb. Təşkilat monitorinqə başladığı 1982-ci ildən bəri ona 11300 kitab barədə şikayətlər göndərilib. Xanım Stripling deyir ki, adətən barəsində şikayətlər edilən hər beş kitabdan biri qara siyahıya düşür.

Qadağan olunmuş kitablar siyahısında müntəzəm qaydada yer alan yazıçılar arasında JK Rowling, Mark Twain, Judy Blume, Stephen King, Maya Angelou və John Steinbeck kimi adlar var.

Qadağan Olunmuş Kitablar həftəsi Twitter müzakirəsi ilə #bannedbooksweek, #bannedbookparty and #heroes ünvanında başlanıb.

Amerika Kitabxanalar Assosiasiyası özünün illik “Mənim qəhrəmanım” mükafatını qiraət hüququnu fədakarlıqla müdafiə edənlərə verəcək.

YouTube saytındakı xüsusi kanalda isə müəlliflər, kitabxanaçılar və oxucular özlərinin sevimli qadağan olunmuş kitabları barədə bəhs edəcəklər.

Ötən onilliklərdə qadağan olunmuş kitablar:

2000-2009

1. Harry Potter (silsilə) - JK Rowling
2. Alice (silsilə), müəllif Phyllis Reynolds Naylor
3. “Şokolad Müharibəsi” (The Chocolate War), müəllif Robert Cormier
4. “Və Tango doğuldu” (And Tango Makes Three), müəlliflər Justin Richardson və Peter Parnell
5. “Siçanlar və Adamlar” (Of Mice and Men), John Steinbeck
6. “Qəfəslənmiş quşlar niyə oxuyur?” (I Know Why the Caged Bird Sings) müəllif Maya Angelou
7. “Qorxulu hekayələr” silsiləsi (Scary Stories), müəllif Alvin Schwartz
8. “Allahın Qaranlığı” (His Dark Materials) fantastika silsiləsi, Philip Pullman
9. “ttyl, ttfn və l8r g8r” - Lauren Myracle
10. “Qarabəxtli qızın qüruru” (The Perks of Being a Wallflower) – müəllif Stephen Chbosky

1990-1999

“Qorxulu hekayələr” (Scary Stories) Alvin Schwartz
“Atamın otaq yoldaşı” (Daddy's Roommate) - Michael Willhoite
“Qəfəslənmiş quşlar niyə oxuyur?” (I Know Why the Caged Bird Sings) müəllif Maya Angelou
“Şokalad Müharibəsi” (The Chocolate War), müəllif Robert Cormier
“Heklberri Finnin Macəraları” (The Adventures of Huckleberry Finn) - Mark Twain
“Siçanlar və Adamlar” (Of Mice and Men), John Steinbeck
“Əbədi” (Forever) - Judy Blume
“Terrabitiya körpüsü” (Bridge to Terabithia) - Katherine Paterson
“Heather-in iki anası” (Heather Has Two Mommies)- Leslea Newman
“Çovdarlıqda uçurumdan qoruyan” (The Catcher in the Rye) - JD Salinger

Tam siyahını Amerika Kitabxanalar Assosiasiyasının (American Library Association) internet saytında görə bilərsiniz.

"The Guardian"ın materialları əsasında Zülfüqar Rüfətoğlu hazırladı
XS
SM
MD
LG