Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:35

Azər Abdullanın "long list"ə düşən "Gül yağışı" hekayəsi


Azər Abdulla
Azər Abdulla
-

O vaxt məzardan çıxmaq indikindən qat-qat asanmış.

O vaxtkı məzarın divarları indiki kimi daşla, sementlə hörülmürdü. Üstü indiki kimi sement-betondan hazırlanmış sığallı örtüklərdən olmurdu...



Yazıçı Azər Abdullanın “Gül yağışı” (“Dojd tsvetov”) adlanan bu hekayəsi Rusiyada keçirilən İ.Bunin adına Beynəxlaq ədəbiyyat müsabiqəsinin “uzun siyahısı”na daxil olub. Hekayəni müəllifin icazəsi ilə "Oxu zalı"nda yayınlayırıq.


Azər Abdulla


GÜL YAĞIŞI


ÖLƏNDƏN sonra dirilmə, özü də yuyat yerinə uzadılıb yuyulanda, kəfənə tutulanda, tabuta qoyulub qışqırıq, vay-şivənlə maşına qaldırılanda, bərbad yollar boyu çalxalana-çalxalana qəbiristanlığa aparılanda, qəbrə sallanıb sağ yanı üstə yerə qoyulub rahatlananda, üstündə oxunan "Yasin" duasının sədası altında hər dəfə adı çəkilərkən tərpədiləndə yox, məzarın üstü sement-beton örtüklərlə səliqəli qapanıb palçıqlanandan, torpaqlanandan sonra dirilmək dünyada yüz min, milyon, yüz milyondan bir adamın başına gəlsəydi, mütləq onun özünün qismətinə düşəcəyinə dəhşətli dərəçədə inanırdı.

Neçə aydan bəri ürəyinə daman o qara, qorxulu fikir günbəgün, saatbasaat güclənir, onu üzüb əldən salırdı. Hər dəfə ürəyinin döyüntüsü, ritmi pozulanda, sıxılıb təngnəfəs olanda, bir göz qırpımından sonra nəfəsinin biryolluq dayanacağından qorxaraq yorğanı üstündən atıb hövlnak qalxanda yazı masasııın arxasında əyləşib vergül, nöqtəsinəcən əzbər bildiyi, bəzən doqquz, bəzən də on iki bəndlik vəsiyyətnaməsini yazmaq istəsə də baçarmırdı.

Vəsiyyətnaməsi bir yandan bazarlıq eləməyə gedən adamın yazdığı siyahıya oxşadığından hələ ölməmiş, yaxud öləndən sonra adamların bu siyahıdan xəbər tutmalarından, dilə-dişə düşüb məsxərəyə qoyulaçağından ehtiyat edirdisə, bir yandan da onun vəsiyyətnaməsinə innən belə əməl edəcək bir adamın tapılacağına gümanı yox idi.

Neçə illərdən bəri heç kimin bir işinə yaramadığını yaxşı bilirdi. Vəsiyyətnaməsinin qocalıb əldən düşmüş, yaddaşını itirmiş, son vaxtlar hər şeyə, hətta yaxın adamların ölüm xəbərinə də gülən, uğunub gedən anasına dəxli yox idi.

Oğlanlarının biri Rusiyada oxuyurdu, bilirdi ki, atasıyla bərabər, iraq olsun, anasının, nənəsinin də ölüm xəbərini eşitsəydi, gəlməyə imkanı olmayacaqdı. Balaca oğlunu da yaxşı oxuduğuna görə institut on günlüyə Türkiyəyə göndərmişdi. Oğlu Türkiyəyə gedən gün birdən-birə iyirmi il ğabaq bağçalı-bağlı yaşıllıq içində olan kənd evlərinin ikinci qatında şüşəbəndin bütün pəncərəsinin taybatay aydınlığa açılmış bir yay günündə atasının dediyi "Bizim nəsildə dədələr öləndə heç vaxt oğulları yanında olmur" sezləri xatırlayanda bu günlərdə - lap tezliklə öləcəyinə bir daha inandı. Babası öləndə oğlu müharibədə, atası öləndə isə özü Bakıda olmuşdu.

İnanıb etibar elədiyi dostlarından biri dustaqdaydı, o birisi isə Binədə yaşayırdı, dünyanın bütün xəbərləri hamıdan sonra ona çatırdı. Bilirdi, Binədə yaşayıb dünyanın və onun sakinlərinin işinə qarışmayan, ancaq dünya dağılsa da orucunun, namazının vaxtını heç vaxt keçirməyən dostu nəinki onun öldüyü gün, heç üçündə, yeddisində belə xəbər tutmayacaqdı. Qırxına gəlib çıxsaydı böyük iş idi.

Son vaxtlar peyda olmuş kəpənək qanadı kimi zərif, şəffaf lentə bənzər kaprondan düzəldilmiş ipi görəndə ülgüc itiliyini, kəsərini bir ağrı kimi bədənində hiss edirdi. Ayaqlarının baş barmağını da elə ülgüc itiliyində olan o murdar, o iyrənc iplə birçə qat bağlamışdılar. İki kubik hündürlüyündə olan alçaq tavanlı, darısqal məzarda qalxıb dikələ bilmədiyindən baş barmaqlarından bağlanmış ayaqlarını özünə sarı yığammır, yanındakı iskənə, vintaçan bir yana, əlindəki uzun tiyəli çörək bıçağı da o murdar, itüzlü ipə çatmırdı. Ona elə gəlirdi barmaqları bir-birinə bağlanmasaydı, bəlkə də ayağının birini dar boşluqda qarnına yığıb çətinliklə olsa da tavana dirəyib gücü gəldikcə yuxarı qaldıra bilərdi. Bütün geçəni ayaqlarının pəncəsini, barmaqlarının yasdığını daşlara sürtüb qançır eləmişdi. Ayağıyla daşlarda, suvaq yerlərində bir çıxıntı, bir kəsinti axtarıb tapmaq, o itüzlü lenti sürtüb kəsmək istəyirdi, ayaqlarına güc verib qırmaq istəyəndə o şəffaf lent ətini almaztək kəsib sümüklərinə dayanırdı, ancaq qırılmırdı ki, qırılmırdı. Kecə səhərəçən yerinin içində qan-tərə bataraq beləcə əlləşə-əlləşə evlərində olan o iplərin yerini axtardı. Tezdən arvadı rayondan gəlməliydi, o qayıdana kimi evlərindəki o iplərin hamısını axtarıb tapmalı, yox eləməli və öz tədarükünü görməliydi. Qaranlıqdan durub uşaqların yatdığı otağa keçdi, lülələnib bucağa söykənmiş xalçanın üç yerindən həmin iplə dolanmış sarıqlarını açdı, balkona keçib paltar sərmək üçün bağlanmış, simtəki cod tellərin dolaqandan hazırlanmış girdə şəkilli kəndiri kəsdi, tələsik gətirib qonaq evində masanın üstündə iri paltar qayçısıyla barmaq boyda doğradı, aparıb hamamdakı zibil vedrəsinə tökəndə birdən vannanın qabağını kəsmiş selofan pərdəni saxlayan o iyrənç, şəffaf lenti gördü.

Başılovlu qayıdıb qayçını götürdü, onu da kəsib barmaq boyda doğradı, hirsi soyumadığından tələm-tələsik və təşviş içində mətbəxə gedib künc-bucaqda, qaz sobasının alt gözlərində, otaqlarda çarpayılardakı döşəklərin altında, qarderobda, servantın siyirmələrində, rəfdəki toz basmış qovluq və kitabların arxasındakı boşluqda, üstünə televizor qoyulmuş tumbuçkanın qoşa gözündə əlinə keçəni evə girmiş oğru kimi hövsələsiz-hövsələsiz evin düzünə səpələdi. Siyirmələrdən tapdığı al qan və yamyaşıl ot rəngində lentə bənzər o iplər yumşaq, zərif və yaraşıqlı olsa da, son vaxtlar şəhəri, kəndi ağzına almış kaprondan hazırlanmış murdar, iyrənç, itüzlü o iplərdən idi. Yaşıl rənglisi onlara pay gətirilmiş şokolad qutusuna, qırmızısı isə səkgiz martda bacısının baldızına bağışladığı ağappaq qərənfillərə bürünmüş şəffaf örtüyün ucuna lent əvəzi sarınmışdı. "Yox, siz gözəlsiniz, doğraya bilmərəm. Sizi gözəl-gözəl yandıracam". Öz səsindən səksəndi, mətbəxə gedib kibriti yandırdı, yaşıl lenti alova tutanda lent çanlıymış kimi yığılıb açıldı, ilantəkin qıvrılıb yelləndi, tüstülənib alışan ucu qəfildən qalxıb sol əlinin orta barmağına yapışdı, elə bil ilan çaldı, əlini yelləsə də yanıb əriməkdə olan lent qopub aralanmadı, ağrıya dözmədiyindən qeyri- iradi sağ əlinin şəhadət barmağıyla vurub yerə salmaq istədi, ərintinin bir qırığı da bu biri barmağına yapışdı, barmaqlarının, ikisi da dərhal yanıb suluxladı. Yanığın goynərtisindənmi, hirsindən-hikkəsindənmi yerə tulladığı lsntləri əsəbi-əsəbi götürüb qırağı qopub çatdamış nəlbəkinin içinə qoyub yandırdı. Lentlər nəlbəkinin içində yenə də yaralanmış ilan kimi qıvrılıb açıldı. "Yanın, zibillər, uxaay, yanıb əriyin! İstənilən yun qatması, istənilən pambıq iplik, qaytan, yüz illər torpaq altında qalıb çürüməyən keçi qəzilindən olan çatma da, kəndir də sizdan yaxşıdı. Simlə, lap yumşaq mis məftillə də bağlamağa razıyam, təkcə sizinlə bağlamasınlar..."

Siyirmələrdən evin düzünə tökdüyü yüz cür xırdavatın, kağız-paranın içindən ağ, qara, sarı, göy rəngli sapları götürüb qəzetə bükdü, aparıb rəflərdəki kitabların arxasındakı boşluğa saldı. İşlənib balaca şamama boyda qalmış yun ipdən olan yumağı gətirib çarpayısının başındakı yazı masasının ortasına qoydu. Gözə çarpsın deyə masanın üstündəki kitabları, kağızı, qələmi göturüb pənçərənin önünə qoydu. İp xovlu, qalın və kovrək olduğundan ayaqlarına güç verib bir-birindən aralamaq istəyəndə barmaqlarını kəsmədən asanlıqla qırılaçaqdı. "Ölənə qədər bütün ehtiyatımı özüm görməliyəm". Son vaxtlar başında ilan-çayır kimi dolaşan o ipləri evindən təmizlədiyinə görə bir az arxayınlaşdı. Ancaq, hamama girib əllərinin toz-torpağını yumaq istəyəndə, içərisi kağız-kuğuzla dolu kardon qutuya közü sataşanda, sabah arvadının rayondan qayıdanda özüylə gətirəcəyi qutudan, şələ-şülədən heç olmasa birinin mütləq o murdar iplə bağlanacağını ağlına gətirəndə arxayınlığı uçub getdi, neçə saatdan bəri evi alt-üst edib qarışbaqarış axtardığına, sərf elədiyi vaxta, zəhmətə hayıfı gəldi. Və anladı ki, yaxasını o iplərdən heç vaxt qurtara bilməyəcək.
İşıqlanmaq bilmirdi, üşüdüyündən gəlib yorğanın altına girdi, bədənini yenə düpbədüz düzəldib ayaqlarının baş barmaqlarını bir-birinə söykədi, sağ böyrü üstə çevrilib qəbrdəki kimi kürəyini divara dirədi.

Bir an ölü vəziyyətdə qaldı, ayılanda daha doğrusu, diriləndə havasının çatışmadığını, boğulduqunu hiss elədi, dərindən nəfəs almaq üçün ağzını açmaq istədi, açılmadı, dodaqlarını aralayıb bir-birinə sıxılmış dişlərinin arasından çətinliklə nəfəs aldı. Çənəsinin başına sarındığını duyçaq, kəfənin altıyla əlini aparıb sarığını başından sürüşdürüb aşağı saldı, burnunun deşiklərinə tıxanmış pambıqları çıxartdı. Kəfəni yaxasından dartıb çırdı, kəfənin üstündəki ağı basıb çırmaq istəyəndə yumruğu "tavana" dirəndi. Vəsiyyətnaməsinin hansı birindəsə kibrit olmalıydı. Əlini yan-yörəsinə apardı, qarnının üstündə gəzdirdi, sinəsinin ortasında kibriti tapdı. Yumruğuyla kəfəni basıb sinəsindən araladı, dənəni çəkib alışdırdı, bircə an keçməmiş öskürək tutdu. Düzgün iş tutmadığını dərhal anladı. Alov onun həyatı, çörəkdən, sudan dəyərli olan havasını, oksigenini yeyir, zibillədir, anbaan udub azaldırdı. Məzardakı havanın tutumunu, miqdarını günlərlə hesablamaq istəmişdi, tanıdığı kimya, fizika müəllimləri ilə söhbət edib bir saat ərzində insanın orta hesabla nə qədər hava aldığını, oksigen udduğunu öyrənməyə çalışsa da, ona qəti bir söz deyən tapılmamışdı. Gərgin axtarış və düşüncədən sonra iki kubik hündürlüyü [qırx santimetr], altmış santimetr eni və bir səksən, uzaq başı iki metr uzunu olan məzarın tutduğu oksigenin tən yarısını qəbrə sallanan çənazənin sıxışdırıb çıxardacağını dərk edəndə onu dəhşət bürüdü. Hər udum havanın onun üçün nə demək olduğunu anladı. Əliylə basıb alovu keçirdi. Sönmüş kibrit dənəsi qarnına düşüb yandırdı. Bu an əlinin, qarnının yanmağından çox onu havanın azalması qorxudurdu. Qorxudan vəsiyyətnaməsindəki kibriti biryolluq çıxartdı.

YADDAN çıxartsaydılar, yaxud gərəksiz qocanın vəsiyyətinə məhəl qoymayıb bıçağı onun yanına qoymasaydılar, son ümidi, ağzında salamat qalmış yeganə kirəvə dişiylə ağı çeynəyib-çeynəyib didəndən sonra barmağıyla dartıb cıracaqdı. Ancaq kəfəni, ağı dartıb cırmaqla iş qurtarmırdı. Kibritdənsə tiyəsi uzun çörək bıçağı daha əlverişliydi. Kəfəni və büründüyü ağı cırandan sonra tavana döşənmiş, sement-betondan hazırlanmış örtüklərin aralarına tökülmüş və hələ qurumamış göy rəngə çalan sement palçığı həmin tiyəsi uzun çörək bıçağıyla oyub tökürdü. Allaha yalvarırdı, qəbrin üstünü torpaqlayandan, adamlar çəkilib gedəndən sonra ayılsın, iki-üç saatdan sonra da pis deyildi, heç olmasa, heç olmasa bir gün ötəndən sonra örtüklərin üstünə tökülmüş sement-palçıq hələ quruyub daşa dönməmiş ayılaydı. İsgənə də olardı, vintaçan da. Yox, yox, onlar qalın idi, hələ çörək bıçağının da bir-birinə kip söykənmiş o sığallı örtüklərin arasından keçməsinə ümidi yox idi. Çünki qəbrin üstündəki adamları yaxşı tanıyırdı. Neçə-neçə ölünü basdıranda görmüşdü onların iş-işdəklərini. Sement-betondan hazırlanmış o örtükləri diqqətlə seçəndə, axtarıb qıraqlarının ovulub-tökülməmişini əzilib qırılmamışını tapacaqdılar, onları yan-yana döşəyən adam da bütün səliqəsini, səriştəsini, bacarığını işə salaraq örtükləri bir-birinə elə yaxın, elə kip qoymağa çalışaçaqdı, aralarından nəinki tük, heç hava da keçməyəcəkdi. Hələ palçıq qatan adam! Kör necə candildən əlləşir, elə bil xamır yoğurub qarışdırır. Dünyanın ən xəsis adamı da burda səxavətlənir, iki- üç, bel sement əvəzinə dolu vedrənin hamısını qumun üstünə əndərəcək. Körpülərin, evlərin, imarətlərin tikintisinə ayrılan sementin yarıdan çoxunu oğurlayıb satan əliəyrilər, vicdansızlar, burda düz, təmiz, vicdanlı olacaqdı. Heç olmasa Rusiyanınkından yox, öz keyfiyyətsiz sementimizdən olaydı.

Örtüklərin bitişən yerinə, balaca deşiklərə tünd göyəçalan palçığı lombasıyla salıb elə həvəslə suvayır, deyirsən, zalım oğlunun dünyada bundan çox sevdiyi işi-peşəsi yoxdu. Ömründə əlinə bel götürməyən kontrabas çalan əmoğlum da, əlləri pambıq kimi ağappaq və yumşaq qız əlinə oxşar hesabdar qonşumuz da, son borcunu yerinə yetirməyə çalışan alicənab insan kimi yerə atılan belləri götürüb, qəbrin üstünə tığlanmış torpaq azmış deyə, yan-yörədən sıyırıb yığdıqları iki-üç bel torpağı da qənimət bilib üstümə atacaqdılar. "Əçlaflar, gedin bir maşın da qazıb gətirin, tökün üstümə! Süpürgə ilə qırıq-quruğu da süpürün, ayaqqabılarınıza bulaşmış palçığı da sıyırın, üstünüzdəki toz-torpağı da çırpıb tökün üstümə. Qalaqlanmış torpağın ortasından açdıqları şırıma, arxa bax. Vedrə dolu suyu o başdan bu başa, bu başdan o başa əndormələrinə bir bax. Beli də suyun altına tutub şırım boyu o yana, bu yana aparmalıdılar. Sən bunların məsuliyyətinə, işlərindəki incəliyə bir bax! Suyu, yanğın söndürürmüş kimi, tələm-tələsik qəbiristanlığın lap aşağısına qoyulmuş çəndən gətirən aşağı mərtəbədə olan on iki yaşlı uşağıydı. Elə uşaqları da özləri kimi saxta, riyakar, biçələyin biridi. Neçə dəfə çörək, siqaret almağa göndərdim, hər dəfə bir cür sapıtma verib sözümə baxmadı. İndi üzüyola olub. Bir vedrə suyu üstümə əndərəndən sonra hansı canıyananın ağzından çıxdı ki, - birini də! - Elə ağzından çıxmağıyla sözəbaxmayan uşaq kimi tanınan Məhədin oğlunun vedrəni qapıb üzaşağı getürülməyi bir oldu. İkinci vedrəni də əndərdilər. Taxıl suvarırlar, gözləyin göyərəcəm. Vicdansızlar! Adətlərinə bir bax bunların! Özləri də bilmir bu suyu niyə tökürlər.

Neçə-neçə molladan, qocadan, ağsaqqaldan bunun mənasını soruşdum, hamısı çiyinlərini çəkdi. Biri qayıtdı ki, bu suyun bir damcısı süzülüb mərhumun başına düşür, ayılıb qalxmaq istəyəndə başı Əhlət daşına dəyir. O boyda torpaqdan, sement-palçıqdan damcımı keçər? Biri də dedi, yüngüllük xətrinə tökürlər. Əcəb yüngüllükdü...

Qalaqlanmış torpağın baş və ayaq tərəfinə qoyulacaq daşları da bacoğlum dönə-denə o yana, bu yana çevirib baxandan sonra ən uzununu, ən hamarını, gözəgəlimlisini və ağırını seçib gətirəcək, başımın üstünə ehmalca qoyaçaq ki, ruhum inciməsin. Hələ bunun ehtiramına, sevgisinə bir baxın! Durub gedəndə yan-yörəsini axtarıb bir qırıq daş tapıb baş daşımı döyəcləyəcək, kadərlə nəsə pıçıldayaçaq. Üz-gözündəki doğmalığa, sevgiyə, ehtirama, həssaslığa, lap çox görkəmindəki üzüntüsünə bir baxın. Düz yeddi iliydi qapımızı döymürdü. Televizor ustasıydı. Televizorumuzun ekranı qaçırdı, neçə dəfə xəbər elədim, gəlib çıxmadı. Təkcə bacıoğlumdan ummuram. Yeddi il nədi ki, on il, iyirmi, otuz il bundan qabaq ayrılıb görüşmədiyim adamlar tökülüşüb üstümə gələcək. hay gəldilər, gözlə ha! Söz onda deyil, gəlməyənlərlə işim yoxdu. Mənimki gələnlər barəsindədi. Qaçqınlıqdan sonra rayonumuzdakı beş türk kəndinin bütün camaatı Bakıya axıb gəldi. Onlardan heç olmasa, ən azı üç yüzəcən gələçək, hələ yerli dostları, tanışları demirəm. hərəsi beş-altı saat vaxt itirəcək, adam başına cədvələ orta hesabla iki "Şirvan" yazdıracaq. Min iki yüz dollardan çox eləyir. Mənəsə evin üstünü düzvltdirməyə minçə dollar lazım idi. Aldığım dəmir, kirəmid, taxta yeddi il həyətdə qaldı, sınanı sındı, oğurlananı oğurlandı. Düz yeddi ildi yazın, payızın, qışın yağmurları evimizə yağr. Evimizdə orijinal olan bir şey varsa, o da damcıdır. Dünyada bəlkə də heç kəsin evi bizimki kimi dammır. Qabaqlar vedrə, vanna, qab-qacaqdan tutmuş, bakallaraçan damcıların altına düzdük, çatdıra bilmədik. Damcılar oynayır, qarışbaqarış evləri gəzib tez-tez yerlərini dəyişir. Altına qab qoyandan beş dəqiqə sonra kəsib başqa yerdən damır. Bütün günü əlində qab o yana, bu yana fırlanıb rəqs etməlisən.

Bir gün anası uşağı danlayıb - içi qurddusan, özünnən başqa bir kəsi bəyənmirsən, necə uşaqsan ki, bir yoldaşın yoxdu, bir uşaqla oturub-durmursan, qaynayıb qarışmırsan, biriynən dostluq eləmirsən, - qaraqabağın biri qaraqabaq! - Deyəndə uşaq qayıtdı ki, bu evə adam gətirmək olar? - Əliylə tavanı göstərdi, - gətirim, bu mənzərəyə tamaşa eləsin...

Təsəvvür edirsinizmi, uşağın adamlardan elə gen gəzməsi, kiminləsə yaxınlıq eləməyə cürəti çatmaması necə ağır gəlir adama? Vallah, üstümə gəlməsəydiniz də inciməzdim, sağlığımda... Allah bilir, məndən sonra neçə il də damacaq?..
Vəsiyyətnamədəki bəndlərin birində qəbiristanlığın yeri göstərilməliydi. Aydın bir yaz günündə hansı rəhmətliyisə Mehdiabad qəbiristanlığına aparmışdılar. Məzarları bürümüş yamyaşıl ot, qəbrlərin üstündəki qollu-budaqlı, şaqqavatlı ağaclar, qarşıdakı gömgöy zəmilər, uzaqlardakı genişlik, apaydın, mavi üfüqlər onun xoşuna gəlmişdi. Bu qəbiristanlığın gözəlliyindən çox indi, torpağın bərkliyi linklə, qazmayla qazılanda torpağın diş-diş, parça-parça, qoz boyda qopması ürəyincəydi. Qəbrin üstündəki torpaq yığını qumsal torpaqla müqayisədə yüngül olmalıydı, arasından məzara hava da süzülüb keçməliydi. Ancaq iki vedrə su bu torpaq qalağını qənd parçaları kimi əridib lehməyə çevirəcəkdi. Bu baxt ki mənimdi, yağış da yağa bilərdi, o boyda torpaq yığını qır-sapız kimi bir-birinə qarışıb başdan ayağa, bu yandan o yana bir təbəqəyə-laya, bir çəkisi olan kütləyə çevriləcəkdi. Torpaq yığını yatıb, qaynaq edilmiş dəmir parçası kimi qəbiristanlığın torpağına yapışıb bərkiyəcəkdi. Onda nvinki mənim bu nazik, damarları çıxıb heydən düşmüş ayaqlarım, lap ağırlıq qaldırmaq üzrə dünya çempionunun ayaqları da qaynayıb qır-saqqıza dönmüş torpaq yığınını qaldıra bilməz.

Yağış yağsa elə bura da Binəqədi qəbiristanlığının gününə düşəcək. Yağışlı, çisginli bir payız günündə palçığa bataraq ayaqlarının hər birində dəyirman daşının ağırlığını duyduğu Binəqədi qəbiristanlığı yadına düşəndə, "Qurd qapısı" deyilən aşırımdan aşağılara, ucsuz-bucaqsız o dərinliyə baxanda bir canlı, bir həyat nişanəsi olmayan o qısır, boz torpağın sonsuzluğu cəhənnəmin başlanğıcı kimi adamı ürpəşdirib canına üşütmə salan, sirli bir vahiməylə insanın bütün ümidlərini məhv edən o xaraba qəbiristanlığa, oranın yumşaq qumsal torpağına ümidi qalırdı. Bir də neçə vaxtdan bəri baş sındırıb tapmışdı ki, bu qəbiristan başqalarıyla müqayisədə dəniz səviyyəsindən xeyli aşağıda olduğuna görə məzardakı havanın, oksigenin sıxlığı çox olmalıydı. Yanına bıçaqdan, bizdən, isgənədən, bir dəmir qırığından-zaddan qoymasaydılar belə, bəd ayaqda dırnaqlarıyla qumsal torpağı oyacaqdı. Əllərinin baş barmaqlarını bir neçə dəfə dırnaqlarına çəkdi. Üç gün qabaq ortancıl bacısı yoluxmağa gəlmişdi, təəcçüblə - gör dırnaqların nə boydadı! - dedi, gedib qayçını tapıb gətirdi, ancaq qayçını bacısının əlindən alıb tutmağa qoymadı. "Elə bucuğazı yanıma qoysaydılar, daha heç nə lazım deyil". Ancaq unudub qayçını da qoymurdular. Barmaqlarının qanamasına fikir vermədən porsuq hikkəsiylə, goreşən açığıyla, tülkü hiyləgərliyi ilə qarnının qabağındakı kubikin altını fərşdən eşir, çıxartdığı qumu ayağının yanındakı boşluğa atırdı. Daş laxlayıb boşalırdı, özünə sarı çəkirdi, divardan aralanmasına bircə barmaq qalmış qarnına dirənirdi, qarnını nə qədər içinə çəksə də, daş çıxmırdı ki, çıxmırdı. Bir dəqiqəni, bir anı ötürmədən qan-tər içində yeni əməliyyata başlayır, bu dəfə öz altında çala qazıb kubikin birini çıxarıb ora yerləşdirir, ikinci kubiki də asanlıqla çıxarıb ayağının altına ötürürdü, çıxartdığı daşların altı yumşaqça qazılırdı, ancaq bir iynənin ucu qədər deşik açmamış ayaqlarının üstü daşla, torpaqla dolduğundan oyub qazdığı qumu-torpağı atmağa daha yer tapmırdı. Nəfəsi kəsildiyindən bir Allah bilir neçənci dəfəydi yorğanı üstündən atırdı, azça keçməmiş üşüyür, qorxa-qorxa yenidən yorğanı üstünə çəkib başqa əməliyyata başlayırdı. Bıçaqdan başqa ona heç nə gərək deyil.

Bıçaqla, yaxud dırnaqlarıyla öz altını qazıb çuxura salmaq, dizlərini qarnına yığıb ayaqlarını örtüklərin birinə dirəyib güç vermək, bir gün, lap iki gün ötəndən sonra hələ quruyub daşlaşmamış sement-palçğı çatladıb qopartmaq istəyirdi. Neçə dəfə çevrilib oturaçağını qazdığı çalaya salmaq, ayaqlarını qarnına yığmaq istəyəndə dizləri yenə o sığallı örtüklərlə qapanmış alçaq tavana toxunurdu.

"QURD QAPISI”ndan aşağıdakı o qəbiristanlığın qəbrləri gedib qamışlıqdan azca aralı bataqlığa dirənmişdi, eşitdiyinə görə, son vaxtlar qazılan qəbirlərin çoxundan su çıxırdı. Tərs kimi o, burda məzara qoyulub basdırılandan iki gün sonra ayılır, özünü sinəsinəcən qalxmış suyun içində görürdü. Yuxarı qalxmaq istəyəndə başı "tavana" dəyirdi. Su olmasaydı, hava dörd-beş saat, bəlkə bir, lap iki gün də bəs edərdi. Dirsəklənib başını divara dayayır, ağzını, dodaqlarını tavana söykəyirdi. Dözə bilməyib qışqırdı, yorğanı üstündən atıb dikəldi, acgözlüklə havanı çiyərlərinə çəkdi, qabaqca əlini geçə lampasına uzadıb düyməni basdı, ayağa durub səkgiz lampalı çilçırağı da yandırıb dünəndən pərdəsini çırıb atdığı pənçərəyə yaxınlaşdı.

Uzaqda doqquz mərtəbəli binanın sonunçu qatındakı evdə ışıq yanırdı. "Deyəsən o da mənim kimi can verir. Yüz yol ölüb dirilmək buna deyirmişlər. Allah, qurbanın olum, səndən heç nə istəmirəm, bir ay, lap bir il ömrümdən kəs, vaxtından qabaq oldür, bir tikə incimərəm, təki öləndən, aparıb qəbrə qoyulub basdırılandan sonra diriltmə məni. Boyük, uca Allahım, bundan başqa səndən heç bir diləyim yoxdu..."

Beşin yarısıydı, titrətmə tutdu, işığı söndürmədən gəlib yerinə girdi, boğazaçan yorğana büründü. Gözlərini yuman kimi özünü yenə də qaranlıq, səssiz, ən dəhşətlisi isə havasız və darısqal məzarda hiss elədi. Ən çox ona görə açıyır, yanıb-tökülürdü ki, hələ ölməmiş, o gözəl ruhu bədənindən çıxmamış onu aparıb basdırırdılar. Saatlarla cırmaqlayıb, eşələnəndən, vurnuxub çabalayandan, nəhayət, gəbərəndən sonra özü kimi ruhu da o iyrənc yerdə dustaq olurdu. Qəfəsdəki quş kimi özünü o künçə, bu küncə çırpır, son ucda məzarın tavanına yapışıb bir kəfən dolusu qayır-qayır qaynaşan qurd-quşa baxa-baxa qalırdı. Axırda o üfunətin içində ruhunun da bağrı çatlayıb gəbərirdi. Ançaq bu "gəbərirdi" sözünü düşünəndə elə bildi günah işlədir. Ona elə gəlirdi, özü hər cür çəzaya, pisliyə, ağrıya, təhqirə layiq olsa da, ruhu təmiz, pak və günahsız bir varlıqdı. Ruhların divarı, hər hansı təbəqəni deşib çıxa bildiyini eşitsə də, yanları söliqəylə hörülmüş o divarlardan, sıx düzülüb üstü sementlə palçıqlanmış o sığallı dəmir-beton örtüklərdən, onun da üstünə qalaqlanmış torpaqdan ruhunun çıxa biləcəyinə gümanı yox idi. Bu vaxt özünü unudaraq qəfəsdə çırpınan gözəl, zərif, gücsüz, həm də günahsız bir quşa oxşayan ruhuna yazığı gəlirdi. Orda dirilməkdənsə bir təpənin, bir dağın başında qarğa-quzğuna, bir dərənin dibində tülkü, çaqqal, canavara yem olmaq, dənizə atılmaq, hindlilər kimi tonqalda, yaxud böyük şəhərlərdəki kimi krematoriyada yandırılmağına can-başla razıydı.

Bir həftə qabaq anasını görməyə getmişdi. əslində görməyə yox, qorxduğunu ehtiyatla bildirmək, hər dərdin dərmanına çarə qılmağı bacaran anasından bir çıxış yolu öyrənmək istəmişdi. Özündən balaca qardaşı da ordaydı. Ötən günləri yad etdiklərindən üçü də yumşalıb gövrəlmiş, bir-birlərinə daha da doğmalaşmışdı. Anası bütün tanıdıqlarının, yaşıdlarının, tay-tuşlarının hamısının öldüyünü, dünyada tək qaldığını, qərib olduğunu acı-acı söyləyəndə, ona bir təsəlli verib könlünü almaq, ürək-dirək vermək əvəzinə, balaca qardaşının yanında özünü sındırmamaq üçün guya zarafat edirmiş kimi öləndən, basdırılandan sonra qəbrdə diriləcəyindən qorxduğunu gülə-gülə deyəndə anası uğunub getdi. Birdən gülməyini kəsib - bəxtəvər başıma! Ağam da elə qorxurdu. Öləndən bir gün qabaq bizi başına yığıb dönə-dönə tapşırdı, bir həftə qəbrimin üstünə gəlib qulaq asarsız. Səs eşitsəniz, özünüzü itirib eləməyin, hay-küy salmadan, bir kəsə bildirmədən, kecə qəbri qazıb açarsınız. Sonrasını özüm bilərəm...

Balaca qardaşında olan çevikliyin, diribaşlığın, hazırcavablığın, bütün fərasətin babasından keçdiyini anası dönə-denə demişdi. İndi anladı, qırx yaşında ölmüş, hal-hazırda özündən on yeddi il cavan olan babasından ona miras qalmış yeganə şey qorxudur, qəbrdə dirilmək qorxusu. O vaxt məzardan çıxmaq indikindən qat-qat asanmış. O vaxtkı məzarın divarları indiki kimi daşla, sementlə hörülmürdü. Üstü indiki kimi sement-betondan hazırlanmış sığallı örtüklərdən olmurdu. Divar torpağın özündən olurdu, üstü taxta, pərdilərlə örtülürdü. Qəbrin üstünə də bir şana ağzı qaratikan çəpəri basır, onun da üstünə, külək aparmasın deyə bir daş qoyurdular. Anasının sözü qurtarmamış balaca qardaşı dedi:

- Nəfəs yeri üçün bir dənə boru qoyacam, üç gün gəlib qulaq asacam, çağıracam. Dördüncü gün oyansan özünnən küs...

Qabaqlar olsaydı, balaça qardaşı bu məsələnin çıxış yolunu, bir-birindən yaxşı, həm də gülməli, məzəli variantını danışacaqdı, danışdıqça heç kimin ağlına gəlməyən yeni-yeni etibarlı, mükəmməl yollar tapacaqdı. Ancaq anladı ki, balaca qardaşı söz xətrinə bunu dedi. Və söhbəti dəyişəcəyindən ehtiyat etdiyindən gülə-gülə, ançaq ümidsiz-ümidsiz:

- Elin, camaatın gözünün qabağında boru qoymaq olar? Yaya düşsə, iynə vurub heç olmasa birçə gün, çox demirəm, buzdan-zaddan qoyub, saxlayıb sonra
basdırarsınız...

- Bir gün niyə, əlli dollar verib bir həftə ölüxanaya - morqa qoyammıram? Lap on gün saxlatdıraram. Bir də bir yorğan verərəm, üstünə örtərlər, ölməmiş olsan, soyuq-zad dəyməsin...

Yaxşı bilirdi, qardaşı istəsəydi, bu işə baş qoşsaydı, onun arzusunu, sözünü, vəsiyyətini yerinə yetirmək xətrinə eldən dışarı, gələnək - ənənədən uzaq eləyəcəyi işlərə min don geydirib, min bir bəhanə uydurub heç nədən, heç kimdən çəkinmədən mollanın, ağsaqqalın, rəsmi adamların, məzarın başına toplaşanların gözünün qabağında isgənədən, bıçağa, baltadan linkəcən, qəbri söküb dağıdıb oradan çıxandan sonra qarşılaşaçağı adamı kəfəniylə vahiməyə salmamaq, şübhələndirməmək üçün şalvardan, idman formasından, lap təptəzə kostyuma, kraxmallı koynəyə, qalstukacan hər şey qoyacaqdı. Qardaşının ağlına batsaydı, qabaqcadan qəbirqazanları görəçək., onları əməlli-başlı razı salandan sonra məzarın altında bir balaca çala düzəltdirib, yaxud yan divarların birində bir kubuk daşının yerini boş qoyaraq alətləri oraya yığıb üstünü ustufluca örtdürəcək, bütün qəbirlərin divarından hündür olsun deyə bir sıra daş da artıq düzüb hördürəcək, o qaranlıq, səssiz, dar “mənzildə” adamın bir həftə, on gün yaşaya bilməsi üçün yeməyindən, suyundan, oksigen balıncından batareya ilə işləyən əl fənərindən, matorollayacan ən zəruri şeyləri ora yığacaqdı.

Ançaq bunların heç biri olmayacaqdı, bütün günahlar da özümdən oldu. Son yeddi ildə bir işinə yaramadım, bir işinin qulpundan tutmadım. Köməyim bir yana qalsın, yeddi ildə ayaqlarından dəyirman daşı olub asıldım. Hər ayın başı, bircə gün yubatmadan verəcəyini bükülü kağızda gətirib mənə uzadır. Qabaqlar yalandan da olsa "əşi neynirsən" - deyirdim. Son vaxtlar onu da demirəm, quruca "sağ ol" deməyə də ağzım açılmır, elə bil halal zəhmət haqqımı alıram. Alsam yaxşıdı, qapıb cibimə basıram. Bu səhnəni yadıma salanda özümdən zəhləm gedir... Özümdən belə zəhləm gedirsə, onda gör o, nələr çəkir. Axı niyə belə oldum? Xaricdə oxuyan oğlumun da aybaay pulunu göndərir, ad günlərimizdə pay-puş, hədiyyələr alması bir yana, yeməyimizi də bişirib özləriylə gətirirlər, baçılarıma, qohumlara da əl tutur, dilənçilərə də pul verir. Səhər saat altıdan durur, axşam saat səkkizə, doqquzacan ayaqüstə fır-fır fırlanır. Maşallah, maşallah! Gör onu da gözə gətirə bilərsənmi? Yeddi ildi anama bir çöp də almamışam, bütün xərcini, nazını o çəkir. Arada vaxt da tapıb maşınına mindirir, bir iki saatlığa aparıb şəhəri gəzdirir, dəniz qırağına aparıb eynini açır. Sonuncu dəfə məni danlayanda "ay mağmun oğlu mağmun, başımı qaşımağa vaxtım olmur, heç olmasa hüzr yerlərinə sən get, qabaqlar birini buraxmazdın, axır vaxtlar sənə nə olub bilmirəm, heç olmasa ananı gündə bir saat apar dolandır. Maşın alıb qoymuşam altına, bu da çətin iş deyil ha!

Düz deyir, gözünə döndüyüm düz deyir. Maşınımın benzinini də o alır, xarab olanda da o düzəltdirir.

QABAQLAR anam həmişə mənim canıma and içərdi. Deyərdi, nəslimizdə sənin kimi canıyanan, el qəmi çəkən tapılmaz. Ancaq son vaxtlar məni çağırmaq istəyəndə çaşıb onun adını çəkir, onun canına and içir. Niyə belə olmuşam -özüm də bilmirəm. Vəzifədən çıxarılanlar mənim kimi evdən bayıra çıxa bilmir, boş-bekar oturmaqdan bağrı çatlayıb gəbərirlər. Axı, mənim elə bir vəzifəm də olmayıb. Bəlkə böyük qardaş olduğumdan onun buyruqlarını sinirə bilmirəm? Hərdən oğlunun yanında çox danladığını, mənim pisikdiyimi gerəndə "Məni bu səviyyəyə, bu günə çatdıran əmin olub e, xəbərin varmı? Sən də, mən də nəyimiz var, hər şeyə görə əminə borcluyuq..." - deyib konlümü almaq istəyir. Yox, birdən-birə danlamadı, yeddi il başımdan girib ayağımdan çıxdı. Təkcə anamdan elə qayğı, həssaslıq görmüşəm. Bunun əvəzində bir işinə yaramadım. Xəstə yatanda gedib dil-ağız da edəmmədim. Heç olmasa telefonla halını xəbər almadım.

Bir dəfə də gileyləndi: "Bir işimlə maraqlanmırsınız, komissiya gəlib on gün sinəmə çöküb yoxladı, bir dəfə maraqlanmadın, necə oldu. Tutub içəri qatsalar, yaxud ürəyim partlayıb ölsəm, necə olacaqsınız, bilmirəm. Heç kim bir zərrəcən məni istəmir, işimlə, problemimlə maraqlanmır".

Düz deyir, soruşmurdum, xəstələnəndə də halını soruşmağı özümə sığışdıra bilmirdim. Yox, elə bu xasiyyət məndə həmişə belə olub. Anam, bacım, arvadım, uşaqlarım da xəstələnəndə dil-ağız edib könüllərini alammamışam, yaxınlaşıb əllərindən tuta bilməmişəm, əlimi alınlarına qoya bilməmişəm, dil-ağız eləmək məndə heç vaxt olmayıb. Uşaqlıqda anam xəstələnəndə, yorğan-döşəyə düşəndə özümü itirərdim, dərsdə olanda, bir işin dalısınca gedəndə, həyətdə odun yaranda, mal-heyvana baxanda bircə an yadımdan çıxartmazdım. Bütün günü, gecəni Allaha yalvarıb anama şəfa verməsini diləsəm də xəstə anama yaxınlaşıb başına dolana bilməzdim, könlünü almaq üçün bir şirin söz tapıb deyə bilməzdim. Bu yaşımacan beləcə donuq, quru, buz parçası kimi soyuq oldum. Ançaq xəlvət bir yerə çəkiləndə, yerimə uzanıb yorğanı başıma çəkəndən sonra anamın ağır halını düşünəndə xısın-xısın, qorxu içində ağlardım.

Mən də uşaqlarım da qardaşıma yükük, axı xəsdə-zad da deyiləm, sadəcə müftəxor, onun üçün ölü bir varlığam, əlini məndən çoxdan üzüb. İnnən belə nəyəsə yarayacağıma bir ümidi qalmayıb. Maşın tutub məsçidə aparmaq, yudurtmaq, tabut, mafə almaq, yenidən maşına qoyub evə qaytarmaq, ölüm haqqında həkimdən, dəfn bürosundan arayışlar almaq, camaatı qəbiristanlığa aparmaq üçün avtobus tutmaq, qəbiristanlıqda yer haqtı, qəbir qazanların haqqı, çadır, stul, stolların, kirayə alınmış qab-qaçaqların, verilən ehsanların, daha yaddan çıxmış nələrin-nələrin hamısının xərcini o çəkməliydi. Özü də bunların hamısı bircə gündə olmalıydı. Onun vəsiyyət oxuyub əməl eləməyə nə vaxtı, nə halı, nə də həvəsi olacaqdı. Bu qədər xərc çəkib, bir belə yorulub əldən düşəndən, sarsıntı keçirəndən sonra mənim kimi bir olünün, bir leşin soyuq buz parçasının hansı istək, hansı arzu, hansı ümidlə dirilməsini istəməliydi. Dönə-dönə ozünün dediyi kimi o, ölünün yox, dirinin yiyəsidi... Yox, vəsiyyətnamə yazmasam, əmələ gələn iş deyil. Qəbiristanlıq seçmək, məzarı dörd, ən azı üç kubik qaldırmaq, bıçaq, qayçı, iskənə, vintaçan, şalvar, köynək... nə bilim nəmənə-nəmənə gərək deyil. Sonra çamaatın ağzını saxlamaq olmaz. Bunların yerinə ya toka verilməyimi, ya da meyidimə... Yox, "meyit" yazmayacağam, adamın əti ürpəşir. Qoluma, qıçıma bir zəhərli iynə vurulsun. Ancaq iynə məsələsi bir yolluq ölümdü. Birdən ölməmiş olaram. Yaxşısı budur, toka versinlər, tokdan ayıla bilərəm. Əgər güclü gərginlikdən ölsəm belə, basdırıldıqdan sonra yenə dirilmə ehtimalım var. hər halda, tokda bir ümid yeri var.

Yenə yorğanı üstündən atdı. Çarpayıdan durub tuman, maykadaca tələsik üç il bundan qabaq təmiri yarımçıq qalmış balkonlarına sarı addımladı. Toz-torpağın altından mismarçıxaranı tapdı, tozunu nimdaş uşaq koynəyinin qoluyla sildi, gətirib hamamda yudu, qurulayandan sonra yazı masasının üstünə, yun yumağın yanına qoydu. Oturub vəsiyyətnaməsini yazmaq istədi, ançaq üşüyüb titrədiyinə görə yerinə girdi və ürəyində vəsiyyətnaməsini yenidən yazmağa başladı. "Əziz qardaşım, son illər sənə olmazın əziyyətlərin verdim. Məni təkbaşına necə götürəcəksən, düşünəndə ağlım başımdan çıxır. Ancaq qayışını möhkəm bağlayıb üç gün dözsən, pis-yaxşı hər şey başa çatacaq. Unutma, indiyəcən heç kimin ölüsü ortalıqda qalmayıb. Əgər sonuncu xahişimi yerinə yetirsən, yeddimi, cümələrimi, qırxımı verməsən də, qəbrimin üstünü düzəltməsən də, and olsun ölənlərimizin ruhuna, inciyən deyiləm. Birinci xahişim budur, ayaqlarımın baş barmaqlarını yazı masamın üstündəki yumağın ipi ilə bağlasınlar. İkinci xahişim də budur, mismarçıxaranı, o da yazı masamın üstündədi, yanıma qoysunlar, yəni qəbrdə qurşaqdan yuxarı tərəfimə. Allah köməyin olsun".

Ağlına gəldi ki, qardaşı gəlib çıxanacan, vəsiyyətnamədən xəbər tutub oxuyanacan evi yır-yığış edən arvad-uşaq bilmədən, tanımadan mismarçıxaranı götürüb harasa ata bilər, onun yerinə qardaşı kəlbətin, yaxud "plastokopst" da başa düşüb qoya bilər. Ona gerə də işinin ehtiyatlı olması üçün "mismarçıxaran" sözündən sonra bir defis işarəsi qoyub onun rusca "qvozdodyor" mənasını da yazmaq qərarına gəldi.

Yerində titrətmə içində sevinirdi. Mismarçıxaranı kəşf edəndən sonra nisbətən arxayınlaşdı, indi son mənzilində rahatca uzanmışdı. Mismarçıxaranla sığallı, enli, bir-birinin yanına kip düzülmüş, sementi çox olduğundan göy rəngə çalan palçıqla suvanıb bərkidilmiş örtükləri qısa bir vaxtda asanlıqla söküb daqıdacağına inanırdı. Daha yumaqdakı o xovlu, yumşaq ipə də ehtiyac qalmırdı. Vəsiyyətnamədən ip məsələsini, mismarçıxardandan başqa hər şeyi, bütün bəndləri sildi, əlini uzadıb yazı masasının üstündən yumağı götürdü, uzandığı döşəyin qırağını qaldırıb altına dürtdü.

Avtobus qəbiristanlığın girəcəyində dayanaçaq, o, hamıdan qabaq düşüb yaşına uyuşmayan cəldliklə özünü qəbiristanlığa verdi. Elə bil dəfn mərasiminin idarə olunması ona tapşırılmışdı. Dəmir, divar hasarlara alınmış köhnə məzarların arasından keçən cığırlardan tələsik adlayaraq bir-birindən xeyli aralı yenicə qazılmış iki məzarın yanından yolunu saldı, məzarların içindəki yenicə hörülmüş divarı gözdən keçirdi, kol-kosa, ot-ələfə sürtülə-sürtülə türyan gəlib öz ellisinin yenicə qazılmış qəbrinə çatdı. Əslində mərhumun sağlığında bircə dəfə də üzünü görməmişdi, onun adından, yaşından, kimin qohumu, qardaşı olmasından da xəbəri yox idi. Buraya gəlməkdə məqsədi ölüyə rəhmət demək, kiməsə başsağlığı verib əcir diləmək deyildi, sonuncu dəfə məzarın enini, uzununu, qəlbiliyini, divarın suvağını, bərk, boş yerlərini, qəbirin üstünə yığılacaq torpağın hansı tərəfdə az, hansı tərəfdə çox olmasını, baş və ayaq tərəfə qoyulaçaq daşların dəqiq yerini, hansının böyük, hansının azaçıq balaça olduğunu diqqətlə gözdən keçirmək hələ bu gen, bu işıqlı dünyada vaxt var ikən, indən belə heç kimin işinə yaramadığına, heç kimə gərək olmadığına görə bir kəsə inanıb ehtibar eləmədiyindən, ancaq özü-özünə bir çıxış yolu, bir ümid, bir girəvə yeri arayıb tapmaq idi. Cənazə yenicə yerə qoyulanda özünü təzə qəbrin ayaq tərəfinə yetirdi, adamlar axışıb gəlməmiş qənşərdə özünə münasib bir yer tutdu. Bayaqkı təzə qazılmış iki məzarda da, ellisinin bu qəbrində də hörülmüş divarın üç kubik qəlbiliyində görəndə sevindiyindən ucadan - buna deyərəm əla! - söylədi, gözləriylə qəbirqazanları aradı. Cənazəni qəbrə sallayıb sağ yanı üstə qoyub rahatlayanda, məzarın eni, uzunluğu və hündürlüyünü təsəvvür etdiyindən çox gen olduğunu görəndə içində sevinc qarışıq bir arxayınlıq duydu. Mollanın dua oxuması ilə bağlı yaranmış sakitliyin fərqinə varmadan yanındakı tanımadığı adamdan ucadan - Görəsən bütün qəbirləri belə gen-bol qazırlar? - soruşdu. Adamların nəzəri onlara tuşlandığından yanındakı adam narazılıqla və əsəbiliklə çiyinlərini çəkdi. Sualına cavab almasa da kefini pozmadı. "Belə qəbir xeyli hava-oksigen də tutar" - düşündü. Məzarın fərşinə tökülüb daranıb hamarlanmış torpağın narın və yumşaqlığını görəndə ovqatı bir az da yaxşılaşdı. "Mismarçıxaranı qabaqcadan gətirib qəbrin fərşinə qoyub üstünü beləçə narın torpaqla örtmək olar, qəbirqazandan başqa heç kimin xəbəri olmaz. Hər şeyin çox sadə yolu varmış…"

Ançaq enli, nazik daş örtüklər məzarın üstünə döşənəndə kimsə - Ayağını qırağa qoy, bunlar kövrək şeydi, dərhal qırıla bilər, -deyəndə onun bir an qabaqkı gözəl ovqatı, şuxluğu, içindəki arxayınlıq uçub getdi. Gözləri dərhal örtüklərdən yuxarı torpağın tuşunacan olan yerə sataşdı, bir o qədər də yerin səthindən yuxarı torpaq qalaqlanmalıydı, nə az, nə çox, düz səksən santimetr. Adamlar çəkilib gedəndən sonra bu torpaq qalağının üstünə qəbiristanlıqda otarılan və qovulan mal-heyvan da çıxa bilərdi və onları otaran adamın özü də. Daş örtüklər bir-bir qırılır, iti yeri gah ayaqlarının, gah qarnının, qollarının, başının üstünə düşdüyündən nə əl-qol atır, nə də çabalaya bilirdi. Daha lingin, qazmanın da faydası yoxdu. Bunlardansa dəmir-betondan hazırlanan örtüklər min dəfə yaxşıdı. O, vəsiyyətnaməsinə dəmir-beton örtükləri də əlavə etməli oldu. Ümidsizçəsinə çevrilib yan-yörəsinə baxdı, aralıda dayanmış Balaca kişini başıyla yanına çağırdı, qəbrin içini görməsi üçün ona yer elədi, başıyla daş örtüklərə işarəylə - Qırıla bilər? - soruşdu. Balaca kişi düşünmədən - O dəyqə, bunlar namərd şeydi - cavab verdi. Sonunçu daş örtük məzarın üstünə qoyulub palçıq toküləndə gözünü bir an məzardan çəkmədən ağzını Balaca kiişnin qulağına yaxınlaşdırıb bu dəfə pıçıltıyla - Heç cürə ordan çıxmaq olmaz? - soruşdu. Cavab vermədiyini görəndə bir neçə yol çevrilib nigarançılıqla ona baxdı. Bütün torpaq qəbrin üstünə yığılıb qalaqlanandan sonra Balaca kişi məzardan gözünü çəkmədən başını tərpədib amansız və qətiyyətlə - yox, - dedi, onun qolundan tutub özünə tərəf çəkdi, adamlardan aralıda dayandılar. Balaça kişi uzaqdakı təpələrə baxdı, gözünü oradan çəkmədən - Yaradan bilər... dedi, əlinin dalısıyla burnuna toxundu. sonra şəhadət barmağını qulağına soxub silkələdi, birdən çevrilib ona baxdı, asta-asta danışdı:

- Bir erməni dığasını tok vurub öldürübmüş... Onlar olülərini üç gün saxlayıb sonra basdırır. Bahalı siqaret qutusunu, gümüşdənmiş, bir də alışqanını, o da yaraşıqlıymış, kastyumunun cibinə qoyurlar, yeşiyin dörd küncündən mismarlayıb aparıb basdırırlar. Gecənin yarısı iki gənc portsiqarla, alışqana tamahsındığından gedib qəbri qazıb yeşiyin üstünü açır. Qapağını qaldıranda tabutdakı dərindən nəfəs alır. Oğrular qoyub qaçırlar. Haçandan-haçana özünə gəlir. Bunlar olmuş işdi, ölən oğlanın özü danışırdı mənə. Kəndimizə gəlmişdi. Yetmişinci illərdə bu hadisəni bütün qəzetlər yazmışdı. Həmin oğlan kənddə cəviz ağaçlarını çırpırdı.

Arığın biriydi. heç kimin çıxa bilmədiyi ağaclara dırmaşır, quş kimi budaqları gəzirdi. Çırpdığı qozun on kilosundan bir kilosunu özü götürürdü. Kənddən gedəndə yüz kilo cəviz apardı. Ağlı başına gələndən sonra görür qəbirdədi, hər şeyi başa düşür. Deyir, bilmədim hara gedim. Gedir qaynatasıgilə, hasarı aşıb həyətə girir. Yenicə işıqlanıbmış, qapını bir neçə dəfə döyəndən sonra qaynatası oyanır, tək imiş evdə, gözünü ova-ova şüşəbənddən soruşur, - kimdi. Pəncərənin pərdəsini çəkəndə dünən öz əli ilə basdırdığı kürəkənini görəndə az qalır başına hava gəlsin, qayıdıb divardan asılmış tüfənği qapıb kürəkəninə tuşlayıb boşaldır. Güllə oğlanın təpəsini yalayır. Qaynatasının huşu başından çıxır, tiri-tap yerə sərilir...

Balacanın danışdığı əhvalatdan sonra o, birdən-birə özündə bir yüngüllük hiss elədi, qəbiristanlıqdan qayıdanda qabaqcadan nəzərdə tutduğu kimi maşını evlərinə yaxın, münasib bir yerdə saxlatdırıb düşmək əvəzinə, təzədən hüzr yerinə qayıtdı. Avtobusda yer tutub əyləşəndə də, çadırın qarşısında mollanın oxuduğu "Yasin"ə qulaq asanda da, oturub verilən ehsanı həvəslə və iştahla yeyəndə də Balaca kişinin yanından əl çəkmədi və kəndə gəlib çəviz ağaclarını çırpan həmin o oğlan barəsində dönə-dönə suallar verdi.

O gün evlərinə gec qayıtdı, arvadı rayondan gəlməmişdi. Mismarçıxaranı yazı masasının üstündən götürdü, aparıb balkona atdı, qayıdıb paltarlarını soyunub işığı söndürüb yerinə girdi. Dörd küncündən mismarlanan tabut gözünün onünə gəldi.

"Yaxşı ki, bizi tabuta qoymurlar. İki daş qəlbiliyində olan məzar da min dəfə tabutdan yaxşıdı. Mismarlanmış tabutdan heç kim çıxa bilməz. Ancaq onların paltarlı basdırılması yaxşıdı. Bəs o portsiqarı əsgərlikdə oğlana kim veribmiş, onun yerinə pul da, başqa şey də verə bilərdilər, necə olub, tok vuranacan onu itirməyib, satmayıb, kiməsə bağışlamayıb. Bəs təzə kostyumunu geyindirib tabuta uzadandan sonra portsiqarla, alışqanı onun cibinə qoymaq kimin ağlına gəlib, axı onu oğrular gəlməmişdən bircə dəqiqə tez də qoya bilərdi, oğrular onu görməyə də bilərdi, tabutdakı adam beşcə dəqiqə kec dərindon nəfəs ala bilərdi. Saysız-hesabsız bu qurğu, bu düzülüş, bu nizam, bu ardıcıllıq təsadüfdürmü? Balaca kişinin dediyi - "Yaradan bilər" - qulağnda səsləndi.

Yatmışdımı, oyaqdımı, özü də anışdıra bilmirdi. Sağ əlini gətirib üzünə qoydu, günortadan ovcunda qalmış gülabın zərif qoxusunu hiss elədi.

Aydın bir iyun səhəri o başdannan bir-birindən xəbərsiz gəlib gövşənin qurtaracağında bir yanı çınqıllı, iri-iri daş qalağına söykənmiş, fantan kimi fışqırıb açmış qızılgül kolluğunun üstünə çıxmışdılar. Qızılgüllər açandan bəri ağ köynəkli oğlanla, sarı köynəkli qızdan başqa buraya insan ayağı, insan hənirtisi dəymədiyindən, hələ kolluğun nə bircə gülü dərilmiş, nə bircə udum qoxusu alınmış, nə də bir yad baxış güllərin zərif ləçəklərinə qonmuşdu. Ləçəklərin üstündəki par-par yanan şeh damlaları bunu deyirdi. Bugünkü imtahanda müəllimin qabağına qoymaq üçün bir dəstə yığıb aparmalıydılar. Camaatın dediyinə görə, çınqıllı, iri-iri daş kələyin altında bir əjdaha olurdu. Ançaq oğlanın da, qızın da səsindəki titrəyiş və həyəçan nə bugünkü imtahandan, nə fantan kimi fışqırıb açılaraq yan-yörəsini məstedici ətrinə bürümüş qızılgüllərdən, nə də heç vaxt, heç kimin görmədiyi əjdahanın vahiməsindən idi. Oğlan balaca çib bıçağıyla kəsdiyi uzungövdəli, ləçəklərinə şeh qonmuş, yarıaçılmış qızılgülləri titrək əlləriylə qıza uzadıb tələsik sıçrayaraq kələyin üstünə çıxdı. İlahi, ayaqlarının altındakı daşlar da məxmər kimi yumşaq idi. Yenicə qızarıb dəymiş gilas budağını əyib bir neçə şax qırdı və qızın yaxınlığında dizəcən qalxmış gömgöy otların üstünə atdı.

Yuxarıdan baxanda qızılgül kolluğu iri bir buketə oxşayırdı. Dağın arxasından yenicə çırtmış günəşin şəfəqləri qızın qızılgül rənginə çalan yanaqlarına, dodaqlarına toxunmaqdaydı, qamaşan gözləri qıyılmışdı. Oğlan titrək səslə. - Burdan ayrı cür görünür, gəl, sən də bax, -dedi. Qız titrək səslə: - Kecikirik, gəl gedək. Onsuz da qızlar heç vaxt oğlanların baxdığı yerdən baxammır, - söylədi.

Oğlan bu zərif, gözəl qızın özündən ağıllı olduğunu fəhmlə duydu və həyəcanı daha da çoxaldı, əyilərək daş qalağının tuşuna qalxmış və pardaxlanıb açılmış qızılgüllərin ləçəklərini ovuclarına yığdı. Dikəlib daşların üstüylə quş kimi səkə-səkə qızın tuşuna gəldi. - Gedəkmi? - deyəndə, qız ona baxdı, gülümsünərək başıyla "hə" - dedi. Oğlan qabaqça sağ, sonra sol əlindəki qızılgül ləçəklərini qızın başı üstünə havaya atdı. Qız gözlərini yumub gülümsər üzünü yağışa tutubmuş kimi ləçəklərin altına tutdu. Bu an uzandıqca uzandı...

Və yataqda uzanıb özünün yatmışmı, oyaqmı olduğunu anışdıra bilmədiyi bir vaxtda həmin qızılgül ləçəklərinin yağdığı o an, ona arxada qalmış qırx üç ildən uzun və dadlı gəlirdi.

Aprel, 1996.
XS
SM
MD
LG