Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:14

Yazıçılardan Nigar Köçərliyə sərt etiraz


Səfər Alışarlı
Səfər Alışarlı

“Ciddi ədəbiyyat haqqında peşəkarlar danışmalıdır".

-

Azadlıq Radiosunun "Pen klub" proqramında "Əli və Nino" kitab dükanları şəbəkəsinin sahibi Nigar Köçərli Azərbaycan yazıçılarının yazdığı əsərlərin yaxşı satılmadığını deyib və bunu bir çox əsərlərin oxucu üçün maraqsız olması ilə əlaqələndirib.

Kulis.az saytı onun fikirlərinə münasibət öyrənib.


Səfər Alışarlı
:

“Ciddi ədəbiyyat haqqında peşəkarlar danışmalıdır. Və ədəbiyyat haqqında çox adamın fikri ola bilər, amma hər fikrə ciddi münasibət bəsləmək düzgün deyil. Orada sadalanan adlar özlüyündə göstərir ki, burada bir kompanyonluq var. Nigar xanımın çəkdiyi adlar təsadüfi deyil, bu şirkət maraqlarıdı, layihə perspektivi güdülür. Bu yerdə ciddi ədəbiyyatdan danışmaq mümkün deyil. Ayrı ayrılıqda o adları analiz etmək istəmirəm, amma bütövlükdə xanımın həyata keçirdiyi layihə də ciddi təsir bağışlamırdı”.

Seymur Baycan:
Seymur Baycan
Seymur Baycan

“Nə deyim? Deyim ki, mən ciddi yazıçıyam, Qaraqan qeyri-ciddi yazıçıdı? Mən belə söhbətlərdən həmişə qorxmuşam. Çünki,doğrudan da, adama deyərlər ki, yaxşı yazıçısansa niyə satılmırsan? Varis də, Elxan Elatlı, Qaraqan da durar adama bu sözü deyər və heç nə deyə bilməzsən. Mən Nigar xanımın dediyi sözlə razılaşmaq məcburiyyətindəyəm. Amma bizim kitabımız niyə satılmır, - guya Allah qoymasa mən aralarında satılan, oxunan yazıçıyam- , niyə biz bu sözləri eşitməliyik, bunun səbəbləri başqadır. Səbəblər də dəfələrlə Kulis-az-a, Azadlıq radiosuna, başqa saytlara verdiyim müsahibələrdə deyilib: Kitab satışı bir-iki adamın, bir saytın həll edə biləcəyi məsələ deyil. Bununla hər kəs məşğul olmalıdır, hər kəsin evində kitabxanası olmalıdır, dövlət müəssisələrində, şirkətlərdə kitabxanalar olmalıdır. İnsanlar hər yerdə kitab görməlidir, dövlət səviyyəsində, televiziya səviyyəsində kitabın reklamı ilə məşğul olmalıdırlar. İki-üç adamın qalxıb xalqa kitab oxutdurması mümkün olan iş deyil.

Bəli, mən özümü Qaraqandan, Varisdən, Elxan Elatlıdan pis hesab edirəm, yaxşı olsaydım, məni də oxuyardılar. Yəqin Şərif də pisdir. Nə deyə bilərik ki? Durum deyim ki mənim kitabım yaxşı kitabdı, amma satılmır? Faktla razılaşmaq lazımdır. Amma aydın məsələdir ki, yüngül ədəbiyyatın alıcısı çox, bir az intellektual ədəbiyyatın alıcısı az olur. Çünki şüurlu insanların sayı şüuru inkişaf etməmiş insanların sayından azdır.

Bir neçə adam çabalayıb nə isə yazmaq, nə isə ortaya qoymaq istəyir, hamı da gözləyir ki, onlar gülünc vəziyyətə düşsün. Hamı da rahatlaşsın ki, nə zəhləmizi tökmüşdünüz? Qoyun bir tikə zəhərimizi yeyək.. Bu gün mən Varislə debata çıxsam, hamı deyəcək ki, Varis Seymuru palçıq kimi vurdu divara... Çünki onlar bunu istəyirlər...”

Qismət:
Qismət
Qismət

“Nigar xanımın dedikləri, əslində, marketoloji baxımdan özünü işini yaxşı bilən birinin sözləridir. Bu fikirlərə çox normal yanaşmaq, hətta müəyyən mənada onu dəstəkləmək də olar. Amma məsələn “Dünya ədəbiyyatında çoxdan yaranmış bir dilemma var. Yaxşı əsər yaxşı satılırmı? Mənim fikrimcə, bəli. Şekspir, Ceyn Ostin, Tolstoy, Dostoyevski dünya ədəbiyyatının şedevrləridir və artıq neçə əsrdir ki, kitabları da kitab dükanlarında ən azı bestseller yüzlüyünə daxil olur.” – bu fikri yalnış hesab edirəm. Səbəbi isə budur ki, adları çəkilən müəlliflər sağlığında indiki kimi çox satılmayıblar. Düzü, mən, tutalım Şekspirin indi də çox satıldığını düşünmürəm. Onların indiki şöhrətinin səbəbi təkcə o deyil ki, “oxucunu aldatmaq mümkün deyil”, əsrlər boyu institutlarda, akademik işlərdə onlar mövzu kimi işlənib, dərsliklərə düşüb. Kəsəsi, əsrlərin o tayından günümüzə qədər gəlmiş müəlliflərlə indiki zamanı və üstəlik bizim reallığı müqayisə etmək yalnışdır.

“Bizim yazıçılarımız öz oxucularını tanımırlar və tanımaq istəmirlər. Əsərlər sanki abstrakt bir bəşəriyyət üçün yazılır, oxucu üçün yox.” – bu düşüncə də məncə doğru deyil. İstəsə də, tutalım, Elxan Elatlı kimi nyaza bilməyən, heç yazmaq da istəməyən onlarla ciddi müəllif neyləmələdi axı ? Oxucunu tanımaq ayrı şeydi, oxucu üçün yazmaq, yaxud kütləvi əsərlər istehsal etmək ayrı şeydir.

XX əsrin ortalarından etibarən “kitab nüfuzdan düşür, roman ölür, şeir dünyasını dəyişdi” sözləri zaman-zaman aktuallaşıb, kitabını sata bilməyən minlərlə böyük yazıçı çətin vəziyyətdə qalıb. Sizə saysız-hesabsız misallar çəkə bilərəm. Amma sonradan kütləvi ədəbiyyatla böyük ədəbiyyatın hibridindən, yarım-kütləvi bir ədəbiyyat istiqaməti əsas götürülüb. Tutalım, bir çox düşünərin fikrincə Eko “Qızılgülün adı” romanı ilə bunun öncüllərindəndir. Lakin yenə də bu kifayət deyil, bir xeyli iş yenə də kitab evlərinin, müəlliflərin ədəbi agentlərinin, universitetlərin humanitar bölmələrinin üzərinə düşür.

Əlbəttə, Nigar xanımla razıyam ki, kitaba əmtəə kimi baxmaq düşüncəsini mənimsəməliyik, amma bu iş təkcə bizim bu düşüncəni mənimsəməyimizlə bitmir. Siz nə qədər ki, çox satılır deyə həm xarici ədəbiyyatdan, həm bizim ədəbiyyatdan orta səviyyədən aşağı əsərləri nümunə kimi gətirəcəksiniz, biz gələcəkdə özümüzü on nəfər ədəbi agent tutacaq qədər varlansaq da, artıq Elxan Elatlını, Çingiz Abdullayevi və bu qəbildən olan yazıçıları oxuyub yetişən nəsil bizi sizin tezislərinizlə ittiham edəcək.

Mən çoxrənglilik, çoxsəslilik tərəfdarıyam. Bestseller ədəbiyyatının da kitab bazarı üçün önəmini çox aydın şəkildə dərk edirəm. Bütün dünyada həmişə bu tip ədəbiyyat katalizator rolu oynayıb, amma heç yerdə sizin etdiyiniz kimi ciddi ədəbiyyat nümunəsi sayılaraq peşakar yazıçılara örnək göstərilməyib. Bu mənada “Bu gün Elxan Elatlını oxuyan sabah Aqata Kristini oxuyacaq, sonra isə Jeyms Joysa keçəcək.” – fikri də olduqca paradoksaldır. Əks təqdirdə belə düşünməliyik ki, bugün Üzeyir Mehdizadəyə qulaq asan, sabah yəqin klassik musiqi həvəskarı olacaq”.
XS
SM
MD
LG