Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:08

Erməni yazıçısının Qarabağ müharibəsi haqda hekayəsi (Oxu)


Erməni əsgərləri, 1992
Erməni əsgərləri, 1992
-

- Müharibədir də, Allahcan, vuruşuruq, biz də öldürmüşük, bizi də öldürüblər... Yersiz əməllərim üçün tövbə edirəm, İlahi... Qalanlarına görə günahkar deyiləm...


Ovanes Yeranyan


“QURBAĞA”, YAXUD ÇƏKİLMƏYƏN FİLM ÜÇÜN SSENARİ

(Rus dilindən Seyfəddin Hüseynli tərcümə edib. “Oxu Zalı” Cənubi Qafqaz yazıçılarının “Yaşamaq zamanı” toplusundan götürülmüş bu hekayənin tərcüməsi və nəşri üçün müəllifdən icazə alıb.)


Sarı-bozumtul palçıq hər iyirmi addımdan bir ayaqlarda yarım pudluq yükə çevrilirdi: fərqi yox idi - tuflidir ayaqdakı, yoxsa çəkmə. Şıltaq yay yağışı işvəli qadın kimiydi – gah yağır, gah kəsirdi.

Sırayla yeriməsək də, irəlidə gedənlər arxadakıların üstünə əlcə-əlcə boz palçıq sıçradırdılar. Əvvəlcə tez-tez dayanıb ayaqlarımıza yapışmış palçığı təmizləyir, beləcə yüngülləyib üç-dörd addım atırdıq, sonra isə bezdik, daha dayanmadıq. Elə bir hədd vardı ki, ondan o tərəfə ayağımızdakı palçıq artmırdı.

Sarımtıl su ilə dolmuş saysız-hesabsız bomba, mərmi çuxurları yeriməyə yol vermirdi – elə hey dövrələmə dolanıb keçməli olurduq. Vaxtında meşəyə yetişməsək, bu gedişimizin heç bir mənası qalmazdı.

Düşməndən də çox, yağış, palçıq, göy qurşağı, ildırım, qəfil görünüb yenidən yoxa çıxan günəş, hətta bizi arabir qarşı yamacda gördüyümüz düşmən keşikçilərindən gizləyən duman qəsdimizə durmuşdu... Yox, qoy yayın qızmarında, tərimiz süzülüb gözlərimizi oya-oya, kürəyimizdə 30 kiloqram yük aparaq, təki ayağımız bərk yerdə olsun; ya da qışın sazağında, Şaxta Baba kimi, burnumuz yerköküyə dönsə də, donmuş, xırçıldayan qarda yüyürə bilək... Onların hamısı bu qırsaqqız kimi yapışqan palçıqdan yaxşıdır: hər birimizə elə gəlir, guya bütün dəstəni boynumuzda aparırıq, düz-dünya gözümüzdə ucsuz-bucaqsız bataqlığa dönüb!

Gözəyarı ölçmək çətin idi, ancaq meşəyə ən azı üç kilometr qalmış olardı ki, palçığın fırçıltısından kəskin seçilən, zəif bir səs – iki metal cismin bir-birinə dəyməsindən qopan çıqqıltı eşitdik, dərhal da Aram çığırdı:

- Uzanın!

Biz hələ bu əmri yerinə yetirməyə macal tapmamış - saniyənin yüzdə biri qədər sonra Vardanın bağırtısı yayıldı:

- Tərpənmə!

Palçığın içində quruyub qalmışdıq, nəfəs almağa da ürək eləmirdik, Artur isə ayağını “qurbağa”nın - minanın üstünə basıb dayanmışdı, taleyimiz onun sağ ayağından asılı idi, çünki belə minalar üstünə basılıb yayı sıxılanda işə düşür, ağırlıq qalxanda isə açılır, yuxarı atılıb partlayır. Artur dərhal anlamışdı bunu, rəngi ayağımızdakı yapışqan palçıq kimi saralmışdı. Biz hələ bir anlıq da qurumuş kimi qalandan sonra Vardan əmr verdi:

- Yüz iyirmi addım geriyə çəkilib uzanın!

- Məni tək buraxmayın! – Artur yalvardı.

Geri çönüb Artura bir də baxdıq, o an dəstənin taleyinin bizdən asılı olmamasına bütün varlığımızla sevindik.

Dövranını sürmüş adam ağrısız-əzabsız bir ölüm - yatıb durmamağı arzuladığı kimi, çox ölümlər görmüş döyüşçü də qəfil ölməyi üstün tutur. “Dərk olunmayan ölüm ölməzlikdir” – hərdən bu cür zarafatlaşırdıq. Axı özüylə ölüm gəzdirən, çeçələ barmağın ucu boyda metal parçası hara tuşlandığını yaxşı bilir: o səni haqlayır, səninsə, başına nə gəldiyini anlamağa, dərk etməyə heç macalın olmur. Yoxsa ki, yaralanasan, öləcəyini bilə-bilə, yenə də ümidini üzməyib Allaha yalvarasan, çarəsizlikdən gözlərin dola, bir yandan da dostlarının gözü önündə abırlı ölməyin dərdini çəkəsən...

- Sən burda qal, - Vardan bizimlə gedən, çiyni videokameralı Samsona əmr etdi.

- Niyə - Samson qorxdu.

- Sənlə mən burda qalırıq – Vardan onu başa saldı. – Hər nə olursa olsun, sən axıra qədər çəkməlisən. Mən orda - Əfqanıstanda da belə bir vəziyyətə düşmüşəm.

Samson istədi inad etsin, ancaq Vardan ona bərk təpindi:

- Əmri yerinə yetir!

Samson bizim dəstədən deyildi – telejurnalist idi, Vardanın əmrinə tabe olmaya bilərdi, üstəlik, Vardan bizim komandirimiz də deyildi axı. Ancaq əmr elə qətiyyətlə verilmişdi ki, Samson kameranı çiynindən aşırıb çəkməyə başladı. Bundan beləsini - təxminən bir saat ərzində baş verənlərin çoxunu biz sonradan ekranda görüb-eşitdik.

- Ana, anacan, bu nə işdi, mən düşdüm?! – Artur öz-özünə söylənirdi.

Onun balağından nəsə axırdı. Artur bizim çoxumuzdan ürəkli idi, ona görə də fikirləşdik, yəqin bütün bədəninin təri süzülüb aşağı gəlir.

- Anacan, bu nə idi belə?! – Artur təzədən sızıldandı, daha kirimək bilmədi: gah pıçıltıyla, gah da bərkdən, az qala qışqıra-qışqıra, elə hey öz-özünə söyləndi.

- Havalanıb, - yanımda uzanan Tiqran dedi bunu. – Onun yerində mən olsaydım, indi ürəyim partlamışdı.

- Di bir şey fikirləş də, - Artur yanında duran Vardana deyirdi, - neyləyim mən, de görüm? Daha belə dayanmağa taqətim qalmayıb... Axı bu zəhrimar hardan dürtüldü mənim ayağımın altına? Hə, de də, neyləyim mən?.. – Artur indi az qala ağlayırdı.- Nəsə fikirləş, bir yol tap! Mən bunun üstündə nə qədər dayanmalıyam hələ? Bir saat? İki? Ömrüm boyu minanın üstündə dik durası deyiləm ki!..

- Səbr elə, - Vardan cavab verdi, - bir şey fikirləşərik. Arxayın ol: hər bir halda mən sənin yanında olacağam...

- Nə xeyri var? – dedi Artur. – Yanımda öləcəksən, mənim əvəzimə ki ölən deyilsən! Yaxşısı budur, get. Ancaq yox, getmə, məni tək qoyma... Daha dayana bilmirəm, ayağım qıc olub boşalır...

Vardan bizə sarı dönüb əliylə çağırdı, üç nəfər – Aram, qardaşım, bir də Vano ona tərəf yüyürdü. Hər üçü kadrda görünəndə onların dedikləri Arturun monoloquna qarışdı.

- Şükür ki, dəstəylə tökülüşüb gəlmədiniz, - dedi Vardan.

- Yadındadır sənin ad gününə gəlməyim, - Artur indi anasıyla idi. - Hələ sən də dedin ki, heç yuxuma da girməzdi belə bir hədiyyə...

- Arxadakı ən yaxın kəndə gedib-qayıtmaq nə qədər çəkər? – xəbər aldı Vardan.

- Orayacan demək çətindir, üzüyoxuşadır axı, amma ordan buraya on beş dəqiqə...

- Yarım saat, ya da qırx dəqiqə, - Aram təsdiqlədi.

- Jenya xalam bir dəfə ağzından qaçırtdı ki, əgər o olmasaymış, mən heç doğulmazmışam... Məni nə qədər cırnadardı o, yadındadır, ana? Mən də hər dəfə inciyib küsərdim...

- Tez gedin kəndə, bir maşın, iki dənə də metal lövhə tapıb geri qayıdın, ancaq maşını aralıda saxladın ki, mina titrəməsin, - tapşırdı Vardan.

- Necə? – Vaço təəccübləndi. – Axı o dəqiqə görərlər. Ovuc içi kimi nişangaha gələrik, maşını tezcə vurarlar.

- Ayrı yol yoxdur, - dedi Vardan.

- Jenya səfehin biridir, - deyirdin sən, - gör uşağın başını nəylə xarab eləyir...

- Özü də çalışın, lövhələr qalın olsun, - Vardan son tapşırıqlarını verən kimi Vaçoyla Aram geriyə qaçdılar.

- Qoy mən sənin yanında qalım, - qardaşım xahiş elədi.

- Gərək mən onda Jenya xalanın sözünə baxmayaydım... Doğulmazdım onda, səndən ötrü belə darıxmazdım da...

- Axmaq, elə gərək hamımız ölümünə əzab-əziyyət çəkək? Burda sənlik bir iş yoxdur, oğlan!

- Bəs sən niyə qalırsan?.. – qardaşım dözə bilmədi.

- Videoya düşmək istəyirəm! – Vardan macal vermədi. – Fikrim var, müharibədən sonra artist olum!

Qardaşım əlini yelləyib yoldaşlarının dalınca yüyürdü, Vardan onun arxasınca qışqırdı:

- Dörd-beş kərpic də gətirin! Maşın alınmasa, cavanlardan özünüzlə götürün ki, tez qayıdıb gələ biləsiniz!

- Gərək heç doğulmayaydım! Nahaq razılaşmısan... O cür doğulanın ölümü də belə olar...

- Uşaqlar sapyor dalınca getdilər, - Vardan Artura belə desə də, yaxşı bilirdi ki, bu cür vəziyyətlərdə sapyorlar da acizdir.

Artur ona qulaq asmırdı.

- Axı niyə mən sənin sözünə baxmadım, niyə? Nəyimə lazım idi bu? Bəs indi mən neyləyim, hə? Sən buna necə dözəcəksən indi?.. Qarabağ, vətən, azadlıq... Niyə mən səni eşitmədim axı?..

- Dəqiq havalanıb, - jurnalistin səsi gəldi. – Yaxşı olar, mən on addımlıqdan çəkim, birdən hoppanar...

Vardan qəşəng bilirdi ki, nə on addım, heç iyirmi addımın da xeyri yoxdur: bu, dəhşət minadır, yüz metr həndəvərdə nə varsa, biçib tökür.

- Əgər sənə rahat olacaqsa, uzanıb çək.

O razılaşdı. Samsonun, kameranı əlindən qoymadan, necə uzandığını gördük.

- Nə də qorxaqdır, - Tiqran dilləndi. – Mən demişdim də, götəşin biridir bu!

- Müstəqillik-filan... ay onun içini... – Artur öz işindəydi. – Tüpürüm hamısına! Yox, gərək əməlli dilə tutaydın məni, qoymayaydın getməyə... Qalardım da! Bir çarə tapaydın, qapının ağzında durub qollarını açaydın ki, gözümün ağı-qarası, bircə oğlumsan sən, hara belə?! Ancaq mənim hap-gopumu qonşulara necə öyünə-öyünə çatdırıbsan, bilirəm axı bunu! Anam, anam, bu nə işdi belə?!

Vardan siqaret yandırdı, ayaqlarını gen qoya-qoya Artura yaxınlaşıb siqareti onun ağzına dürtdü, di gəl ekranda aydın görünürdü ki, əlləri necə əsir, gözləri də, istər-istəməz, Arturun ayağının altına qaçır.

Ancaq siqaret də Arturu kiridə bilmədi.

- Ya sən Moskvaya, atamın yanına gedərsən, ya da deyərsən ona, özü qayıdıb gəlsin. Ona çatdırarsan ki, mənim son istəyim belə idi - siz təzədən bir yerdə olasınız. Yaxşımı, ana?! Bir də, bizim uşaqlardan hansısa biri Lusineyə elçi göndərsə, məbadə yox deyilə! Lusine hələ uşaqdır axı, bilirəm, vecsizin, əfəlin birinə uyub. Bizim uşaqlar isə başqa məsələ, özün bilirsən, əsl kişidirlər...

...Lusine yanımızda idi, başını aşağı saldı, qıpqırmızı qızardı. Tiqran dözmədi:
- Kişi nə gəzir onların arasında, Arturcan...

Bunu demişdi ki, qardaşım onun boynunun dalından tutuzdurdu.

- Axı atam da istəyir bunu, özü də çox istəyir, ana. Mənə deyirdi, o qədər ayrı qalmışam ki, indi cürətim çatmır qayıtmağa. Çağıran kimi get yanına. Ya da heç çağırmağını gözləmə, özün get...

Vardan ehtiyatla ayağını Arturun sağ pəncəsinin üstünə qoyub, onun yanağına yüngülcə bir sillə vurdu:

- Hə... Nədi?.. – Artur ayıldı.

- Özünü ələ al, kişi deyilsən? – Vardan təpindi ona. – Uşaqlar indi qayıdarlar.
Artur bir onu süzdü, sonra baxışlarını endirib öz ayağını, onun üstündə də Vardanın pəncəsini görən kimi, hər şeyi təzədən xatırlayıb hönkürdü. Samson bütün bunları əsl ustalıqla çəkmişdi.

- Mənim üçün bir ümid yeri var ki? – Artur hıçqıra-hıçqıra soruşdu.

- Ümid var,- Vardan cavab verdi. – Bir şey fikirləşmişəm mən. Bilmirəm, bəlkə köməyi dəydi...

Sonra uzun müddət kadra sükut çökdü.

- Aramı qarğama, ana, - Artur öz monoloqunu yenidən başladı. – Neçə dəfə eşitmişəm onu qarğadığını... Onda günah yoxdur, anam, məni də dəstəsinə qoşsun deyə, özüm onun zəhləsini tökdüm. Uzbonun nə vecinəydi, yetim idi axı, ondan ötrü kim ağlayacaqdı ki... Amma Karenlə Avo... Heç öldü-qaldıları da bilinmir... Avonun anası dözmədi, gözləməyə tabı qalmamışdı, Karenin anası isə fağır Armeni dəstəmizə göndərib dedi, gərək qardaşının yerini tutasan... Qarğama Aramı, ana, onsuz da Yerevana qayıtmağa üzü gəlmir, indiyədək ölmədiyinə görə utanır...

- Necə yəni utanır?! – Tiqran yenə açıldı. – Günümə bax e, əcəb utancaq tapıblar! – Sonra da Arama tərəf qanrıldı: - Hə, qardaş, əgər belədirsə, mənə de, gələn dəfə səndən ötrü bir “limonka” tapıb gətirim!

Qardaşım bu dəfə də onun boynuna əl gəzdirəndə Tiqran geri qanrıldı: - Mənə bax, əlini gödək elə, yoxsa bir “limonka” da sənə saxlayaram!

- Anacan, sən də möhkəm ol - Karenin anası kimi. Qəbiristanda deyərsən, mən oğlumu vətən üçün doğmuşdum... Ya da, yaxşısı budur, sən başqa cür de, elə bilməsinlər, Karenin anasının sözlərini təkrarlayırsan... Qoy Yerablurda (müharibədə həlak olanların basdırıldığı fəxri məzarlıq – tərc.) dəfn eləsinlər, işin olmasın. Nə yaxşı olar, dava qurtara, Lusine ərə gedə... Ancaq indi yox, çünki o beş nəfərdən hansı birinə verilsə, hamısının başı xarabdır indi - bugün var, sabah yox... Davadan sonra isə, hansını seçsə, peşman olmaz. Bax bircə Vardandan ağlım bir şey kəsmir, daşdır elə bil, duyğusuzdur...

Samson əməlli-başlı operator ustalığı göstərirdi: Vardanın az qala Arturun üzünə söykənmiş sifətini iri planda götürdü. O da bunu duydu, mızıldanıb üzünü çevirdi.

... Biz Vardanı Yerablura aparanda mən Arturun dediklərini xatırladım: “...duyğusuzdur, daşdır elə bil”. Vardana qədər də, ondan sonra da çox dostumuzu son mənzilə yola salmışdıq, amma cənazə duasındakı qrabar (köhnə erməni dili – tərc.) kəlmələrinin tabutdakı adamın surətinə bu qədər yaraşmadığını heç görməmişdik. Ondan sonra biz daha çox qorxmağa başladıq, əvvəllər heç ağlımıza gətirməzdik ki, düşmən Vardanı öldürə bilər...

- Smbo bir az qabadır, xalis ayıdır, amma ürəyi təmizdir, ona da yox deməyin...

...Smbonu – mənim qardaşımı evləndirəndə toy karvanı buruldu Yerablura, bəy gəlini Vardanla Arturun qəbri üstünə apardı. Onun gözlərindən həm xəcalət, həm də davadan sağ çıxanlara xas müəmmalı, dərinliklərdə gizlənən sevinc oxunurdu... Vardanın anası gəlinin alnından öpdü. Dəfnlə toy, yasa gələnlərlə toy karvanı bir-birinə qarışmışdı. Mən həlak olanın atasına yaxınlaşıb üzrxahlıq elədim.

- Həyat belədir, oğul, - dedi. – Olumla ölüm, toyla yas əkizdir.

Dedi, belə görürəm, gəlininizi oğlumun qəbrini ziyarət etməyə gətirmisiniz. Nə fərqi var, - dedi, - axı onlar hamısı əsgər olublar.

- Ancaq heç inanmazsan, - deyib ağladı, - necə istəyərdim, mən də sizinlə içim, qol götürüb oynayım!..

- Ağladı! – qələbəliyin arasından kimsə dilləndi. – Ağladı, daha ürəyi partlamaz yəqin...

- Serob kütün biridir, Kamo isə çox gödəkdir, Lusinenin çiynindən olar, ancaq ikisi də yaxşı oğlandır... – Arturun monoloqu davam edirdi.

Serobun canı atəşkəsi götürmədi, dinc həyatı yadırğamışdı, özünə yer tapmırdı, baş götürüb getdi qürbətə, Kamo da Vardanla Arturdan sonra özünü düzəldə bilmədi, indi evdədirsə də, arada iki-üç ay psixiatriyada yatıb.

...Tiqranın qəhqəhəsi evi başına götürdü, hamımız ona sarı çöndük.

- Bilirsiniz, ağlıma nə gəlib, - niyəsini açmağa başladı. – Özümə söz vermişdim ki, Aramla Smbonun axırına çıxım. Bircə Vardan qalacaqdı. Onu da ləğv eləsəm, əlüstü komandir olacaqdım, Serobun isə nə hünəri vardı, mənim əlimdən qız alsın?!
Lusine atılıb otaqdan çıxdı.

- Bəs Kamo? - bizi maraq götürdü.

- Kamo tamam oyundan kənardadır, o hələ boyu boyuna uyğun qızı çox axtarmalı olacaq! – deyib irişdi.

- Qulaq as, zırrama, - qardaşım özündən çıxdı, - bir də cükküldəsən, elə burdaca, yalın əllə ləğv eləyərəm səni!

Vaço elə diqqətlə ekranı marıtladı ki, guya bu mərəkə onun ucbatından qopmamışdı. Vaço qulağıma sarı əyildi:

- Nahaq bənd olursunuz ona, guya bilmirdiniz, bu gicbəsər heyvərənin biridir? Bir Karoya bax, az qalmışdı ağladasınız uşağı...

Lusine qayıdıb əlində kofe dəstgahıyla gələndə Artur hələ də hüdüləyib tökürdü:
- Bir dəfə Vardandan soruşdum, bəs sən heç qorxmursan? Cavab vermədi. Smbo isə dedi, əvvəllər qorxurdum, amma indi döyüş qızışdıqca qorxum azalır. Doğrudan belədir, bunu mən də hiss etmişəm. Ancaq ən çox evə qayıdanda qorxuram. Yumşaq mitili yadırğamışam – uzanıram, yata bilmirəm: gördüklərim gözümün qabağına gəlir. Canımı qorxu alır, fikirləşirəm, bəsdir, bu qədər vuruşmuşam, bəsdir daha. Olmur amma. Min dəfə and iç ki, getməyəcəm, xeyri yoxdur, olmur. Uşaqların orda mənsiz vuruşduqlarını xatırlayan kimi canıma vicvicə düşür. Karoya qalsa, deyir, nə vətən, nə azadlıq, işimiz-gücümüz qurtarıb ki, gedək vuruşaq? Ancaq dəyərdi buna, eləmi, ana? Dünyada güclü adamın alçaldılmasından ağır heç nə yoxdur. Bir dəfə, mən hələ çox balacaydım, atamla gəzişirdik, onun bir milisionerlə sözü çəp gəldi. Azca içmişdi, milisioner də onu söydü. Dillənmədi. Amma o güclüydü axı, bir əliylə milisioneri boğub öldürə bilərdi, di gəl, cınqırını çıxarmadı. Bax qarabağlılar da elə güclüdürlər, odur ki, lap hamımız yerə quylansaq da, onların alçalmasına yol vermərik. Yox, vaysınmıram, ana. Yaxşı yazıb Davto: “Başımıza od yağa-yağa irəli sürünüb, genəldirik vətənin hüdudlarını...”

Bu an yaxınlaşmaqda olan traktorun tırıltısı eşidilir, sonra kadrda bütün dəstə görünür.

- Hə, indi neyləyəcəyik? – Aram idi soruşan.

- Material nə qalınlıqdadır? – Vardan xəbər aldı.

- İki dənə üçmillimetrlik lövhədir, - Vado cavab verdi. – yoxladım: pulemyot gülləsi altmış metrlikdən deşib keçir.

Vardan göstərişlərini verirdi, elə bu məqamda qarşı yamacdan bizə tərəf atmağa başladılar. Palçığa uzananlar oldu, ancaq qalanlarını ayaqda görüb tez də qalxdılar. Arturun sağına-soluna kərpic düzüb, polad lövhənin bir tərəfini onların üstünə qoydular, Vaço ilə Aram onu maili vəziyyətdə saxladı.

- Vardan, mən qorxuram, - dedi Artur, amma onun səsində təzəcə cücərən ümid duyulurdu. Bu an onun baxışları videokameranı tutdu. – Ey, Saak, - təlaşdan Artur operatorun adını səhv saldı, - sən neynirsən orda, çəkirsən? Mənə bax, çəkmə ha!
Samson azca yana çəkildi, çünki lövhənin, uşaqların arxasından Arturu yaxşı görmürdü. Sonra ikinci lövhəni də yerinə qoydular, dörd nəfər də onu tutub durdu.

- Bəs qumları neyləyək? – qardaşım dilləndi.

- Çoxdur? – soruşdu Vardan.

- Üç kisə.

- Qum Samsondan ötrüdür. Kisələri bir-birinin üstünə qoyun, onların arxasından çəksin.

- Niyə, - dedi qardaşım, - o, uzaqdan da çəkə bilər ki...

- Dəqiq? - Vardan soruşdu. – Ey, a bala, o cür götürmək olar?

- Olar, - Samson cavab verdi. – Ancaq yaxından lap yaxşı çıxar.

- Gör ha, ürəklənib e! – Tiqran söz atdı.

Sarqeylə Mqer ikisi də birdən bağırdı, ağrıdan qıvrılıb yıxıldılar: onların altında qalan palçıq qana boyandı. Dördümüz onları sürüyüb iki yüz metrəcən uzağa apardıq.
- Qorxuram, - Artur bir də dedi. – Smboya deyin, oxusun.

Qardaşım başladı oxumağa, Samson isə, çəkilişə ara vermədən, dal-dala addımladı, kisələrin arxasında uzanıb kamerasını rahladı.

- İndi qulaq asın, - Vardan dedi. – Arturla mən bunu saxlayacağıq, sizsə mümkün qədər cəld qaçıb uzaqlaşmalısınız, çünki bilmirəm, biz bu ağırlığa nə qədər dözərik. Dəmirdən yapışanlardan savayı, qalanınız gedin bəribaşdan...

- Sən də gəl, - dedi Karo, - qoy Arturla bu traktorçu saxlasın...

Vardan onu söyüb-eləmədi, heç nə də demədi, ancaq gözlərində parlayan odu görən hər kəs anladı ki, Karo daha bizim dəstəlik deyil.

- Gəlsənə mən də qalım, - qardaşım təklif verdi. – Həm lövhəni tutaram, həm də oxuyaram.

- Yeri get, – çığırdı Vardan, - səndən ötrü arzular konserti deyil bu!

Smbo aralaşdı, oxuya-oxuya gedib, çəkiliş aparan Samsonun yanında uzandı.

- Dur ordan, - Sarqeylə Mqerin yaralarını sarıyıb qurtarmış həkim Qrişa ona çımxırdı, - mən burda səndən artıq lazım ola bilərəm.

- Bəziləri burda özünü həkimliyə vurur, - qardaşım ayağa qalxa-qalxa donquldandı. –Öldürdüyü birinci türkün meyitini necə əzişdirməyi yadımdan çıxıb guya...

- Nə, hansı meyiti əzişdirmişəm mən? – biz lentə ilk dəfə baxanda soruşmuşdu Qrişa. – Nə çərənləyirsən?

- Vaço, sən de, əzişdirməmişdi bəyəm? – dirəşdi qardaşım.

- Düzdür, mənim də yadımdadır, - Aram təsdiqlədi.

Vardan hələ lövhəni tutanları uzaqlaşdırmadan Artura tapşırdı:

- Diqqətlə qulaq as. Mən kürəyimlə saxlayacam, sənsə əllərinlə. Onlar lazımınca uzaqlaşana qədər saxlamalıyıq. Sonra mən üçəcən sayan kimi sən ehtiyatla əyiləcəksən, ayağının yerdən aralandığını hiss etcək, tullanıb üzüstə düşəcəksən torpağa. Anladın?

- Anladım, hə, hə, anladım... – Artur mızıldandı.

Vardan ayağını ehmalca Arturun pəncəsindən götürdü, tezcə çönüb onunla yanaşı durdu.

- Ehtiyatlı ol, ayağın boşalmasın!

Uşaqlar metal lövhələri ehmal-ehmal Arturun əllərinə, Vardanınsa kürəyinə söykəyib, bizə tərəf götürüldülər.

- İlahi Pərvərdigara, ya İsa Məsih, özün yet dada, sən qoru bizi... – Artur pıçıldadı.

- Burax bu mövhumatını! – Vardan onu sakitləşdirmək istədi, amma Artur kirimədi:

- Müharibədir də, Allahcan, vuruşuruq, biz də öldürmüşük, bizi də öldürüblər... Yersiz əməllərim üçün tövbə edirəm, İlahi... Qalanlarına görə günahkar deyiləm...

- Necə yəni günahkar deyiləm? – birinci dəfə lentə baxanda Tiqranı təəccüb bürümüşdü. – Bəs qalanları necə? Bəs o Ermənistandan qaçan qadın, o gözəlçə bəs?..

- Nə gözəlçə, hansı? – Artur soruşmuşdu.

- O da, o... Danışırdı ki, bizim prokuror saxlayırmış onu, adına da “Müqəddəs Məryəm anam” deyirmiş. – Smbo xatırlatdı. – Amma Artur yox, qarabağlı Martin vurmuşdu onu.

- Həə, o, - xatırladı Artur. - Hələ sən eşşək də onunla nəsə başqa qələt qarışdırmaq istəyirdin, eləmi?

- Nə var, - Tiqran arxasını yerə vermədi, - bəyəm qəşəng deyildi? Nahaq imkan vermədiniz...

Uşaqların bizə tərəf yüyürmələrinə baxan Tiqran dilləndi:

- Ancaq, Smbocan, mənə elə gəlir, o, sağ qalsa, bacısını öz xilaskarına verəcək. Biz isə hamımız böyrüstə qalacağıq...

Arturla Vardan tullanıb yerə sərildilər - biri üzüqoylu, o biri arxasıüstə.

Biz boş yerə hələ bir neçə saniyə də partlayışı gözlədik, sonra dəstəylə onlara tərəf cumduq.

Kamera Samsonun əlindən düşdü: burda film kəsildi. Biz özümüzü yetirəndə Vardan metal lövhələri qaldırıb atmışdı artıq, təlaş içində əlləri ilə Arturun ora-burasını yoxlayırdı. Qrişa naşatırlı pambığı Samsonun burnuna tutdu, o, ayılan kimi kameranı götürüb çəkməyə başladı. Vardan Arturun yanaqlarını usdufca şapalaqladı. O da özünə gəldi, mat-mat yan-yörəsinə baxdı.

- Nə oldu, partlamadı?

- Partladı, amma biz yaxşı qurtardıq, - Vardan cavab verdi.

- Yox e, partlamadı, - dedi Artur, sonra da sızıldana-sızıldana ayağa qalxdı. – Sən niyə partlamadın axı? – bunu deyib, minanı qəzəblə təpikləməyə başladı. – Hə, di partla, partla də, cındır, partla, sənin ortanı..! Niyə partlamırsan? Heç bilirsən, məni nə hala saldın, ay qəhbə?!

- Səsini alın, - dedi Qrişa, biz filmə ilk dəfə baxanda, - mətbəxdəkilər eşitməsinlər, yaxşı deyil...

Vaço ilə Aram qollarına girib Arturu bir kənara çəkdilər – yıxılanda dizi zədələnmişdi. Vardan isə Samsona yaxınlaşıb əlini onun çiyninə qoydu: - Afərin sənə, daha narahat olma, hər şey yaxşı qurtardı.

Sonra da üzünü qardaşıma tutdu:

- Oxumaq istəyirdin sən, niyə oxumursan bəs?

Biz həmin filmə ikinci dəfə baxanda aradan yeddi-səkkiz ay keçmişdi. Birinci dəfə baxdığımız filmə heç oxşamırdı bu – kədərliydi, çünki onun iki əsas qəhrəmanı artıq yox idi. Partlamayan mina axır bir gün açılmışdı: əvvəlcə Vardandan, bir neçə ay sonra da Arturdan ötrü. İkinci dəfə baxanda atmacalarımız da tamam fərqliydi – Vardan yox idi axı. Lusine barədə tək kəlmə eyham vurmağa isə heç birimizin, lap Tiqranın da, ürəyi gəlməzdi.
XS
SM
MD
LG