Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Hilal Məmmədov: «Ustadım Cəmil Həsənliyə uğurlar diləyirəm»


Polis əməkdaşı jurnalist Hilal Məmmədovu məhkəməyə gətirərkən
Polis əməkdaşı jurnalist Hilal Məmmədovu məhkəməyə gətirərkən
-
Avqustun 29-da sosial şəbəkələrdə Hilal Məmmədovun bir gün əvvəl yayılmış bəyanatıyla bağlı daha bir açıqlaması yayılıb. Vəkili Xalid Bağırov açıqlamanın Məmmədova məxsus olduğunu təsdiqləyir. Açıqlamada deyilir ki, bu yaxınlarda hakimiyyətin rəsmi nümayəndələri onunla Bakı İstintaq Təcridxanası görüşüb. Ona qarşı təşkil olunmuş bu iyrənc və qondarma ittihamların heç bir əsasının olmadığı barədə ölkə rəhbərinin də artıq məlumatlı olması deyilib və vəd olunub ki, yaxın 5 – 6 gündə həm özünün, həm də digər siyasi məhbuslar azad ediləcək.
BİR NEÇƏ AY ƏVVƏLKİ YAZIYA BİR NEÇƏ KƏLMƏ
“Bir neçə ay öncə yazdığım “Yaşasın vahid evimiz Azərbaycan!” adlı yazıma bir neçə kəlmə də hal-hazırdakı prezidentin müsbət addımları barədə əlavə etməklə nə müxalifətə, nə mənə həmişə dəstək verənlərə heç bir xəyanət etmədiyimi, əksinə, hər iki tərəfi barışığa səsləyəcək addım atdım. Güman edirəm ki, mənim tərəfimdən atılan bu addım ölkəmizin səadətli gələcəyi naminə xoşməramlı niyyət olub, cəmi siyasi və vicdan məhbuslarının azadlığı naminə edilib”.
Milli Şura üzvləri
Milli Şura üzvləri
Hilal Məmmədov qeyd edir ki, bu, heç də onun ölkənin demokratik düşərgəsinə, o cümlədən Milli Şuraya qarşı çıxdığını göstərmir:
“Əsla yox! Qarşıdakı seçkilərdə cəmi namizədlərə, o cümlədən özümə həmişə USTAD hesab etdiyim Cəmil Həsənliyə də uğurlar diləyirəm. Ümidvaram ki, HAQQ və ƏDALƏT zəfər çalacaq”.
İNSANLARIN BARIŞIĞI NAMİNƏ GÜZƏŞTLİ ADDIM
Məmmədov məqaləsinin nə “bəyanat”, nə “əfv ərizəsi”, nə də ki, kiminsə əleyhinə, ya tərifinə həsr edildiyini bildirir. “Bunu insanların barışığı naminə bir güzəştli addım hesab edin... Mən öz əfv ərizəmi hələ həbsimin ilk günlərində “Zindannamə”(və ya Xaliqimə əfv ərizəm”) başlığı altında Cənabi HAQQa yazmışam və digər bir kimsəyə müraciət də oluna bilməz! Neylək, biz bir addım atdıq, görək hakimiyyət sözünün üstündə dayanıb, cəmi siyasi məhbusları seçkiyəcən azad edəcəkmi??? Sonda bir ricam da var: Zindanda azad olmayan bir cismin ruhunun da tam azad olmadığını nəzərə alaraq, digər məhbus qardaş – bacıları qınamayın...İnşallah, HAQQ gec-tez öz yerini tutar... Adına mükafatı aldığım rəhmətlik İsaxan Aşurov da həmişə barışıq və güzəştə getməyi təklif edərdi...”
O, özünün və digər siyasi məhbusların heç vaxt öz əqidə və ideyalarına xəyanət edə bilmədiyini, özünü həm siyasi, həm də vicdan məhbusu saydığını yazır.
“Neylək, görək hakimiyyət bu “5-6 gündə” növbəti müsbət addımlarını atacaqmı??? Sonda: məni heç kim sındıra bilməz! Həmişə sülhməramlı mövqedə olmuşam. Mənə dəstək vermiş hər kəsə, o cümlədən müxalifət liderlərinə və jurnalistlərinə də bəyan edirəm: Siz mənim əziz qardaş – bacılarımsınız. Bu addımı isə hamımızın xeyrinə etdim. Qüsurlarıma görə də haqqınızı halal edin...”
* * *

«FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM»
«Tolışi sədo» qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Hilal Məmmədov prezident İlham Əliyevi dəstəkləyən bəyanat yayıb. Bəyanatın mətni ilk dəfə vision.az saytında dərc olunub.


Bəyanat «Yaşasın vahid EVİMİZ Azərbaycan!» şüarı ilə başlayır. Müəllif keçmiş prezident Heydər Əliyevin «mən fəxr edirəm ki, azərbaycanlıyam» sözlərini xatırladır və özünün də həm milli-etnik mənşəyi, həm də Azərbaycan torpağında doğulub yaşamağıyla qürur duyduğunu yazır:

«Azərbaycan burada yaşayan bütün xalqların - Azərbaycan türklərinin, talışların, ləzgilərin, kürdlərin, tatların, yəhudilərin, rusların və s. millətlərin doğma yurdu olub və bu müqəddəs diyarın hər bir dərd-sərində, problemlərində və ya şənliklərində də vahid mövqedə olublar».

Daha sonra Hilal Məmmədov 1969-cu ildən 1987-ci ilə kimi Heydər Əliyevin təşəbbüsü ilə milli azlıqların etnik mədəniyyətlərinin tərəqqisində, onların folklor ansambllarının yaradılmasında və təbliğində mühüm addımlar atdığını vurğulayır və 1987-1992-ci illərdəki «məlum siyasi proseslərdən» sonra bu işdə diqqətsizlik yarandığını vurğulayır.

PREZİDENTİN SİYASƏTİNİN NƏTİCƏSİ

«Məhz Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı iqtisadi-siyasi fəaliyyəti nəticəsində ölkəmizdə kifayət qədər yeni, orijinal tikintilər-parklar, istirahət ocaqları, elm təhsil müəssisələri və s. qurulur... Bu gün ölkəmiz iqtisadi tərəqqi etməklə yanaşı, beynəlxalq aləmdə də mühüm rolu ilə seçilməkdədir. Bu da prezident İlham Əliyevin peşəkar diplomat kimi apardığı daxili və xarici siyasətin nəticəsidir».

Hilal Məmmədov bildirir ki, istər həbsindən öncə, istərsə də sonra həmişə ölkənin hüquqi və demokratik dövlət kimi yüksək səviyyədə tərəqqisi naminə aparılan işləri dəstəkləyib, bu yolda əlindən gələni əsirgəməyib və bundan sonra da əsirgəməyəcək:
Xalid Bağırov
Xalid Bağırov

«Azərbaycanda kompakt şəkildə yaşayan talış xalqının nümayəndəsi olmağımla fəxr etdiyim kimi, azərbaycanlı olmağımla da qürur duyuram. Azərbaycan burada yaşayan bütün vətəndaşların və xalqların parçalanmaz EVİDİR! Məhz bu EVİN daha da inkişafı və tərəqqisi naminə əlimdən gələni etməyə hazıram. Yaşasın bu EVİN səadətli gələcəyi! Yaşasın Azərbaycan xalqı!».

Hilal Məmmədov dövlətə xəyanət, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması və qanunsuz narkotik vasitələr saxlamaqda ittiham olunur. Beynəlxalq və yerli təşkilatlar onu vicdan məhbusu hesab edirlər.

HÖKMQABAĞI KOMPROMİS

Avqustun 21-də Hilal Məmmədovun məhkəmə istintaqı yekunlaşıb. Sentyabrın 4-də dövlət ittihamçısı ona cəza istəyəcək.

Hilal Məmmədovun vəkili Xalid Bağırov avqustun 29-da təcridxanada onunla görüşüb. Vəkilin dediyinə görə, Hilal Məmmədov hesab edir ki, hökmqabağı hakimiyyətə doğru kompromis addım atıb:

«Bəyanatın hansı təzyiq altında yazılmasından söhbət getmir. Bir ümid var ki, hökmə baxılanda yardımçı olacaqlar».

Xalid Bağırov daha geniş yazılı açıqlamanın az sonra yayılacağını sözlərinə əlavə edir.
XS
SM
MD
LG