Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:30

«Firudin, millətçilik dəllallıqdırsa, bu dəllalların ən böyüklərindən biri sənsən»


soldan sağa: Sabir Rüstəmxanlı və Aydın Əlizadə
soldan sağa: Sabir Rüstəmxanlı və Aydın Əlizadə

Firudin Cəlilov: "Mən, Sabir, riyakarlığın əleyhinəyəm. Boğazdan yuxarı "millət" deyib onunla bazarlıq edənlərin əleyhinəyəm". (DEBAT)

-

A.Əlizadə:

- Türkiyənin o qədər qüdrəti yoxdur, İran da onun kimi. Qalır Rusiya, bu baxımdan da rus dilinin yeri var.

S.Rüstəmxanlı:

- Qloballaşma gəldi, bazar gəldi, müqavimət göstərməyək, dilimizi bazara verək, biz də asanca satılaq?



Bu qədər rus məktəbi Azərbaycana lazımdırmı? Dövlət dilinin Azərbaycan türkcəsi olduğu ölkədə on minlərlə azərbaycanlının rusca təhsil alması üçün dövlət büdcəsindən pul ayrılması düzgün sayıla bilərmi?

Azadlıq Radiosunun “Pen klub” proqramında rus məktəblərinin lehinə və əleyhinə olanların debatında iştirak etdilər: şair Sabir Rüstəmxanlı, keçmiş təhsil naziri Firudin Ağasıoğlu (Cəlilov), filosof Aydın Əlizadə, yazıçı Natiq Rəsulzadə, jurnalist Azər Həsrət.

SABİR RÜSTƏMXANLI: “RUS MƏKTƏBİNİ QURTARANLAR XƏTAİNİ YAXŞI TANIYIRLAR, YOXSA PYOTRU?”

Sabir Rütsəmxanlı:

- Sovet dövrü ilə müqayisədə Azərbaycanda rusdilli məktəblərin sayı azalıb. Ancaq indi də müstəqil dövlətin milli siyasətinə uyğun olmayan dərəcədə çoxlu rus məktəbləri var. Putin deyir ki, Azərbaycanda bu qədər rus məktəbinin olması iki ölkə arasında münasibətlərin əsasını təşkil edir, münasibətlərə müsbət təsir göstərir. Ermənistanda məncə, bəlkə 2-3 rus məktəbi var, heç rus da qalmayıb. Amma Ermənistanla Rusiyanın 50 illik strateji müttəfiqlik müqavilələri var, Rusiya pulsuz-parasız Ermənistana silah verir. Yaponiyada rus məktəbi var ya yox, amma bizdən daha sıx iqtisadi əlaqələri var. Dövlətlərarası münasibətlər mənim dilimin qonşu ölkədə işlənib-işlənməməsi ilə bağlı deyil. Ona görə burda rus məktəblərinin və ya ali məktəblərin filiallarının olması bizim münasibətlərimiz üçün əsas arqument sayıla bilməz. Adətən belə arqument də gətirirlər ki, nə qədər çox dil bilsək o qədər yaxşıdır, çox dil bil, kim nə deyir ki. Qoy rus məktəbi də olsun, bir-iki dənə, necə ki, fransız məktəbi açılacaq, qoy ingilis, fars, ərəb dilində, çin, hindu dilində məktəbimiz olsun. Amma bütün məktəblərin, fakültələrin yanında rus bölmələri, üstəlik də filialların olması, Azərbaycanda rus dilinin meydanının təhsildə getdikcə artdığını göstərir. Biz bu adamları hara üçün yetişdiririk? Məni ilk narahat edən budur. Heç olmasa o rus məktəblərində Azərbaycan dili, ədəbiyyatı, tarixi yüksək səviyyədə öyrədilə, yenə qəbul etmək olar. Gedin baxın, o məktəbi qurtaranlar Şah İsmayıl Xətaini daha yaxşı tanıyır, yoxsa birinci Pyotru?

Firudin Cəlilov
Firudin Cəlilov


AYDIN ƏLİZADƏ: “İNDİKİ DÖVRDƏ MİLLƏT SEVGİSİ, PATRİOTİZM UCUZLAŞIB”

Aydın Əlizadə:

- Rus məktəblərinə ehtiyac var ya yox, mübahisəli məsələdir. Biz qloballaşma dövründə yaşayırıq, sərhədlər silinir. Bizim düçüncəmiz, iqtisadiyyatımız, yaşamımız bazar iqtisadiyyatına bağlıdır. Dil məsələsinə də bu səpkidən baxılmalıdır. Bazar iqtisadiyyatı dövründə kim maraqlı olmalıdır dilin saxlanmasında? İndiki dövrdə milliyyətçilik, millət sevgisi, patriotizm - bunlar artıq ucuzlaşıb. Hər şey bazara, maraqlara bağlıdır. Birinci növbədə sual olunmalıdır: Azərbaycan dili rəqabətə uyğundur, ya yox? Bunun qabağında ingilisi durub, rusu durub. İndi millətlərin çoxu silinib gedir, xalqlar dillərini itirir. Azərbaycan dili rəqabətə uyğundursa qalacaq, deyilsə silinəcək. Millətçilər nə deyir desin. Dövlət də elə siyasət yeritməlidir ki, bu dil rəqabətə tab gətirsin.

S.Rüstəmxanlı:

- Aydın bəyin bircə son cümləsi ilə razıyam, dövlət elə siyasət aparmalıdır ki, dilimiz rəqabətə davam gətirsin. O fikri ilə razı deyiləm ki, ana dili haqda danışmaq millətçilərin işidir, millətçilik də artıq sıradan çıxmış, köhnəlmiş bir şeydir. Millətçilik milli dövlətin daim əsas atributlarından olaraq qalacaq. Millətçilik şovinizm deyil... Qloballaşma gəldi, bazar gəldi, müqavimət göstərməyək, dilimizi bazara verək, biz də asanca satılaq? Qloballaşmaya qucaq açmaq olmaz. Aydın bəyə deyim ki, rus dilinin işlənmə dairəsi getdikcə daralır. Dünyada bir dil qalır – ingilis dili. Rus dilini də, elə ingilis dilini də bir fənn kimi keçsinlər. Ondan ötrü xüsusi məktəblər saxlamağa ehtiyac yoxdur ki.

A.Əlizadə:

- Mən millətçiliyin əleyhinə deyiləm. Millətçilik şovinizmə və ya başqa millətlərə qarşı çevrilmirsə. Mən gənclər arasındakı ab-havadan görürəm ki, millətçilik aradan çıxır.

S.Rüstəmxanlı:

- Siz gərək buna qarşı çıxasız.

A.Əlizadə:

- Bu gün qloballaşma ilə yanaşı həm də lokallaşma gedir, yəni regionlaşma. Ona görə Rusiya region baxımdan əvəzedilməzdir. Dünyanın altıda biri onun nəzarəti altında idi. Yenə də həmin ərazidə təsiri qalmaqdadır. Rusiyanın region baxımdan misli yoxdur. Kim onun əvəzini verəcək? Türkiyənin o qədər qüdrəti yoxdur, İran da onun kimi. Qalır Rusiya, bu baxımdan da rus dilinin yeri var.

Ş.Bəylərqızı:

- Sabir bəy, bu gün təxminən iki milyon azərbaycanlı da Rusiyada yaşayır, işləyir...

S.Rüstəmxanlı:

- Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır, amma neçə azərbaycanlı məktəbi var? Təxminən 2 ya 3-dür. Putin deyir ki, Azərbaycan sağ olsun, bu rus məktəblərini saxlayır. Onda Putinə müraciət edək ki, 3 milyon azərbaycanlı üçün heç olmasa 30 məktəb açsın. Onda balansdan danışa bilərik. Rus dilinin, mədəniyyətinin ənənəvi olaraq bu bölgədə təsiri var, amma il-ildən azalır. Təsiri qoy televiziyası ilə, filmi ilə qalsın. Amma burda yüzlərlə məktəb saxlamaqla dilini zorla, üzr istəyirəm mıxlayıb saxlamaq, bu mümkün deyil. Mənim müstəqil dilim var. Avropanın istənilən ölkəsinə gedin, gənclər ingilis, alman, fransız dillərini gözəl bilsələr də, aralarında öz dillərində danışırlar. Amma bizdə bəla ondadır ki, rus məktəblərində Azərbaycan dilini elə öyrədirlər, uşaqlar öz aralarında ana dilində danışmırlar.

A.Əlizadə:

- Sabir müəllim, doğru deyirsiz, Rusiyada Azərbaycan məktəbləri azdır, miqyasa uyğun gəlmir. Rusiyada məktəb açmaq məsələsi açıqdır, problem yoxdur. Məsələ ondadır ki, azərbaycanlılar olan o 2-3 məktəbə də getmirlər. Yenə də rəqabət məsələsidir. Rusiyada Azərbaycan dili heç kəsə lazım deyil, o cümlədən azərbaycanlıların özlərinə. Amma burda vəziyyət başqadır. Azərbaycanda rus dilinə tələbat var. Keçmiş müstəmləkəçilik özünü göstərir. Natamamlıq kompleksi də var. Müsəlman dünyası çöküb neçə yüz ildir, geridə qalmış regionlara çevrilib.

S.Rüstəmxanlı:

- Milli təfəkkürü gəlişdirmək qayğısına qalmamaq, milli ləyaqət hissini boğmaq təslimçiliyə gətirir.

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı


FİRUDİN CƏLİLOV: “MİLLƏTÇİLİKLƏ DƏLLALLIQ EDƏNLƏR ŞÜARLARI QIRAĞA ATIB MƏSƏLƏYƏ CİDDİ YANAŞMALIDIRLAR”

Firudin Cəlilov:

- Mən əvvəldən də bu fikirdə olmuşam ki, bizim hələ ən azı 50 il Rusiya ilə mədəni, iqtisadi əlaqələrimiz olacaq. Bü gün Rusiyada 2 milyon soydaşımız yaşayır. Rus dilinin öyrənilməməsi bizə heç bir avantaj vermir. Əksinə bu gün Azərbaycanda ən sanballı alimlər rus elminin şinelindən çıxıb. Son 300 ildə dünyada gəlişmiş sahələrə aid ədəbiyyat, xüsusən də elmi ədəbiyyat rus dilinə tərcümə olunub. Biz Azərbaycan alimləri də həmin elmlərlə ancaq rus dili vasitəsilə tanış olmuşuq. Birdən-birə rus dilinə qapıları bağlamağı mən sadəcə, korluq hesab edirəm. Adını millətçi qoyub millətçiliklə dəllallıq edənlər şüarları bir qırağa atıb məsələyə ciddi yanaşmalıdırlar. Keçən il tələbələrdən birinə şumer dilini öyrənməyi məsləhət gördüm. İkinci-üçüncü dəfə gələndə ona şumer dilinə aid rusca kitablar verdim, qaytardı ki, xoca, mən rus dilini bilmirəm. Mən onda dəhşəti birbaşa duydum, bizim əlimiz çatan ədəbiyyat ruscadır. Elm dalınca getmək istəyən gənclərin rus dilini bilməməyi elmimizin inkişafına böyük əngəldir, bu mənada rus məktəblərinin, rus fakültələtinin qalmasının tərəfdarıyam. Yoxsa rus dilini atdıq, ingilis dilini gətirdik. O ingilis dilindəki ədəbiyyat bizə çatana, ona alışana qədər 20-30 il vaxt lazımdır. Əlimzin altındakı xəzinəni atmaq olmaz. Söhbət millətçilikdən gedirsə, mənim türkçülüyümə kimsə quşqu ilə yanaşa bilməz. Ancaq millətin gələcəyini fikirləşmək lazımdır.

SABİR RÜSTƏMXANLI: “FİRUDİN BƏY, MİLLƏTÇİLİK DƏLLALLIQDIRSA, BU DƏLLALLARIN ƏN BÖYÜKLƏRİNDƏN BİRİ SƏNSƏN”

S.Rüstəmxanlı:

- Mən köhnə dostum Firudin bəyin fikirlərinə son dərəcə ciddi etirazımı bildirirəm. Və inciyirəm o sözlərə görə. Millətçiliklə dəllallıq etmək nə deməkdir? Millətinin qayğısına qalmaq, millətinin dilini düşünmək, təəssübünü çəkmək bu qloballaşan dünyada dəllallıqdır? Firudin bəy, bu dəllallıqdırsa, bu dəllalların ən böyüklərindən biri sənsən. Vaxtilə əlifba islahatında da, dilimizin qorunmasında da mənimlə çiyin-çiyinə döyüşənlərdən olmusan. Bu, gözəl dəllallıqdır. Xahiş edirəm, bu şəkildə təhqiramiz sözlərdən istifadə etməyəsən. İkincisi də, burda söhbət rus dilinin öyrənilməsindən yox, bu qədər rus məktəbinin qalmağından gedir… Şumer dilinə gəlincə, ən gözəl şumeroloqlar xaricdə yaşayırlar, rus dilində o sahəni bilən azdır. Deyirsiz ki, bizim ən böyük alimlərimiz rusca oxuyanlardır. Xudu Məmmədov rusca oxumuşdu? Bəlkə siz özünüz rus məktəbini qurtarmısız? Bu şəkildə Azərbaycanın bir dəstə böyük alimlərinin üstünə kölgə salmaq, təhqir etmək, Azərbaycan məktəbini qurtarıb deyə bunlar yaxşı ziyalı deyil, əsas alimlər rusca oxuyanlardır demək - bu, köhnə təhsil nazirimə, köhnə dostuma yaraşmayan söhbətdir. Xahiş edirəm, bu sizin daxili inamınızdırsa, bir də papağınızı qoyun qabağınıza, fikirləşin, bir Azərbaycan aliminin, ziyalısının, köhnə təhsil nazirinin bu şəkildə düşünməyə haqqı varmı? Bəlkə bizim də başımız xarab olub, Firudin bəy?

FİRUDİN CƏLİLOV: “MƏN, SABİR, RİYAKARLIĞIN ƏLEYHİNƏYƏM… BOĞAZDAN YUXARI “MİLLƏT” DEYİB ONUNLA BAZARLIQ EDƏNLƏRİN ƏLEYHİNƏYƏM”

F.Cəlilov:

- Mən kimin dəllallıq etdiyini gözəl bilirəm. Millətçilik adından bazar açanları da gözəl tanıyıram. Azərbaycan xalqı da mənim türkçülüyümü gözəl bilir. Mən, Sabir, riyakarlığın əleyhinəyəm. Yəni boğazdan yuxarı “millət, millətçilik” deyib onunla bazarlıq edənlərin əleyhinəyəm. Mən bəyəm deyirəm ki, Azərbaycan dilində olan məktəbləri bağlayın, rus məktəbləri açın? Mən türkçülük yolunda canımı qoymuşam. Amma bu gün bir qazaxla azərbaycanlı rusca danışırsa, biz bu dili öyrənməliyik. Gün gələcək rus dilinə ehtiyac olmayacaq. Mənim dediyimi dağa-daşa salma. Özü də sən də məni yaxşı tanıyırsan, mən də səni… Mənim dediyim səmimi sözlərdir. Bu gün rus dilindən imtina etmək…

S.Rüstəmxanlı:

- Axı kim deyir ki, imtina edək? Söhbət Bakıda az qala Azərbaycan məktəbləri qədər rus məktəblərinin olmasından gedir. Bu nə millətçilikdir, nə bundan sui-istifadədir. Sən gözəl bilirsən ki, 40 ildir biz bu sözü deyə-deyə gedirik. Sən də bu sözü demisən, amma indi niyə kənar gedirsən, deyə bilmərəm. Onu gərək-üzbəüz oturub danışaq.

F.Cəlilov:

- Mən sözümdən kənar getmirəm. Mənim vaxtımda Bakıda 10 rus məktəbi bağlandı. Biz bunu göstərişlə etmədik. Xalq uşağını rus məktəbindən götürüb Azərbaycan məktəbinə qoyurdu. Mən heç vaxt deməmişəm ki, azərbaycanlı öz uşağını rus məktəbində oxutsun, mən bunun əleyhinə olmuşam. Bu gün rus dilindən imtina bizim ziyanımızadır.

Natiq Rəsulzadə
Natiq Rəsulzadə


NATİQ RƏSULZADƏ: “AZƏRBAYCAN DİLİNİN YERİNİ RUSDİLLİ MƏKTƏBLƏR DAR ETMİR Kİ…”

Natiq Rəsulzadə:

- Yəni Azərbaycandakı rus məktəbləri sizə bu qədər çox görünür? Azərbaycanda rusdilli, fransızdilli, ingilisdilli məktəblər olmalıdır. Gənclər nə qədər çox dil bilsə yaxşıdır. Yəni Azərbaycan dilinin yerini rusdilli məktəblər dar etmir ki?

S.Rüstəmxanlı:

- Dar edir.

N.Rəsulzadə:

- Ermənistanda monodövlətdir, bu nəyə gətirib çıxarır? Elə deyirlər ki, ermənidən yaxşısı yoxdur… Moskvada VQİK boyda nəhəng institut var, rejissorlar, operator, dramaturq buraxır, teatr xadimləri yetişdirən böyük institutlar var. Çox tanınmış siyasətçilərin qurtardığı beynəlxalq əlaqələr üzrə universitet var. Biz rus məktəblərinin olması ilə nə itiririk?

A.Əlizadə:

- Natiq bəy, siz deyirsiz ki, gənclər çox dil bilməlidir. Bu dillərin hamısı Azərbaycana girsə, onda Azərbaycan dilinin yeri nədir? Siz deyirsiz ki, Azərbaycan dilini onsuz da bilirik. İranda da Azərbaycan dilini hamı bilir. Bu dilin gücü olmalıdır ya yox? Ayaq üstündə durmalıdırmı? Bu dildə uğurlar qazanılmalıdırmı? Azərbaycan bölmələrini qüvvətləndirmək lazımdır. Dövlət elə siyasət aparmalıdır ki, Azərbaycan dilinə tələbat çoxalsın, rəqabətə duruş gətirsin. Son zamanlar Azərbaycan məktəblərində rus bölmələri açılır. Buna müstəqil dövlətdə qətiyyən ehtiyac yoxdur. Hər dövlət öz dilini inkişaf etdirməlidir.

Debatda səslənən fikirlər tam olaraq (o cümlədən jurnalist Azər Həsrətin dedikləri) burda
XS
SM
MD
LG