Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:26

Ə. Əhmədov: «R. İbrahimbəyov haqqında Azərbaycan vətəndaşında səhih məlumat yoxdur»


Əli Əhmədov
Əli Əhmədov
-

Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Trend-ə müsahibə verib. Müsahibədən bəzi hissələri ixtisarla dərc edirik:

- Yeni Azərbaycan Partiyasının qarşısında duran prioritet məsələlər hansılardır və ümumiyyətlə, YAP seçkilərdə hər hansı bir qüvvəni özünə rəqib görürmü?

- ... Mən birmənalı şəkildə dəfələrlə səsləndirdiyimiz bu fikri bir daha çatdırmaq istəyirəm ki, Azərbaycanın bugünkü reallıqlarında İlham Əliyevə rəqib ola biləcək, nəinki rəqib ola biləcək, rəqib olmaq parametrlərinə yaxın gələ biləcək bir siyasətçi mövcud deyil. Azərbaycan cəmiyyəti belə bir rəqibin mövcud olduğunu real hesab etmir. Birmənalı şəkildə Azərbaycan vətəndaşlarının əksəriyyəti qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyini, əslində Azərbaycanın bundan sonrakı illər ərzində inkişafının təminatı kimi qəbul edirlər. Təbii ki, Azərbaycanın inkişafı hər bir Azərbaycan vətəndaşının şəxsi maraqlarına da uyğundur. Beləliklə də, İlham Əliyevin namizədliyinin vətəndaşlarımızın əksəriyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsi, müdafiə edilməsi digər namizədlərin seçki kampaniyasında əhəmiyyətli şansa ümid etməsini qeyri-real edib. Bununla əlaqədar olaraq, mən seçki kampaniyasında iştirak etmək istədiklərini bu və ya digər formada ayrı-ayrı zamanlarda bəyan edən partiyalar və partiyaların təmsilçilərinin sırasından İlham Əliyevə rəqib ola biləcək hər hansı namizəd görmürəm. Əlbəttə, Azərbaycan demokratik bir ölkədir, ayrı-ayrı namizədlər seçki kampaniyasına qoşulacaqlar, öz güclərini və şanslarını sınayacaqlar, onların güclərinin və şanslarının nədən ibarət olacağını zaman göstərəcək. Amma təbiidir ki, biz birmənalı şəkildə namizədimizin böyük, yüksək şansının olduğunu nəinki etiraf edirik, həm də bunu Azərbaycan reallıqlarının qəti şəkildə indidən təsdiq etdiyi gerçəklik kimi vurğulayırıq.

- Göründüyü kimi, «Milli şura» artıq çətin duruma düşüb, «vahid namizəd» dalanından çıxa bilmir. «Milli şura»dakı qüvvələr artıq parçalanıb. Bir qrup Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanır, digər qrup isə alternativ namizədin irəli sürülməsini təklif edir. Sizcə, seçkilərə çox az bir vaxt qaldığı halda «Milli şura» bu çətin vəziyyətdən çıxa biləcəkmi?

- ...Sadəcə olaraq müxalifətin içərisində belə bir namizəd yoxdur. Birincisi, Azərbaycan vətəndaşlarının etimadını qazana biləcək, dəstəyini əldə edə biləcək, ikincisi Azərbaycan vətəndaşlarına onların ürəyindən keçə biləcək sözlərin əhəmiyyətli bir hissəsini demək iqtidarında olan namizədləri yoxdur. O ki, qaldı «Milli şura»nın müəyyənləşdirdiyi Rüstəm İbrahimbəyov məsələsinə və onun şanslarına, bu barədə biz fikirlərimizi dəfələrlə səsləndirmişik. Mən hesab etmirəm ki, Rüstəm İbrahimbəyovun «Milli şura» tərəfindən bir namizəd kimi qəbul olunması onun siyasi çəkisi ilə əlaqədardır. Bəlkə də bu, daha çox müxalifətin içərisindən 2013-cü ilin seçki kampaniyasında müxalifəti lazımınca təmsil edə biləcək bir namizədin axtarılıb tapıla bilinməməsi ilə əlaqədardır və bu axtarışlar Rüstəm İbrahimbəyovun üzərində bir qərar qəbul edilməsinə gətirib çıxarıb. Hesab etmirəm ki, bu, uğurlu bir qərardır. Ən azından ona görə ki, Rüstəm İbrahimbəyov Azərbaycan cəmiyyətinin azacıq olsa da bir hissəni birləşdirmək imkanlarına malik olan bir şəxs deyil. O ki, qaldı guya müxalifətin böyük birlik məsələsinin təmin edilməsinə, müxalifətin Rüstəm İbrahimbəyovun namizədliyi ətrafında birləşməsinin səbəbi seçki kampaniyasında azacıq da olsa şansı ola biləcək bir namizədi tapa bilməməklə bağlıdır. Onlar kənardan bir namizəd tapmaqla azacıq da olsa seçki kampaniyası zamanı şans əldə etmək istəklərini ortaya qoyublar. Əslində isə, onlar böyük bir səhvə yol veriblər və bu səhvlərin də acılarını yaşamaqdadırlar. Seçki artıq elan edilib, müxalifət isə namizədini müəyyənləşdirə bilməyib. Əgər namizəd müəyyənləşdirilə bilinməyibsə, demək müxalifətin seçki kampaniyası ilə əlaqədar hədəfləri məlum deyil. Onlar nə istəyirlər?

Onların məlum olan yeganə bir istəyi var - prezident seçkilərində iştirak etmək. Nə məqsədlə? Hansı proqramla? Bunlar yəqin ki, onları heç düşündürmür də. Məqsədi, proqramı, resursları məlum olmayan namizədin və onun arxasında duran partiyanın isə seçkilərdə uğur qazanmaq şansı sıfıra bərabərdir. Əgər onlar özləri üçün nə etmək istədiklərini aydınlaşdıra bilməyiblərsə, xalqa hansı vədləri verəcəklər?

- Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olunsa belə, onun prezident seçkilərində iştirakı qanunvericilik baxımından nə dərəcədə real görünür?

- Bunun bir texniki, bir də siyasi tərəfləri haqqında danışa bilərik. Siyasi cəhəti haqqında bəzi fikirləri artıq səsləndirdik. Rüstəm İbrahimbəyovun və ya müxalifətin başqa bir namizədinin qeydə alınmasının Yeni Azərbaycan Partiyasının namizədinə əngəl yaratmaq şansları sıfıra bərabərdir. Bu mənada, seçki kampaniyasında rəqiblərimizin kimlər olacağı bizi çox az maraqlandırır. Təbii ki, bizim rəqiblərimiz olacaq, yəni namizəd olaraq qeydiyyatdan keçənlər bizim rəqiblərimiz olacaq. Ancaq onların bizə rəqiblik etmək şansının nə dərəcədə olması başqa məsələdir. Bu mənada istər «Milli şura», istər ənənəvi müxalifətin digər partiyalarının adından olsun, seçki kampaniyasında kimin namizəd kimi iştirak etməsi, bizi çox az qayğılandırır. Biz bu barədə demək olar ki, hətta heç düşünmürük də, çünki bu bizi narahat etmir. Bu məsələnin siyasi tərəfidir. Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması da bizim üçün fərqli bir situasiya yaratmayacaq. İstər Rüstəm İbrahimbəyov namizəd kimi qeydiyyatdan keçmiş olsun, istər İsa Qəmbər, istərsə də başqa bir adam olsun, bu, bizim üçün hər hansı bir düşüncə yarada biləcək problem deyil. Bu, məsələnin siyasi tərəfi. Texniki tərəfinə gəldikdə isə, bu, artıq onun problemidir. Doğurdanmı Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq istəyir? Mən güman etmirəm ki, Rüstəm İbrahimbəyov o qədər primitiv düşüncəli bir insan olsun ki, seçki kampaniyasında hansı şanslara malik olduğunu düzgün qiymətləndirməsin. Əlbəttə, Rüstəm İbrahimbəyov siyasətçi deyil, siyasi proseslərdən bixəbərdir və siyasətdə naşı bir insandır. Amma hər halda yəqin ki, o başa düşür ki, Azərbaycanda İlham Əliyevin qarşısında onun seçilmək şansı sıfırın ətrafında fırlanan bir rəqəmlə ifadə oluna bilər. Belə olan halda, doğrudanmı Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından çıxmaq istəyir? Çünki o, Rusiyada yaşayır, onun fəaliyyəti Rusiya ilə bağlıdır və Rusiya vətəndaşlığından çıxdıqdan sonra, Azərbaycanda da lap seçki kampaniyasında namizəd kimi qeydə alınmış olsa belə, özü də bilir ki, seçilməyəcək, bəs o Rusiya vətəndaşlığından çıxsa, Rusiyada fəaliyyətini davam etdirmək üçün indi malik olduğu imkanlara malik olacaqmı? Bu barədə də yəqin ki, o düşünür. Hesab edirəm ki, Rüstəm İbrahimbəyovun hərəkətindəki ziddiyyətlərin kökündə məhz elə bu dayanır. Gah bəyanatlar verir ki, ailəmdə narazılıqlar var ki, mən bu seçki kampaniyasına və müxalifətçiliklə məşğul olmağa pul xərcləyirəm, deyir Tbilisidə kino çəkməyə gedir və dostlarını da ora çağırır, orada görüşürlər. Bütün bunların hamısı onun hərəkətlərindəki ziddiyyətlərdən xəbər verir və bu ziddiyyətlər onun Rusiya vətəndaşlığından imtina etmək istəyinin həqiqi olub-olmaması ilə bağlıdır...

Rüstəm İbrahimbəyov Azərbaycan vətəndaşına o qədər də yaxından tanış olmayan bir insandır. Azərbaycanda ən yaxşı halda onu bir kinorejissor kimi tanıyırlar. Bundan başqa isə, Rüstəm İbrahimbəyov haqqında Azərbaycan vətəndaşlarında, seçicilərində digər səhih məlumatlar yoxdur. Prezident seçilmək üçün isə kinorejissor olmaq kifayət deyil. Bunun üçün insanlar gərək ona etibar etsin. Etibar üçün isə ən azından etibar subyekti olan insanı gərək vətəndaş tanısın. Nəyə görə ona etibar etmək olar? Şəffaflığına, fəaliyyətinə, həyatına bələd olmayan bir insana bütün xalq necə etibar edə bilər? Bütün bunların hamısı onları düşündürən, qayğılandıran problemlərdir.
XS
SM
MD
LG