Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Komissar: «Hökumət sosial media istifadəçilərinin hədəfə alınmasına son qoymalıdır!» (Hesabat)


Nils Muiznieks
Nils Muiznieks
-

Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muižnieks bu ilin mayında Azərbaycana etdiyi səfərdən sonra hazırladığı hesabatda ölkədə ifadə, toplaşmaq, birləşmək azadlıqları və insanların əmlak hüquqlarının vəziyyəti ilə bağlı narahatlığını bildirir.

İFADƏ AZADLIĞI

Komissar jurnalistlərə və tənqidi fikrini ifadə edən digər şəxslərə qarşı ədalətsiz, yaxud seçmə üsulu ilə cinayət təqibi hallarının artmasından ciddi narahatlıq keçirir.

O təkrar edir ki, fikirlərinə görə həbsdə olan şəxslərin azad edilməsi Azərbaycan hökuməti üçün prioritet olmalıdır.

Hesabatda o da deyilir ki, insan haqlarının pozulması hallarından yazan jurnalistlər bəzən fiziki hücumlara məruz qalırlar.

Məsələn, 2012-ci ilin 18 aprelində “Zerkalo” qəzeti üçün çalışan jurnalist İdrak Abbasov və bir sıra başqa media nümayəndələri Bakı ətrafında evlərin söküntüsünü lentə almaq istərkən 20-yə yaxın polis və Dövlət Neft Şirkətinin təhlükəsizlik xidməti əməkdaşı tərəfindən hücuma məruz qalıblar. İ.Abbasovun qabırğası sındırılıb, daxili orqanlarına və gözlərinə xətər yetirilib.

Fiziki hücumlarla yanaşı jurnalistlərin müxtəlif üsullarla qorxudulduğu da bildirilir. Məsələn, 2012-ci ildə naməlum şəxslər Azad Avropa və Azadlıq Radioları Korporasiyasının əməkdaşı Xədicə İsmayılovanı şantaj etməyə cəhd göstəriblər. O, prezident Əliyevin ailəsinin biznes holdinqləri ilə bağlı araşdırma aparıb. Susmaq tələbinə əməl etmədiyi üçün onun gizli kamera ilə çəkilmiş intim videosu İnternetə qoyulub.
Xədicə İsmayılova
Xədicə İsmayılova

Hesabatda jurnalistlər Əvəz Zeynallı və Hilal Məmmədovun işləri ilə də bağlı narahatlıq ifadə olunur.

Komissarın fikrincə, diffamasiya Azərbaycan qanunlarında cinayət təqibi tələb edən əməllər siyahısından çıxarılmalıdır.

Böhtana görə cəza həbs yox, ziyanın ödənilməsi olmalıdır.

O, qanunlara İnternetdə diffamasiyaya görə cəza ilə bağlı əlavələr edilməsinə də təəssüflənir.

Komissar Azərbaycanda İnternetin əsasən məhdudiyyətlərdən azad olmasını alqışlamaqla yanaşı bəzi saytların ara-sıra blok edilməsi haqda xəbərlərə də diqqət edib.

O, son vaxtlar fundamental haqların on-line gerçəkləşdirilməsinə məhdudiyyətlər qoyulmasından, o cümlədən bir sıra on-line fəalların həbsi və cinayət təqibindən, təhlükəsizlik orqanları tərəfindən on-line fəaliyyətin izlənməsi, yaxud İnternet istifadəçiləri haqda məlumatların əldə edilməsi hallarından narahatdır.

Komissar Azərbaycan hökumətini çağırır ki, hökuməti tənqid edən, yaxud kütləvi aksiyalara çağıran sosial media istifadəçilərinin hədəfə alınması praktikasına son qoysun.

TOPLAŞMAQ AZADLIĞI

Komissar toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər, həmçinin hüquq-mühafizə orqanlarının nümayişçiləri dağıtmaq üçün aşırı gücdən istifadə etməsi haqda davamlı yayılan xəbərlərdən narahatdır.
Strasburq - Avropa Şurasının binası
Strasburq - Avropa Şurasının binası

Komissar Azərbaycanda toplaşmaq azadlığı haqda qanunların tətbiqi üsulundan narahatdır.

Hesabatda deyilir ki, Avropa standartlarına görə, kütləvi aksiyaların keçirilməsi üçün icazə tələb edilmir, bunun üçün hakimiyyət orqanlarına məlumat verilməsi bəs edir. Hökumət də bunu təmin etməlidir. Komissar Azərbaycanda nümayişlərin keçirilməsinin mümkün olduğu yerlərin siyahısının nəhayət ki elan edilməsini alqışlayır, amma həmin siyahıya Bakının və digər şəhərlərin mərkəzində olan yerlərin də əlavə edilməsinə çağırır.

Hesabatda deyilir ki, son vaxtlar “icazəsiz” aksiyalarda iştiraka görə cərimə və inzibati həbs cəzaları sərtlərşdirilib. Halbuki yerli hakimiyyət son illərdə Bakının mərkəzində bircə nümayişin də keçirilməsinə icazə verməyib.

BİRLƏŞMƏK AZADLIĞI

Bir sıra QHT-lərin, xüsusən insan haqları sahəsində fəaliyyət göstərən və hökuməti açıq şəkildə tənqid edən QHT-lərin Azərbaycanda fəaliyyət göstərən zaman bəzi maneələrlə qarşılaşdığı bildirilir.
Bakı polisi şəhər mərkəzində müxalifət fəallarının keçirdiyi aksiyanı dağıdır. 26 yanvar 2013
Bakı polisi şəhər mərkəzində müxalifət fəallarının keçirdiyi aksiyanı dağıdır. 26 yanvar 2013

QHT-lər qeydiyyat zamanı da çətinliklərlə üzləşir. Bu, onların qeydiyyatının yubadılması, qeydiyyatla bağlı formal qərarın uzun müddət verilməməsi ilə nəticələnə bilir.

ƏMLAK HÜQUQLARI

Avropa İnsan Haqları Məhkəməsinə edilmiş müraciətlər arasında evlərin sökülməsi, əmlak hüququndan məhrum edilmə ilə bağlı işlərin artması aydın şəkildə göstərir ki, əmlak hüquqları ölkədə insan haqları ilə bağlı ciddi məsələyə çevrilib. Komissar təəssüflənir ki, Bakı şəhərindəki yenidənqurma işlərinin bir hissəsi olan bu əmlakdan məhrum edilmələr bir sıra problemlərə səbəb olub. Belə problemlər arasında komissar ümumilikdə prosesdə şəffaflığın çatışmamasını, yerli qanunlarda əmlak hüququndan məhrum edilmə ilə bağlı təsbit edilmiş qaydaların pozulmasını, eləcə də bəzən bazar qiymətlərindən aşağı olan kompensasiyanı qeyd edir.
XS
SM
MD
LG