Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:41

Gənclərin azad şəkildə çəkdiyi qısa filmlər (Video)


soldan sağa: Fehruz Şamıyev və Vüsal Cəlilov
soldan sağa: Fehruz Şamıyev və Vüsal Cəlilov
-

Elvin Adıgözəl:

- Rejissor düşünürsə ki, ölkənin filmini necə inkişaf etdirim, yaxşısı budur çəkməsin. Mən filmi çəkəndə nə ölkəni, nə milləti, nə mədəniyyəti, nə də quruluşu fikirləşirəm.


Sevda Sultanova:

- “Sübhün səfiri” filmini izləyirəm, keyfiyyətsiz filmdir və kinoya təhqirdir. Bax bu filmə xərclənən pulları minimalist proyektlərə xərcləsəydilər Azərbaycan kinosu daha çox udardı.



Azərbaycanda "0" büdcə ilə film çəkməyə girişən gənclər də var.

Onlar bunu necə edirlər? Azadlıq Radiosunun "Pen klub" proqramında özləri bu barədə danışdılar:

Rejissorlar Vüsal Cəlilov, Elvin Adıgözəl, Sevda Sultanova, eləcə də "Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev,


“SIFIR BÜDCƏLİ FİLMLƏRDƏ PEŞƏKARLIQ AXTARMAQ LAZIM DEYİL, BURDA MESAJ ÖNƏMLİDİR”

Fehruz Şamiyev:

- Sıfır büdcəylə çəkilən filmlərdə peşəkarlıq axtarmaq lazım deyil. Burda, sadəcə, verilən mesajdan söhbət gedə bilər. Bu filmlərdə operator işində, işıq məsələsində problemlər mümkündür. Rejissor, əgər demək istədiyi fikri reallaşdırmaq üçün başqa imkanı yoxdursa, məcburdur ki, komandanın digər üzvlərinin də əvəzinə işləsin. Bu o deməkdir ki, rejissor həm ssenarist, həm operator, həm qrimçi kimi də işləyə bilər. Sıfır büdcəli filmlərin verdiyi mesaj və onun kinematoqrafik həlli önəmlidir. O, kütləvi tamaşaçını cəlb etmək üçün deyil. Sadəcə, bəzi dairələrə mesaj verir, bu, siyasi mesaj da ola bilər, mədəni mesaj da... Azərbaycanda da bu cür filmlər çəkilməkdədir.
Sevda Sultanova
Sevda Sultanova

Ş.Bəylərqızı:

- Sıfır büdcəylə film çəkmək yəqin çox çətindir? Bir-iki film üçün dostdan-tanışdan xahiş etmək olar ki, pulsuz oynasın, pulsuz operatorluq etsin və s. Bəs sonra?..

Vüsal Cəlilov:

- Çətindir. Amma əsas məqam istəkdir. İstək varsa, “pul yoxdur”, “istədiyim kamera yoxdur” kimi bəhanələr ikinci plana keçir. Əsas istəkdir. Özümdən deyim, bu istək olanda çəkirəm, bu istək zəif olanda bəhanə axtarıram ki, iş alınmasın. Bu filmlərin kommersiya uğuru olmur, dost-tanış, yaxınlar, maraqlı olanlar baxır. Çox dar dairə üçün çəkilir. Festivallara çıxarsa müəyyən uğur qazan bilər.

F.Şamiyev:

- Bu bir etapdır, növbəti mərhələyə keçmək üçün və nəsə demək istəyidir.

“MİLYON VERSƏLƏR DƏ, ÇƏKMƏRƏM, MƏNLİK DEYİL...”

Elvin Adıgözəl:

- Mən başqa kino çəkirəm. Mənim çəkdiyim kinonun fəlsəfəsi, ordakı insan, onun psixologiyası, dərinliyi bir qədər elə sıfır büdcəli filmlər üçündür. Bəzən düşünürəm ki, böyük büdcəli filmlə nəsə çəkə bilərəmmi? Görürəm yox. Mənim çəkdiyim kino Azərbaycan kinoindustriyasına tanış deyil, özünə aid fəlsəfəsi, tilsimi olan filmdir, reallığın daha natural üzüdür. Ona görə deyirəm böyük büdcəyə ehtiyac olmur, son filmimin büdcəsi 20 min dollardır. Bundan sonrakı filmlərin büdcəsi 50 min, 60 min, 100 min olar, milyona çatmaz. Milyon mənlik deyil. Versələr də çəkmərəm, mənlik deyil, süni gələr, ətim tökülər. Mən ilk filmimi 500 manata çəkmişəm, 6 nəfərlik heyətlə. İstanbul festivalında da göstəriblər. Məndən ötrü böyük büdcə önəm kəsb etmir. Məndən ötrü önəmli olan kinoda dərinliyi verə bilməkdir... Azərbaycanda hansısa prodüser şirkətinə müraciət etməyi düşünməmişəm. Onlarla işləmək maraqlı deyil. Özünün film satmaq qabiliyyəti yoxdur, pul qazana bilmir, bu işlərdən başı çıxmır, ona görə onlarla işləməyə dəyməz. Bir də mənim beynimə uyğun adamlar yoxdur orda, onlar məni başa düşməz.
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı

V.Cəlilov:

- Bizim prodüser mərkəzləri bəlkə də Elvinlə və ya başqa film çəkmək istəyən uşaqlarla işləyə bilməz. Onlar indilik bazarı öyrənirlər. Bazara uyğun film çəkilməlidir. Prodüser mərkəzləri yeniyetmə dövründədirlər. Hələlik seriallardan başlayıblar. Bu ən rahat yoldur.

F.Şamiyev:

- Azərbaycan daha çox İran kino modelindən istifadə etməlidir. İran kinosunda azbüdcəli filmlər çəkilir, kamera filmləri çəkilir, məkan az, aktyor az, daha çox psixoloji və dünyaya daha çox öz mədəniyyətlərini, öz xarakterlərini göstərmək üçün çıxırlar. Məsələn, Məcid Məcidinin filmlərini burda da çəkmək olar. Böyük büdcə də lazım deyil. Və bu cür filmlər beynəlxalq festivala da çıxır. Taktikamız bu yöndə olmalıdır. Biz azərbaycanlı xarakterini kinoda göstərməkdən qorxuruq, problem budur, kinoda səmimi deyilik.

“FİLM ÇƏKƏNDƏ NƏ ÖLKƏNİ, NƏ MƏDƏNİYYƏTİ, NƏ MİLLƏTİ, NƏ DƏ QURULUŞU FİKİRLƏŞİRƏM”

E.Adıgözəl:

- Mən Azərbaycan kinosuna görə oturub-durmuram. Elə bir iddiam yoxdur ki, Azərbaycan kinosunu çıxardım dünyaya və ya inkişaf etdirim. İnkişaf etməsə də olar. Guya inkişaf etsə nə olar? İran kinosu haqda fikir deyildi. Mən Məcid Məcidini və ya başqalarını bəyənmirəm, onlar başqa İranı göstərirlər, bu da xoşuma gəlmədi. Mohammad Rasoulof var, “Good by” filminin müəllifi, bax o İranın bütün sıxıntısını çəkib. O rejissora həbs cəzası veriblər.... Rejissor düşünürsə ki, ölkənin filmini necə inkişaf etdirim, yaxşısı budur çəkməsin. Mən filmi çəkəndə nə ölkəni, nə milləti, nə mədəniyyəti, nə də quruluşu fikirləşirəm.

V.Cəlilov:

- Bu pisdir ya yaxşıdır bilmirəm. Amma mən tamaşaçı üçün çəkirəm. İstəyirəm ona baxılsın. Şan-şöhrət qazanmaq üçün yox, tamaşaçı həzz alsın, ağlasın, gülsün, nəsə bir emosiya olsun deyə. Elvinlə bir məqamda razıyam ki, konyuktura filmi olursa, təbliğat məqsədilə, müxalifyönlü çəkilirsə, orda bir balaca estetika itir. Hollivud bizə amerikasayağı həyat tərzini aşıladığı kimi mən də istərdim amerikalılar azərbaycanlıların filmdə real həyatını görsünlər.
Fehruz Şamıyev
Fehruz Şamıyev

"“SÜBHÜN SƏFİRİ”NƏ XƏRCLƏNƏN PULLARA...”

Sevda Sultanova:

- Mən başa düşmürəm nə üçün bizim yaradıcı insanlar məhz Hollivudu meyar götürürlər? Amerikada müstəqil müəllif kinosu var, azbüdcəli Amerika kinosu var, Avropanın kiçik büdcəli minimalist filmləri var. Bu gün Azərbaycan kinosunun yeganə çıxış yolu minimalist filmlər çəkməkdir. “Sübhün səfiri” filmini izləyirəm, keyfiyyətsiz filmdir və kinoya təhqirdir. Bax bu filmə xərclənən pulları minimalist proyektlərə xərcləsəydilər Azərbaycan kinosu daha çox udardı. Minimalist filmlər üçün ifadə vasitələri tapmaq lazımdır. Azərbaycan rejissorlarının problemi ondadır ki, ifadə vasitələri, üslub yoxdur. Məhz Azərbaycan hekayətləri, Məmmədin, Hüseynin problemi çəkilməlidir. Sıravi insanın hekayəsində sosial problemi də vermək olar, insan ağrısını da. Bu dünya çox maraqlı olacaq.

V.Cəlilov:

- Razıyam ki, Hollivud etalon kimi götürülə bilməz. Azərbaycanın reallığını üzə çıxaran filmlər çəkmək olar. (ardı aşağıda)

Vüsal Cəlilovun qısametrajlı filmlərindən - "Ayılma"


F.Şamiyev:

- Azərbaycanda tammetrajlı filmlər, o cümlədən “Sübhün səfiri” dövlət sifarişiylə çəkilir. Artıq o dövlətin marağında olan ssenarilərdir, öz marağı baxımından buna pul ayırır. Azərbaycanda müstəqil rejissorun öz pulu yoxdur ki, öz bildiyini çəksin. Problemin kökü budur ki, pul dövlətin əlindədir. Məncə, dövlətin əlində olan məsələləri müzakirəyə çıxarmaq lazım deyil. Pulu o verirsə, dövlətçiliyi nəzərə alacaq...

S.Sultanova:

- Fehruz, dövlətin pulu xalqa məxsusdur. Dövlətin borcudur ki, keyfiyyətli kinoya pul xərcləsin. Hansı maraqdan danışırıq? Mirzə Fətəlini o filmdə rəzil günə qoyublar.

F.Şamiyev:

- Mən başa düşdüm, pul xalqındır. Amma pul rejissorun özünün deyil deyə filmi istədiyi formada çəkə bilmir.

S.Sultanova:

- Yəni sən deyirsən ki, buna dövlət pul ayırırsa, buna toxunmaq olmaz. Niyə müzakirə etmək olmaz?

F.Şamiyev:

- Müzakirədən söhbət getmir. Yəni dövlət puluna çəkilən filmdən güclü iş gözləmək olmaz. Onun çəkmək istədiyi məmurun xoşuna gəlməyə də bilər. Amma Elvin öz puluna çəkir deyə öz istədiyi kimi çəkir. Kiminsə pulundan asılı deyil.

S.Sultanova:

- Bu dolayısı ilə göstərir ki, bizdə dövlətin kino işinə məsul olanlarının kinoyla əlaqəsi yoxdur.

F.Şamiyev:

- Həm də biz dövlətin maliyyə vəsaitindən kənara çıxmağa çalışmırıq. O əziyyəti çəkmirik ki, kənardan pul tapaq...


Proqramı tam izlə
XS
SM
MD
LG