Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:42

«Qədim türk yazılı abidələri külliyyatı» kitabı gəlir


Ramiz Əskər
Ramiz Əskər
-
«Bu səfərdə Qızıl, Abakan və Minusinsk muzeylərində qorunan abidələri tədqiq etdim, onların parametrlərini çıxardım, fotoşəkillərini çəkdim».

Bu sözləri Cənubi Sibir bölgəsinə iki həftəlik elmi ekspedisiyadan qayıdan Bakı Dövlət Universiteti türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Ramiz Əskər AzadlıqRadiosunun «İz» proqramına söyləyib.

3 RESPUBLİKADA 300-Ə YAXIN TÜRK RUNİK ABİDƏSİ VAR

Onun dediyinə görə, Rusiya Federasiyasına daxil olan bu üç türk respublikasında 300-ə yaxın qədim türk runik abidəsi mövcuddur:

«Böyük bir filoloji, elmi və pedaqoji boşluğu doldurmaq üçün ötən il Monqolustana gedib «Orxon abidələri» adlı irihəcmli bir kitab yazmışdım. Bu il isə «Yenisey abidələri» adlı kitabıma material toplamaq məqsədilə iki dəfə Cənubi Sibirə səfər etdim. Bunlardan birini Bakı Dövlət Universiteti maliyyələşdirdi. İkinci səfərimi öz vəsaitim hesabına gerçəkləşdirdim. Cənubi Sibirdə yerləşən üç türk respublikasında, yəni Tuva, Xakasiya və Dağlıq Altayda 300-ə yaxın qədim türk runik abidəsi var. Onların təxminən yarısı Qızıl, Abakan, Minusinsk, Qorno-Altaysk, Barnaul və Krasnoyarsk muzeylərində, bir o qədəri də ilkin qoyulduqları yerlərdə, əsasən də dağlıq bölgələrdədir».

TUVANIN PAYTAXTINDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

Tanınmış türkoloq səfər çərçivəsində bu abidələrə həsr olunmuş beynəlxalq konfransa qatılıb:

«Bu dəfə Qızıl, Abakan və Minusinsk muzeylərində qorunan abidələri tədqiq etdim, onların parametrlərini çıxardım, fotoşəkillərini çəkdim. Səfər çərçivəsində Tuvanın paytaxtı Qızıl şəhərində türk runik abidələrinə həsr olunmuş beynəlxalq konfransa qatıldım və orada «Orxon-Yenisey abidələrinin Azərbaycanda tədqiqi» mövzusunda məruzə ilə çıxış etdim».

QARŞIDA DAĞLIQ ALTAY SƏFƏRİ VAR

Ramiz Əskər bu ilin sentyabrında Dağlıq Altaya gedərək oradakı abidələri də araşdırmaq fikrindədir:

«Gələn ilin əvvəllərində «Qədim türk yazılı abidələri külliyyatı» adlı kitabı oxuculara təqdim edəcəyəm. Buraya Altay, Tuva, Xakasiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Şərqi Türküstan, Monqolustan, Şimali Qafqaz, Avropa, Tibet və Azərbaycanda aşkar edilmiş 600-dən artıq abidə daxil ediləcək. Hər abidəyə orta hesabla 2 səhifə ayırsaq, kitabın həcmi 1200 səhifə və ya 75 çap vərəqi olacaq».

KİTABIN NƏŞRİ ELMDƏ BÖYÜK BİR BOŞLUĞU DOLDURACAQ

Alimin dediyinə görə, əsərin nəşri elmdə böyük bir boşluğu dolduracaq:

«Kitabda minlərə ağ-qara və rəngli şəkildən, fotodan, rəsmdən, xəritədən, qrafikdən, sxemdən və s. istifadə olunacaq. Bu kitab elmi-tədqiqat işlərinə böyük təkan verəcək, hər yöndən dahi dilçi Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri qədər faydalı olacaqdır. Tədqi¬qatçılara diaxron araşdırmalar sahəsində misilsiz xeyir verəcək. Ondan humanitar elmlər sahəsində çalışan hər kəs istifadə edə biləcək, tarixi aspektdə yazılan hər şey üçün ona müra¬ciət olu¬na¬caq, o, ən etibarlı mənbəyə və masaüstü kitaba çevriləcək».

KİTABIN NƏŞRİ ÜÇÜN ÇOXLU VƏSAİT LAZIMDIR

Ramiz Əskər məsələnin bir «əmma»sı olduğunu da vurğuladı:

«Belə bir əsəri yüksək poliqrafik səviyyədə nəşr etmək üçün xeyli vəsait lazımdır. Vəsait məsələsi bizim ən yaralı yerimizdir. Vəsait tapılmasa layihəmiz yarımçıq qala bilər...».
XS
SM
MD
LG