Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:46

Xədicə İsmayıl qapalı yerdə icbari işdən imtina edir


Xədicə İsmayıl
Xədicə İsmayıl
-


Araşdırmaçı jurnalist Xədicə İsmayıla yeni icbari iş təklif olunub. Jurnalistin AzadlıqRadiosuna verdiyi məlumata görə, iyulun 17-də Binəqədi Rayon İcra Şöbəsinə gedib. Onu həmin rayonda, 6-cı mikrorayon ərazisində yerləşən Əlillərin Bərpa Mərkəzinə aparıblar və mərkəzin Funksional Diaqnostika Şöbəsində təmizlik işləri təklif ediblər.

YALNIZ İCTİMAİYYƏTİN NƏZARƏTİ ALTINDA

Xədicə İsmayıl «Bu iş ictimaiyyət üçün açıq ola bilərmi?» sualına «yox» cavabı alıb və ictimaiyyət üçün qapalı məkanda işləməyəcəyini deyib. O, İcra Şöbəsinin ona ilkin olaraq təklif etdiyi, mərkəzi küçələrin süpürülməsi üzrə iş təyin olunmasını istəyib.

Jurnalistə bildirilib ki, bu halda icbari işdən imtina aktlaşdırılıb məhkəməyə təqdim ediləcək və cəza üç aylıq həbs ola bilər.

Xədicə İsmayıl həbsdən və işdən qorxmadığını, ancaq baş verəcək hər şeyin ictimaiyyətin nəzarəti və müşahidəsi altında həyata keçirilməsini istədiyini bildirib.

AzadlıqRadiosunun «İşdən Sonra» verilişinin aparıcısı Xədicə İsmayıl 2013-cü il yanvarın 26-da İsmayıllı hadisələri ilə bağlı «Sahil» bağında keçirilən dinc aksiyaya qatılıb. Elə həmin gün də məhkəmə onun 400 manat cərimə ödəməsi barədə qərar çıxarıb. Jurnalist həmin cəriməni ödəməkdən imtina etdiyinə görə 220 saat ictimai işlər cəzasına məhkum olunub. Binəqədi Rayon Məhkəmə Qərarlarının İcrası Şöbəsi əvvəlcə ona dalandar və ya süpürgəçi işi təklif edib. Xədicə İsmayıl süpürgəçiliyi, yəni mərkəzi küçələri süpürməyi seçəndən sonra İcra Şöbəsi ona başqa iş axtardığını bildirib.

İCBARİ İŞƏ GETDİ, DÖYÜLDÜ

Cəmil Hacıyev
Cəmil Hacıyev
Bu arada gənc fəal Cəmil Hacıyev ictimai işi yerinə yetirmək üçün getdiyi Binəqədi rayon Kommunal Təsərrüfatı Birliyinin (BKTB) əməkdaşları tərəfindən döyüldüyünü bildirir. O, da «İsmayıllıya dəstək» aksiyasında iştiraka görə həbs olunub və 500 manat məbləğində cərimə ilə cəzalandırıb. Ancaq Cəmil Hacıyev maddi imkanı olmadığından həmin məbləği ödəyə bilməyib. Məhkəmə icraçıları onun yaşadığı evə gələrək, ailəsinə məxsus əşyaları siyahıya alıblar.

Hacıyev də cəriməni ödəmədiyinə görə, məhkəmə onun 220 saatlıq ictimai işlərə cəlb edilməsi barədə yeni qərar çıxarıb.

Cəmil Hacıyev «Yeni Müsavat» qəzetinə bildirib ki, Binəqədi rayon BKTB-də 4-5 işçi tərəfindən döyülüb və Baş Prokurorluğa və DİN-ə müraciət edəcək.

HÜQUQŞÜNAS TƏKZİB EDİR

Binəqədi rayon Kommunal Təsərrüfatı Birliyinin (BKTB) hüquqşünası Eynulla Şahverənov AzadlıqRadiosuna döyülmə faktını təkzib edir. O, həmin vaxt məhkəmə prosesində olduğundan hadisənin şahidi olmadığını bildirir:

«Mobil telefonuma zəng etmişdi (Cəmil Hacıyevi nəzərdə tutur - A.K.), mən də 20-25 dəqiqəyə idarədə olacağımı, həmin vaxtadək məni normal bir yerdə gözləməyini xahiş etmişdim. İdarəyə gələndə onu otağımda qəbul etmişəm. Görülməli işlərin siyahısını vermişik, razılıq verdiyinə ərizə yazıb, yola salmışam».

Eynulla Şahverənov şahidi olmasa da, döyülmə faktının baş vermədiyini bildirir:

«Ertəsi gün döyülmə barədə xəbərlər yayıldığını eşitdim. Orada olan işçilərlə söhbət aparmışam. Heç bir döyülmə faktının olmadığını deyiblər».

Cəmil Hacıyev onu döyənlər arasında Tahir adlı bir şəxsin adını eşitdiyini deyir. Ancaq hüquqşünas idarədə belə bir şəxsin çalışmadığını bildirir.

Gənc fəal DİN-ə, Ombudsman Aparatına, Baş prokurorluğa müraciət edib. Ancaq Şahverənov heç bir idarədən bu işlə bağlı zəng almadıqlarını, maraqlanan olmadığını deyir.
XS
SM
MD
LG