Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:36

Eduard Limonov. Qlamur cənnətin uşaqları


Eduard Limonov
Eduard Limonov
-

Axşamlar evdə oturub, xoşxasiyyətli gənc fahişələrin mənə baş çəkməsini gözləyirəm...


Eduard Limonov


QLAMUR CƏNNƏTİN UŞAQLARI


Manekenlər... manekenlər... Nədənsə mənə balet məktəblərinin yeniyetmə tələbələrini xatırladırlar. Mən onları, bir baxışımla yanılmadan istər Nyu-Yorkda, istərsə də Parisdə kütlənin içindən tutmuşam, indi isə Moskvada tuturam.

Bu ip kimi nazik qızların hər şey üzlərinə yazılıb. İdeal model yumurta kimi mütənasib olmalıdır. Fashion sənayesi 13 yaşdan 25 yaşa qədər “female”lərin (qadınların) təbii gözəlliyini istismar edir.

Mənim iki arvadım model olub. Daha birisi, Liza, moda jurnalında art-dizayner işləyirdi.

Bir neçə il əvvəl Viçeslav Zaytsev Mərkəzi Rəssamlar Evindəki bir sərgidə məni saxlayıb, arvadım Yelenanın 70-ci illərdə onun ən sevdiyi modeli olduğunu dedi. Artıq 70-ci illərin ortalarında isə Yelena Nyu-Yorkda “Zoli” agentliyinin modeliydi. Agentliyin sahibi hiyləgər bir macar idi. O, bütün qeyri-standart və ekzotik qızları bir dam altında toplamışdı. Yadımdadır agentliyin kataloqu, Ceyms Bondun bütün filimlərinin kastinqində çəkilmiş qızların kataloqu kimi görünürdü. Çox az “Model Agency” (model agentliyi) sahibləri var ki, azca şirniklənən kimi qızlarını fahişəxanalara yollayaraq başqa məqsədlərlə istifadə etməsin. “Zoli” də onlardan biriydi. Agentliyin 70-ci Küçədə, Medisonla Beşinci küçə arasında yerləşən iqamətgahına o dövrün məşhurları Cek Nikolson, Miloş Forman və başqaları tez-tez baş çəkirdi. Xoşbəxtlikdən mən onda artıq Yelenayla ayrılmağa macal tapmışdım, amma yenə də onu yenicə başladığı qlamur həyatına dəhşət qısqanırdım.

80-ci illərdə Parisə gedib çıxanda, ordan özümə fashion sənayesindən təzə rəfiqə tapdım. Jaklin de Qito qədim burqund nəslinə mənsub qrafinya idi. Onun soykökü az qala Səlib yürüşləri dövrünə qədər gedib çıxırdı. Ucaboy, arıq, iri döşlü bir qadınıydı.

Jaklin tanınmış naşir Kristian Burquanın keçmiş arvadı və sən demə dövrünün ən böyük qalmaqalı olan prezident Pompidu qalmaqalının da iştirakçılarından biri imiş. Söhbət, Prezident Pompidunın keçirdiyi orgiyalar, yaxud “partilərdən” gedir. O vaxtı qəzetlərin yazdıqlarına inansaq, bu orgiyalarda Alen Delon, müsyo və madam Pompidu, Burquaların dəstəsi, yəni Kristian və Jaklin, həmçinin Delonun sonradan şübhəli şəraitdə öldürülmüş cangüdəni Markoviç iştirak edirlərmiş. Bu iş tarixdə “L'Affaire Markovic” (Markoviç işi) adı ilə qalıb və hələ də ölümün, ehtirasın, gənc gözəllərin qarışdığı bu iş fransızları narahat edir. Mən Jaklinlə tanış olanda, o artıq əvvəlki gənc gözəlçə deyildi, amma uca boylu, diqqəti üzərinə çəkən və ekstravaqant bir aristokrat qadın kimi xoşuma gəlmişdi. O “Kristian Dior” moda evində hansısa mühüm vəzifədə çalışırdı, tanınmış xanımlarla oturub-dururdu. Onunla birlikdə, bir neçə dəfə yazıçı qadın Regine Deforge və modelyer Sonia Rykiellə nahara getmişdim.

Yeri gəlmişkən Jaklin qəti olaraq “Rykiel” moda evinin zolaqlı paltarlarına üstünlük verirdi. Onun Rue Le Roi de Sicile-dəki evində böyük bir otağı dəbdə olan paltarların satıldığı dükanı xatırladırdı. Asılqanlardan yüzlərlə paltarlar asılmış, köhnə parketin üzərində isə yüzlərlə cüt ayaqqabı vardı. İndi bu sətirləri yazarkən düşünürəm ki, Jaklin qüsursuz bir qrafinyaydı. Əyyaşıydı, adətən böyük dəri yatağının yanına gecə üçün qara camaatın içdiyi litrlik pivə şüşəsi qoyurdu. Mən qrafinyamla yaman fəxr edirdim. Sadə insanların arasından çıxanlar üçün (mən özüm elə sadə xalqın içindən çıxmışam, hər iki babam kənddə doğulub), qrafinyayla yatağa girmək həmişə xoş olub.

Daha sonra Natalya Medvedevayla tanış oldum və həm də Jaklin de Qitoyla yaxınlaşdım. Biz Nataşayla 82-ci ildə tanış olmuşduq, onda onun 24 yaşı vardı, model biznesindən yenicə uzaqlaşmışdı. Amma insafən hansısa uğurlar da qazanmışdı, yadımdadır “Cars” qrupunun ilk albomunun üz qabığında onun siması əks olunmuşdu: onun iri ağzı elə alovlu həyat keçirdiyinin göstəricisi idi

Öz fikrimi deyim ki, rus qızları fövqəladə gözəldir, amma dağınıqdırlar. Ona görə də nadir hallarda bu biznesin zirvəsinə qalxa bilirlər, qalxsalar belə orda çox qala bilmirlər. Rus qızlarında iradə və xarakter çatışmır, hiperduyğusaldırlar. Amma bu biznesdə soyuqqanlı, ağıllı maşın kimi olmaq lazımdır. Qalmaqalları və duyğusallığı 30 yaşdan sonraya saxlamalısan.

Mənim müşahidəmə görə gözəllik izafi xüsusiyyətdir və adətən başqa izafi xüsususiyyətlərlə, məsəlçün faciəvi tale, daimi məmnunsuzluq, ehtiraslı xarakter, alkoqolizm, və hətta nimfomaniya ilə birlikdə verilir.

Nataşanın külünü öz vəsiyyəti ilə bir neçə şəhərin üzərində səpdilər. Onun doğulduğu Piterə, Los-Ancelesə və Parisə. Onun külünü Parisdə gəzinti qayığıyla üzərək Sena çayına səpən adamla bu yaxınlarda qarşılaşdım. Gör ha, sevimli qadınımın külü! Onunla birlikdə əsəbi və içkidən yeni ayılmış halda, tutqun, köpüklü Sena çayı boyu gəzdiyimiz yadıma düşür. Mən müəllimə xas səs tonu ilə ona öyüd-nəsihət verirdim. Mən həmişə düzgün, möhkəm tip olmuşam. Amma açıq-açığına belə insan nüsxələrinə ehtiyac duymuşam. 1978-ci ildə Nyu-Yorkda Artur Millerlə tanış olarkən, yadımdadır ki, elə ilk dəfədən xoşuma gəlməmişdi, skeptik, soyuq insan təsiri bağışlamışdı. Amma məmnuniyyətlə onunla aramızda oxşarlıq olduğunu vurğulamaq istərdim. Artur Miller bu yaxınlarda dünyasını dəyişib, mənimsə onunla ortaq tərəfim nə olsa yaxşıdır? Yəqin ki, bizim hər ikimizi faciəvi, ağır, qlamur qızlar seçirdilər. Bəli, bəli, ortaq cəhətimiz məhz budur. Axı onlar bizi seçirlər.

Liza təkdə-tükdə modellik eləyib. Onun boyu 1 metr 77 santimetr idi, ensiz, hamar budları və zərif heyvani üzü dəbə uyğun görünüşündən xəbər verirdi. O həmişə Skott Fitsceraldın romanlarındakı qızlar kimi görünüb, özünüz bilirsiniz də, orda caz, dəbli avtomobillər, Fransız Rivierası, qanqsterlər, narahat şlyapalar var. Bilmirəm o bunu anlayırdımı. Biz onunla 95-ci ildə Moskvada tanış olmuşduq. Estetik görünüşcə o sübhəsiz xoşuma gəlirdi. Xoşuma gəlirdi nədir, onun 20-ci illəri andıran dəbdəbəli gözəlliyi, həmçinin əxlaqsızlığı və sərxoşluğu məni dəli edirdi. “Qlamurluğa” qalsa o səhər yuxudan necə oyanırdısa, gün boyu eləcə heç bəzənib eləmədən gəzirdi, bircə yuxulu gözlərinin üstündə qələm kimi düzəldilmiş qaşları vardı. Əlbəttə mən islaholunmaz estetəm, amma özümlə bacara bilmirdim, neynəyim, neynəyim... Mən onu itirdim, çünki o özü itmək istəyirdi.

Bax belə, manekenlər... Nədənsə mənə balet məktəbinin yeniyetmə tələbələrini xatırladırlar. Həmişə uzaqdan tanınırlar və mən onları bir baxışımla, yanılmadan istər Nyu-Yorkda, istərsə də Parisdə kütlənin içindən tutmuşam, indi isə Moskvada tuturam. Amma mən artıq əvvəlki fağır, uzunsaçlı, istedadlı oğlan deyiləm və heç 90-cı illərin qalmaqallı yazıçısı da deyiləm. İndi mən bığ-saqqalı uzanmış, qadağan olunmuş radikal partiyanın sədri, əldən düşmüş bir tipən, məni hətta ayaqyoluna belə ən azı iki mühafizəçi müşayət edir. Mən Hüqonun “Səfillər” romanındakı sürgün olunmuş Votren kimi birisiyəm. Buna görə də yaxınlaşıb tanış olmaq istədiyim qlamur cənnətin uşaqları mənə ya ehtiyatla, ya da gizlətmədikləri dəhşətlə baxırlar.

Axşamlar evdə oturub, xoşxasiyyətli gənc fahişələrin mənə baş çəkməsini gözləyirəm. Sərxoş oluram. (Bütün bunlar doğrudur). Baş çəkirlər də.

Çeviri: Namiq Hüseynli
XS
SM
MD
LG