Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:11

Tenderlər kimin üzünü güldürür?


Foto: Arxiv
Foto: Arxiv
-
Satınalmalar üzrə Dövlət Agentliyinin (SDA) 2012-ci il üzrə hesabatında daha çox müsbət işlərdən söz açılıb. «Şikayətlərin baxılması» bölümündə iddiаçılаrın Agentliyə 35 şikayət məktubu göndərdiyi bildirilsə də, o məktublardan yalnız birinin məzmunu açıqlanır.

35 ŞİKAYƏTİN BİRİ AÇIQLANIR

Həmin məktubda Təhsil Nazirliyinin keçirdiyi tenderdən söz açılır. Bildirilir ki, I -V siniflər üçün dərsliklərin hazırlanması və çap edilməsi işlərinin satın alınması üzrə keçirilən ikimərhələli tenderdə nöqsanlara yol verilib.

Araşdırmalar zamanı üzə çıxıb ki, Təhsil Nazirliyinin tender komissiyasının sədri «Altun kitab» və «Aspoliqraf» nəşriyyatlarında çap olunan dərslik və dərs vəsaitlərinin həm müəllifi, həm də həmmüəllifidir. Agentlik mənafelər toqquşmasını, qarşılıqlı asılılıq münasibətlərinin mövcudluğunu əsas götürərək, sözügedən tenderə xitam verilməsi barədə Təhsil Nazirliyinə məktub göndərib.

TENDER ELANINDAN 5-6 GÜN ÖNCƏ QURULAN ŞİRKƏTLƏR

Sabiq baş nazir Pənah Hüseyn tender haqqında qanuna ümumiyyətlə əməl olunmadığını düşünür. Onun fikrincə, qanunda 50 min manatı aşan dövlət satınalmalarının tenderlə keçirilməsi birmənalı qeyd olunsa da, buna çox vaxt əməl olunmur:
Pənah Hüseyn
Pənah Hüseyn

«Bəzən milyonlarla manatlıq dövlət sifarişləri ilə görülən xidmət və işlər tendersiz gerçəkləşdirilir. Keçirilən tenderlər də formal xarakter daşıyır. Bir qayda olaraq, orta həcmli işlər saxta firmaların adından gerçəkləşdirilir. Hansısa yaşlı adamların adına şirkət yaradılır və guya onlar həmin tenderləri udurlar».

Pənah Hüseyn vaxtilə Sabirabad şəhərinin kanalizasiya sisteminin qurulması üçün elan edilən tenderin qalibi olmuş şirkətlə bağlı bir faktı misal çəkir:

«Araşdırmalarımdan üzə çıxdı ki, tenderin qalibi tender elan olunmazdan 5-6 gün əvvəl 75 yaşlı Naxçıvan şəhər sakinin adına yaradılmış firmadır. Bundan sonra 3-cü, 4-cü əllər peyda olur və beləcə, büdcə pulları talanır. Bu barədə «n» sayda faktlar var. Ümumiyyətlə, Azərbaycanda keçirilən tenderləri birmənalı olaraq hansısa məmura və ya hakim ailəyə bağlı şirkətlər udur və sonra həmin tenderlər 20-25 faizə başqalarına satılır».

YALNIZ NƏTİCƏ BARƏDƏ MƏLUMAT VERİLİR

Rövşən Ağayev
Rövşən Ağayev
«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini Rövşən Ağayev get-gedə artan qapalılığa diqqət çəkir. Onun dediyinə görə, 2012-ci ilin aprelindəki qanun dəyişikliklərindən sonra tenderə qatılan şirkət və təsisçilərin adı kommersiya sirri sayıldığından açıqlanmır:

«Jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri tenderlərlə bağlı araşdırma apararkən, ilk növbədə tenderə qatılanların kimliyini bilməlidir. Bilinməlidir ki, həmin tenderdə iştirak edən şirkət nə dərəcədə real şirkətdir. Bu məsələ çözülməlidir. Tender elanı mediada da əksini tapmalıdır. Bizdə isə yalnız nəticə barədə məlumat verilir. Araşdırmalarımız göstərir ki, qanunvericiliyin həmin tələblərinə əməl olunmur. Hansısa şirkət 3-5 ay öncə qeydiyyatdan keçir və dəyəri milyonlarla manat olan tenderi udur. Bizim qanunvericiliyə görə, tenderi ən keyfiyyətli, ən ucuz və ən qısa müddəti təklif edən şirkət uda bilər. Ancaq proses qapalı aparıldığından şirkətlərin hansı meyarlar əsasında qalib elan olunduğunu müəyyənləşdirə bilmirik».

«QALİB GƏLƏNLƏR MƏMURLARA BAĞLI ŞİRKƏTLƏRDİR»

İqtisadçı Zöhrab İsmayıl tenderlərə qatılan və udan əksər şirkətin məmurlara bağlı olduğunu düşünür və bu sahədə şəffaflığın olmamasını da həmin amillə izah edir:
Zöhrab İsmayıl
Zöhrab İsmayıl

«Hər şey yaxşıdırsa, onda niyə şəffaflıq yoxdur? Niyə nəticələr açıqlanmır? Niyə tenderin qalibi olan şirkət haqqında məlumat verilmir? Satınalmalar üzrə Dövlət Agentliyinin 2012-ci ilə aid hesabatı reallığı əks etdirmir. Tenderlərdə qalib gələn şirkətlərin əksəriyyəti məmurların özünə məxsusdur. Tutalım, filan vaxt neft şirkətində bir idarənin rəisi təyin olunub. O idarə ilə bağlı tenderi udan şirkət isə bir il sonra qurulub. Digər dövlət şirkətlərində də eyni vəziyyətdir».

«HAKİMİYYƏT BÜDCƏDƏN AYRILAN PULLARIN ONDAN ASILI OLMAYANLARIN ƏLİNƏ KEÇMƏSİNİ İSTƏMİR»

Azərbaycanda tenderlərin oturuşmuş oliqarx məmurların dairəsindən kənara çıxmadığı barədə digər ekspertlərin fikirlərini iqtisadçı Natiq Cəfərli də bölüşür, amma bir məqamı ayrıca vurğulayır:

«Hakimiyyət büdcədən ayrılan həmin pulların müstəqil və ondan asılı olmayan və ya sonradan varlanıb onun əleyhinə çıxa bilmə ehtimalı olan hansısa «yad» şirkətə verilməsinə razı deyil. Hakimiyyət, beləcə, külli miqdarda pulun yalnız bir dairədə qalmasına şərait yaradır. Məsələnin əsas fəlsəfəsi budur».

Manat
Manat
Ekspert Rusiya örnəyinə də üz tutaraq bildirir ki, son illər orada narazı elektorat hakimiyyətdən asılı olmayan orta sinifdir. Onun fikrincə, bənzər halları nəzərə alan hakimiyyət pulun öz çevrəsindən qırağa çıxmasını məqbul saymır.

Satınalmalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Bahadır Qasımov AzadlıqRadiosuna göndərdiyi yazılı cavabda bildirir:

«Müsabiqələr barədə elanlar respublikanın dövlət qəzetlərində yerləşdirilir, 2010-cu ildə başlayaraq isə müvafiq elanlar həmçinin Satınalmalar üzrə Dövlət Agentliyinin saytında da dərc olunur».

Onun yazdığına görə, 2012-ci ildə müsabiqələrin qanunvericilik tələblərinə uyğun təşkili nəticəsində bu məqsədlər üçün ayrılan dövlət vəsaitlərinin 6.4%-nə və ya təqribən 300 milyon manatına qənaət edilmişdir...

«Qaldırılan suallarla əlaqədar nəzərinizə çatdırırıq ki, həmin məsələlər Satınalmalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az saytında yerləşdirilmiş 2012-ci ildə keçirilmiş satınalmaların nəticələrinə dair hesabatda ətraflı əks olunmuşdur».

Digər şikayətlərin məzmunu, tender qaliblərinin «eyni çevrə mənsubluğu» barədə ekspert rəylərinə cavab məktubunda yer ayrılmasa da, Agentlik mediaya daha əvvəlki açıqlamalarında dövlət satınalmaları ilə bağlı deyilənlərin həqiqətəuyğun olmadığını bildirməklə kifayətlənib.
XS
SM
MD
LG