Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:35

«Maşa və Ayı» bu dəfə «Yalan torbası»nı açıb-tökür…


-
«Maşa və Ayı» tamaşası yeni seriya ilə yenidən Azərbaycana gəlir.

Xəbəri Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov AzadlıqRadiosuna verib.

Xəbərdə deyilir ki, bu ilin martında Gürcüstanın «Multi-Pulti dünyası» uşaq teatrı «Maşa və Ayı» tamaşası ilə Azərbaycanda qastrol səfərində oldu. «Maşa və Ayı» cizgi filminin motivləri əsasında hazırlanan tamaşa Azərbaycan tamaşaçısı tərəfindən böyük maraqla qarşılandı. Demək olar ki, bütün teatrlar tamaşaçı qıtlığından gileyləndiyi bir zamanda Gürcüstan teatrının tamaşaları anşlaqla keçdi.

«Arzular çin olur» seriyası gündə 3 seans oynanılmasına baxmayaraq, bilet tapmayanlar da tapıldı.

«Multi-Pulti dünyası» teatrı «Maşa və ayı» tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.

Xəbərdən aydın olur ki, yeni seriya «Yalan torbası» adlanır. Azərbaycan dilində nümayiş olunacaq tamaşada həm gürcü, həm də azərbaycanlı aktyorlar çıxış edəcək.

Gürcü rejissor Qoça Kviçanın quruluşunda hazırlanan tamaşada 8 personaj var: Maşa, Ayı, Keçi, Donuz, Dovşan, Tülkü, Dələ və Pələng. Bu rollardan beşini azərbaycanlı aktyorlar ifa edəcək.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa meşədə bir torba tapır. Sən demə, bu torba sehrlidir. Torbanın ağzını kim açırsa, yalan danışmağa başlayır. Beləliklə, torbanın ağzını açan bütün personajlar yalan danışmağa başlayır və aləm dəyir bir-birinə. Sonda Pələngin gəlişi ilə hər şey aydınlaşır və bir-birindən inciyən dostlar barışırlar.

Tamaşa Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində - 1 iyun saat 12.00, 15.00, 17.00-da, 2 iyun saat 12.00 və 15.00-da Akademik Opera və Balet Teatrının binasında nümayiş olunacaq.

Biletlər şəhərin mərkəzi kassalarında 6 manatdan başlayan qiymətlərlə satılır.
XS
SM
MD
LG