Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:20

Bakıda evlərin qiyməti 5 il əvvəlki səviyyəyə qalxır


Bakıda yeni tikililər
Bakıda yeni tikililər
-
30 yaşlı Elvin Əmirli ev-alqı satqısı elanları qəzetində özünə uyğun mənzil axtarır. Deyir ki, 5-6 aydır axtarışlarını daşınmaz əmlak bazarında da davam etdirir. Ancaq bahalıq ona ev almağa imkan vermir:

«Bahalıqdır, özü də çox bahalıqdır. Mən bir neçə Avropa ölkəsində olmuşam. Oralarda belə bu qiymətlər yoxdur. Bu qiymətlər camaatın yaşayışına adekvat deyil».

Mənzil bazarı ilə maraqlanan Cabbar Tağıyev deyir ki, oğlu ailə qurmağa hazırlaşır. Ata istəyir oğlu onunla yox, ayrı mənzildə yaşasın. Ancaq maraqlandığı qiymətlər onu fikrindən daşındırıb:

«Qiymətlər çox bahadır. İmkan yoxdur. Belə görürəm ki, oğlum da bizim «xruşşovka»ya sığınacaq».

(«Xruşşovka» deyərkən, 1950-ci illərin sonu və 60-cı illərin əvvəllərində ovaxtkı sovet rəhbəri N.S. Xruşşovun təşəbbüsü ilə tikilən ucuz, alçaqtavanlı və minimum tələbatı ödəyən beşmərtəbəli evlər nəzərdə tutulur – K.D.).

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin məlumatına görə, aprel ayında Bakının təkrar mənzil bazarında orta qiymət martda qeydə alınana nisbətdə 0.7% artıb. Mənzilin 1 kv/m-i 1211 dollara satılır. İlkin mənzil bazarında qiymət 0.8% artıb. Yeni tikililərdə isə bir kv/metrin orta qiyməti 864.3 manat olub.
Ramil Osmanlı
Ramil Osmanlı

BAZAR SAHİBKARIN ÜZÜNƏ GÜLÜR

Təşkilatın rəhbəri Ramil Osmanlı deyir ki, indi qiymətlər Bakıda evlərin ən baha olduğu dövrə - 2008-ci ilə gəlib çatıb. Onun fikrincə, qiymət artımının müxtəlif səbəbləri var:

«Qiymət artımı bazarda baş verən proseslərlə bağlıdır. Söhbət son dövrlərdə ipoteka kreditləri həcminin artımı nəticəsində bazarda baş verən qiymət dəyişikliyindən, eyni zamanda süni və spekulyativ amillərin təsiri nəticəsində bazara müdaxilələrdən gedir. Azərbaycanda bu sahədə fəaliyyət göstərən sahibkarların kifayət qədər kənar maliyyə resursları var. Mənzillərini 5 il satmasalar da, onların bazardan çıxmaq təhlükələri yoxdur. Bundan başqa, burda inhisarçılıq amilləri, digər məsələlər də var».

Ekspertlər əhalinin mənzilə çox ehtiyacı olduğunu düşünürlər. Məskunlaşma ilə bağlı problem həmişə qalacaq.

HƏR ŞEY BAHADIRSA, EV DƏ BAHA OLACAQ

«NBA LTD» şirkətinin rəhbəri Nüsrət İbrahimovun fikrincə, evlərin bahalaşması ümumi bahalaşmanın tərkib hissəsidir. Digər səbəblərə gəlincə:

Nüsrət İbrahimov
Nüsrət İbrahimov
«Neft və qazın satış qiymətlərinin durmadan artması da evlərin qiymətinə təsir göstərir. Təbii ki, müəyyən fasilələrlə, 6-8 ay gecikmə ilə, daşınmaz əmlakın da qiyməti onun ardınca qalxır. Axı bu qiymətlər bir-biri ilə bağlıdır. İnsanların gəliri də artır, onlar daha geniş mənzildə yaşamaq istəyirlər. Hamı istəyir öz evi olsun. Başqa bir səbəb də odur ki, imkanlı adamların pul gəlirləri daha intensiv artır. Onlar da pullarının bir hissəsini bu sahəyə yönəldirlər. Bütün bunlar qiymətlərin artımına gətirib çıxarır».

Qiymətlərə gəlincə, metronun «Memar Əcəmi» stansiyası yaxınlığında 35 kv/metrlik 1 otaqlı mənzilin qiyməti 47 min (60 min dollar ) - 50 min manat (64 min dollar) arasındadır. Yeni tikililərdə, məsələn şəhərdən kənarda, Masazırda birotaqlı mənzil (47 kvadratmetr) 35 min (44 min 609 dollar) manatdır. «İnşaatçılar»ın yanında, təmirli və 75 kvadratmetrlik 3 otaqlı köhnə evin qiyməti 96 min (122 min 355 dollar) manatdır. Mətbuat prospektindəki yeni tikilidə isə 3 otaqlı, 125 kvadratmetrlik mənzil 170 min manatdır. (216 min 671 dollar). «Təzə bazar» yaxınlığında yeni tikilidəki 128 kvadratmetrlik 3 otaqlı mənzili 250 min manata (318 min 634 dollara) almaq olar. Müqayisə üçün deyək ki, İstanbulda eyni sahəli təmirli mənzili bundan 3 dəfə ucuz qiymətə almaq mümkündür.
XS
SM
MD
LG