Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Gül bayramı və azı 9 min həkimin maaşı [Fotolar]


-
Gül bayramına xaricdən nə qədər gül gətirildiyi açıqlansa da, ona xərclənən pulun məbləği nə əvvəllər, nə də indi bildirilməyib.

«MALİYYƏDƏN DANIŞMAYIN...»

Bəzi ekspertlər təxmini rəqəmlər səsləndirsələr də, bu işlərə cavabdeh olan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov hər dəfə pul barədə sualdan yayınır və jurnalistlərə maliyyədən söz açmamağı məsləhət görür:

«Maliyyədən danışmayın, ona görə ki, Heydər Əliyevimizin qiyməti qiymətsizlikdir. Ona görə də heç maliyyə haqqında fikirləşmirəm. Amma bu il ötən ilə nisbətən iki dəfə yarım çox gül gətiriləcək».

O, bu sözləri təxminən 40 gün öncə AzadlıqRadiosu müxbirinin sualını cavablandırarkən dilə gətirib.

Hacıbala Abutalıbov
Hacıbala Abutalıbov
HACIBALA ABUTALIB: «MƏN JURNALİST GÖRƏNDƏ, ELƏ BİL QƏBİRDƏ ÖLÜ GÖRÜRƏM»

Mayın 8-də «Qış parkı»nda olan Hacıbala Abutalıbova bir daha eyni sualla üz tutduq və cavabında nə pul, nə də gül söhbəti eşitdik:

«Gedin işinizin dalınca. Mən jurnalist görəndə elə bilirəm ki, qəbirdə ölü görürəm».

Bakıda yol qırağında gül satan Səməd Feyziyev birgünlük tədbir üçün xaricdən bu qədər gülün gətirilməsinə təəccüblənir. Əlindəki bir dəstə Holland qızılgülünün az qala 3 kiloqram olduğunu deyən həmsöhbətim «axşamadək bunu satsam, papağımı göyə ataram» deyir. Evi olsa da, daimi iş tapa bilmədiyini söyləyən Səməd Feyziyevin fikrincə, birgünlük tədbirə xərclənən pullar yeni iş yerlərinin açılmasına sərf edilsəydi, yəqin, o da özünə iş yeri tapardı:

«Bu, iş deyil ki, birtəhər başımızı dolandırırıq. İş yerləri olsa, biz də bir gənc kimi gedib işləyərik. Məncə, ona sərf olunan pul daha yaxşı işə xərclənməlidir. Bir-iki günlük tədbirə bu qədər xərc çəkmək... Nə deyim? Varlığa nə darlıq?».

30 MİLYONDAN 60 MİLYONADƏK

İqtisadçı Natiq Cəfərlinin təxmini hesablamalarına görə, bu il gül bayramına 30 milyon manata yaxın pul xərclənib. Ekspertin fikrincə, həmin pulla paytaxtda çalışan həkimlərin maaşını iki dəfə artırmaq olardı:
Natiq Cəfərli
Natiq Cəfərli

«Bakı şəhərində 9 min 200-ə yaxın həkim çalışır. Onların illik maaşı 25 milyon manata yaxındır. Gül bayramına ayrılan vəsaitlə onların maaşını 2 dəfə artırmaq olar... Şəxsiyyətə pərəstiş mənası daşıyan bu bayram hesabına xarici fermerlər pul qazanırlar. Demək, belə bayramların keçirilməsi daha çox xarici fermerlərə sərf edir, nəinki yerli sakinlərə».

«ÜMUMMİLLİ LİDERİN AD GÜNÜ YÜKSƏK SƏVİYYƏDƏ QEYD OLUNMALIDIR, AMMA...»

Hakimiyyətyönlü Ana Vətən Partiyası sədrinin iqtisadi məsələlər üzrə müavini Əli Hacıyev istənilən tədbirdə bəlli təmtəraq həddinin gözlənilməsinə tərəfdardır.
Gül bayramına 30 milyon manatdan çox pul xərclənməsi barədə ayrı-ayrı iqtisadçıların iddiasına da münasibətini açıqlayan Əli Hacıyev bu qədər məbləğin hamısının dövlət büdcəsindən ayrıldığına inanmır:

«O qədər böyük məbləğin dövlət büdcəsindən silinməsinə inanmıram. Qaldı ki, o məbləğin sosial problemlərin həllinə, maaş artımına yönəldilməsinə, əlbəttə, böyük məbləğdir, o pula çox işlər görmək olar. Şübhəsiz, ümummilli liderin ad günü yüksək səviyyədə qeyd olunmalıdır, amma hədlər də gözlənilməlidir».

Bakıda Gül bayramı
Bakıda Gül bayramı
«GÜLÜ YOX, GÜLÇÜLÜYÜ GƏTİRSİNLƏR»

Yeni Azərbaycan Partiyasının üzvü, sabiq deputat Əli Əlirzayev xaricdən gül gətirmək hesabına bayram keçirilməsini sərfəli saymır:

«Kimin üçünsə 10 manat da, 100 manat da puldur. İndi bizim dövlətimiz varlıdır, ola bilsin, gözə görünmür. Pullarımız gedir xaricə, bu, bir az sərfəli deyil. Yaxşı olar ki, gülü gətirməkdənsə ölkəyə gülçülüyü gətirsinlər».

«GÜL BAYRAMINA XƏRCLƏNƏN PULA 7 MİN 500 NƏFƏRİ EVLƏ TƏMİN ETMƏK OLAR»

«Yeni Müsavat» qəzetinin iddiasına görə, sabiq prezident Heydər Əliyevin 90 illiyinə təsadüf edən builki Gül bayramına 60 milyon manatdan çox vəsait xərclənib.

Qəzet həmin vəsaitlə görülə biləcək işlərin müqayisəsini aparır. Jurnalistlər üçün 156 təmirli mənzilin 5 milyon manata başa gəldiyini yazan müəllifin fikrincə, Gül bayramına xərclənən pula 2184 təmirli mənzili olan 14 bina tikmək olar. Bu, ən azı 7 min 500 ailənin mənzillə təmin edilməsi deməkdir.

İqtisadçı ekspert Qubad İbadoğlu bir il əvvəl AzadlıqRadiosunun «İşdən Sonra» proqramındakı çıxışında Gül bayramına çəkilən xərcin açıqlanmamasında şübhəli məqamların olduğunu dilə gətirmişdi. Ekspertə görə, mənbəyi rəsmi kanallardan qaynaqlanan bütün əməliyyatlar açıqlanmalıdır.
Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlunun fikrincə, 2012-ci ildə büdcədən İpoteka Fonduna 20 milyon manat ayrıldığı halda, birgünlük tədbirə 10 milyondan çox vəsaitin ayrılması büdcə vəsaitinin göyə sovrulmasından başqa bir şey deyil.

10 İLDƏN BƏRİ AÇILMAYAN SİRR

Heydər Əliyevin doğum günü ilə bağlı Gül bayramı 2004-cü ildən keçirilir. Bu bayrama dünyanın 50-dən çox ölkəsindən 1 milyondan artıq gül gətirildiyi bildirilsə də, buna büdcədən nə qədər pul xərcləndiyi açıqlanmır.
XS
SM
MD
LG