Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:19

Şəhriyar del Gerani. Nə bilsin külək?!


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin 20-liyindən.


Şəhriyar del Gerani

***

Üzü qibləyə durmuşam
Ki, bəlkə qovuşum sənə...
Bu qədər sənsizliyin
Hansından danışım sənə?..

Sərsəri əllərimin
Odası omuzların...
Uzaqlara öyrətmə gəl
Bu süləngi təkliyi,
Daha mənim sevgiyə
Aldanan vaxtım deyil ki...

Bacarırsan anam kimi,
Bacım kimi
Qucaqla,
Qolların, doğmalığın
Qala divarı olsun...

Heç bilmirsən buludlardan
Niyə incikdi balıqlar!..
Axı kimin yolun gözlər
Bu kimsəsiz uşaqlar?..

Gəl sənə bir söz də deyim,
Deyim xəbərin olsun –
Bu tənhalıq kişi deyil,
İnsan tənhalığıdı.

Bacarırsan anam kimi,
Bacım kimi
Qucaqla,
Qolların, doğmalığın
Qala divarı olsun...


Salam Sarvan üçün...

Kirli köynəyimi yumuşdu anam,
Külək bulamışdı... Nə bilsin külək?!
Mənsə hirslənmişdim anama onda,
Anam ağlamışdı... Nə bilsin külək?!

Bir gün savaşmışdım qonşu uşaqla,
Üstəlik anasın söymüşdüm onun,
Oysa hikkəsindən bir yekə torba
Yarpağ tıxamışdı buxarımıza.
Peçimiz yanmadı fevral gecəsi
Mən dedim “küləyin işidi yəqin”
Anam da inandı... Nə bilsin anam
”Yiyəsi ölsün bu küləyin” – dedi.
O vaxtdan yiyəsiz qalıb küləklər,
Bu yetim küləklər nə bilsin axı...

Sən üşüməyəli ikinci qışdı,
Ay allah kəs görüm bu nə yağışdı?!
Yığışdım özümə, elə yığışdım.
Para buğdasına söykənib yatan
Qarışqa misali elə yorğunam...

Soruşma neçənci qərib soyuğun,
Neçənci dostumun uzaqlığıyam.
Həminki qayğıdı bu tifil qayğı
Kipriyimə qədər yorğunam anam...

Bir pişiyim də yox qucağlayası,
Qucağım sinəmdə bayquş yuvası,
Barı dost da ölmür yas saxlayasan,
Hamı salamatdı, hamı yaxşıdı...
Di gəl darvazanı külək açırmı
Bu “darıxmaq” ki var, itin balası!..
Hər gün qapımıza gəlib ulayır.
Yox əşi, nə külək... nə bilsin külək?..

XS
SM
MD
LG