Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Nağıl deyil bu dünya


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan


Yaşar Bünyad


NAĞIL DEYİL BU DÜNYA

(Bir yaxın dostumun nağıllardan
yaman xoşu gəlir)

Nağılçı, aldatma məni,
Bu dünya nağıl deyilmiş
Göydən düşən o almalar
Yerə düşməmiş yeyilmiş...
bu dünya nağıl deyilmiş.

Simurq quşu "qa"-deyəndə
ət vermişəm,
"qu"-deyəndə, su vermişəm
yarı doğru,
yarı yalan
bu dünyadan qoparmaqçın.
O nağıllı dünyalara aparmaqçın.
Divləırin
can gizlətdiyi billur qəfəs sorağıyla
yeddi dağlar arasında
, yel olmuşam
yeddi dağlar arxasında-
sel olmuşam
gəzmədiyim yer qalmadı,
rast gəlmədi, tapılmadı...

Xəlbir ilə su daşıyan
qorxaq, axmaq divlər hanı?
Daha, divlər arasından
ayırmaq olmur Cırtdanı.
İndi divlər mağarasın
saraylara dəyişiblər,
Əlbir olub,
dilbir olub Cırtdanlarla birləşiblər.
Şəhzadənin dizi üstə yatan
divlər yoxdu daha.
Nağılçı,
nağıl sarıdan
bu gözlərim toxdu daha !
İndiki Məlikməmmədlər
at belini bəyənməyir
"Cip" belinə minən gündən
kəhər atla öyünməyir..
Cırtdanlara boyun əyir,
"supermarket" Məlikməmməd
keçəllərə pay göndərir...
"supermarket" Məlikməmməd
Təpəgözlər, qara divlər
harda gəldi at oynadır
Qurunu yaşa calayib
odunda qazan qaynadır.
Atın minib kənddən qaçan
cavanlarım
Valyaların, Sonyaların
hər işinə yarıyırlar...
Kənddə qızlar
"Ağ atlını" gözləməkdən
qocalırlar,
qarıyırlar...
Həmzənin bir kəlməsiylə
yüzlərlə ev yıxılıbdır,
Bir qələmin ucu ilə
neçə fala baxılıbdır.
Namərd qarmağına keçib
elinə dayaq kişilər
Fəqət,
üzür süd gölündə
yüz kişisayaq kişilər.
Nağılları yazan da biz,
Nağılları yozan da biz.
Nağıla inanmayanın
həyatını göy əskiyə bürüyürlər,
Təzə nağıl uyduraraq
el içində sürüyürlər.
Kütə gedir
yalan ilə yoğurulan xəmirimiz.
Kimə gəldi səcdə edib
heykəlini qururuq biz,
Sonra peşıman olaraq
ona təpik vururuq biz!
Yuxumuz ərşə çəkilir,
Gözümüz göyə tikilir,
Laylalar qucağında heç
göz qapayıb yatmaq olmur.
Qorxulu nağıldan sonra
"qızıl gülə..." batmaq olmur.
Biri var idi-deyirsən,
Biri yox idi -deyirsən,
Olanları gizlədərək
Olmayanı şişirdirsən,
Bunamı nağıl deyirsən?!
Eh, nağılçı, sən danışma
Nağılla ocaq qalanmaz,
Nağılla qazan qaynamaz
Unut köhnə nağılları,
Təzədən yaz yaza bilsən.
Bu dünyanın gərdişini
Bər-bəzəksiz yoza bilsən.
Elə yaz ki, inanım mən
Yalan köpüktək şişməsin
Almanı ağacdan dərim-
Göydən almalar düşməsin.


BUMERANQ

Gəl qaçaq bu şəhərdən
aydın səmaya sarı
yararaq ulduzları...
Arzumuz açsın qanad,
Uçaq,
qayğısız, azad...
Ya, öpək dənizlərin
ağappaq ləpələrin,
Dalğalar!
qucağında apar,
qonağı olaq
biz uzaq sahillərin...
Kimsəsiz adalarda
ayaq izləri qoyaq,
bu haydan, küydən uzaq,
həm,
sakitlikdən doyaq!
Meşələrin havasın
çəkək ciyərimizə,
on gün bəs etsin bizə,
bir ay bəs etsin bizə...
Bir anlığa unudaq
şəhərin istisini,
həyətlərin iyini,
ciyərimizə hopan
siqaret tüstüsünü..
Pulsuzluğu unudaq,
Haqsızlığı unudaq
Bankomat qarşısında
növbələri görməyək,
Heç olmazsa,
bircə ay işıqpulu verməyək!
Eyvandan zibil atan
qonşuları unudaq-
tərtəmiz hava udaq!
Mənasız,
səviyyəsiz
şoular əvəzinə
Qulaq verək cənnətdə
bülbüllərin səsinə.
Bilirəm,
dönəcəyik yenə də,
yenə də bu şəhərə
Bumeranqlar qayıdır
mütləq, çıxdığı yerə!
...Bu da sənin şəhərin!
Bu da mənim şəhərim...
Səhərlər oyanırsan
qonşunun hay-küyündən,
Boğulursan havanın
zəhər tamlı iyindən,
Maşın siqnallarının
tükürpədən səsindən
gözlərin də bərəlir
çıxaraq həlqəsindən.
Sənə yazığım gəlir.
Həyat beşgünlük deyil !
Gəl qaçaq bu şəhərdən,
bu şəhər sənlik deyil,
bu şəhər bizlik deyil !
Demirəm,
hər gün..,
hərdən,
gəl, qaçaq bu şəhərdən
XS
SM
MD
LG