Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

Dəmir fincanda süd və Moskva


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan


Könül Həsənqulu


DƏMİR FİNCANDA SÜD VƏ MOSKVA

Günəş batdı
Səma gözlərini yumdu
Qapqara göz qapaqları
Gecəyə bürüdü Moskvanı.

Günorta yelləncəkdə yellənən körpələr
Axşam hündür bina mətbəxlərində süd içirdilər

Və yellənçək...
Yellənçək o an məxbəxlərdə
Pəncərə çərçivəsində qərar tapırdı.
Yellənçək həmişə onu sevən uşaqlarladı –
Gah pəncələrdə
Gah rəsm dəftərinin vərəqlərində
Gah da inşalardadı...

Həyat iyirmi bir il addımladı...

Günəş batdı
Qaranlıq
Bağrına basdı Bakını

Katya yatağına uzanıb gözlərini yumdu
Bu an
Uzaqda bir yellənçək yellənməyə başladı...

Katya ayağa qalxdı
Mətbəxə keçib dəmir fincanı südlə doldurdu
Fincanı
Odun üstünə qoydu
Və mətbəx pəncərəsinə yaxınlaşdı

Pəncərədən çöldə
Yellənçəkdən başqa hər şey vardı –
Şaxta vurmuş paltarlar və zivə
Yasamal dağları
Bomboz duman
Dumanın içində
Bir it də hürdü uzaqdan

Neçə mürgülü pişik səksəndirdi
Bir ağızlıq it nisgili...

İt bəlkə də yuxudaydı
İt bəlkə də sayıqlayırdı
Sevdiyi sahibinin adını

Sayıqlama
Pişiklərin vücudunu titrədib keçdi Yasamal dağlarına
...əks-sədayla.

Və ordan da Moskvaya
Katyanın uşaqlıq oylağına...
Çilik-çilik etdi ordakı mətbəx pəncərəsini
Bir it həsrətinin cingiltisi...

İtin ağrısına Katyanın gözləri qızardı
İtin ağrısı
Katyaya tanışıydı...
Başını qaldırıb səmaya baxdı
(Əlbət it də səmaya baxırdı)

Ay isə bu pəncərədə işıq saçmırdı
Ay yataq otağının eyvanına baxırdı

(Ay çox yaxındadı
Mətbəxdən aya cəmisi on beş addımdı
Bircə Moskva uzaqdadı...)

Eyvana çıxdı Katya
Dirsəklənib bir xeyli aya baxdı
Və sonra aya uzun bir kəndir atdı
Kəndir aya dolandı
Bu an Bakıda
Bir neçə küçə qaranlığa boyandı

Kəndirin bir ucunu zərif biləklərinə doladı Katya
Və eyvandan tullandı havaya – birbaşa Moskvaya
Metro “Voykovskaya” yaxınlığına...

Moskva

Qırmızı beşmərtəbəli bina
Necə də qərib görünürdü
2013-cü il Moskvasında...

Və yellənçək...
Yellənçək paslanmışdı şimalın rütubətli havasında

Bəyaz gecəliyi əynində ürkək körpə addımlarıyla
Yellənçəyinə yaxınlaşdı Katya

Buz kimi dəmirlərindən yapışıb yellənməyə başladı uşaqlığına –
Qalxdıqca yalın ayaqlar havada
Saçları Moskva torpağını sığallayırdı...

Öz körpə gülüşünün uca səsinə ayıldı Katya...

Və bu an qəfil
Mətbəxdə süd daşdı...


GÖYƏRÇİN VƏ QURŞUN KÖLGƏLƏRİ

Aprel…
Səma aydın
Hava ilıqdır.

Şəhər
Kürəyi üstə uzanıb səmaya baxır…
Sinəsində ağ göyərçinlər
Qara kölgələr salır.

Burda –
Günəşlənən şəhərdə mən
Damda çöl göyərçinlərinə
Buğda səpirəm.

Burda
(hər bazar ertəsi) qapı zəngini
Əlində məktublar və ədəbiyyat dərgiləri
Kübar geyimli poçtalyon çalır.

Məktub hərbi hissədən göndərilir
Arasında doğma siqaret qoxulu sevgi şeirləri
Hər dəfəsində ev sahibəsi qapıya tələsir
Qapını açır
Gülümsəyir
Və kağıza imza atır.

Qadın hər dəfə poçtalyona yeni zərf uzadır…

Ordasa ölüm!..
Ölüm
Qapıları taybatay açır!
İçəri girib əylənir
Ucadan qəhqəhə çəkir
Və çıxır…

Ölüm küçədə
Qoca poçtalyonu kürəyindən vurub yıxır
(ömrünün qalığı səkiyə dağılır)
Bağrına sıxdığı məktublar qana boyanır.

Burda əsgər
Oxuyur sevdiyi qadının göndərdiyi
Ətirli məktubun son cümləsini:
“Sevgilim,
Qucaqlayır
Öpürəm səni…”

Və məktubu astaca
Dodaqlarına yaxınlaşdırır...

Ordasa ölüm…
Ölüm
Qucaqlayır əsgərləri –
Dodaqlarından öpür
Oxşayır sinələrini...

Orda şəhər
Ölkəyə üzü üstə sərilib ağlayır
Ölüm yaxındadır!!!!!!!
Ölüm yaxındadır!!!

Orda
Şəhərin kürəyinə qurşunlar kölgə salır…

Orda
Evlərin damında
Qanlı çəkməli və əllərində ağır silah
Yadelli əsgərlər addımlayır…

Ölüm!..
Ölüm qapıları taybatay açır…

Şərabı başına çəkir
Qədəhləri sındırır!..

Ölüm yaxındadır!!!!!!
Ölüm yaxındadır!..

Və aprel...
Qurşun qoxulu şəhərlərdə
Hava həmişə dumanlıdır...
XS
SM
MD
LG