Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:34

Şəfi bəy niyə ağladı?


-

«Şəfi bəy istər tələbəliyində, istər gəncliyində hədsiz enerjili, həm də savadlı bir adam olub».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Cümhuriyyət fədailərindən olan Şəfi bəy Rüstəmbəyliyə həsr edilən «Cümhuriyyətin ağlayan gözü» radio dastanının qonağı, araşdırmaçı jurnalist Ədalət Tahirzadə söylədi.

CÜMHURİYYƏTİN ƏN GƏNC LİDERİ

Ədalət Tahirzadənin sözlərinə görə, Şəfi bəy hətta tələbə vaxtı həbs də olunub:

«Mitinqlərdə iştirakına görə. Kiyev Universitetinin hüquq fakültəsini bitirəndən sonra Azərbaycana qayıtdı və müxtəlif işlərdə çalışdı. Əgər 1918-ci il Azərbaycan Cümhuriyyətinin iclaslarının stenoqramını oxusaq, müzakirələrdə ən fəal iştirak edənin Şəfi bəy olduğunu görərik. Şəfi bəy parlamentin üzvü idi. O, savadlı, hüququ gözəl bilən, beyni yaxşı işləyən bir adam olub. Qatı müsavatçı idi. 1918-ci ildə Zaqafqaziya Seyminin də üzvü olub. «Müsavat» fraksiyasında iştirak edirdi. Hətta M.Ə. Rəsulzadə və M. H. Hacınski Trabzonda və Batumidə gedən danışıqlara qatılanda, fraksiyanın mövqeyini Tiflisdə qalan Şəfi bəy müdafiə edirdi. Cümhuriyyət dövründə «Azərbaycan» qəzetinin baş redaktoru olması və bir müddət Daxili İşlər Nazirinin müavini işləməsi onu göstərir ki, Şəfi bəy həddindən arıq enerjili və təşəbbüskar bir adam olub».

MƏTBUAT HAQQINDA İLK QANUNUN MÜƏLLİFİ

Ədalət Tahirzadə
Ədalət Tahirzadə
Ədalət bəyin sözlərinə görə, Şəfi bəy həm də mətbuat haqqında ilk qanunun müəllifi olub: «Şəfi bəy parlamentin orqanı olan «Azərbaycan» qəzetinin rusca nəşrinin redaktoru idi, Ceyhun bəy Hacıbəyli Azərbaycan türkcəsinin. Məndə bir şəkil var. «Azərbaycan» qəzetinin kollektivinin fotosudur. Rəsulzadə Üzeyir bəylə ortada oturub. Arxada Şəfi bəy Rüstəmbəyli və qəzetin başqa əməkdaşları. Mətbuat haqqında qanun da o vaxtın məhsuludur. Ümumiyyətlə, Şəfi bəyin Azərbaycan mətbuatı tarixində böyük rolu var. «Azərbaycan» qəzetindən əvvəl də, o , məsələn «Kaspi» qəzetində gözəl məqalələr yazırdı. Mətbuat haqqında qanun da buna sübutdur».

ŞƏFİ BƏY NİYƏ AĞLADI?

Cümhuriyyət fədailərindən olan Şəfi bəy Rüstəmbəyli (sağda)
Cümhuriyyət fədailərindən olan Şəfi bəy Rüstəmbəyli (sağda)
Aparıcının: «Cümhuriyyətin çöküşünü 27 yaşlı Şəfi bəy necə qarşıladı» sualını Ədalət bəy belə cavabladı: «Çox acınacaqlı qarşıladı... Bir çox adamlar vardı ki, məsələn, Ağa Aşurov — parlamentin ən fəal üzvlərindən biriydi — o, əleyhinə səs verdi. Bilirsiniz, M.Ə. Rəsulzadənin aprelin 27-də keçirilən son iclasda çox gözəl çıxışı var. O deyir ki, bizim partiya təslim olmağın əleyhinədir. Ancaq bilirsiniz ki, vətəndaş qarşıdurmasına getməmək üçün və bir sıra başqa şərtlərə görə (6 şərt) onlar hakimiyyəti verməyə məcbur oldular. Şəfi bəy bu çöküşü ağrılı qəbul etdi. Ziyalıların əksəriyyəti, Müsavatçılar da həmçinin. İclasın stenoqramında yazılıb ki, hakimiyyəti təhvil vermək məsələsi elan olunanda, arxadan səs gəlir və görürlər ki, Şəfi bəy hönkürtü ilə ağlayır...».

ŞƏFİBƏYÇİLİK?

Ədalət bəy Şəfi bəyin Türkiyədəki mühacirət həyatından da danışdı: «O, çox əqidəli müsavatçı idi. Təəssüf ki, Türkiyəyə mühacirətə gedəndən sonra o, bəzi qruplaşmalara qoşuldu və bu onu bir sıra xoşagəlməz yazılar müəllifi etdi... Onların içində iki kitabın adını çəkə bilərəm: «Yıxılan bütlər» və «Rəsulzadənin fəci süqutu». Birincisinə Rəsulzadə «Şəfibəyçilik» adıyla cavab yazdı. Və bundan sonra siyasi həyatda Şəfi bəy Rüstəmbəyli görünmədi».

ŞƏFİ BƏY BU KİTABLARI NƏDƏN YAZDI?

«Onu Rəsulzadədən incik salan nə idi» sualına Tahirzadə belə cavab verdi: «Açığı, mən düşünmürəm ki, onu Rəsulzadədən incik salan bir şeylər olub. O vaxtlar ÇK (Fövqəladə Komissiya) çalışırdı ki, istər Rusiya, istər Qafqaz mühacirətçilərinin arasına didişmələr salsın və hərəkatı parçalasın. Düşünürəm ki, burada ÇK-nın rolu olub. Həm də, onların yaşayışları o qədər pis idi ki, bu durumdan istifadə etmək olurdu. Əlbəttə, orada maddi durumu yaxşı olan mühacirətçilər də vardı və onlar Şəfi bəyin durumundan istifadə etdilər. Həm də, bu barədə geniş danışmağı da mən lazımlı bilmirəm. Çünki Cümhuriyyət qurulan vaxt onların bir-birinə münasibəti o qədər yaxşı olub ki, sonradan olanlar düşmənlərin yaratdığı münasibətlər idi. Onların dövlətçilik tariximizdə heç bir rolu yoxdur və qabartmağa da lüzum görmürəm».

GÖZƏL HÜQUQÇU, İTİ QƏLƏM SAHİBİ FERMA İŞLƏTDİ?

ADR zabitləri
ADR zabitləri
Ədalət bəy Şəfi bəyin sonrakı taleyinə də aydınlıq gətirdi: «Şəfi bəyə kömək etdilər. Xəlil bəy Xasməmmədli, Ziyadxanovlardan, Xan Xoyskilərdən, Əmircanovlardan da orada yaşayanlar vardı — onlar kömək etdilər və o, təsərrüfatla məşğul olmağa başladı... Ferması vardı. Mağazaları da olub. Amma dediyim kimi, 30-cu illərdən sonra Şəfi bəyin siyasi fəaliyyətini görmürük».

ADINI ÇƏKMƏK YASAQ...

Verilişin başqa qonağı — Şəfi bəyin yaxın qohumu Əlağa Şahmalıyev uzun illər ailədə Şəfi bəyin adını çəkməyin yasaq olduğunu dedi: «Rüstəmbəylilər çox böyük nəsil olub. Mən Şəfi bəyin qardaşı Hacı bəyin qızının oğluyam. Şəfi bəy mənim anamın əmisi idi. Mənim bir bibioğlum da BDU-da beynəlxalq iqtisad kafedrasının müdiridir — Hacı bəy Rüstəmbəyli».

Şəfi bəyin yaxın qohumu Əlağa Şahmalıyev
Şəfi bəyin yaxın qohumu Əlağa Şahmalıyev
Əlağa müəllim Sovetlərin gəlişindən sonra Rüstəmbəyovların başına nələr gəldiyini də danışdı: «Bəziləri Rüstəmov oldular - bəy sözü silindi. Şəfi bəyin atasını Sovet hökuməti güllələdi. Mustafa bəy Qəbələ bölgəsinin ən sayılan adamlarından olub. İndiyə kimi də insanlar «Mustafa bəyin torpaqları, körpüsü, çəkdiyi yol» deyə xatırlayırlar. Şəfi bəyin qardaşı Cəfər bəy Tiflisin baş terapevti idi. Onlar Tiflisdə yaşayırdılar. M.C. Bağırov onu Bakıya işə dəvət etdi və 6 aydan sonra güllələdi. Nənəm danışırdı ki, onu məhbəsdə az qala acından öldürmüşdülər...».

MUSTAFA BƏY NƏDƏN GÜLLƏLƏNDİ?

Ədalət bəy əlavə etdi ki, Cəfər bəy Cümhuriyyət dövründə Şimali Qafqazda —Kubanda Azərbaycanın səfiri olub: «Həkim kimi də çox peşəkar idi. O, 1924-cü ildə İstanbula gedib Şəfi bəylə görüşmüşdü. Şəfi bəyin atası Mustafa bəy də Cümhuriyyəti həddindən artıq sevən bir insan idi. Hətta Cümhuriyyət ordusuna 20 min cüt çəkmə və paltar bağışlamışdı. Mustafa bəyi də Müsavat hökumətinin Daxili İşlər Nazirinin müavinin atası olduğu üçün güllələdilər».

- Həyatının sonlarına yaxın - 1953-cü ildə «Türkiyədən gələn bir müsafirlə» Bakıdakı qohumlarından xəbər tutmaq istəyən Şəfi bəyə qohumları nə cavab göndərdi?

- Şəfi bəyin İstanbulda kimi qalıb?

Tarixin bu ağrılı məqamlarını öz qulağınızla eşidin.

«İz»i elə buradan dinləyin
XS
SM
MD
LG