Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

Vaqif Bayatlı Odərin Məhəmməd peyğəmbər haqda şeirləri (Mətn)


Vaqif Bayatlı-Odər
Vaqif Bayatlı-Odər
-

Şeirləri aşağıda oxu!


Şair Vaqif Bayatlı-Odər yeni mükafata layiq görülüb. O, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin İslam peyğəmbərinə həsr etdiyi «Nati Şərif» adlı şeir müsabiqəsində birincilik qazanıb (Şahin Fazillə birgə). Ünlü şair AzadlıqRadiosunun «İz» proqramına telefonla müsahibə verib. (Şeiri aşağıda dinlə)

--Vaqif bəy, təbrik edirəm...

--Sağ olun. Şeir müsabiqəsini Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi keçirirdi. Birinci yeri mənə veriblər. Mən özüm gedə bilmədim. Xəstəyəm. Ürəyim ağrıyır, təzyiqim də var. Ağır idim. İndi evin içində gəzə bilirəm ancaq. Ona görə özüm getmədim. Sağ olsun, əvəzimdə Tamam xanım (həyat yoldaşı—S.İ.) getdi. Mükafatı aldı...

--Hansı şeiri təqdim etmişdiniz müsabiqəyə?

--Bu müsabiqə Həzrəti-Məhəmmədin (s) doğumunun 442 illiyinə həsr olunmuş «Nati-Şərif» şeir yarışması idi. Mən də ona həsr etdiyim şeiri göndərmişdim. Pul mükafatı da veriblər, sağ olsunlar. Bu, mənim birinci mükafatım deyildi. Əvvəllər də, bir neçə mükafatım olub. Hətta Gürcüstan Nazirlər Sovetinin ən yüksək mükafatını da almışam.

--Mükafatlandırma mərasimi necə keçib? Tamam xanım nə danışdı?

--Gözəl keçib. Birinci yer, ikinci yer, hətta həvəsləndirici mükafat da olub. Hamı ürək sözünü deyib.

--Vaqif bəy, vəziyyətiniz doğrudanmı belə ciddidir? Adam sizə qıymır, sizi sağ-salamat, odlu-alovlu görmək istəyirik...

--Vəziyyətim çox da fərəhli deyil... Allahın köməkliyi ilə, görək də necə olacaq? Mənim vəziyyətim xalqımızın, dünyanın vəziyyətiylə bağlıdır. Dünya da, xalqın vəziyyəti də tam düzələndə, mən də düzələcəm. Mən ən kiçik təzyiqdən belə təhlükə altına düşürəm. Təsəvvür edin ki, 100-140 təzyiqlə 3 dəfə beyinə qansızma baş verib məndə. Sonra ürəyimdə problemlər var. Problem olmayan yerim yoxdur... Bir dəfə təcili yardım həkimləri bilmirdilər neyləsinlər. Tamam xanım götürüb Rafiq Tağı rəhmətliyə zəng vurmuşdu. O da telefonda həkimlərə dedi ki, filan iynələri vurun. Həmin iynələrdən sonra ayılmışdım. Allah onun ruhunu şad eləsin!

--Amin! Heyf ondan...Vaqif bəy, ürək və təzyiq şeir yazmağa mane olmur ki?

--Şeir yazmağa heç nə mane ola bilməz! Dünyada hətta ən qəddar hökmdarlar da şeir yazmağa mane ola bilməyiblər...

--Nə yaxşı ki, ola bilməyiblər...

--... Hə, fikrimcə, şeir yazmağa heç kəs mane ola bilməz. O baxımdan şairlərin bəxti gətirib. Bəlkə rəssamlar rəng tapa bilməyələr, musiqiçilər orkestr problemi yaşaya bilərlər. O baxımdan, poeziya sənəti tənha sənətdir. Asılı olacaq kimsə və nəsə yoxdur. Oturub yazırsan...

--Onda ən son şeiriniz hansıdır—deyə sora bilərəmmi?

--Mənim ən son şeirim yoxdur. Adətən, ürəyimdə bir neçə şeir qaynayır və dalbadal gəlirlər... Ona görə də, bilmirəm son hansı olur. Ən son yəqin ki, Məhəmməd peyğəmbərlə bağlı olandır.

--Yadınızda varsa, bizə o şeirdən bir az söyləyə bilərsizmi?

-- Əlbəttə, yadımdadır! (Vaqif bəy şeiri oxuyur)

--Sağ olun, Vaqif bəy, sizə sağlamlıq arzulayırıq. Gün o gün olsun öz mükafatınızı özünüz qəbul edəsiniz!

--Elə siz də bu sözlərinizlə mənə mükafat verdiniz! Təşəkkür edirəm!

Vaqif Bayatlı Odərin öz dilindən həmin mükafat alan şeiri eşitmək istərdinizmi? Şeiri buradan dinləyə bilərsiniz.


Vaqif Bayatlı Odərin müsabiqədə birinci olan şeirləri


Vaqif Bayatlı Odər


Peyğəmbərin meracı

Tanrım, O kimdi gedir hey,
Baxmır küləyə, yağışa,
gedir, gedir üzü göyə,
göylə danışa-danışa.

Durmur, durmur, gedir yenə
son dağı aşantək aşır
yerüzündən göyüzünə,
“Ya Rəsulallah” – deyir
onun yolundan çəkilən,
onu yola salan dağlar,
onu yola salmaqçün
göyə dikələn çaylar,
“Ya Rəsulallah” – deyir
göydə onu qarşılayan,
əllərini öpən göylər.

O dayanmır, gedir yenə,
aşır bizə görünməyən
başqa bir göyüzünə.
O, bütün Kainata
Eşqnur yayır aytək, güntək,
Tanrım, O daha görünmür,
O indi ancaq duyulur,
bilinməz olur Sənintək.

Bu dağları bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
Tanrım, o Ruhunuru,
O İlahinur elçisin
bir daha görmək üçün
bu göyü də aşağı çək.

Bir gün bir an gələcək,
bu göy də o dağlartək
aşağıya çəkiləcək,
keçir indi ordan da O,
heç zaman görmədiyimiz,
heç zaman duymadığımız
başqa göyə baxa-baxa,
ordan da başqa dünyanın
ayı kimi çıxa-çıxa,
günü kimi doğa-doğa.

Orda da, orda da
“Ya Rəsulallah” – deyir aylar,
“Ya Rəsulallah” – deyir günlər,
“Ya Rəsulallah” – deyir göylər.


Göyüzünün Peyğəmbərin ayağı altına gəlməyi

Ruhlar ucaldı getdi,
gözlər yaşa oxşadı,
kimlər qocaldı getdi,
kimlər ağaca, daşa,
kimlər quşa oxşadı.

O hara getdi, yürüdü,
elə onu görən anda
anaların qucağında
min illər hönkürən daşlar,
ağlayan quşlar kiridi.

O, göyə baxmadan nəsə
göylər haqda oxuyurdu,
həm də hər gün hər göy üçün
daha gözəl, daha təzə
göyqurşağı toxuyurdu.

Bir gün gördü, toxuduğu
göyqurşağı deyil, nəsə
bu dünyada hər şeydən
daha gözəl, daha təzə,
həm elə bil görünür,
həm də görünmür gözə.

Göyü toxuya-toxuya
O, eşqdən ağlayırdı,
O oxumurdu daha,
ancaq bilmirdi göz yaşı
çoxdan çatıbdı Allaha,
həm də bilmirdi ki, Tanrı
Tanrıqurşağı deyibdi
toxuduğunun adına,
o qurtarcaq, bir göyüzü
enib gələcək göylərdən
onun ayağı altına.



Yerin, Göyün ən şahanə rəngləri
Peyğəmbərin əsgərləri


Onlar hər an bu millətin,
Peyğəmbərin əsgərləri,
Qarabağ, Kıbrıs, Fələstin -
düşmən boğazında bu gün
onların xəncərləri,
ən iti xəncərdən də iti,
iti, iti səngərləri

Onlar hər an Peyğəmbərin
görünməyən əllərini
hər yerdə duyub görərlər,
o əllərlə birgə onlar
yerüzündə, göyüzündə
Tanrı Eşqini hörərlər.

Gecə-gündüz, gündüz-gecə
hər an o Eşqi hördükcə
eşqdən, daş çatmayan anlar
daş yerinə başlarını,
palçıq çatmayan anlar
palçıq yerinə qanlarını,
yaranan cansız görünsə,
elə o an da canlarını,
ruhlarını verər onlar.

Bu dünyadan getsələr də,
yenə dünyanın üstündən
hamımıza baxar onlar,
yerüzünə, göyüzünə
nur paylayan üzləriylə
gecə-gündüz ay yerinə,
gün yerinə çıxar onlar.

Tanrım, onlarçün sən özün
o ayı, o ulduzu da
göyüzü bağından dərdin,
göyüzünün ən şahanə,
ən şux rənglərini də
Peyğımbər əsgərlərinə,
Türk bayraqlarına verdin.

İndi bütün ulduzlar, Ay
Peyğəmbər əsgərlərinə,
Türk bayraqlarına baxıb
“O ay, ulduz mənəm” - deyir,
“Kaş mən də, mən də Türk olam,
mən də Türkə dönəm” – deyir.

Canım, dinlə, gör bir necə,
gecə-gündüz, gündüz-gecə,
hər zaman, hər bir anda da
hətta göylər susanda da,
neçə islam bayrağında,
neçə Türk bayrağında Göy:
“Allah, Məhəmməd” – deyir hey,
neçə islam bayrağında,
neçə Türk bayrağında Ay:
“Allah, Məhəmməd” – deyir hey.
XS
SM
MD
LG