Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:38

Əli Həsənov: «Hesab edirəm ki, mənim çağırışımda qeyri-adi heç nə yoxdur»


Əli Həsənov
Əli Həsənov
-
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov apa-ya müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

İlk sual ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyəti haqqında illik hesabatında Azərbaycanın tənqid olunması barədədir.

«Azərbaycan hakimiyyəti hesabatı necə qiymətləndirir» sualına Əli Həsənov cavabında deyib ki, ABŞ Azərbaycanın strateji tərəfdaşıdır.

- Bu dövlətlə Azərbaycan arasında münasibətlərin üç əsas istiqaməti vardır. Bunlar energetika, təhlükəsizlik və demokratiya məsələləridir. Buna görə də Dövlət Departamentinin hesabatında Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyətinə diqqət yetirilməsinə normal yanaşırıq. Lakin hesabatın subyektiv xarakteri, informasiya mənbələrinin açıqlanmaması, bəzi faktların təhrif edilməsi, ən əsası isə bu və ya digər məsələlərə dair Azərbaycanın rəsmi orqanlarının mövqeyinin öyrənilməməsi ümumilikdə sənədin obyektivliyini şübhə altına almağa tam əsas yaradır.

- Hesabatda qeyd edilib ki, Azərbaycanda qanunlar söz və mətbuat azadlığına təminat versə də, senzura birmənalı şəkildə qadağan olunsa da, hakimiyyət tez-tez bu tələbləri pozur. Sənəddə hakimiyyətin söz azadlığını və KİV-lərin müstəqilliyini, interneti məhdudlaşdırmaqda davam etdiyi, mətbuatın yayımına, reklam əldə etməsinə əngəllər törətdiyi, jurnalistlərin hədələndiyi, döyüldüyü və həbs olunduğu iddia edilir. Bu ittihamlar nə dərəcədə faktlara söykənib?

- Bu gün Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, bu və ya digər şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Azərbaycanda 5000-ə yaxın KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib, 55 televiziya və radio kanalı, çoxsaylı internet resursları fəaliyyət göstərir... «İnformasiya əldə etmək haqqında» Qanun jurnalistlərin dövlət orqanlarından informasiya əldə etməsinə tam təminat verir. Bu sahədə nöqsanların aradan qaldırılması üçün ATƏT, Avropa Şurası və digər beynəlxalq və yerli təşkilatlarla birgə tədbirlər keçirilir, informasiya sahəsində KİV-lərlə dövlət orqanları arasında əməkdaşlıq gücləndirilir. Azərbaycan çox nadir ölkələrdəndir ki, mətbuatın inkişafına dövlət dəstəyi həyata keçirilir, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu siyasi mövqeyindən asılı olmayaraq müəyyən texniki şərtlərə uyğun gələn bütün qəzetlərə yüksək məbləğdə maliyyə vəsaiti ayırır...

Təəssüf ki, hesabatda hər bir ölkə üçün xarakterik olan ayrı-ayrı mənfi hallar, bir çox hallarda təhrif olunmuş məlumatlar qabardılır və onların əsasında ümumi qənaət formalaşdırılmasına cəhd edilir. Məsələn, iddia olunur ki, Azərbaycanda qəzetlərin tirajı nadir hallarda 5000 nüsxəni keçir. Məsələn, «Yeni Müsavat», «Azərbaycan», «Zerkalo» və bir sıra digər qəzetlərin gündəlik tirajı 10 mindən artıqdır. Hesabat müəlliflərinin diqqətinə çatdırmaq istərdim ki, reklam məsələsində hər hansı ayrı-seçkilik yoxdur və ola da bilməz. Etiraf edilməlidir ki, Azərbaycanda reklam bazarının məhdudluğu medianın, xüsusilə mətbuatın inkişafına maneə törədən ciddi problemdir və biz hazırda bu problemin həlli ilə məşğuluq... O ki qaldı jurnalist təhlükəsizliyi məsələsinə, qeyd etməliyəm ki, konkret hər bir hal nəzarətə götürülür və əgər zorakılıq və təzyiq faktları təsdiqini tapırsa, müvafiq tədbirlər həyata keçirilir.

​2009-cu ildə prezidentin tövsiyəsi ilə jurnalistlərin diffamasiya hallarına görə cinayət məsuliyyətinə cəlb olunmasına moratorium tətbiq edilib. Vətəndaşlarla KİV-lər arasında mübahisəli məsələlər inzibati qaydada məhkəmələr vasitəsilə həll olunur. Mətbuat vətəndaşlar haqqında yalan və böhtan xarakterli məlumatlar yayırsa, onları şantaj edirsə, məhkəməyə müraciət edərək öz hüququnu qorumaq hər bir vətəndaşın Konstitusiya ilə təminat verilmiş hüququdur. Məhkəmələrin belə hallara görə çıxardığı qərarları siyasiləşdirmək və bunu guya ölkədə müstəqil mediaya qarşı təzyiq vasitəsi kimi qələmə vermək məsələyə qərəzli yanaşmadan başqa bir şey deyildir. Onu da əlavə etmək istərdim ki, hazırda «Diffamasiya haqqında» qanunun qəbul olunması ilə bağlı Azərbaycan Avropa Şurasının Venesiya Komissiyası ilə yaxından əməkdaşlıq edir.

Hesabatda Azərbaycanda internetin vəziyyətinə kölgə salmaq cəhdləri heç bir halda ciddi qəbul oluna bilməz. Son məlumatlara görə, Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Bu gün «Facebook» sosial şəbəkəsinin Azərbaycandan olan istifadəçilərinin sayı artıq bir milyonu keçib. Ölkədə 300-ə yaxın aktiv siyasi, iqtisadi, sosial yönümlü internet resursu, 20-dək internet televiziyası, 30-dan çox internet radiosu fəaliyyət göstərir.

- Hesabatda Azərbaycanla bağlı səsləndirilən fikirlərdə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına da yer ayrılıb. ABŞ Dövlət Departamenti hesab edir ki, hakimiyyət Bakının mərkəzinə yaxın yerlərdə aksiyaların keçirilməsini məhdudlaşdırıb, dinc siyasi etiraz vasitələrini mütəmadi inkar edib, sanksiyalaşdırılmamış nümayişlər zamanı gücdən daha çox istifadə olunub.

- ...Təəssüf ki, müəyyən siyasi qruplar aksiyaların keçirilməsinə şərait olmayan ictimai yerlərdə etiraz aksiyaları təşkil etməyə, sabitliyi pozmağa, iğtişaşlar törətməyə çalışırlar. Həmçinin belə aksiyaların ictimaiyyətin diqqətini cəlb edəcək mövzular adı altında reallaşdırılmasına cəhdlər göstərilir. Azərbaycanda heç bir dinc nümayişçi həbs olunmur. Həbsə alınanlar qeyri-qanuni aksiya keçirərək Azərbaycanda sabitliyi pozmaq, vətəndaşlar arasında qarşıdurma yaratmaq istəyənlər, zorakılığa yol verənlər və hüquq-mühafizə orqanlarına müqavimət göstərənlərdir. Bu günədək insanların qeyri-qanuni şəkildə saxlanması, həbs olunması, onlara işgəncə verilməsinə dair hər hansı fakt müşahidə edilməyib. Dövlət Departamentinin hesabatında guya saxlanılan şəxslərə işgəncə verildiyi barədə göstərilən rəqəmlərin hansı mənbələrdən alındığı bizə məlum deyil.

Sərbəst toplaşmaq azadlığı mövzusunda xüsusi olaraq bir məsələyə də diqqət yetirməyi vacib hesab edirəm. Bu gün Azərbaycana irad tutan xarici dairələr ilk növbədə də öz ölkələrində baş verənlərə diqqət ayırsaydılar, daha səmimi görünərdilər... Bu gün Avropanı bürüyən maliyyə və iqtisadi böhranla əlaqədar öz narazılıqlarını bildirən dinc nümayişçilərə qarşı su şırnağından, rezin güllələrdən və digər bu kimi vasitələrdən istifadə olunması geniş praktikaya çevrilib. ABŞ və Avropada insanların sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına göz yumanların Azərbaycana qarşı haqsız iradlarını heç bir halda səmimi qəbul etmək olmaz.

- ABŞ Dövlət Departamenti Azərbaycanda mülkiyyət hüququna münasibətdə lazımi prosedurların gözlənilmədiyini, nəticədə məcburi köçürmələrə, binaların şübhəli əsaslarla sökülməsinə yol verildiyini, sakinlərə əmlakları müqabilində adekvat kompensasiya verilmədiyini qeyd edir. Sizin fikrinizcə, hansısa QHT-lərin hesabatları fonunda bu cür rəy vermək nə dərəcədə düzgündür?

- Mülkiyyət hüququ ilə bağlı məsələlər 2012-ci ilin martında Bakıda «Eurovision» mahnı müsabiqəsi keçirildiyi ərəfədə müəyyən xarici dairələr və Azərbaycanda bəzi müxalifət qrupları, QHT-lər tərəfindən süni qaydada aktuallaşdırılaraq gündəliyə gətirildi. Həmin vaxt və sonrakı dövrdə də biz izahat verdik və bildirdik ki, bəzən infrastruktur layihələri həyata keçirilərkən vətəndaşların köçürülməsi qaçılmaz zərurətə çevrilir. Bu gün əminliklə deyə bilərəm ki, köçürülən insanların hər biri yeni, daha yaxşı yaşayış yeri ilə təmin edilib. Təklif olunan mənzillərdən imtina edən vətəndaşlara isə hər kvadratmetrinə görə 1500 manat və daha yüksək məbləğdə pul verilib. Sadəcə olaraq köçürülən şəxslərin bəziləri müxalifət partiyalarının fəalları olublar ki, bu amildən də ölkəyə qarşı geniş istifadə olunmasına cəhdlər göstərilib. Hesab edirəm ki, Azərbaycan vətəndaşlarının mülkiyyət hüququnun pozulması ilə bağlı iddialar reallığı əks etdirmir və müəyyən siyasi maraqlara hesablanıbdır.

- Əli müəllim, hesabatda Azərbaycanda hərbi hissələrdə əsgər ölümü, zorakılıqların geniş yayılması ilə bağlı narahatlıq ifadə edilib. Azərbaycan hakimiyyətinin bu məsələyə münasibətini bilmək maraqlı olardı.

- ...Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Silahlı qüvvələrimiz daim yüksək hərbi hazırlıq vəziyyətində öz missiyasını layiqincə yerinə yetirir. Təəssüf ki, biz təkcə hərbi əməliyyatlar zamanı deyil, bəzi hallarda dinc şəraitdə də əsgər ölümü halları ilə üzləşirik. Əlbəttə, belə hallar bizi ağrıdır, incidir. Əsgər ölümü faktları prezidentin göstərişi ilə araşdırılır, müvafiq hərbi hissə komandirləri cəzalandırılır, gələcəkdə də bu cür halların qarşısının alınması üçün qətiyyətli addımların atılacağı şübhəsizdir. Amma heç bir dövlətin ordusu əsgər ölümündən sığortalanmayıb. Bu məsələdən öz siyasi məqsədləri uçun istifadə edərək Milli Ordumuzu nüfuzdan salmağa çalışan həm xarici, həm də daxili qüvvələr bilməlidirlər ki, Azərbaycan xalqını belə populist şüarlarla aldatmaq və yanlış yola istiqamətləndirmək mümkün olmayacaqdır.

- Azərbaycanda məhkəmə sisteminin icra hakimiyyəti orqanlarından asılılığı məsələsi hesabatda xüsusi vurğulanır. Həmçinin təcridxanalarda, müvəqqəti saxlanma yerlərində vətəndaşlara qarşı işgəncə faktlarının artdığı qeyd edilir.

- Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər, sistemli islahatlar həyata keçirilib. Çoxpilləli məhkəmə sisteminin yaradılması, hakimlərin sayının artırılması, onların seçimində müasir metodların tətbiqi, məhkəmələrin fəaliyyətinə effektiv nəzarət mexanizminin formalaşdırılması, onun səmərəliliyinin təmin edilməsi və s. Azərbaycanda ədalətli məhkəmə-hüquq sisteminin təşəkkülünü şərtləndirən mühüm amillərdir. Digər tərəfdən, Azərbaycan Avropa Şurasının üzvü kimi insan haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına daxildir və bu məhkəmənin qərarları ölkəmiz üçün imperativ xarakter daşıyır. Hesab edirəm ki, həyata keçirilmiş tədbirlər və mövcud durum məhkəmə sisteminin hakimiyyətdən asılı olması ilə bağlı iddialara tutarlı cavabdır. Əlbəttə, hər hansısa hakimin bu və ya digər səbəbdən qeyri-obyektiv qərar çıxarması istisna deyil, lakin belə hallar kütləvi xarakter daşımır, tendensiya kimi xarakterizə oluna bilməz.

Təcridxanalarda və müvəqqəti saxlanma yerlərində işgəncə faktlarının artmasına dair hesabatda əksini tapmış statistikaya gəldikdə, ilk növbədə, bu rəqəmlərin mənbəyi düşündürücüdür. Maraqlıdır ki, hesabatda hakimiyyət orqanlarına istinadən 2012-ci ildə Daxili İşlər Nazirliyində 225, Ədliyyə Nazirliyi sistemində isə 460 vəzifəli şəxsin insanların hüquqlarını pozduğuna görə cəzalandırılması faktına etinasızlıq nümayiş etdirilir. İstənilən halda bu statistika insan hüquqlarını pozan vəzifəli şəxslərə qarşı müvafiq sanksiyaların tətbiq olunduğunu göstərir və ölkədə guya cəzasızlıq mühitinin hökm sürdüyü barədə iddiaları təkzib edir.

- Sənəddə Azərbaycanda qanunlara düzəlişlərin QHT-lərin sərbəst fəaliyyətinə məhdudiyyət yaratdığı iddia olunur.

- Bu, subyektiv yanaşmadır... «Qeyri-hökumət təşkilatları haqqında» Qanuna əlavə və dəyişikliklər bu sahədə şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Artıq sirr deyil ki, son illər ölkəmizdə fəaliyyət göstərən xarici təşkilatlar milyonlarla dollar məbləğində qrantları şübhəli layihələrə istiqamətləndirir və bununla bağlı heç bir hesabat vermirlər. Son hadisələr, xüsusilə ABŞ Milli Demokratiya İnstitutunun Bakı nümayəndəliyinin fəaliyyəti ictimaiyyətdə geniş müzakirələrə yol açmaqla dediklərimin əyani sübutu kimi göstərilə bilər. Eynilə bir sıra yerli QHT-lər yüksək məbləğdə qrantlar alırlar, layihələr gerçəkləşdirirlər, lakin bu haqda müvafiq dövlət orqanlarına hesabat verməkdən boyun qaçırırlar. Halbuki, dövlət orqanlarından şəffaflıq tələb edən QHT-lər ilk növbədə özləri nümunə ortaya qoymalı, açıq işləməlidirlər. Qanuna əlavə və dəyişikliklər yalnız qeyri-şəffaf fəaliyyət göstərməkdə, əsl məqsədlərini pərdələməkdə maraqlı olan təşkilatları narahat edə bilər.

- Əli müəllim, hesabatda Azərbaycanda «siyasi məhbusların» olduğu və onların sayının artdığı iddia edilir. Hətta bildirilir ki, 2012-ci ildə «siyasi məhbus»ların sayı 10 nəfərdən 100 nəfərə qədər olub.

- ...Bəzi «hüquq müdafiəçiləri» Azərbaycanda «siyasi məhbus istehsalı» ilə məşğuldurlar. Bu, onların biznes sahəsinə çevrilib. Təəssüf ki, bəzi mötəbər qurumlar da belə «hesabatlara», donoslara, heç bir əsası olmayan iddialara istinad edərək, Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyəti məqsədli şəkildə təhrif etməyə çalışırlar. Hesab edirəm ki, bu ilin əvvəlində Avropa Şurasında Christoph Strässer-in «siyasi məhbus»larla bağlı hesabatına AŞPA-nın böyük əksəriyyət təşkil edən sağlam mövqeli deputatlarının obyektiv reaksiyası həmin mövzu ətrafında möhtəkirliyə son qoydu. ABŞ Dövlət Departamentinin hesabatında bəzi QHT-lərin donoslarının AŞPA-nın mövqeyindən üstün tutulması yalnız acı təəssüf doğura bilər. Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair subyektiv mülahizələr və əsassız iddialar qəbuledilməzdir. Biz strateji partnyorumuz olan ABŞ-a və onun rəsmi təsisatlarına hörmətlə yanaşırıq və ikitərəfli münasibətləri şərtləndirən bütün sahələr üzrə əməkdaşlığımızı davam etdirmək əzmindəyik. Bununla yanaşı, biz həm ABŞ-ın rəsmi strukturlarından, həm də beynəlxalq təşkilatlardan obyektivlik və səmimi münasibət gözləyirik.

- Əli müəllim, hesabatda o da bildirilib ki, siz bəzi QHT-lərə, mediaya qarşı ictimai nifrətə çağırış etmişiniz.

-2012-ci ildə Prezident Administrasiyasının QHT rəhbərləri ilə geniş görüşü təşkil olundu. Həmin görüşdə mən «Eurovision» mahnı müsabiqəsi zamanı Azərbaycanı qaralamağa, nüfuzdan salmağa, ləkələməyə çalışan bəzi qrupların, onların rəhbərlərinin fəaliyyətini kəskin tənqid etdim və ictimaiyyəti belələrini qınamağa çağırdım. Hesab edirəm ki, mənim çağırışımda qeyri-adi heç nə yoxdur. Necə olur, hansısa xarici ölkənin rəsmisi ictimaiyyəti, vətəndaşları vətənpərvərliyə çağıranda, milli maraqları ayaq altına atan ünsürlərə qarşı barışmaz olmağa dəvət edəndə, bu, normal qarşılanır, amma Azərbaycanda yasaq olunmalıdır? Mən bu gün də əminəm ki, dövlətçiliyimizə qarşı işləyən, onun əsaslarını sarsıtmağa çalışan, xarici ermənipərəst dairələrin əlində vasitəyə çevrilənlərə qarşı cəmiyyətimiz barışmaz mövqe tutmalı, onlar ifşa edilməlidirlər.
XS
SM
MD
LG