Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Aqşin Yenisey: "Peşəkar oxucu Səməd Vurğunun “Azərbaycan” şeirinə “2” də yazmaz"


Aqşin Yenisey (solda) və Sərdar Cəlaloğlu
Aqşin Yenisey (solda) və Sərdar Cəlaloğlu

Nizami Cəfərov Sərdar Cəlaloğluna: "Əşi, Kommunist Partiyası sənə Azərbaycan Respublikasını verib, Azərbaycan dilini verib".

-

Nizami Cəfərov:

- Əşi, Kommunist Partiyası sənə Azərbaycan Respublikasını verib, Azərbaycan dilini verib.

Sərdar Cəaloğlu:

- Elə deyirsiz, guya mən zəhəri qiymətli kağıza büksəm, udarsız?..



Səməd Vurğun kimdir: poeziyada zirvə, yoxsa sovet mifi?

Bu dəfə “Pen klub”da bu suala cavab axtardıq. Parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, Səməd Vurğunu ("Vaqif" pyesində Şah Qacarın mənfi obrazını yaratdığı üçün) "dılğır" adlandırmaqla qalmaqal yaratmış ADP sədri Sərdar Cəlaloğlu, şair Aqşin Yenisey və Yazıçılar Birliyinin Qazax şöbəsindən Ələddin İncəliylə.

“LƏĞV OLUNSUN!.."

Sərdar Cəlaloğlu:

- Mən Səməd Vurğun yaradıcılığında iki əsərin Azərbaycanın milli maraqlarına zidd olduğu üçün kitablardan çıxarılmasını istəyirəm. Bunun biri “26-lar” poemasıdır, orda Şaumyan təbliğ olunur, 31 mart hadisələri soyqırım kimi yox, inqilab kimi təqdim olunur. Səməd Vurğun 26 adamın öldürülməsinə yekə poema yazıb, amma Bakıda öldürülən 26 min adamdan bir kəlmə də yazmayıb. Təbii ki, bu, sovet hökumətinin konyukturası idi, bəlkə də sovet hökuməti onu buna məcbur etmişdi. Əgər doğrudan da bu dövrün tələbiydisə, məcburən yazılıbsa ləğv olunsun. İkinci əsər “Vaqif” dramıdır. İranda süni surətdə Qacarı fars hökmdarı kimi qələmə verirlər. Azərbaycanda da Səməd Vurğun rusların təhriki ilə, dövrün tələbi ilə Qacarı fars hökmdarı, qaniçən kimi verir. Halbuki Qacar Şuşaya separatizmin qarşısını almağa gəlmişdi...

“O YAZIÇI BÖYÜKDÜR Kİ, DÖVRÜNÜN TƏLƏBLƏRİYLƏ RAZILAŞMAYIB”

Şahnaz Bəylərqızı:

- Aqşin bəy, Səməd Vurğunun həmin iki əsərindən imtina etmək lazımdırmı?

Aqşin Yenisey:

- Səməd Vurğuna haqq qazandıran bircə dənə arqument var. Bu da sovet dövründə uydurulmuşdu: şair, yazıçı dövrünün övladıdır, zamanın qanunlarına tabedir. Amma o yazıçı böyükdür ki, öz dövrünün qanunları, tələbləriylə razılaşmayıb. Bunlara qarşı çıxıb... Səməd Vurğun həddindən artıq savadsız şair olub, mənim poeziyaya münasibətim çərçivəsində bunu deyirəm. Məsələn, bu adamın öz müasiri Qorkinin yaradıcılığından xəbəri olmayıb. Biz iki şeyi qarışdırırıq: aşıqla şairi. Aşıq ayrı, şair ayrı... Şair intellektual istedada malik olmalıdır. Aşığın intellektə ehtiyacı yoxdur, əlinə saz ver, ağzına gələni oxuyacaq.

Ş.Bəylərqızı:

- Sizcə, Səməd Vurğun şair yox, aşıq idi? (ardı aşağıda)

Aqşin Yenisey
Aqşin Yenisey


“ŞEİRDƏN BAŞI ÇIXAN “AZƏRBAYCAN” ŞEİRİNƏ HEÇ “İKİ” DƏ YAZMAZ”

A.Yenisey:

- Səməd Vurğun da aşıq təfəkkürlü idi. Səməd Vurğunun istedadını müəyyən etməkdən ötrü onun “Azərbaycan” şeirini oxumaq lazımdır: “Lənkəranda limon sarı...” Limon elə sarı olar da, qırmızı limon olar? “Azərbaycan” onun ən məşhur, dillər əzbəri olan şeiridir. Şeirdən başı çıxan adam, peşəkar oxucu “Azərbaycan” şeirinə heç “iki” də yazmaz... İki-üç il bundan qabaq “Drujba narodov” jurnalında bir yazı çıxmışdı. O yazıda deyilir ki, Səməd Vurğunla Rəsul Rza SSRİ Yazıçılar İttifaqına dəvət olunurlar və bunları uşaq kimi danlayırlar ki, siz hara baxırsız, Azərbaycanda milliyyətçilik, türkçülük baş alıb gedir. Həmin yazıda deyilir ki, hər iki şair tribunaya qalxırlar və etiraf edirlər ki, bəs Mikayıl Müşfiqi, Hüseyn Cavidi, Əhməd Cavadı kim ifşa elədi?

“O, ƏN BÖYÜK ŞAİR, ƏN BÖYÜK İCTİMAİ XADİM VƏ ƏN BÖYÜK İDEOLOQ İDİ"

Ələddin İncəli:

- Səməd Vurğun haqda deyilənlərin hamısı haqsızlıqdır. Səməd Vurğun zəmanəsinin ən böyük şairidir, ən böyük ictimai xadimidir, ən böyük ideoloqudur. O nəinki Azərbaycanın, bütün dünyanın azadlığını tələb edən şair idi. O bütün qaradərililərin azadlığını tələb edirdi “Zəncinin arzuları” poemasında. “26-lar” poemasında bir Şaumyanın adını çəkib deyə o boyda əsəri pisləmək olmaz. Beynəlxalq... nəyi deyim vaxtilə tənqid edən ən yaxşı əsərlərdən biri olub. Orda Şuamyana baba deməyib. “Ziyafət” şeirində deyib: “Mənim babam olmuş “26-lar”...” Şaumyana deməyib baba, “26-lar”ı ingilislər öldürmüşdü, elə o sözlə də ingilisləri ifşa etmişdi Vurğun. İndi o sözdən Cəlaloğlu bərk yapışıb. Bir də Qacar haqda danışdı. Qacar bizim azadlığımız uğrunda Şuşaya qoşun çəkib qanımızı tökmüşdü? O, Şuşanı işğal etməyə gəlmişdi. Bir dəfə işğal edə bilmədi, getdi Gürcüstana, bir il sonra qayıtdı. İkinci dəfə də vaxtilə qulağını kəsdiyi qapıçısı tərəfindən öldürüldü. Qacara Cəlaloğlu kimi adamlar düzgün qiymət verə bilməzlər. Səməd Vurğun onu xalis işğalçı kimi vermişdi və özü də düz vermişdi. Qacar azadlıq üçün gəlmişdi deyirlər. Bunu hardan, hansı tarixdən oxuyublar?... Bu əsərlərdən imtina etmək olmaz. “Vaqif” dünya durduqca duracaq.

“SƏMƏD VURĞUN VAQİFİN ARVADINI ƏXLAQSIZ KİMİ VERİB”

S.Cəlaloğlu:

- Deyir ki, Səməd Vurğun bütün xalqların azadlığı uğrunda vuruşub. Ancaq etiraf etmək lazımdır ki, Səməd Vurğun Azərbaycan xalqının azadlığı uğrunda vuruşmayıb. Yəni bu haqda şeiri yoxdur. Ondan bir misal gətirəcəm. Himnimizin müəllifi Əhməd Cavad haqqında yazırdı: “Mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadam...” Bu adamlar sonradan bəraət aldılar, məlum oldu ki, xalq düşməni deyillər. Bunlar öz xalqlarına, dinlərinə sadiq qaldıqlarına görə, güllələnib, sürgün edilib. “Vaqif” dramında Səməd Vurğun Vaqifin arvadını əxlaqsız qadın kimi təsvir edir, guya bir qarının sözüylə Xuraman getdi xanın yanına, dünyanın harasında tarixi şəxsiyyətin arvadı belə verilir? Bu bir. İkincisi, siz deməklə deyil ki, Qacar işğalçıdır. Pənahəli xanın separatist olduğunu rus mənbələri də, fars mənbələri də təsdiqləyir, o,ruslarla birləşib şahlıq yaratmaq istəyirdi. Deyir ki, Gürcüstana səfər etdi. Niyə? Çünku gürcü knyazları ardıcıl Qazax mahalını yandırıb talan edirdilər. Qacar od vurdu gürcüləri yandırdı. (ardı aşağıda)

Nizami Cəfərov
Nizami Cəfərov


“SƏMƏD VURĞUN MİLLİ KOMMUNİST OLUB”

Nizami Cəfərov:

- Məsələnin paradoksal cəhəti odur ki, Ağa Məhəmməd şah Qacar da böyük şəxsiyyətdir, Molla Pənah Vaqif də, Səməd Vurğun da. Səməd Vurğun şair kimi, sənətkar kimi, düşüncə adamı kimi çox nəhəngdir. Yəni Səməd Vurğunla 1930-40-50-ci illərdə heç bir Azərbaycan şairini müqayisə etmək mümkün deyil. Bəli, Səməd Vurğun kommunist şairdir, kommunist ideologiyasına xidmət edib, özü də çox yüksək səviyyədə xidmət edib. Eyni zamanda, milli kommunist olub, kosmopolit olmayıb, öz xalqını sevib. Öz xalqının tarixini yaxşı bilib, xalqının tarixinə xidmət edib.

Ş.Bəylərqızı:

- Amma Qacarla bağlı “Vaqif” pyesində təhriflər var. Buna necə baxırsız?

N.Cəfərov:

- Bu, bədii əsərdir.

S.Cəlaloğlu:

- Buna Stalin mükafatı veriblər ey. Niyə? Rusların sifarişi ilə yazıb.

N.Cəfərov:

- Bütün böyük əsərlərə, hətta milli əsərlərə də Stalin mükafatı verirdilər.

S.Cəlaloğlu:

- Bir dənə belə milli əsərin adını çəkin. Bu, rusun tapşırığına əməl etdiyinə görə və Qarabağın bizdən qoparılmasına haqq qazandıran əsər olduğuna görə mükafat verilmişdi.

N.Cəfərov:

- Yox, yox, yox...

S.Cəlaloğlu:

- Necə yox? Bizim ədəbiyyatdan, sovet dövlətinin siyasətindən başımız çıxmır? Nizami müəllim, biz “26 Bakı komissarları”nın heykəlini götürdük, adları da hər yerdən götürüldü. İndi Səməd Vurğunun xatirinə “26-lar” poemasını ədəbiyyatda saxlayaq? Bu ikili standart nə deməkdir axı? Mən Səməd Vurğunun şəxsiyyətinə nəsə deyirəm?

N.Cəfərov:

- Sərdar bəy, Səməd Vurğunun şəxsiyyətinə demisiz də.

S.Cəlaloğlu:

- Mən əsəbiləşdim və o sözü dedim. Saytın rəhbərinə də dedim ki, bunu ordan çıxarın. İndi bu adam maraqlıdır ki, təhqiri versin, mən neyləyim?..

N.Cəfərov:

- Mən sizi başa düşürəm. O söyüşü çıxmaq şərtiylə... Bir də əsər qadağan olunsun fikri...

S.Cəlalaoğlu:

- Qadağan deyəndə təbliğ olunmasın.

N.Cəfərov:

- Onsuz da təbliğ olunmur. Sən indi “26-lar”ı təbliğ edə bilərsən?

S.Cəlaloğlu:

- Yeni nəşrində bu əsərlər salınmasın.

N.Cəfərov:

- Yox, yox, onlar salınmalıdır. A kişi, bu sənət əsəridir. Səməd Vurğunun o poemasında “o millət rəhbəri Rəsulzadədən” ifadəsi var idi. Bir neçə il sonra Rəsulzadə yazmışdı ki, Səməd Vurğuna böyük təşəkkürlər düşür ki, başqalarından fərqli olaraq mənim adımı poemasına salıb və mənim xalqım məni unutmayacaq.

S.Cəallaoğlu:

- İndi kiməsə satqın, xəyanətkar, şarlatan deyəndə bu, xidmət olur? Rəsulzadə də o mənada deyib ki, məni söyüb nə deyim...

N.Cəfərov:

- Bir var Süleyman Rüstəm partiyadan yazıb, bir var Mikayıl Müşfiq, bir də... Bilirsən də, Müşfiqin də Stalin haqda poeması var. Baxır necə yazır... “Bəşərin vicdanı, eşqi, ürəyi, zehni düşüncəsi, fikri diləyi, bütün Yer üzünün xoş gələcəyi, hər zövqü-səfası partiyamızdır...”

S.Cəlaloğlu:

- Bəs o Sibirdə çürüyən, repressiyalara məruz qalan, 75 min azərbaycanlını güllələyən Kommunist Partiyasına belə şeir yazarlar?

N.Cəfərov:

- Bu kişi sənin ana dilini yaradıb.

S.Cəlaloğlu:

- Yaradıb. Amma nəyi? Mənə düşmənimi gözəl təqdim edib. Mənim gözümü bağlayıb, mən 70 il bilməmişəm ki, bu partiya mənim anamı ağladıb.

N.Cəfərov:

- Əşi, Kommunist Partiyası sənə Azərbaycan Respublikasını verib, Azərbaycan dilini verib.

S.Cəlaloğlu:

- Elə deyirsiz, guya mən zəhəri qiymətli kağıza büksəm, udarsız?.. (ardı aşağıda)

soldan sağa: Sərdar Cəlaloğlu, proqramın aparıcısı Şahnaz Bəylərqızı, prodüseri Cavid Zeynallı və Aqşin Yenisey proqramdan sonra
soldan sağa: Sərdar Cəlaloğlu, proqramın aparıcısı Şahnaz Bəylərqızı, prodüseri Cavid Zeynallı və Aqşin Yenisey proqramdan sonra


“MİKAYIL MÜŞFİQİ GÜLLƏLƏTDİRƏN, GEDİB SALYANDA CEYRAN KABABI YEYƏN ŞAİR”

Aqşin Yenisey:

- Mən sovet ədəbiyyatı haqda Nizami müəllimin fikirlərinə qarışmıram. Mən Səməd Vurğunu Mikayıl Müşfiqi güllələtdirən, Hüseyn Cavidi sürgünə göndərtdirən və gedib Salyanda ceyran ovlayıb ceyran kababı yeyən şair kimi təsəvvür edirəm. Və Azərbaycan ədəbiyyatında Səməd Vurğunun ədəbi irsi, nəsli kəsilib. Bu gün Azərbaycan ədəbiyyatında Səməd Vurğundan qidalanan şair yoxdur. Nizami müəllim də yaxşı bilir ki, böyük şairdən sonra irsi, məktəbi qalır. Səməd Vurğun sifarişlə yazıb. Tamamilə hökumət şairi olub. Necə ki indi də hökumətə işləyən şairlər var. Şair ekskavator haqda şeir yaza bilər? Məsələn, onun “Sarvan” haqda poeması var, ekskavator orda qazır, bu da onu mədh edir. Səməd Vurğun yazdı ki, Sarvan adında oğlan bütün günü ekskavatorla sevişir. Bu şair haqqında ciddi söz demək olmaz.

Ş.Bəylərqızı:

- Nizami Cəfərov onun ana dilini saflaşdırmasından danışdı. Bu haqda nə düşünürsüz?

A.Yenisey:

- Xeyr! Azərbaycan dili Səməd Vurğunu yaratmışdı. Səməd Vurğun Azərbaycan dilini zədələdi. Bu, qazaxlıların uydurduğu şeydi...

N.Cəfərov:

- Səməd Vurğun ekskavator haqda nə şeir yazıb, nə poema. Orda zərif bir yer var: “Ekskavator sözü yoxdur Sarvanımın öz dilində. Ancaq ona həmdəm oldu öz yurdunda, elində...”

A.Yenisey:

- Elə mən də onu deyirəm.

N.Cəfərov:

- Şair ekskavator sözünü işlədə bilməz?.. Bu nə deməkdir? Bu nə səviyyəsizlikdir?

S.Cəlaloğlu:

- Hüseyn Cavidlə Müşfiq sovet hökuməti vaxtında fiziki məhv edildikləri kimi Səməd Vurğun da mənəvi məhv edildi.

“ÖZÜ ÇIXIŞINDA DEYİB Kİ, AYNA SULTANOVANI MƏN GÜLLƏLƏTDİRDİM”

N.Cəfərov:

- Bir də Səməd Vurğunla qazaxlıları eyniləşdirməyin. Bu düzgün deyil. Bu ona bənzər ki, Hüseyn Cavidlə naxçıvanlıları eyniləşdirəsən. Gülünc söhbətdir. Qazaxlılar Səməd Vurğunu müdafiə etdi nə əhəmiyyəti var, etmədi nə əhəmiyyəti? O cavan oğlan bir söz də dedi. Nə Mikayıl Müşfiqin, nə Hüseyn Cavidin ölümündə, sürgün edilməsində Səməd Vurğunun günahı var.

S.Cəlaloğlu:

- Səməd Vurğunun 1937-ci ildə SSRİ Yazıçılar İttifaqının plenumunda çıxışı var, orda deyib ki, getdim Bağırovun yanına 4 saat ona xalq düşmənlərinin kim olduğunu izah etdim. Onların hamısını təmizlədilər və əlavə adamların ifşa olunmasında iştirak edəcəm. Bu, Teyyub Qurbanovun kitabındadır.

N.Cəfərov:

- Teyyub Qurban nə vaxtın mənbəsidir? Mən bütün plenum materialları ilə tanışam. Orda elə şey yoxdur. Mən tədqiqatçıyam. Səməd Vurğunun heç bir yerdə heç kimin əleyhinə imzası olmayıb. O, ömrünün sonuna qədər təhdidlər məngənəsində olub.

S. Cəlaloğlu:

- Siz tarixi təhrif edirsiz. Özü çıxışında deyib ki, Ayna Sultanovanı mən güllələtdirdim, vətən xainidir. Deyir ki, Ələkbərli haqda Bağırova dedim, xalq düşməni kimi məhv etdilər.

N.Cəfərov:

- A kişi insafsızlıq eləmə. Bağırov Səməd Vurğuna qulaq asırdı? Sənin dediyin mənbə deyil axı. Vurğun Bağırovun qəbuluna girə bilmirdi.

S.Cəlaloğlu:

- Qəzetdə çıxışından sitat gətirirəm mən.

Ə.İncəli:

- Nizami müəllimin söhbəti ürəyimdən oldu. Səməd Vurğunu ancaq Qazax şairi, ya da qoşma yazdığına görə aşıq kimi qələmə vermək olmaz. Bu onun böyük sənətini danmaqdır. Yazıçıların ikinci qurultayında Səməd Vurğun çıxış etdi ki, şairlərə sifariş verilməsin, azadlıq verilsin. Bunu tribunadan demək cəsarət tələb edirdi. Ona ləkə yaxmaq mümkün deyil...

TARİXİ ŞƏXSİYYƏTLƏRİ TƏHQİR ETMƏK OLMAZ?

Ş.Bəylərqızı:

- Nizami bəy, tarixi şəxsiyyətlərin qorunması haqda qanun layihəsi hazırlanmasını təklif edirsiz. Bunu zəruri edən nədir?

N.Cəfərov:

- Tarixi şəxsiyyətlərimizi müzakirə etməliyik. Bunun söhbəti yoxdur. Buna görə də kimisə elan etmək olmaz ki, toxunulmazdır. Olmaz. Sərdar bəy həmin sözü təsadüfən dediyini söylədi, belə olsa həmin qanuna ehtiyac olmayacaq.

S.Cəlaloğlu:

- Bunun sizin qanunla, təzyiqlə əlaqəsi yoxdur. Həmin gün redaktora dedim ki, o sözü çıxar, çıxarmayıb. İkincisi, tarixi şəxsiyyət anlayışı nə sosiologiyada, nə politologiyada, nə də lüğətdə var.

A.Yenisey:

- Bu qanun layihəsini təklif edənlər öz atalarını müdafiə etmək üçün bu addımı atırlar, yəni mühakimədən sığortalanırlar. İkincisi, belə çıxır ki, kimsə tarixi şəxsiyyətdirsə, onu təhqir etmək olmaz, amma tarixi şəxsiyyət deyilsə, adi vətəndaşdısa təhqir etmək olar. Bu, məntiqsizlikdir, sərsəm ağlın ideyasıdır.

N.Cəfərov:

- Bu cavan oğlan nə danışır, özü də bilmir. Söhbət odur ki, nə adi vətəndaşı təhqir etmək olar, nə də qeyrisini. Bununla bağlı Mülki Məcəllədə cəza var. Tarixi şəxsiyyəti isə söyəndə cəmiyyət özü qiymətləndirəcək ki, bax bu qabiliyyətsizdir...

PROQRAMI TAM İZLƏ
XS
SM
MD
LG