Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:26

Misir Mərdanov işdən çıxarıldı


Misir Mərdanov
Misir Mərdanov
-

Misir Mərdanovun qısa tanıtması

​Misir Mərdanov 1946-cı ildə Ermənistanın İcevan rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.

Uzun müddət Universitetin həmin fakültəsində müəllim və dekan müavini vəzifələrində çalışıb.

1989-1992-ci illərdə Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi və nazir müavini vəzifələrində işləyib.

1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru, 1997-ci ildə Universitetin rektoru olub.

Son 15 ildə isə Təhsil naziri vəzifəsində çalışırdı.

“Əməkdar elm xadimi”, "Şöhrət" ordeni ilə təltif edilmiş Misir Mərdanov hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının və İdarə heyətinin üzvüdür.

Azərbaycan mediası onun hakimiyyətdə əslən Ermənistandan olan klanın qeyri-rəsmi rəhbəri kimi təqdim edirdi. 2005-ci ildə Səhiyyə naziri Əli İnsanovun həbs edilməsindən dərhal sonra Bakının dəbdəbəli otellərindən birində mətbuat konfransı keçirən Misir Mərdanov hakimiyyətdəki ermənistanlıların president İlham Əliyevə dəstəyinin davam edəcəyini demişdi.

Azərbaycan mediası həm də Misir Mərdanovun son illər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə ilə ciddi münaqişədə olduğunu yazırdı.


Təhsil naziri Misir Mərdanov işdən azad edilib. Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı sərəncamda nazirin vəzifədən azad olunmasına heç bir səbəb göstərilmir.

Prezidentin başqa bir sərəncamı ilə Təhsili naziri vəzifəsinə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təyin olunub.

Hələlik rəsmi təsdiq olunmamaış xəbərlərə görə Misir Mərdanov Milli Elmlər Akademiyasında Riyaziyyat İnstitununun direktoru vəzifəsinə təyin edilir.

Mikayıl Cabbarov hazırda həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin dövründə nazir müavini vəzifəsində çalışıb. 2009-cu ildə isə prezident İlham Əliyevin sərəncamı ilə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilib.


MİKAYIL CABBAROV

1976-cı il sentyabrın 19-da Bakıda doğulub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

ABŞ-da Sakramento şəhərindəki hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb.

1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi çalışıb.

2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində işləyib.

2004-cü il fevralın 20-də iqtisadi inkişaf nazirinin müavini təyin olunub.
2009-cu il martın 6-da Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru təyin edilib.

Ailəlidir, iki uşağı var.
XS
SM
MD
LG