Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

ABŞ rəsmisi Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti fəallarına təzyiqlərə son qoymağa çağırır


Tomas Melia Bakıda mətbuat konfransında
Tomas Melia Bakıda mətbuat konfransında
-
«Üçüncü dəfə namizədlik məsələsi bizim üçün o qədər də ciddi əhəmiyyət kəsb etmir. Bizim üçün önəmli olan bu il baş tutacaq seçkilərin azad və ədalətli olmasıdır».

Bakıya səfər edən ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Thomas Melia aprelin 18-də keçirdiyi mətbuat konfransında belə deyib.

O, Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyəti fəallarına təzyiqlərə son qoymağa və qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün maneələri aradan qaldırmağa çağırıb:

«Biz hökuməti müxalifətlə dialoqu genişləndirməyə çağırırıq ki, qarşıdan gələn seçkidə müxalifət partiyalarının sərbəst fəaliyyəti üçün şərait yaransın. Bu, Azərbaycanın demokratik standartları yerinə yetirməsi üçün imkanlar yaradır».

Milli Demokratiya İnstitutunun Azərbaycanda gələcək fəaliyyətinə toxunan T.Melia bu həftə qurum nümayəndələrinin Azərbaycan rəsmiləri ilə görüşlər keçirdiyini bildirib. O, demokratiya ideyalarına sadiq olan qurumların, xüsusilə Azad Fikir Universitetinin fəaliyyəti üçün şərait yaradılmasının əhəmiyyətini vurğulayıb.

T.Melia deyib ki, REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovla görüşmək üçün sorğu veriblər:

«Amma bu sorğuya heç bir aydın cavab almadıq. Bizə aydın şəkildə nə hə dedilər, nə yox. İlqar Məmmədovun ailə üzvləri ilə görüşdüm. Bundan əvvəlki səfər zamanı İlqar Məmmədovun özü ilə görüşmüşdüm. Bu dəfə onun özü ilə görüşə bilmədiyimə təəssüflənirəm».

Bir neçə gündür Bakıda səfərdə olan Thomas Melia prezident də daxil olmaqla rəsmilər, eləcə də müxalifət təmsilçiləri ilə görüşüb. Onun Azərbaycana səfəri aprelin 18-də başa çatır.
XS
SM
MD
LG