Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:31

«Biz sekstremistlərik»


Hannoverdəki aksiya
Hannoverdəki aksiya
-

Ukraynada yaradılmış “Femen” qrupunun Almaniyada səfərdə olmuş Rusiya prezidenti Vladimir Putinə qarşı apelin 8-də keçirdiyi yarıçılpaq etiraz aksiyasında iştirak etmiş qızlardan biri – Oleksandra Şevçenko Hannoverdən Azadlıq Radiosunun rus xidmətinə müsahibə verib. Putinlə Almaniya kansleri Merkelin bir addımlığına yaxınlaşa bilmiş qızlar bədənlərinə Rusiya prezidenti ilə bağlı söyüş də yazmışdlar: “Diktator, get s…”


- Putinlə bağlı nə probleminiz var? Ona niyə etiraz edirsiz?

- Putinlə problemi olan tək biz deyilik. Məncə, bütün planetin onunla problemi var. O təkcə Rusiya vətəndaşlarına yox, bütün dünyaya bəs qədər ziyan vurub. Əgər sən öz demokratik rəyini bildirməkdən qorxmursansa, onda gedib bunu onun üzünə demək sənin borcundur. Açığı, sizin sualınız məni təəccübləndirdi, çünki bütün dünya daim bu problemlərdən danışır. Onlar hər gün qəzetlərdə, televiziyalarda Putinlə əlaqəli problemlərdən danışırlar. Biz sadəcə, bütün dünyanın istədiyini lakonik şəkildə ifadə edirik. Yaxşı olardı ki, getsin, ən yaxşısı isə o olardı ki, bizim onu göndərdiyimiz yerə getsin.

- Alman polisi sizə qarşı sərt davrandı. Kimsə xəsarət alıbmı?

- Bizimlə sərt davranan alman polisi yox, Putinin təhlükəsizlik xidməti oldu. Alman polisi bizi sadəcə ədəb-ərkanla maşına mindirdi və polis bölməsinə apardı.

- İki ölkənin rəhbərinə bu qədər yaxınlaşmağa necə nail ola bildiniz?

- Biz sekstremistlərik. Bunun yolunu bilirik. Biz bunun detallarını aça bilmərik. Bu, qaydalarımıza da ziddir, mənafeyimizə də.

- Vladimir Putinin o anda üz cizgilərini görə bildinizmi?

- Əlbəttə. Mən onun gözünün içinə baxırdım. Bu onun üçün sürpriz idi, güman ki hətta şoka düşmüşdü ki, onun təhlükəsizlik xidməti belə bir səhv buraxıb. Onun ətrafındakı canlı sipərdə “deşik” tapıb ordan içəri keçmişdik. Onun reaksiyası belə idi: maymaqcasına təəccübə qarışmış təbəssüm və üzünün axmaq ifadəsi.

- Siz kürəyinizi Putinə çevirə bildinizmi? O orada rusca yazılanları gördümü?

- Mənim sinəmdə ingiliscə “Diktator, get…” yazılmışdı. O, savad görmüş adamdı, məncə ingiliscə olan yazını başa düşməliydi.

Hannoverdəki aksiya
Hannoverdəki aksiya
- Alman polisi sizə qarşı cinayət işi qaldırıbmı?

- Bəli, cinayət işi açılıb. İndi biz müstəntiqin qərarını gözləyirik ki, həmin iş məhkəməyə göndəriləcək, yoxsa bağlanacaq.

- Hannoverdəki aksiya haqda ətraflı məlumat verə bilərsizmi?

- Bu aksiyanı iki Ukrayna vətəndaşı keçirib. Mən və Oksana Saçko. Bu həmin Oksana Saçkodur ki, keçən il Putinin səsvermə qutusunu oğurlamışdı. Daha bir aksiyaçı Rusiyadan idi – İrina Xanova. İki nəfərsə almaniyalı idi. Biz Almaniya mətbuatına minnətdarıq ki, bizim haqqımızda obyektiv yazır. Rusiya və hətta Ukrayna mətbuatından fərqli olaraq. Alman mətbuatının bu davranışına görə, alman qadınları “Femen” təşkilatı və bizim ideyalarımız haqda ətraflı məlumata malikdir. Bizim artıq Belçika, Kanada, Braziliya, ABŞ, hətta Tunisdə də üzvlərimiz var.

- Sizcə Almaniyadakı insident nəylə bitəcək? Alman polisi sizə qarşı nə ölçü götürəcək?

- Açığı, biz ümid edirik ki, alman polisi düzgün qərar verəcək. Almaniyada hakim olan demokratiya və qanunlara əsaslanacaq. Kremldən olan qorxuya yox. Ümid edirik ki hər şey yaxşı qurtaracaq. Biz nə qorxuruq, nə Almaniyadan qaçmaq fikrimiz var, nə də haradasa gizlənmək fikrimiz.

“Femen” təşkilatı insan haqlarını pozanlara qarşı aksiyalar keçirir. Xüsusən də qadınlara qarşı zorakılıqları pisləyən çıxışlar edir.
XS
SM
MD
LG