Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Milli Demokratiya İnstitutunun (NDI) qeydiyyatı 4 aya bitir


ABŞ-ın Milli Demokratiya İnstitutunun loqosu
ABŞ-ın Milli Demokratiya İnstitutunun loqosu
-
ABŞ-ın Milli Demokratiya İnstitutunun (azərbaycanca MDİ, ingiliscə- NDI) Azərbaycandakı qeydiyyatı bu il iyulun sonunda başa çatır. Bu məlumatı AzadlıqRadiosuna bir neçə mənbə təsdiqləyir.
MDİ 2012-ci ilin iyulunda birillik sazişlə qeydiyyata alınıb. Bu, qanunvericiliyə edilən son dəyişikliyə uyğun aparılıb. Belə ki, Nazirlər Kabinetinin 16 mart 2011-ci il tarixli qərarına əsasən xarici QHT-nin ölkədə fəaliyyət göstərməsi üçün Ədliyyə Nazirliyi ilə yazılı razılığı olmalıdır. Yəni Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş imzalanır, ikinci mərhələdə qeydiyyat məsələsi çözülür.

Qeyd1

İctimai birliklər və fondlar haqqında Qanun
12.3. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin dövlət qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilir. [12]
16 İL QEYDİYYATSIZ, SONRA BİRİLLİK SAZİŞ

MDİ-nin məqsədi vətəndaşların iştirakı, hökumətin açıqlığı və hesabatlılığı vasitəsilə dünyada demokratik təsisatların gücləndirilməsidir. Qurumun proqramları siyasi partiyaların inkişafına yardım və seçkilərin qorunmasını hədəf götürüb. MDİ hazırda dünyanın 5 qitəsində, 110-dan çox ölkədə layihələr reallaşdırır.

MDİ Azərbaycana 1995-ci ildə, keçmiş prezident Heydər Əliyevin dəvəti ilə gəlib. Bunu institut rəhbərliyi öz bəyanatlarında dəfələrlə vurğulayıb. İctimai rəydə belə bir təsəvvür yayılıb ki, qurum “centlmen razılaşması” əsasında işləyir və məhz balansı gözləmək, eləcə də hakimiyyətin təzyiqindən uzaq olmaq üçün hökumətyönlü təşkilatlara da qrant verir.

MDİ-nin Bakı ofisi 2011-ci ildə, Nazirlər Kabinetinin sözügedən qərarından sonra bağlansa da, ilin sonunda yenidən işə başladı. Bəzi mənbələr ofisin açılması xahişinin ən yüksək dairələrdən gəldiyini bildirir. Bir müddət sonra yerli media bu qurumun, nəhayət, qeydiyyata alındığını xəbərlədi. Ancaq indi üzə çıxır ki, ötən il bağlanmış sazişin müddəti iyulda bitir və MDİ yenə də qeydiyyatsız qalır.
Ədliyyə Nazirliyindən də quruma “saziş verildiyini, həmin vaxt qeydiyyat məsələsinə də baxıldığını” bildirirlər. Nazirliyin hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov bu barədə danışacağını vəd etsə də, sonradan zənglərə cavab vermədi.

Qeyd2

Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru Alex Grigorievs bir müddət əvvəl facebook səhifəsində yazırdı:
«Milli Demokratiya İnstitutu Azərbaycanda keçmiş prezident Heydər Əliyevin dəvəti ilə 1995-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində təşkilat vətəndaş cəmiyyəti qurumlarına, gənc liderlərə yardım göstərməyə və digər vətəndaşların öz icmalarını yaxşılaşdırması üçün yerli hökumətlə dinc və konstruktiv əməkdaşlığını hədəf götürüb. MDİ tərəfsizdir, onun gerçəkləşdirdiyi proqramlar nə hökumətyönlü, nə də hökumət əleyhinə qüvvələrə dəstək məqsədi güdmür. Onun proqramları yol, işıq, kommunal xidmət, parklar və bu kimi yerli infrastrukturu yaxşılaşdırmaq üçün dialoqa köməklik edib, eləcə də dərs otaqları, kitab klubları, ətraf mühitə dair layihələrin həyata keçirilməsinə yardımçı olub. Milli Demokratiya İnstitutu Azərbaycan vətəndaşlarının öz seçki proseslərinin bütövlüyünü qorumaq cəhdlərini tərəfsiz yerli seçki monitorinqi vasitəsilə dəstəkləyir. İnstitut seçkilərin hər hansı nəticəsində maraqlı deyil».
Problemə bələd olan, amma adının çəkilməsini istəməyən hüquqşünas AzadlıqRadiosuna deyir ki, qanunvericiliyə son dəyişiklikdən sonra belə saziş ilk dəfə elə MDİ ilə bağlanıb: “Yəqin elə məsləhət görüblər ki, həmin müddətin uzadılması ilə bağlı hər il əlavə görüşlər, razılaşmalar olsun, yeni saziş bağlansın”.
Qurumun iyuldan sonraya planları nədir, təkrar qeydiyyat üçün müraciət edəcəkmi? Bu suallara cavabında MDİ-nin Azərbaycan üzrə direktoru Alex Grigorievs yalnız onu bildirir ki, “MDİ Azərbaycan qanunlarına uyğun olaraq tam qeydiyyata alınıb”.
RƏSMİ CAVAB OLA BİLƏR
Bu ilin əvvəlindən MDİ-nin adı “inqilab hazırlamaq” qalmaqalında hallanır və buna əsas kimi qurumun Alex Grigorievsin bu məqsədlə 2 milyon dollara yaxın nağd pul xərclədiyi iddiası səslənir. Nümayəndəlik, ABŞ səfirliyi bunu yalanlasa da, baş prokuror Zakir Qaralov ötən həftə ABŞ səfirinə göndərdiyi məktubda MDİ-nin bir sıra qanunları pozduğunu bildirib. 2005-ci ildə də MDİ-nin adı oxşar qalmaqalda hallanıb.

Alex Grigorievs AzadlıqRadiosuna bütün bunların şəxsən onunla deyil, Azərbaycan və MDİ (ABŞ) ilə bağlı olduğundan rəsmi cavab hazırlandığını söyləyib.
Əksər müşahidəçilər MDİ-nin Azərbaycanda həmişə siyasi iradə əsasında işlədiyini düşünərək, qurumun Bakı ofisinin açılıb-bağlanma məsələsini də siyasi qərar göstəricisi sayır.
MDİ ilə əməkdaşlıq edən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli bildirir ki, MDİ-yə belə münasibətin kökündə bu qurumun demokratiya, insan haqları məsələsinə həssas yanaşması dayanır. 2011-ci ildə Norveç İnsan Haqları Evinin Bakıdakı ofisi də eyni səbəbdən bağlanıb. Yəni hər iki qurumun bu məsələlərə dair proqramları, missiyaları var. Ekspertin fikrincə, hakimiyyətin daha bir məqsədi seçki ərəfəsində beynəlxalq qurumların təzyiqlərini önləməkdir və ya bacardıqca yumşaltmaqdır:
GÜNAH KEÇİSİ
“Hakimiyyətin cəsarəti çatmır ki, Azərbaycanı beynəlxalq qurumların üzünə qapatsın. Eyni zamanda istəyir ki, onlar öz fəaliyyətlərini hakimiyyətlə razılaşdırsınlar. MDİ ölkədə beynəlxalq qurumların fəaliyyətini neytrallaşdırmaq üçün, sadəcə, günah keçisi, uydurulmuş xortdan obrazıdır. Bu qurumun işi şəffaf və hakimiyyətə bəllidir. Gözdənsalma kampaniyası daxili auditoriyaya yönəlib”.
Anar Məmmədli
Anar Məmmədli
Anar Məmmədli Qərb təşkilatlarına basqıdan bir məqsədin də güdüldüyünü bildirir – bəzi qurumların Azərbaycana gəlişini önləmək. Məsələn, Freedom House, Amnesty İnternational kimi nüfuzlu beynəlxalq hüquq-müdafiə qurumlarının Bakıda ofisi yoxdur.
Hazırda Azərbaycanda üç beynəlxalq dövlətlərarası təşkilat fəaliyyət göstərir – ATƏT, Avropa Birliyi və Avropa Şurası. MDİ isə Bakıda ofisi olan az sayda beynəlxalq QHT-lərdəndir. Digərləri yalnız koordinator səviyyəsində təmsil olunur - Friedrich Naumann Fondu, German Marshal Fondu. Respublikaçılar İnstitutu, İFES artıq Azərbaycanda fəaliyyəti dayandırıb.
Əksər müşahidəçilər QHT-lərin qeydiyyat məsələsində ayrıseçkiliyə diqqət çəkirlər. Belə ki, bəzi QHT-lərin qeydiyyatı illərlə süründürülür, bəziləri də yaranandan 1-2 ay sonra qeydiyyata alınır. Bu ilin əvvəlində 200 manatdan artıq qrant və ianələrin nağd qəbulunu qadağan edən qanun dəyişikliklərini də QHT-lərə qarşı növbəti repressiv hücum sayanlar var.
Həmin qanun layihəsinin müəllifi, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadənin sözlərinə görə, QHT-lərin işinin asanlaşdırılmasına dair müzakirələrdə bəzi təkliflər irəli sürülüb:

“Məsələn, maraqlı bir təklif var ki, QHT-lərin qeydiyyatı da sahibkarlıq fəaliyyəti ilə məşğul olan MMC-lərin yaradılması kimi vahid pəncərə prinsipi ilə aparılsın. Müvafiq icra orqanları ilə danışıqlar başlanacaq. Ədliyyə Nazirliyində, Prezident Aparatında bu məsələylə bağlı görüşlərim olacaq”.
QHT=DÖVLƏT?
Ramiz Mehdiyev jurnalistlərə müsahibə verərkən (3 dekabr 2012)
Ramiz Mehdiyev jurnalistlərə müsahibə verərkən (3 dekabr 2012)
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev martın ortalarında AzərTac informasiya agentliyinə müsahibəsində Azərbaycanda 100-dən artıq beynəlxalq QHT-nin Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini xatırlatmışdı. O, bəzi xarici QHT nümayəndələrinin öz hesablarından nağd pul çıxarmaları ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılıq müşahidə edildiyini, vətəndaşları kütləvi iğtişaşlara yönləndirdiyinə görə bəzi nümayəndələrin əvvəllər çalışdıqları ölkələrdən çıxarıldığını da vurğulamışdı:

“Hazırda isə qərəzli fəaliyyətlərini Azərbaycanda davam etdirirlər. Halbuki, həmin QHT-lər uzun müddət Azərbaycanda qeydiyyatdan keçmək üçün dəfələrlə müraciət etmiş və öz üzərlərinə bitərəflilik, qərəzsizlik və balanslılıq prinsiplərinə riayət edəcəkləri barədə öhdəliklər götürmüşlər”.
Hüquqşünas Ələsgər Məmmədli isə diqqəti QHT-lərin qeydiyyatsız hərəkətlərinin önlənməsi üçün məhz qeydiyyat prosedurunun sadələşdirməsinin vacibliyinə çəkir:
“Bir düşünün, hər hansı beynəlxalq təşkilatın Azərbaycanda nümayəndəlik açması üçün hökumətlə həmin qurum arasında müqavilə şərt qoyulur. Bu özü hüquq prinsiplərinə ziddir, çünki Azərbaycan dövlətini hər hansı qurumla saziş bağlamaq səviyyəsinə endirirsiniz. Dövlət dövlətlə saziş bağlar. Hər hansı Azərbaycan QHT-sinin ABŞ-la saziş bağlaması ağlasığandırmı? Demək, Azərbaycanın özü xarici QHT-ləri dövlət statusuna qaldırır”.
AzadlıqRadiosu Ədliyyə Nazirliyi və Milli Demokratiya İnstitutundan əlavə informasiya almağa çalışır. Saytımızı izləyin.
XS
SM
MD
LG