Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:25

Zi-Qar (Seçmə hekayələrdən)


Ülviyyə Tahir
Ülviyyə Tahir
-

...O ki qaldı İslam ümmətinin qaraguruhdan ibarət olmasını qışqıranlara, məncə hər kəs anladığı qədər danışır. Həqiqət isə günəş kimidir, onu palçıqlamaq olmaz...


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Ülviyyə Tahir


Zİ-QAR

- Islam terror dini deyil- Mühazirəçi sözünü bitirərək kürsüdən endi.

Konfransın qələbəliyinin içində o an qar kimi əriyən nitqi ilə məni ovsunlamışdı. Onunla polemika etmək atəşi məni ilk tənəffusəcən az qala boğmuşdu. Hər kəsin zaldan çıxmasını səbrlə gözlərkən gözlərimi qətiyyən ondan ayırmadan arxasınca yönəlirdim. O isə konfrans zalından uzağa getmədən elə dəhlizdəcə dayandı.

Mən maraqlarıma təslim olaraq:

- Nitqiniz çox gözəl idi. Heç bir kəlməsinin belə hafizəmdən silinməsini istəməzdim –dedim.

O isə yorgunluq yağan baxışlarını sürətlə üzərimdə gəzdirərək:

- Təşəkkür edirəm. Ən çox nə diqqətinizə səbəb oldu? Rasselin, yoxsa Corc Zeydanın fikirləri? - soruşdu.

- Bu nəzəriyyələrlə ötəri tanış idim, amma ən çox İslamın dünyəviliyi məni çaşdırdı. Əsrlərdir İslamın çadralı qadınlar və əmmamədən ibarət qaraguruh olduğunu deyərək bağıranların səsləri sanki qulaqlarımda çınlayır. Siz bu gün o pərdəni mənim üçün qaldırdınız.

- İslamı insanlara kürk kimi tərsinə geyindirmək siyasətin işidir. Elm isə başqa söz deyir. - O, yanımıza yaxınlaşan qızdan çay fincanını alıb təşəkkür edərək mənə tərəf döndü. - Tələbələrimdəndir –qıza tərəf işarə edərək çayın xüsusi gətirilməsini ötəri izah edib sözünə davam etdi. - O ki qaldı İslam ümmətinin qaraguruhdan ibarət olmasını qışqıranlara, məncə hər kəs anladığı qədər danışır. Həqiqət isə günəş kimidir, onu palçıqlamaq olmaz.

- Bəs Zeydan, Freyd. Mən bunların İslam aləmində qəbul olunmadığını zənn edirdim.

- Bəli, Freyddən öncə Corc Zeydan tarixin təkərini şəhvanı qüvvənin hərəkətə gətirməsini irəli sürmüşdü. Bununla tam razılaşmırıq, amma..- O, sözünə ara verərək bayaqdan əllərində saxladığı fincandan çay qurtumlayaraq sözünə davam etdi.- Amma bu məsələlər faktdı . Əlahəzrət faktı danmaq olmaz..

- Yəni – mən məsələni daha da açıqlığa qovuşdurmaq məqsədilə bu yorğun alimin fikirlərinə insafsızcasına baş vurdum.

- Məsələn, ərəblərin İslamı qəbul etdikdən sonra İranın üzərinə silah çəkməyə cəsarət verən bir hadisəni ürəklə Zeydana fakt olaraq verə bilərik.

- Bəyəm ərəblərin kifayət qədər qüvvəsi yox idi ki, VII əsrin ortalarında? - Mən az qala etiraz edəcəkdim ki, O, sakit bir tövrlə:

- Məsələ kəmiyyət və keyfiyyətdə deyil, bunu siz də bilirsiniz. Məsələ ruhdadır, məsələ inamdadır. Tarixdən məlumdur ki Stalinqrad savaşına qədər almanların eyforiyası dünyanı ələ almışdı. Eyni fakt Ziqara qədər iranılar haqqında da deyilirdi.

- Zi-qar? Doğrusu, eşitməmişəm.

- Haqlısınız. Kiçik bir döyüş, amma ərəblər üçün əhəmiyyətlidi. Zeydan, Freyd tərəfdarları üçün isə göydəndüşmə bir faktdır.Əslində hadisənin kökündə nə durur?- O, çay fincanını yaxındakı masaya qoydu. Üzündə xətt kimi duran saqqalına əl gəzdirib dərindən nəfəs aldı və danışmağa başladı:

- Hirədə mərkəzi indiki İraqın ərazisində, indiki Kufə yaxınlığında qədim İranın qonşuluğunda olan bir ərəb hökuməti var idi. Əlbəttə, indi İraqın ərazısı olan Mədain o vaxt İran ərazisi idi. Lakin Nəcəf, Kərbəla və bəzi digər hissələr Hirə adlı ölkə idi. Hirə İranın himayəsində olan ərəb dövləti idi. Əslində, ora iranlıların Hirə vasitəsı ilə bədəvi ərəblərlə mübarızə aparmaq üçün düzəltdiyi sipər idi. “Dəmiri dəmirlə döymək lazımdır” ideyasını əsas tutaraq hirəlilərdən - yəni bədəvi ərəblərdən ibarət Iran sərhədçiləri yaratmışdılar. Nə isə, Hirənin başında duran Noman ibn Munzir ilə əmisi oğlu Zeyd ibn Ədiy arasında ixtilaf yaranır və ikinci, Xosrov Pərvizin sarayına gəlir, onun gəlişi elə bir zamana düşür ki, Xosrov Pərviz bir zamanlar Nomanın babasının Ənuşirəvana göndərdiyi bir məktubun əlində əsir-yesir qalmışdı. Bu məktub nə idi. Bax burası, lap maraqlıdı.

- Nə yazılmışdı ki?- Mən səbirsizcə soruşanda o, dərindən nəfəs alaraq söhbətinə davam etdi.

- Məktub və bir kəniz. Kənizi görməsə də, Xosrov məktubda kəniz barədə yazılanları oxuyanda başını itirir. Məktubda kənizin rəssam kimi təsvirini veriblər: qaşı belə, gözü nə bilim belə. Nə isə dünya gözəli. Bəlkə də kəniz elə deyildi, amma Munzir onu ideal arvad və məşuqə kimi təsvir edir. Hər il o məktubu meyar olaraq götürür və İranın hər yerindəki bütün vali və hakimlərə sərəncam göndərirdilər ki, bu xüsusiyyətlərə malik qız tapan kimi necə olursa olsun Ənuşirəvanın yanına göndərsinlər. Təbii ki, məktub zamanı gələndə Xosrovun da, əlinə keçdi. O da bu məktubun təsiri ilə axtarışlarını aparır və hərəmxanasında üç mindən artıq qadın olmagına baxmayaraq, Zeyd ibn Ədiydən bu barədə soruşur. Zeyd isə fürsəti qənimət bilib həmin qızın eyni Nomanın öz qızı olduğunu bildirir. Zeyd öz-özlüyündə plan çızır və fikirləşir ki, mən deyəndən sonra Xosrov qızı ondan istəyəcək. Noman da ki əsla qızını verən deyil. Ilk öncə ona görə ki, ərəblər lap qədimlərdən qeyri-ərəbə qız vermirdilər. Bu məsələnin ikinci bir tərəfini də Zeyd düşünmüşdü. Ikinci tərəfi isə əgər noman öz qızını göndərsə də, Xosrov bu qızın məktubda təsvir olunan qız olmadığını görən kimi Nomanın yüz faiz başqa birini göndərdiyini fikirləşəcəkdi. Yəni hər iki halda qazanacağını düşünən Zeyd qurduğu tələyə Nomanın necə düşəcəyini gözləməyə başladı.

Təbii ki, Xosrov məktub yazaraq Nomandan qızını tələb etdi. Noman isə cavab məktubu yazdı və orada bir cümlə var idi (məktubu ərəbcədən Zeyd tərcümə etdi), Zeyd məktubu oxuyarkən o cumləni təhrif etdi. Noman “şahın ixtiyarında iranlı öküzgözlülər (irigözlülər) ola-ola ərəb qaralarına ehtiyac yoxdur” yazsa da, Zeyd “ məgər iranlı inəklər şaha bəs eləmir ki, O ərəb gözəllərini istəyir?!.” - deyə çatdırdı.

Şah necə qəzəbləndisə dörd min nəfərlik ordunu götürüb Nomanın üzərinə hücum etdi. Noman baş verənləri belə gördükdə anlaşılmazlığı aradan qaldırmaq üçün özü gəldi. Amma Pərviz necə əsəbiləşmişdisə ona özünü müdafiə etmək imkanı vermədi və filin ayağının altına atıb öldürtdü. Noman ehtiyata görə arvad-uşağını güclü qəbilə olan Bəni-Şeyban qəbiləsinə tapşırmışdı. Pərviz isə Nomanı ödürməklə kifayətlənməyib, yenə həmin ideal qızın gətirilməsini tələb edirdi. Lakin həmin qız Bəni-Şeyban qəbiləsində idi. Bəni- Şeyban qəbiləsi də təbii olaraq pənah gətirmiş bir ailəni verəcək qədər alçalmamışdı. Nəhayət, o döyüş..

- Zi-Qar…

- Bəli. Zi-Qar adlı döyüş baş tutdu. Ərəblər iranlıları ilk dəfə olaraq bərk məğlub etdilər. O vaxta kimi iranlılar heç vaxt ərəblərə məglub olmamışdılar.

- Zi-Qar. Qəribədi, – deyə səsləndim və davam etdim, - mən isə Azerdoxt hadisəsi haqqında eşıtmışdim.

- Şahzadə Fəxrəddinin eşqi. Bəli, bu məsələ də var. Nə isə, deyəsən, fasilə bitir. Bəs siz nə düşünürsünüz bu barədə?

- Mən hələ də söhbətinizin sehrindəyəm desəm, qeyri-səmimi çıxmaz ki?!

- Xeyr, buyurun.

- Bəs Vill Dorant haqqında nə deyərdiniz?

- Ikinci hissədə, səhv etmirəmsə, bir həmkarım onun fikirlərindən bəhs edəcək.

Biz zala keçəndə insanların azaldığının fərqinə vardıq. Amma nə bu məsələ, nə də ürəyimi üzən aclıq vecimə deyildi. Mən islamın dünyəviliyini kəşf etməyə artıq niyyətlənmişdim.
XS
SM
MD
LG