Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:27

Elçin Hüseynbəyli. Boz eşşəyin məktubları


Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli
-

Doyunca şıllaqlıyıram, soncuxluyuram, anqırıram, ağnıyıram, ümumən allahın məni mükafatlandırdığı bütün işlərdən görürəm. Yem də boldu. Yeməkdən də kökəlmişəm. Ağız-burnumun əyrisi düzəlib...


Elçin Hüseynbəyli


BOZ EŞŞƏYİN MƏKTUBLARI

("Ha anqırdım, səsimə səs verən olmadı...")


Kəndə ünvansız yazdığım məktub qaçaqaç düşəndə karıxıb kənddə qoyduğumuz eşşəyimizin əlinə düşüb. Eyni zamanda sevindiyindən və kədərləndiyindən xeyli anqıran, ora-bura soncuxlayan eşşəyimizin səsinə səs verən olmayıb, axırda götürüb mənə sicilləmə bir məktub yazıb.

Həmin məktubun məzmununa keçməzdən əvvəl sizə bir demişəm, bir də deyim ki, mənim eşşəyə xüsusi münasibətimin bir çox səbəbi var. Əvvəla, mən eşşəyimizin ulu babası ilə bir gündə anadan olmuşam. İkincisi, bizim kənddə uşaq gözün açanda dədə-nənəsin, bir də qapıdakı eşşəyi görür. Üçüncüsü, uşaqların nənni yerinə minib yırğalandığı bir nənələrinin kürəyi, bir də eşşəyin beli olur, dördüncüsü və ən vacibi bizim kənddə eşşəyi olmayana türmədən çıxmış adam kimi baxırlar...

Eşşəyimizə xüsusi münasibətimi "Eşşək haqında ballada" hekayəsində yazdığımdan bunun üstündə ətraflı dayanmağa lüzum görmürəm və sizin də qiymətli vaxtınızı almaq istəmirəm. Ona görə də eşşəyimizin mənə yazdığı məktuba keçək. Görək eşşəyimiz nə yazır:

...Qağa, ("Qağa" bizim zonanın milli sözüdü) siz gedəli, yəni qaçaqaç düşəli mən eşşəklikdən çıxmışam. Məndə eşşək sifəti qalmıyıb. Yəni eşşəklikdən çıxmağıma səbəb başıma gələnlər olub və onları bircə-bircə sənə deməsəm ürəyim soyumaz. Deməli, bir dəfə mən adi günlər kimi durub, bir ağız anqırdım, gərildim, yıxılıb ağnadım, sonra da axşamdan qalan ot-ələfi iyləməyə başlamışdım ki, böyük qağan gəlib qabağıma bir qucaq quru ot qoydu, ot tayası olan çəpərin qapısın bağlamadı, sonra da belimi sığallıyıb, heç nə demədi. Yəni belimə palan qoymadı. Və başımın kəndirin açıb getdi. Adətən mən qabağıma ot qoyanda sevindiyimdən soncuxluyuram.

Özü də yaş ot ola-ola mənə quru ot verməsi çox qəribəydi. Qağanın bu hərəkəti məni xeyli təəccübləndirdi və bu mühüm ritual, yəni sevinməkdən soncuxlamaq yaddan çıxdı. Adətən başımın kəndirin açannan sonra kəndiri ayağıma bağlıyırdılar. Məni örüşə aparıb, örüklüyürdülər. Ancaq bu dəfə belə olmadı. Düzü ürəyimə dammışdı, ya nəydi mən də başımı bir balaca irəli uzadıb onun ot-ələf iyi verən əlin iylədim. Ancaq qağan bunu hiss eləmədi və dinməz-söyləməz çıxıb getdi.

Bir müddət başım ota qarışdı və yerimdən tərpənmədim. Düzdü, ipi boğazımdan açmışdılar. Ancaq bu, mənim yadıma düşmürdü. Mən xoşluqla heç zaman başı açıq gəzməmişəm. Çünki müsəlman eşşəyiyəm.

Günortaya kimi elə öz yerimdəcə qaldım və kefimə düşüb ağnamaq istiyəndə özümü saxlıya bilmiyib, sağ böyrü üstə aşdım və onda başımın açıq olduğun hiss elədim. Yenə də məhəttəl qaldım. Bir xeyli fikirləşdim. Ancaq sən bilirsən ki, məndə fikirləşməyə baş nə gəzir (zarafatnan deyirəm), heç olsa da fikirləşməyə hövsələm çatmır. Ona görə də həyətə çıxıb, süpürgə kipriklərimi xeyli yuxarı dartdım və iri gözlərimi ətrafa gəzdirdim.

Ətrafdakı sakitliyi dağıtmaq üçün bir-iki addım həyətin ortasına tərəf getdim. Düzü bu sakitlikdən xoflandım. Günün-günorta çağı canavar yadıma düşdü. Anqırdım. Ancaq cavab gəlmədi. Sonra növbə ilə həyətin ən gözəgəlimli və səliqəli yerlərində ağnadım. Həyətdəki tut ağaclarının yarpaqlarından bir-iki ağız qırpdım, yenə də heç kim üstümə yüyürüb məni qovmadı. Həyətdə əkilən gülləri iylədim, yenə də heç kimdən xəbər çıxmadı.

Qorxum və narahatlağım daha da artdı.

Qağa, ipsiz, kəndirsiz, yiyəsiz eşşək eşşək deyil. Qudurmuş it kimi bir şeydi. Allah eşşəyi ona görə yaradıb ki, adamlar belinnən düşməsin, döysün, söysün, bir an da onu sakit qoymasın.

Könlümə və qəlbimə tökülən qəm-qüssəni dağıtmıq üçün kəndin yoluna çıxdım. Kefimi açmaq üçün bir-iki dəfə öz-özümə soncuxladım. Yolun ortasında tullandım və körpüyə tərəf dörddəmə qaçdım, sonra bir dəfə kəndin başına, bir dəfə də kəndin ayağına tərəf durub anqırdım. Səs gəlmədi. Lap uzaqdan eşşək anqırtısına oxşar bir səs eşitdim ki, sonradan həmin səs də yoxa çıxdı. Sonra dəmiryolu adlıyıb şama getdim, məni örüklədiyin futbol meydançasında bir xeyli o yan, bu yana qaçdım.

Tappur-tuppur çapdım anqırdım, yüyürdüm anqırdım, durdum anqırdım, səsimə səs verən olmadı. Ətrafda bir ünlü-cinli yox idi. Qulaqlarımı sallıyıb, başımı aşağı əyib həyətimizə gəldim. Həmişə həsrətin çəkdiyim ot tayasına gözümün ucuyla da baxmadım. Kor-peşiman uzanıb məhəttəlçiliyimi araşdırmağa başladım. Qəfildən hamının yoxa çıxması yaxşı əlamət deyildi.

Dədəm bir dəfə danışırdı ki, bəs qədim zamanlarda adamlar arannan dağa, dağdan arana köç eliyirmişlər və hamını, hətta eşşəkləri də özləri ilə aparırmışlar. Dədəm bunları fəxrnən, özü də mahnıyla deyirdi, sürtülmüş belin və köhnəlmiş palanın sübut kimi göstərirdi. Adamların eşşəksiz keçinə bilmədiklərin, bu iki məxluqun dünya binnət olannan bir yerdə yaşadığın, hətta öləndə də bir-birilərinnən ayrılmadıqların xüsusi avazla oxuyurdu. Hələ bir dəfə də dədəmin əmisi oğlunun dağdan enəndə ayağının sözünə baxmadığın və belindəki adamla birlikdə qayanın dibinə uçduğun və canın tapşırdığın kövrələ-kövrələ danışırdı... İndi heç elə şey olmazdı ki, siz dağa gedib, məni burda qoyasınız. Çox fikir elədim və bəlkə də
inanmazsan ki, həmin gün-ac susuz qaldım.

İşıqlananda durub həyəti gəzdim, əvvəlcə çəpərin dibində uşaqların oynadığı topa baxdım. Təpiklə vurub onu çəpərin dibinnən çıxardım, burnumla oxşadım, sizin iyinizi aldım. Topdan hələ də uşaqların hənirtisi gəlirdi. Sonra çovustanın açıq qapısınnan qorxa-qoxa içəri girdim, un çuvalının ağzı açıq qalmışdı. Sacınız dirəyə söykənmişdi. Ocaq yeri hələ də istiydi. Evin qapısına gəldim, əllərimi qaldırıb eyvanın məhəccərinə dirədim, içəri baxdım, nənənizdən qalan kilim eyvanın ortasında sərili qalmışdı, ancaq otaqlar bom- boşuydu. Fikir elədim ki, yəqin köçmüsünüz.

Lap dilxor oldum və ürəyimdən qara qanlar axıda-axıda yolun ortasına düşüb, qulaq yoldaşı axtarmaq ümidi ilə kəndin yuxarı başına getdim. Adanı gəzdim, «Yalbulaq»dan həvəssiz və könülsüz su içdim. Halbuki həmişə ordan su içməyin həsrətini çəkirdim. Örüş yerinə baxdım. Camışların həmişə girib xoşallandığı gölməçələrə nəzər saldım. Heç kimi görmədim. Ala qarğalar bir az uzaqlarda hələ qurumamış mal təzəklərinin üstündə uçuşurdu, qarıldaşırdı...

Bir-iki gün keçənnən sonra, bilmirəm günortaydı, yoxsa axşamıydı. Çünki siz satlarınızı mənim anqırağımla düzəltdiyiniz kimi, mən də ota aparılıb- gətirilməyimlə günün hansı vaxtı olduğunu bilirdim. Onu deyim ki, günəşli bir gün çıxmışdı, bir də gördüm ki, elə bil, göy guruldadı, şimşək çaxdı, göy aralandı, əcaib-qəraib səslər gəldi və yekə bir şey həyətimizə düşüb partladı. Həyət lərziyə gəldi. Sən demə Tamaşagilin iti evin altında gizlənibmiş və ordan çıxıb zingildiyə-zingildiyə arxa tərəf qaçdı və qəflətən böyrü üstə aşıb suya dığırlandı.

Mən heç nə başa düşmədim və durub baxdım. Ancaq göydən düşən hər nəydisə dolu-zad deyildi, zırpı bir şeyidi və yerdə yekə lağım açmışdı. Lap sonralar Karxulu Qulaməlinin tayqulaq eşşəyinin versiyasından qandım ki, göydən qəfil düşənlər allahın bəlasıymış və onu adamlara ağılsızlıq elədiklərinə görə Allah göndəribmiş. Sonra kəndə sizin dildə danışmayan adamlar gəldi.

Onlar mənim o tərəf, bu tərəfimə keçib, məni əməlli-başlı yoxladılar, quyruğumu qaldırıb altına baxdılar, növbə ilə belimə mindilər. Axırda da dalıma bir təpik ilişdirib, getdilər. Bir daha gəlmədilər. Bərk ayaqda mən onları da sahib kimi qəbul etməyə hazır idim. Çünki bizim taleyimiz belədi və eşşək olmaq üçün bizə yiyə lazımdı. İncisən də deməliyəm ki, bizim vətənpərvərliyimiz yiyəlikdən keçir. İndi onsuz da bizi heç kim eşşək yerinə qoymur. Hətta canavarlar da bizə yaxın düşmür. Heç sən də məni görsən tanımazsan. Tamam qiymətdən düşmüşük...

Hərdən darıxanda bayaq sənə dediyim Karxulu Qulaməlinin tayqulaq eşşəyi ilə (sən demə qulağı eşitmədiyinnən uzun zaman mənim anqırtılarıma cavab vermiyib) ordan-burdan söhbət edib, keçmişi yada salırıq. Dərdləşirik.

Bizim belimizdə uşaqların sevinə-sevinə ota çapdıqların yadımıza salınca xeyli qəhərlənirik. Uşaqları sevindirməkdən gözəl nə ola bilər ki. Sən demə, Qulaməlinin tayqulaq eşşəyinin şeşələri anadan gəlmə kar olub.

Anadangəlmə ona görə deyirəm ki, heç zaman öz anqırtısın eşitmiyib və fəhminən bizim necə anqırmağımızı bilir. Özü də elə bərk anqırır ki, ətrafda nə ünlü-cinli varsa, qaçaraq düşür. Kar olsa da, çox ağıllı və müdrik eşşəkdi. Dediyinə görə lap uşaqlıqdan meylini qəzetlərə salıb və o qədər qəzet oxuyurmuş ki, axırda Karxulu Qulaməli tutub qulağın kəsib.

Qulağının kəsilməsi heç onun vecinə də deyil. Çünki eşitmiyən qulaq nəyinə lazımdı, əksinə bağa-zada girəndə mane olur...

Hər gün oturub Qulaməlinin eşşəyinin keçmiş haqqında nağıllarına, gələcək haqqında mülahizələrinə qulaq asıram və doymuram. Sən bilirsən axı mən nağılpərəstəm və bu xasiyyətimə görə ulu babalarıma oxşamışam.

"Yaz gələr, yonca bitər" müdrik deyimi də bizə həsr olunub və indi hərdən siz də ondan sui-istifadə eliyirsiniz. Neynək halal-xoşunuz olsun. Bizim sizdən nəyimiz artıqdı ki...Bir bulaqdan su içmişik. Bulaq dedim, yadıma düşdü. Yalloba bulağı quruyub, o günü gözünün axırıncı yaşını axıtdı.

Nəysə, bu cür şeylərdən danışıb qanını qaraltmaq istəmirəm.

Qulaməlinin eşşəyi, yəni mənim dostum-qardaşım çox maraqlı nağıllar danışır. Dediyinə görə onun ulu babası ilə mənim ulu babam hələ lap qədimdən-dünya binnət olannan dost olublar. Sənin "hər şey taleyin işidir" fikrin tez-tez yadıma düşür və taleyimdən xeyli razı qalıram ki, iki dostun balası axır ki, bir-birin tapıb. Onların dostluqlarınnan, can-bir olmaqlarınnan danışıb başını ağrıtmaq istəmirəm. Ancaq Qulaməlinin eşşəyinin danışığında elə şeylər var ki, inanmağım gəlmir.

Qağa, onun dediyinə görə biz eşşəklər əvvəllər suda üzə, göydə uça bilirmişik. Bilmirəm düz deyir, ya yox. Həm də hər gün deyir ki, biz istəsək uça bilərik. Hərdən Mollalı dağın göstərib deyir ki, uzun müddətdir məşq eliyir və vaxtı gələndə ordan üzü aşağı atılıb uçacaq.

Bədəni ağırlıq eləsə, ruhu göyə çıxacaq. Yanımda olsuydun, sənnən soruşardım. Düz deyir, ya yox. Onu da deyim ki, Qulaməlinin eşşəyinin adı yoxdu. Onsuz da eşşəklərə ad vermirlər. Ancaq mən fürsətdən, yəni adamsızlıqdan istifadə eliyib, ona "Tayqulaq" adı verdim və o da incimədi, çünki eşitmir. Deməli, yazıq Tayqulaq Allahın göndərdiyi "bəla"nın da səsin eşitmiyib. Karxulu Qulaməli də gedəndə onu açıb buraxmıyıb. Bu sözləri eşidəndə elə yazığım gəldi, ürəyimdən qara qanlar axdı. Bilirsən də mən qoduqluqdan kövrəyəm axı. Yazıq üç gün, üç gecə canavarın qorxusunnan səsin də çıxarmıyıb, axırda Qulaməlinin iti gəlib onun ipin çeynəyib qırıb və yazıq azad olub. O da mənim kimi çox axtarıb, çox gəzib, axırda təsadüfən mənim yanıma gəlib çıxıb. Qağa, and olsun bizi yaradana onu tapmasıydım, indi anqırmaq da yadımdan çıxmışdı.

Axı biz əsasən bir-birimizi görəndə sevindiyimizdən anqırırq, çünki təklikdən
qorxuruq. Bir də ki, səsini heç kimin eşitməyəcəyini bilənnən sonra eşşəyin anqırmağı gəlmir. Bizim nəsil həm də ona görə anqırır ki, bu dünyada olmasına özünü də, başqalarını da inandırsın.

Qağa, canın haqqı sizlərə olan incikliyimin hamısın unutmuşam. Təki siz gələsiniz. Sizsiz buranın dadı-ləzzəti qaçıb. Həmişə sataşmaq üçün mənə Murtuzanın cehizdiyi deyirdiniz, elə adım da "Cehizdik" qalmışdı...

Yadındamı böyük qağanın balası olanda Murtuza oğul nəvəsinə məni
bağışlamışdı və hamınız mənə lağ eliyib gülürdünüz. Mən hələ onda təzə-təzə yük götürürdüm və özümü sındırmamaq üçün evdəki uşaqların hamısı birdən belimə minəndə də, birinci dəfə araba qoşanda da cınqırımı çıxarmadım və qürurla yeridim. Məni ucuz tutduğunuza görə hərdən inciyirdim. İnan tay incimirəm. Olur heylə şeylər. Mən sizin barədə ancaq yaxşı şeyləri yadımda saxlamışam. O da yadındadımı bir dəfə otdan gələndə uşaqlarnan çıpışırdınız. Onda mənim ayağım ağrıyırdı, nəydi yaxşı qaça bilmədim, səndə ki, sənin cığal qadanı alım, belə şeyləri xoşlamırdın.

Həmişə birinci olmaq istiyirdin və onda orağnan başımın ortasınnan
nətəhər qoydunsa, mənim gözüm qaraldı, ayaqlarım büdrədi və özümü saxlıya bilmiyib, yıxıldım. Onda sən o qədər peşiman oldun ki, tez belimdən yerə tullandın, arabanı açdın, əllərimdən tutub qaldırdın, sonra da başımı qucaqladın. Sənin bu qayğıkeşliyin yadımdan çıxmaz. Onda elə çox istədim ki, səni. Həmin günləri xatırlıyanda kövrəlirəm. Hələ bir dəfə yadındadı, məni nətəhər çapdınsa, arabanın qolları gəlib mənnən qabağa keçdi və sən başımın üstündən dəydin yerə, mən gülməkdən özümü gücnən saxladım, tez dayandım ki, birdən araba səni ayaqlıyar... Eh, yaxşı günlər vardı.

Qağa, çox xiffət eliyirəm. Kəndin bu başından o başına gedirəm, gəlirəm.

Doyunca şıllaqlıyıram, soncuxluyuram, anqırıram, ağnıyıram, ümumən allahın məni mükafatlandırdığı bütün işlərdən görürəm. Yem də boldu. Yeməkdən də kökəlmişəm. Ağız-burnumun əyrisi düzəlib. Həmişə həsəd apardığım cins inəyinizə oxşuyuram. Neynim özümdən asılı deyil. Burda ot-ələf yeyib kökələndə elə bil sizə xəyanət eliyirəm, sizin payınızdan yeyirəm.

Nəysə yazmalı-deməli dərdim və sözüm çoxdu...

Qulaməlinin də eşşəyi arzusuna çatdı. Nə qədər yalvardımsa, sözümə baxmadı.

Dedim uçma, uçsan, bəs yerdə kim qalar. Mənim qulaq yoldaşım kim olar? Nəysə sözümə baxmadı və ordan aşağı tullandı. Əl-ayağın nə qədər tərpətdisə də, uça bilmədi və tappıltıynan dəydi yerə. Gözlərini açıb, güldü və mənə: "Yaxşı uçdum eləmi, ruhum bədənimdən çıxdı. Mən gedirəm özümüzünküləri axtarmağa. Həmişə göyə baxanda məni xatırla, ulduzların arasında axtar məni"-dedi və gözünü yumdu... Deyirəm, görən, siz tərəflərə gəlib çıxmıyıb ki, onu görüb-eliyən olubsa, bir biz tərəfə də xəbər elə...

İndi tək qalmışam. Səhərlər günəşin çıxmasına, axşamlar batmasına baxıram. Gecələr ayla oynuyuram. Gözümü həyətin qapısınnan çəkmirəm. Bir taqqıltı gələn kimi qulaqlarımı şəkliyirəm. Darıxa-darıxa sizi gözlüyürəm...

Bu yaxınlarda Yalobaya çıxdım, kələsərliyin arasıyla otluya-otluya,
Qurbanalının bağının yanından keçib Tək-tutun dibinə gəldim. Yadındamı, sən həmişə məni onun dibində örüklüyürdün. Mən də onun kölgəsində yatırdım, hərdən kefim istəyəndə yarpaqlarınnan bir-iki ağız qırpırdım.

Dərdləşirdim. Sənin dəcəlliyinnən danışırdım. Tək tut səni yaman çox istiyir. Sən körpə olanda onun dibində çox yatmısan, axı. Anan pambıq yığırdı, sən isə onun dibində mışıl-mışıl yatırdın. Yadındadı?.. İndi o vüqarlı, hamını öz kölgəsinə qonaq eliyən Tək-tut boynun büküb dayanmışdı.

Qocalmışdı, rəngi-ruhu solmuşdu. Elə bil bu vəziyyətinnən utanırdı.

Qocaman Tək-tut. Sən onun tarixin bilirsən, yəqin. Yarpaqlarının pıçıltısınan hər şeyi başa düşmüsən: düşmənlərə necə sinə gərdiyin, Qaçaq Qaranı öz koğuşunda necə gizlətdiyin... Qağa, qaçaq dedim yadıma düşdü.

Xətrinə dəysə də deyəcəm. Bizdə bir məsəl var. İgidlik ondu, doqquzu dondu, biri qaçmaqdı. Deyəsən, bizimkilər 10-cu variantı seçiblər.

Nəysə, qınaq zamanı deyil.

Yazıq Tək-tut. Ağlamaq istədim, qoymadı. Dedi nə ağlıyırsan, ölməmişəm ha. Yazıq qoca Tək-tut, qocaldı, əldən düşdü və yavaş-yavaş saralıb-solmağa başladı. Gölgəsi lazım olmayan ağac kimə lazım...

Uşaq vaxtı sizin çimdiyiniz dəyirman arxı da quruyub, balıqları xiffətdən ölüb. Balıqsız suyun, susuz arxın nə qiyməti...

Səninlə birlikdə ota gedib-gəldiyimiz cığırları indi ot basıb. Adam gedib- gəlmiyən cığır kimə gərək...

Quşlar da buralardan bir dəfəlik köç eliyib. Elə bil buranın yazı-payızı yoxdu. Ağaclar çiçəkləmir. Kiminçün çiçəkləsin, axı. Bir eşşək üçünmü. Kimdi onu sayan...

Qağa, bunları yazmaqda məqsədim, səni kövrəltmək yox, kəndimizin vəziyyəti barədə xəbər verməkdi...

Qağa, sənnən cavab istəmirəm. Bilirəm ki, həmişəki kimi işin çoxdu.

Ancaq sənnən bir təvəqqem var. Mən məktubu qurtarannan sonra siz tərəfə bir-iki ağız anqırdım. İmkanın varsa, sən də biz tərəfə anqır...

fevral-1999
XS
SM
MD
LG