Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Əli Əmirli. Hasarın o üzü


Əli Əmirli
Əli Əmirli
-

Əli Əmirli


Hasarın o üzü

(2 hissəli dram)

İştirakçılar:
Humay
Qərib
Zərif
Çiçək

Gəl-gəl, yenə gəl! Kim olursan-ol, yenə də gəl,
İstər xristian, istər məcusi, istər bütpərəst ol,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil,
Tövbəni yüz dəfə pozmuş olsan belə, yenə gəl!

C.Rumi

BİRİNCİ HİSSƏ

Bər-bəzəyə iddiası olmayan adi otaqdır. Bura həm qonaq otağı, həm də kabinetdir. Otağa sağdan və soldan iki qapı açılır. Qapılar arasındakı boş divardan yaraşıqlı çərçivəyə salınmış xəttat işi asılıb. Otağın fonunda çoxmərtəbəli müasir evlər və onların arasından nəzəri dərhal cəlb etməyən minarəli məscid binası görünür. Pərdə həzin, amma kifayət qədər gərgin ovqat yaradan musiqi ilə açılır. Pərdə tam açılandan sonra hardasa uzaqdan azan səsi eşidilir. Humay başında örpək gəlir, səhnənin lap dərinliyinə çəkilib əlindəki namaz xalçasını döşəməyə sərir və namaza dayanır.

H u m a y. Rəhmli, mərhəmətli Allahın adıyla! Həmd olsun Allaha – aləmlərin rəbbinə, rəhmli və mərhəmətli olana, haqq-hesab gününün sahibinə! Biz yalnız sənə ibadət edirik, yalnız səndən kömək gözləyirik! Bizi doğru yola yönəlt. Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və azanların yoluna yox! (Səsi azalır, səcdəyə dayanır)
Z ə r i f. (Tələsik gəlir. Xeyli açıq-saçıq geyimdədir) Mama... Mama... (Humayı ibadətdə görür, əlini yellədir) Yenə uyub, qışqırsan da cavab verməyəcək. (Gedir və yenə də qayıdır. Əynində yüngül plaş, əlində sumka var) Mama, mən getdim, lazım olsam zəng elə. (Getmək istəyir) Yox, zəng-zad eləmə, dalımca da deyinmə. Bu gün mənim taleyim həll olunur. (Mobil telefonda nömrə yığa-yığa gedir)
H u m a y. İlahi, sən özün onun qəlbinə sal işığını, onu iman gətirənlərdən elə, doğru yola yönəlt, təkcə qızımızın da ürəyinə, qulağına vurduğun möhürü aç, gözlərindən pərdəni götür... (Səsi pıçıltıya dönür)
Q ə r i b. (Gəlir. Əynində yüngül plaş və portfel var) Denən bu işığı niyə yandırmırsınız? (İşığı yandırır) Evə gələrsən qabağına çıxan olmaz, qız da elə getdi ki, yeli yıxmışdı məni. Hər şey qarışıb bu evdə, üç adamıq, hərəmiz bir dərədə, yadlaşmışıq bir-birimizə. (Hənir alıb çönür və Humayı namazda görür) Elə bil evə yox, meçidə gəlirsən. Guya bunu mən gələnəcən, ya sonra eləmək olmaz! (Çıxır, bir azdan plaşsız və portfelsiz qayıdır, bir növ sözlərini demək üçün gəlir) Gərək mən də skalpeli atıb təsbeh götürüm əlimə, mollalıq eləyim, azan verim... (Gedir, bir də qayıdır) Sonra da deyir ki, soyumusan məndən, özünü yad adam kimi aparırsan. Ta demir ki, bu mənzərəni görəndə yadıma nənəm düşür, nənə də ki arvad deyil, elə nənədir. (Gedir)
H u m a y. (Namaz xalçasını yığır) İlahi, sən özün kömək ol... (Güzgüyə yaxınlaşır, örpəyi başından açır)
Q ə r i b. (Nəsə çeynəyə-çeynəyə gəlir) Qurtardınız, Humay xanım?
H u m a y. Nə yaxşı tez gəldin?
Q ə r i b. Nədi, deyirsən gedim təzədən gəlim?
H u m a y. Ayaq üstdə niyə yeyirsən, hər şey hazırdır. Yaxşı dolma bişirmişəm. İstəyirsən elə gətirim burda ye. Bu saat! (Gedir)
Q ə r i b. Başım ağrıdı. (Əliylə boynunu ovur) Serialın da vaxtıdı. (Pultu götürür, sonra da atır kreslonun üstünə) Baxmayacam, zəhləmizi tökdü, uzanır uzana bildikcə.
H u m a y. (Sinidə yemək gətirir) Yenə gözünü dikdin televizora? Özünə yazığın gəlmir?
Q ə r i b. Mən televizora baxıram?
H u m a y. Nə bilim, evə gələn kimi televizoru yandırırsan! (Süfrə açır) İndi Zərif də gələcək, amma sən onu gözləmə, çörəyini ye.
Q ə r i b. Həri, bu saat gələcək. Qız yanımdan yel kimi keçdi, heç məni görmədi. (Süfrəyə yaxın oturur) Çoxdandı biz üçümüz bir yerdə süfrə arxasında oturmuruq, əvvəllər olduğu kimi. İndi hər kəsin öz recimi var bu evdə. Qız da çoxdan qırılıb ipdən.
H u m a y. Qızdan danışma, çox firounluq eləyir, şeytan yolundadı.
Q ə r i b. İndi elə hamı şeytan yolundadı, qorxma.
H u m a y. Elə səhər yediyinin üstündəsən?
Q ə r i b. Hər gün soruşursan. Guya bilmirsən, mən bir səhər, bir də axşam yeyirəm.
H u m a y. Ona görə də rəngin qaçıb, solğundur. Özünü pis hiss eləyirsən? Başın ağrıyır?
Q ə r i b. İntervü alırsan? (Yeyə-yeyə) Lap yaxşıyam. Bir az yorğunam. Sən niyə yemirsən?
H u m a y. (Onunla üz-üzə oturur) Hələ tezdir, sən ye, mən sənə baxacam. Necədir, xoşuna gəlir?
Q ə r i b. Pis deyil, yavaş-yavaş dolma bişirməyi öyrənirsən.
H u m a y. Hər dolma bişirəndə nigaran qalıram, xoşuna gələcək ya yox?
Q ə r i b. Lap yaxşıdır, nənəm demiş tamlıdır. Yenə orucsan?
H u m a y. Sən çörəyini ye, narahat olma.
Q ə r i b. Yenə orucluqdur? Qurtarmadı ramazan?
H u m a y. Bunun ramazan orucuna dəxli yoxdur. Peyğəmbərimiz hər təzə ay çıxanda üç gün oruc tutardı.
Q ə r i b. Sən getdikcə lap fanatik olursan. Niyə özünə zülüm eləyirsən?
H u m a y. Zülüm? Sən bilsəydin bu necə bir... Yox, deməyəcəm, sən hələ başa düşə bilməzsən, hazır deyilsən. Qatıq tök, Şamaxıdan gətiriblər.
Q ə r i b. (Süfrədən aralanır) Çox gərgin bir gün keçirdim. Hələ də qollarımın keyi açılmayıb.
H u m a y. Operasiyan vardı?
Q ə r i b. Cavan qızdı, on altı yaşında, başında nə boyda şiş, beyin qabığında, yaxşı qurtardı.
H u m a y. Şükür ki, yaxşı qurtarıb. (Qabları yığışdırır)
Q ə r i b. Amma yaşamayacaq.
H u m a y. (Əl saxlayır) Yaşamayacaq? Bəs dedin yaxşı qurtardı? (Oturur)
Q ə r i b. Kəllə qapağını açıb o murdar şişi görəndə, Humay, canımdan qəribə bir titrəyiş keçdi, elə bildim bıçağın altındakı özcə qızımdı, Zərifdi. Heç belə hiss keçirdiyim olmamışdı operasiyada. (Humayın kövrəldiyini görür) Sənə də söz demək olmur, göz yaşın ovcundadır.
H u m a y. (Salfeti gözünə sıxır) Atası, anası bildi? Dedin onlara?
Q ə r i b. Atası-anası var ki? Detdom uşağıdı.
H u m a y. Allah köməyi olsun!
Q ə r i b. Şiş çoxdan işini görüb, allahdan keçib.
H u m a y. Elə demə, Allaha ağır gedər.
Q ə r i b. Bir elə həkimdən biri də yaxına durmadı, yiyəsi yox, təbii ki, pulu da yox. Qaldım meydanda tək, özü də o boyda risqlə: əlli əlliyə. Açanda gördüm ki, nə əlli əlliyə, heç on faizə də ümid yoxdu.
H u m a y. Allah insaf versin onlara.
Q ə r i b. Onlarda da günah yoxdu. Həkim xəstənin əlinə baxmasa ac qalar, amma pulu olmayanı öldürə bilmərik ki!
H u m a y. Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə əksinə, sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allahın mərhəməti genişdir. Allah hər şeyi biləndir.
Q ə r i b. (İstehza ilə gülür) Həri, biləndir, bağışlayandır... Sənin o mərhəmətli allahın o gülüzlü tifili yetimxana qoynuna atmaqla kifayətlənmədi, üstəlik ona sağalmaz bir dərd, xəstəlik də verdi, yenə də ürəyi soyumadı. O adil və rəhmli allah ona bu ağır dərdi ilə getməyə, rahat ölməyə yer də vermədi. Budur sənin bağışlayan və hər şeyi bilən mərhəmətli allahın?
H u m a y. Danışma! (Qulaqlarını yumur) Sus, danışma...
Q ə r i b. Niyə? Sən mənə qurandan sitat gətirirsən, ayə oxuyursan, mən də səndən cavab istəyirəm. Sizin dində budur haqq-ədalət? Bəlkə allahın xəbəri yoxdur o qızın faciəsindən, bəlkə şeytan allahdan xəbərsiz törədir fitnə-fəsadı?
H u m a y. Bəsdi, Qərib! Elə bilmə ki, sənin küfr dolu suallarının cavabı yoxdur! Oxu kitabı, oxu müqəddəs Quranı. Nəyin yaxşı, nəyin pis olduğunu biz bilmərik. Biz ancaq üzdə olanları görürük, hər şeyin bir görünməyən tərəfi də var.
Q ə r i b. Çox yaxşı, universal arqumentdir. Bir az çətinə düşən kimi bəndə bilməz, onun sirri allah yanındadır, amma allahdan fərqli olaraq elə onun zəif yaratdığı mən – aciz bəndə o zavallı qızı sağaltmaq üçün nəyimdən keçməzdim? (Siqaret yandırır, amma çəkmir, söndürür) Təəssüf, bəndə kimi də, həkim kimi də acizəm.
H u m a y. Aciz qalanda Allaha yalvar, dua elə, yardım istə, o yol göstərər.
Q ə r i b. Nə danışım ey səninlə?
H u m a y. Yaxşı, hirslənmə, hər şeyi də bu qədər yaxına buraxma, hər bir sözü sakitliklə də demək olar. Gedim çay gətirim. (Qabları siniyə yığıb aparır)
Q ə r i b. Başım bir batmandır. (Boynunu möhkəm ovur) Spazmadır... Beynimin damarları sıxılır.
H u m a y. (Çay gətirir) Başın ağrıyır?
Q ə r i b. Yox, ağrımır, yorğunam.
H u m a y. Heç vaxt xəstəliyini boynuna almırsan. Qoy bir az ovum. (Boynunu ovur)
Q ə r i b. (Tabe olur) Qorxma, bir az bərk ov. Sənin əllərin bütün dərmanlardan şəfalıdır.
H u m a y. Danışma, sakit otur, boşal... Bax belə... çox həyəcan keçirmisən...
Q ə r i b. (Xoşallanır və bir növ qeyri-iradi danışır) Necə deyir? Allah birdir, heç bir şəriki yoxdur. Allah heç nəyə, heç kəsə möhtac deyildir... (Humay əlini saxlamadan xoş bir təəccüblə ona qulaq asır) Hamı ona möhtacdır. O, əzəlidir, əbədidir. O nə doğmuş, nə doğulmuşdur. Onun heç bir tayı-bərabəri, bənzəri yoxdur...
H u m a y. Sən quran oxuyursan, Qərib? İşdə oxuyursan?
Q ə r i b. Oxuyursan deyəndə ki... Axır məni də molla eləyəcəksən.
H u m a y. Mollanın bura nə dəxli var? Xristianlar bibliya oxuyub keşiş olurlar?
Q ə r i b. Sevin, Humay xanım, oxuyuram, amma həyatımı dəyişmək üçün yox, sənin kimi fanatiklərlə danışa bilmək üçün oxuyuram. Şair necə deyirdi, baxıram Leninin kitablarına, dəstədən geridə qalmamaq üçün.
H u m a y. Allah, sənə şükür, şükür ki, dualarımı eşidirsən.
Q ə r i b. Nə dua, Humay? Sən mənə sui-qəsd hazırlayırsan?
H u m a y. Sübh namazındakı dualarımın hamısı sənindir.
Q ə r i b. Nə böyük səxavət! Bir az bərk...
H u m a y. Allaha yalvarıram ki, sənin ürəyinə vurduğu möhürü açsın, gözündəki pərdəni götürsün.
Q ə r i b. Sən əvvəl bir soruş ğör mən bunu istəyirəm, ya yox?
H u m a y. Ölünü özbaşına qoysan qalxıb kəfəni yırtar.
Q ə r i b. Bərəkallah, müsəlman qadın! Bu dediyin də qurandandır?
H u m a y. Hər kəslə öz dilində danışmaq lazımdır.
Q ə r i b. (Humayın boynunu ovan əlini saxlayıb öpür) Bəsdi, yordum səni. Keçdi, başım açıldı elə bil. Deyirəm, bəlkə mənim də beynimdə şiş var?
H u m a y. Allah eləməsin! Nə qorxulu şey dedin. Tez-tez ağrıyır başın?
Q ə r i b. Dua üçün təzə mövzu lazımdır?
H u m a y. Sarsaqlama, Qərib. De görüm tez-tez ağrıyır? Bəs mən niyə bilmirəm?
Q ə r i b. Hardan biləcəksən? Sən indi məndən çox-çox uzaqlardasan. Başın qarışıb cənnətə hazırlığa. Səni başı örtülü namaz üstə görəndə az qalıram mən də başımı örtüb yaşmanım. Axır vaxtlar səndən abır-həya eləyirəm. Yanında soyunmağa utanıram.
H u m a y. Şişirtmə, Qərib, onsuz da sənin necə sürətlə yadlaşdığını görüb əzab çəkirəm, hərdən mənə elə gəlir ki...
Q ə r i b. Nahaq sənə elə gəlir. Məni səndən başqa heç kəs maraqlandırmır, amma yadlaşan mən deyiləm, sənsən. Elə bil qlafa girmisən, getdikcə bağlanırsan. Gözüm görə-görə itirirəm səni. Bu fani dediyiniz dünyada sən mənim ən böyük uğurumsan, amma itirirəm səni, din səni alır əlimdən, aparır. Eheyyy... Hardasan, Humay? İndi sən paltarsız olanda da örtülüsən.
H u m a y. Hər sözü dilə gətirməzlər. İnsanın nəinki özgə insan yanında, hətta təklikdə belə lüt-üryan olması bəyənilən deyil.
Q ə r i b. Neynək, bundan sonra çiməndə də, yatağa girəndə də soyunmaq əvəzinə geyinərik. (Ciddiləşir) Başa düş, mən səni sevirəm, iyirmi beş il əvvəl necə sevirdimsə, elə də sevirəm, amma sən... Bax üzümə, gözlərimə bax... Bax, belə! Mən səni belə görmək istəyirəm, mənə Müqəddəs Məryəm, Fatimeyi-Zəhra, Mat Tereza yox, sən lazımsan, mənim sevdiyim, tanıdığım qadın... (Qucaqlayıb öpür)
H u m a y. (Ondan ustufca aralanır) Axı mən sənə demişdim.
Q ə r i b. Allah da gözəlliyi sevir, yoxsa insanı belə mütənasib yaratmazdı. Peyğəmbərimiz də ki gözəlliyə heç biganə deyildi, dəfələrlə bunu sübut da eləyib.
H u m a y. Axı mən sənə xəbərdarlıq elədim, dedim mən din-iman yolunu seçirəm. Mənə yol yoldaşı olmağını istədim.
Q ə r i b. Mən istəmədim, sənə mane olmağa da insafım yol vermədi, azadlığını əlindən almaq istəmədim.
H u m a y. Mən təklənəcəyimi bilirdim, nəinki təklənəcəyimi, tənə, bəzən də istehza yeri olacağımı da görürdüm, amma peyğəmbərimizə də çox daşlar atılıb, onunla müqayisədə biz nə karəyik? Bir dam altında ərim, qızım ola-ola mən təklənmişəm.
Q ə r i b. Bizim məhəbbətimiz azlıq elədi, cənnət istəyi bizim sevgimizdən güclü çıxdı.
H u m a y. Allah keçsin günahından.
Q ə r i b. Araya söz qatma.
H u m a y. Axı cənnətin bura nə dəxli var? Mən bütün varlığımda bir boşluq görürdüm, həyatın mənasını bilmək, anlamaq istədim. Axı ola bilməz ki, insan dünyaya gəlsin, boya-boşa çatsın, ailə qurub dünyaya özü kimi adamlar gətirsin, sonra da yox olsun, ölüb getsin, guya heç yoxumuş. Mən buna inanmaq istəmirdim, bilirdim ki, nəsə var, olmalıdır. Mən həmin nəsəni Allahın bəndələrinə göndərdiyi kitablarda tapdım. Başa düşdüm ki, həyat əbədidir, ölüm üzərindən keçdiyimiz bir körpüdür, müvəqqəti həyatla əbədi həyatı birləşdirən körpü. Amma o əbədi həyatı qazanmaq üçün bu dünyada Allah buyuran kimi yaşamalısan. Axirət qorxusu olmasaydı, xeyirlə şərin nə fərqi?
Q ə r i b. Axirət də ki, cənnət və cəhənnəmdən ibarətdir. Süddən çaylar, şirin meyvələr, huri və qılmanlar, o tərəfdə də şaqqır-şuqqur qaynayan qır tiyanları, üstündən də ayaqları ülgüc kimi kəsən qıl körpü.
H u m a y. Sən Quran ayələrinə istehza eləyirsən, amma insanların hamısı ağıllı deyil, onların arasında ağılsız, korafəhim, ibtidai olanlar da var. Onlar cənnət deyəndə bayaq sən sadaladıqlarını düşünürlər, çünki onların aləmində xoşbəxtlik firavanlıqdan başqa bir şey deyil, Yaradan onlarla başa düşdükləri dildə danışır. Əsas hikmətsə örtülüdür, onu imanla, kamil qəlblə, son nəticədə açılan bəsirət gözü ilə görmək mümkündür. Hasarın o biri üzü də var, görünməyən üzü.
Q ə r i b. O hansı hasardır ki, onun o biri üzünü sən görürsən, mən zavallı yox?
H u m a y. Söhbət səndən, məndən getmir, bu bir rəvayətdir. Qədim diyarlardan birində Çin səddi kimi ucu-bucağı görünməyən bir hasar varmış. İnsanlar həmişə o hasarın üstünə çıxıb o biri tərəfdə nə olduğunu görmək arzusunda olublar. Nəhayət, bir üsul icad eləyib birisini hasarın üstünə qaldıra bilirlər. Amma hasarın üstünə çıxan adam o biri üzü görən kimi özünü atır ora. Adamlar ikinci birisini qaldırırlar hasara, o da əvvəlkinin yolu ilə gedir, heç geriyə baxmadan hasarın o biri üzünə atılır. Maraq hamını vəcdə gətirir. Bu dəfə ehtiyatlı tərpənib üçüncü adamı yuxarı qaldıranda ayağını kəndirləyirlər ki, əldən çıxmasın. Üçüncü adam da hasarın üstünə çıxan kimi əvvəlkilərin yolu ilə getmək istəyir. Yerdəkilər buna imkan vermirlər, kəndiri dartıb onu aşağı salır və nə gördüyünü soruşurlar, amma hasarın o üzünü görən bu binəvanın nitqi qurumuşdu.
Q ə r i b. Türkün sözü, zatən gözəl nağıldır, amma bunun cənnət və cəhənnəmə nə dəxli!
H u m a y. Bir az düşünsən yaxşıdı. Hasarın o üzündə nələrin olduğunu bəndə bilməz, bilməsi heç lazım da deyil.
Q ə r i b. Dediklərin məni inandırmasa da, məntiq var. Getdikcə filosof olursan. Adam səninlə danışmaqdan çəkinir.
H u m a y. Nahaq yerə çəkinirsən, danış, hasarın o üzünü düşün, başa düşmədiklərini inkar eləməyə tələsmə. Yalnız bu dünyanın qanunları ilə yaşamaq azdır, bu dünya fanidir.
Q ə r i b. Bəs deyirdin bu dünyada elə yaşa ki, guya heç vaxt ölməyəcəksən?
H u m a y. O söz mənim deyil, peyğəmbərimizin hədisidir, ikinci hissəsini də demədin.
Q ə r i b. Yəqin unutmuşam.
H u m a y. Bu dünyada elə yaşa ki, guya heç vaxt ölməyəcəksən, axirət dünyası üçünsə elə yaşa ki, elə bil sabah öləcəksən. İnsan nə vaxt doğulduğunu bilir, nə vaxt öləcəyini isə bilmir, odur ki, yaxşı işlərini, xeyirxah əməllərini «hələ vaxt var» deyib sonraya saxlama ki, savab yiyəsi olasan.
Q ə r i b. Sən mənim əvəzimə də dua eləyirsən, tapşır məni yuxarılara.
H u m a y. Səni şeytan danışdırır.
Q ə r i b. Şeytana ehtiyac olmasaydı, Allah onu yaratmazdı. (Əli ilə başını tutur)
H u m a y. Nə oldu? Başındı? Niyə dillənmirsən? (Ona yaxınlaşır, əlini başına qoyur) O qədər küfr danışırsan ki! Məndə də taqsır var. Denən bu dinsizi niyə dilləndirirsən?
Q ə r i b. (Köynəyinin düyməsini açır) Boş şeydi.
H u m a y. Bəlkə həkim çağıraq? Bir göstər özünü o dostuna. Deyirsən yaxşı həkimdi.
Q ə r i b. Həkimi neynirik, dua elə keçib getsin.
H u m a y. Sənin kimi birisinin atı qaçıb, azıb hardasa, özü də oturub, ay Allah, atımı qaytar deyib yalvarır. Peyğəmbər bunu görüb deyir, ay Allahın bəndəsi, əvvəl atını bir ağaca bağla, sonra yalvar da rəbbinə.
Q ə r i b. Çox sağ ol ki, eşşək demədin.
H u m a y. (Gülür) Nə fərqi var, hər ikisi Allahın yaratdığı halal heyvanlardır. Bəlkə bir tempalgin verim, ağrını götürür.
Q ə r i b. Əl çək mənim başımdan, ağrım-zadım yoxdur. Neçə saat başı aşağı işləmişəm, ondandı.
H u m a y. Boş buraxma, bir yoxlat özünü, rentgen elətdir, tomoqrafiya pis olmaz. İynə hamını bəzər, özü lüt gəzər. Eşitmirsən?
Q ə r i b. Eşidirəm.
H u m a y. Bəlkə qorxursan?
Q ə r i b. Yox bir, ölürəm! (Boynunu ovur) Əslində qorxuram. O qızın başında şişi görəndən lap çox qorxuram.
H u m a y. Qızın da sənin kimidir. Hansı xəstəliyi keçirlər, özündə tapır.
Q ə r i b. (Gülür) Ona tələbə xəstəliyi deyərlər. Tibbdə oxuyanların hamısı keçir o yoldan.
H u m a y. Bəlkə bir az da ovum boynunu?
Q ə r i b. Neynək, savabdı. Qoy o şəfqətli əllərin təmasını bir daha hiss eləyim boynumda. (Humay ovur) Ehtiyatlı ol, ora mənim ən erogen zonamdı.
H u m a y. Sənin başın tək ağrımır, həm də xarab olur. Bu yaşda erogen zonalardan yox, sağlamlıq zonası haqqında düşünmək lazımdı. Orda yaxşı bir massacist var, adı yadımdan çıxıb, kişidi, qubernator bağında, mən bilən oranı hələ sökməyiblər.
Q ə r i b. Hər təmasından məhəbbət duyduğum bu əlləri qoyub kişi massacistin yanına gedim? (Əlini tutub öpür) Məndən uzaqlaşdıqca səni daha çox istəyirəm, özü də bütün mənalarda.
H u m a y. (Əyilib başından öpür) Haran çox ağrıyır? Peysərin?
Q ə r i b. Yox, elə öpdüyün yerdir, düz tapmısan. Hələ məni duya bilirsən, nə qədər uzaqlaşsan da. Uzaq, uzaq, pək uzaq, iştə bir orman... (Saat zəng vurur, Humay əlini Qəribin boynundan çəkir)
H u m a y. Namaz vaxtıdı.
Q ə r i b. İndi burda başı ağrıyan ərini qoyub gedirsən namaza, allahla ünsiyyətə?
H u m a y. Sən niyə getmirsən? Bəlkə sən Allah bəndəsi, müsəlman deyilsən?
Q ə r i b. İstəmirəm. (Qalxır, boynunu sağa-sola qanırır) Düzü sənə hərdən paxıllığım da tutur. İmkan olanda xəlvətcə sənə baxıram namaz üstdə. Necə dəyişirsən, elə bil həqiqətən Allahın hüzurundasan. Görürəm ki, sən ta mənim deyilsən. Mən səni Ona qısqanıram.
H u m a y. Küfr danışma! (Əli ilə ağzını tutur) Əstəfurullah de! Tək mən yox, sən də, o da biz hamımız Allaha məxsusuq, külli-aləm Onun iradəsinə tabedir. Biz Onun qullarıyıq.
Q ə r i b. Qul! Rab! Kölə! Bəs bütün yaranmışların əşrəfi – insan?
H u m a y. Qorx Allahdan, təkəbbür göstərmə.
Q ə r i b. Qorxmuram, sayıram, hesablaşıram. Sevə də bilərəm, amma qorxmaq, qul olmaq istəmirəm.
H u m a y. Səni yaradana, sənə can, ruh, ağıl, düşüncə verən Allaha lovğalıq eləyirsən.
Q ə r i b. Bu nə təkəbbürdür, nə lovğalıq. Bilmək istəsən qürurdur, ləyaqətdir, ruslar necə deyir: dostoinstvo! Gözəl sözdür, hələ necə səslənir.
H u m a y. Ən böyük ləyaqət Allaha təslim olmaqdadır. Sən hərdən özünə bir sual ver, düşün: niyə insanlar həyatları üçün kiçik bir təhlükə görəndə qorxurlar? Niyə tabelikdə olan işçi öz müdirindən, nazirindən, bu siyahını lap axıracan uzatmaq da olar, çəkinir, qorxur, nəhayətdə qorxunun təsirilə yarınır, yaltaqlanır? Halbuki həmin adam uzaqbaşı işini, vəzifəsini itirə bilər. Buna nə sözün?
Q ə r i b. Reallıqla hesablaşmaq lazım gəlir.
H u m a y. Bəs bütün varlığına hakim olan Allahdan qorxmaq niyə sənin kimi insanı incidir, şəstinə toxunur?
Q ə r i b. Elə məsələ də ondadır ki, molla Humay xanım, gərək əvvəlcə Onun varlığına qeyd-şərtsiz inanasan.
H u m a y. Sən allah, sus! (Əli ilə ağzını tutur) Sən hələ də şəkk gətirirsən?
Q ə r i b. (Əllərini təslim əlaməti olaraq qaldırır) Hippokrat deyib ki, başı ağrıyan, işdən yorğun gəlmiş kişiyə qəliz suallar vermək insafsızlıqdır. İnsaf da yaxşı sözdür, eləmi? Axır vaxtlar sözlərin səslənməsinə, mənasına fikir verirəm. Bəzən sözün özü ilə məzmunu bir-birinə elə yaraşır ki! Fikir ver: insaf!
H u m a y. Hayıf ki, indi insanlar insaflı, mərhəmətli olmaqdan utanırlar. Dur bir az uzan, dincəl.
Q ə r i b. Bilirəm, namazın vaxtıdır, məni başdan eləmək istəyirsən. İndi sən, necə deyərlər, lomkadasan, narkomanlar kimi, yeri işini gör, məndən nigaran qalma.
H u m a y. Allah keçsin günahından. (Getmək istəyir)
Q ə r i b. Məndən salam deyərsən.
H u m a y. Kimə?
Q ə r i b. (Gülür) Yeri, fikir vermə, mən bir az gicəm də.
H u m a y. Bir az niyə? Əməlli-başlı!
Q ə r i b. (Gülür) Müsəlman arvad ərinin üzünə ağ olmaz.
H u m a y. Müsəlman arvad haqqında təsəvvürün yanlışdı, özün də danışma, o reklamda deyilən kimi, danışmaqdansa çeynəmək yaxşıdır. (Sol qapıdan gedir)
Q ə r i b. (Onun dalınca baxır və bir qədər kədərli) Dualarında məni də yad elə, Ofeliya... (Başını əli ilə tutub sağ qapıdan gedir)

İşıq azalır.
Zərif gəlir, ovqatı çox yaxşıdır. Telefonu zəng çalır.
Z ə r i f. Əlbəttə sənsən, telefonun zəngindən bildim. Bilirəm, mənim dilimdən eşitmək istəyirsən. Yaxşıyam, çox yaxşı... Yox, mən bilməzdim ki, adam... Adam? Yox, adam yox, qız, qadın belə xoşbəxt ola bilərmiş... Əlbəttə... Sənsiz mən necə xoşbəxt ola bilərdim? (Gülür) Bəsdi... xuliqan... Sən məni dəli eləmək istəyirsən?.. Sən tərbiyəsizsən, ərköyün... insafsız... həri, insafsız... insafsız olmasaydın... Bəsdir! Bağladım telefonu! (Telefonu söndürür) İlahi, ağlıma sığışdıra bilmirəm... (Telefon yenə də zəng çalır. Humay asta addımlarla gəlir. Zərif onu görmür. Telefona cavab verir) Dedim axı bəsdi, telefonu söndürürəm, bir də on ikidən sonra açacam, otağımda tək olanda... Olar, onda zəng elə... Həri, nə istəsən deyərsən. Tamam? (Telefonu söndürür) Bu işığı niyə yandırmırlar? Deyəsən qənaət recimindəyik.
H u m a y. (İşığı yandırır) Gəlmisən, Zərif?
Z ə r i f. Mama? Nə yaman səssiz gəldin.
H u m a y. Kimlə danışırdın?
Z ə r i f. Nə fərqi var? Pusursan məni?
H u m a y. Danışığın xoşuma gəlmədi.
Z ə r i f. İndi heç nə sənin xoşuna gəlmir.
H u m a y. Kimdi o? Nəçidi? Biz onu tanıyırıq?
Z ə r i f. Sizi bilmirəm, amma mən tanıyıram, özü də kifayət qədər yaxşı. Vaxtı gələndə siz də tanıyacaqsınız. (Curnal masasının üstündəki vazadan iri bir almanı götürüb iştahla yeyir) Yorulmuşam!
H u m a y. (Zəriflə üz-üzə oturur) Qızım, sənə görə çox narahatam.
Z ə r i f. Mama, mənim iyirmi bir yaşım var.
H u m a y. İyirmi bir yaş çoxdur?
Z ə r i f. Az da deyil. Bu yaşda sən artıq ərə getmişdin, hələ məni də doğmuşdun.
H u m a y. Bu nə danışıqdır, Zərif? Hardandı bu qaba sözlər, abırsız ədalar? Mən səni tanıya bilmirəm.
Z ə r i f. Mama, sən məni çoxdandı tanımırsan. Günah da məndə deyil, səndədir.
H u m a y. Bu tərbiyəsiz danışığı mən öyrətmişəm sənə?
Z ə r i f. Niyə tərbiyəsiz? Dünyaya insan gətirmək, uşaq doğmaq ayıb sözdür? Özün demirsən ki, qadının ən şərəfli işi dünyaya övlad, davamçı gətirməkdir?
H u m a y. Bax indi mən deyən kimi danışdın. Ta hər şeyi adıyla deməzlər sənin kimi.
Z ə r i f. Əsas mahiyyətdir, mama. Dünyaya uşaq gətirmək elə doğmaq deməkdir.
H u m a y. Nə bilim, bəlkə doğrudan da mən siz deyən kimi uydurulmuş bir aləmdə yaşayıram. Mənim ana olmağıma gələndə isə, elədir, onda mənim iyirmi bir yox, iyirmi yaşım vardı, amma mən ərə getmişdim, halallıqla, el-oba adətiylə.
Z ə r i f. Sən elə bilirsən mən qoşulub qaçacam, mama? Mən də ərə gedəcəm, qanun yoluyla, elə sənin kimi. Kəbinlə, zaqsla, toyla.
H u m a y. Səni bir kişinin maşınında görüblər.
Z ə r i f. Kişi! Yox bir ağsaqqal! Onun iyirmi yeddi yaşı var. Xəbərçilik eləyən də Toma xaladı, bilirəm, o da elə bir kişinin maşınında idi, ərinə də heç oxşamırdı.
H u m a y. Zərif, məni Toma maraqlandırmır. Sən özündən danış. Qız uşağının yad kişinin maşınına minməsi yaxşı işdi?
Z ə r i f. Nədi, mama, onun maşını ola-ola biz marşrutkaya minək?
H u m a y. Söz güləşdirmə! Bu geyim-kecim, bu mənəmmənəmlik yaxşılıqla bitməz, sən qız uşağısan.
Z ə r i f. Mama, qız uşağı qaldı iyirminci əsrdə, indi Avropada məktəblilərə pulsuz prezervativ paylayırlar. (Humay qulaqlarını tutur) Qulağını tutmaqla dünyanı dəyişə bilməzsən. İncimə, mama, mən sənin kimi yaşamaq istəmirəm. Bilirəm, sən papayla xoşbəxt olmusan, elə indi də xoşbəxtsən, din aranıza girsə də, sizi bir-birinizdən ayıra bilməyəcək, buna baxmayaraq mən sizin kimi yaşamaq istəmirəm. Mən azad olmaq, azad yaşamaq, müstəqil olmaq istəyirəm.
H u m a y. Zərif, mən səni başa düşməyə çalışıram, amma onu da bilirəm ki, insan ruhunun qayğısına qalmalıdır, lap cavan yaşından. Mən sənə heç nəyi məcburi, təbliğat yolu ilə qəbul elətdirmək istəmirəm, sən təhlükəli yoldasan, çevir yönünü mənə, allahını tanı.
Z ə r i f. (Pis gülür) Aman allah... Biz necə bir-birimizdən uzağıq. Sən dindən-imandan danışanda sənə olan məhəbbətimi itirirəm. Mama, mən dindən qorxuram. Bir ildən çoxdur sənin dini verlişlərinə də qulaq asmıram.
H u m a y. Bilirəm, Zərif, bilirəm, atan da qulaq asmır mənim söhbətlərimə, neynək eşitməyin məni, amma bilin ki, həyat təkcə bu dünyadan ibarət deyil, bu böyük, əbədi bir həyatın kiçik epizodu, cüzi bir hissəsidir. Amma çox vacib, həlledici hissəsidir.
Z ə r i f. Aman allah! Mama, yəni biz ana-bala kimi adi şeylərdən, geyim-kecimdən, sevgidən, ev-eşikdən danışıb, qohum-əqrabadan, qonum-qonşudan qeybət eləyə bilmərik? Niyə sənə elə gəlir ki, sənin əsas vəzifən adamları dinə gətirməkdir?
H u m a y. Zərif, mənim bildiklərimi sən də bilsəydin, belə danışmazdın.
Z ə r i f. Mama, incimə, heç bilmək də istəmirəm. Donuz əti yeyən, çaxır içən, seksual azadlıq qazanan Avropa, Amerika, hələ o boyda Kitay müsəlman deyil, bəs onda necə olacaq onların vəziyyəti? Bu qədər əhali, millət cəhənnəmə gedəcək?
H u m a y. Əgər sən dinimizi öyrənsən, o biri kitabları da oxusan, belə sadəlövh sual verməzsən atan kimi. Axirət, cənnət, cəhənnəm bütün dinlərdə var. Avropa özü indi islama gəlir.
Z ə r i f. İnsanın necə yaranması, necə yaşaması, bunun fiziki-fizioloci mahiyyətini gələcək həkim kimi kifayət qədər bilirəm, pis oxusam da, bilirəm. Məcbur eləmə. Mən dindar olmayacam, istəmirəm!
H u m a y. Mən məcbur eləmirəm, qızım, dində məcburiyyət yoxdur, amma mən sənin gözünü açmaq istəyirəm.
Z ə r i f. Mama, zəhmət çəkmə, mən yatmaq istəyirəm.
H u m a y. Dinsiz-imansız insanın içi boşdur, ruhu xəstədir. Elə ona görə də sən pis yoldasan, mən bunu görürəm, hiss eləyirəm. Sənə görə qorxuram.
Z ə r i f. Şişirtmə, mama, qorxutmağa da çalışma. İnamım yoxdursa, mən necə ibadət eləyə bilərəm? Bu allah qarşısında riyakarlıq olmazmı?
H u m a y. Olmaz, Zərif, niyə riyakarlıq? Əgər sən borcunun hamısını deyil, bir hissəsini verirsənsə, bu heç verməməkdən yaxşı deyilmi?
Z ə r i f. Mən özümü heç kəsə borclu hesab eləmirəm.
H u m a y. İlahi! Bilsəniz sizi necə əzablar gözləyir...
Z ə r i f. Mən o uydurma əzablardan qorxmuram, mama. Mən azad olmaq, azad yaşamaq istəyirəm.
H u m a y. Məgər imanlı adam azad deyil?
Z ə r i f. O necə azadlıqdır ki, adamın əl-qolunu bağlayır, sıxır, o olar, bu olmaz... çətinliklər çoxdur. Sən özünü çox şeydən məhrum eləmisən, mən istəmirəm. Xahiş eləyirəm mənə mane olma. Biz ki, sənə mane olmuruq, nə papa, nə da mən. Qoy hər kəs öz həyatını yaşasın.
H u m a y. Sən dinimizlə, adət-ənənələrimizlə hesablaşsaydın, telefonla o cür danışmazdın. Mən sənin taleyindən narahatam.
Z ə r i f. Nahaq yerə, mama! Mən çox realistəm, istəməsəm hissə qapılmaram, heç kimə də aldanmaram. İndi isə icazə ver gedim yatım. Yorulmuşam.
H u m a y. Çörək yemirsən? Yaxşı dolma bişirmişəm,.
Z ə r i f. Yox, ac deyiləm, kafeyə getmişdik, o ağsaqqal kişiylə. (Humayı öpür)
H u m a y. Bu nədir? Papiros iyidi? Zərif, sən papiros çəkirsən?
Z ə r i f. Mama, gözünü aç, hərdən bu gerçək dünyaya da bax. İnsan təkcə namaz, ibadət üçün yaşamalı deyil. Mənə elə gəlir ki, hətta namazlararası vaxt da sənə havayı itirilmiş zaman kimi görünür, darıxırsan namazsız.
H u m a y. Məni darıxdıran sənin naməhrəm kişi ilə çox məhrəm söhbətindir.
Z ə r i f. Naməhrəm? (Gülür) Əsil muzey sözüdür. Getdim, mama, gecən xeyirə qalsın! (Gedir)

Humay Zərifin arxasınca baxır. Qərib gəlir, sakit addımlarla Humaya
yaxınlaşır və onu arxadan qucaqlayır.

Q ə r i b. Bismillah! Sizi qucaqlamaq olarmı?
H u m a y. (Etiraz eləmir) Deyəsən yata bilmədin.
Q ə r i b. Yox, beynimin bütün hüceyrələri ayıqdır, içimdə bir narahatlıq var, titrətmə kimi bir şeydir.
H u m a y. Namaz qılan olsaydın deyərdim, iki rükət artıq elə. Titrəyişin də keçib gedərdi, narahatlığın da.
Q ə r i b. Namaz özü də bir asılılıqdır, siqaret kimi, içki kimi, hələ demirəm narkotika kimi. Nahaq yerə dinə tiryək deməyiblər ki?
H u m a y. Marks da sən ağıldaymış, ona görə heykəlini götürdülər, yaxşı da elədilər.
Q ə r i b. Zarafat eləmirəm ey, ciddi sözümdür. Sən namazdan qalxanda fikir vermişəm, gözlərin işıldayır, bəbəklərin genişlənir.
H u m a y. (Gülür) Sonra da sənin kimi sarsaq-sarsaq danışıram, eləmi?
Q ə r i b. Söz tapmayanda da təhqirə keçirsiniz, budur hər bir dinin axırı: aqressiya, təcavüz, fitva.
H u m a y. Ta nə bilirsən, doktor?
Q ə r i b. (Gülümsəyir) Bir də onu bilirəm ki, mən bu təcavüzkar qadını sevirəm. (Yüngülcə qucaqlıyır) Deyəsən Zərif gəldi?
H u m a y. Gəldi, on birin yarısında qız evə gəlir, sənin heç tükün də tərpənmir. O qızın atası sən deyilsən?
Q ə r i b. Buna şübhən var?
H u m a y. Hansı cavab səni qane eləyərdi?
Q ə r i b. Axmaqlama! Zərif ağıllı qızdır, xarakteri də bütövdür, hətta sərtdir deyərdim. Çətin o büdrəsin.
H u m a y. Qız xoşuma gəlmir, Qərib. Onu bir kişinin maşınında görüblər.
Q ə r i b. Qələt eləyiblər!
H u m a y. Bu səni narahat eləmir?
Q ə r i b. Niyə eləmir, ata deyiləm? Amma zaman da başqa zamandır. Nə orta əsrlərdir, nə də iyirminci əsr. Qızı güdməklə, sıxma-boğmaya salmaqla xeyirdən çox ziyan eləyə bilərik. Gecdi, bəlkə biz də gedək yataq? Gördün tək yata bilmədim. Sən yanımda olmayanda özümü bütöv hiss eləmirəm, yuxum da qaçır.
H u m a y. Axırıncı namazım qalıb, onu da qılım...
Q ə r i b. Namaz adlı bir kişi girib aramıza, daim izləyir bizi. Bir şairin dediyi kimi, nə vaxt arvad istədim, gördüm namaz üstədi.
H u m a y. O şair də elə sən ağıldadı.
Telefon zəng eləyir.

Q ə r i b. Bu vaxt telefon açan sənin qızların olar, müridlərin, daha doğrusu müridələrin.
H u m a y. (Dəstəyi qaldırır) Bəli, salam aleykum! Nə dəxli var, qızım, sən təqvimlə hərəkət elə, buludlu havada sən ayı necə görə bilərsən? Yox, qızım, bu əsas məsələ deyil, əsas niyyətin düzlüyüdür. Salam aleykum! (Dəstəyi asır)
Q ə r i b. Nədi, ayın çıxmağı niyə onu narahat eləyir?
H u m a y. Bu sənlik deyil. O suallara cavab tapmaq üçün sən hələ çox mərhələlərdən keçməlisən. İndi isə başını yorma, get, mən də gəlirəm. (Getmək istəyir, telefon zəng çalır) Əstafürullah!
Q ə r i b. Buyur, astroloci dərsini davam elə.
H u m a y. (Dəstəyi qaldırır) Bəli! Əlbəttə, evdədir. Səni istəyirlər, klinikadandır.
Q ə r i b. Xeyir ola! (Dəstəyi alır) Alo... Ola bilməz... Axı... Gəlirəm! (Dəstəyi qoyur) Humay, mən getməliyəm.
H u m a y. Qızın halı pisdi?
Q ə r i b. Nəsə yaxşı deyil... Getməliyəm, bir tempalgin ver mənə.
H u m a y. Mən də gedirəm.
Q ə r i b. Sən həkimsən, Humay, yoxsa medsestra?
H u m a y. O qızı görmək istəyirəm, gedəcəm səninlə.
Q ə r i b. Hələ mollaya ehtiyac yoxdu, yasin oxumaq tezdi.
H u m a y. Əynimi dəyişim. (Gedir)
Q ə r i b. Arvad deyil ey, Mat Terezadır. (Gedir)

İşıq sönür.

Həmin məkandır. Zərif torşer işığında, kresloda oturub curnal vərəqləyir, amma fikrinin curnalda deyil, hardasa uzaqda olduğu dərhal bilinir. Hərdən hərəkətsiz qalıb bir nöqtəyə zilləyir gözünü. Mobil telefonla nömrə yığır, qulaq asır, nəsə pıçıldayır. Nə dediyini eşitməsək də, bunun söyüş olduğu dərhal bilinir. Yenə də curnalı vərəqləyir. Humay gəlir, böyük masanın üstünə ağ süfrə salır.
H u m a y. Niyə bir təhərsən? Nəsə olub?
Z ə r i f. Heç nə olmayıb.
H u m a y. Sən mənimlə danışmaq istəmirsən? (Ona yaxınlaşıb yaxınında oturur) Sözün yoxdu mənə?
Z ə r i f. Mama, mənə elə baxırsan ki, səni görəndə özümü gizləmək, balacalaşıb siçan boyda olmaq istəyirəm. Baxışların rentgen şüaları kimi içimdən keçir.
H u m a y. (Curnalı alıb bir tərəfə qoyur) Darıxmışam səndən ötəri. (Lap yaxın oturub qucaqlayır) Çoxdan öpmürəm səni. Elə bil sən də məndən qaçırsan?
Z ə r i f. O qız bu ev gələndən sən məni heç eyninə almırsan. Elə bil çoxdan itirdiyin qızını tapmısan.
H u m a y. (Bir də öpür) Sən həmişə eynimdəsən. Səndən başqa mənim qızım var? Çiçəyə gələndə, o bu dünyada qonaqdı, papa deyir bir-iki ay ömrü qalıb. Sən də onunla mülayim dolan, yazıqdı, qoy insanlardan bir az da məhəbbət görsün, əslində getməyə heç yeri də yoxdur.
Z ə r i f. Mənə elə gəlir ki, sən bədbəxt insanları bizdən çox istəyirsən.
H u m a y. Möhtac insanlara yardım eləmək hər bir adamın borcudur. Mən o qızın əzab-əziyyətlərini yüngülləşdirmək istəyirəm.
Z ə r i f. Bu süfrə nədi, yenə qonağın var?
H u m a y. Yox, Çiçək istəyir.
Z ə r i f. Necə yəni Çiçək istəyir? Nə olub ki, ad günüdür?
H u m a y. Nə bilim, deyir süfrə arxasında ailə ilə bir yerdə şam eləmək arzusunda olub həmişə.
Z ə r i f. Bu arzu harda yaranıb onda? Yetimxanada?
H u m a y. (Başını yelləyir) Sərtsən! Dilin bıçaq kimi kəsir. Yazıq sənə rast gələn... (Sözünü bitirmir) Zərif, o kişi ilə, nədi... oğlanla yenə görüşürsən?
Z ə r i f. Mama!
H u m a y. Olmaz, qızım, olmaz, bu ən azı günahdır.
Z ə r i f. Mama, papayla evlənməmişdən qabaq neçə il görüşmüsən?
H u m a y. Qızım, onda mən... bilmirdim, sənin kimi yaxşını-pisi anlamırdım.
Z ə r i f. Mən də bilmirəm, mən də anlamıram!
H u m a y. Nə deyim? Uşaqlar böyüdükcə ata-anadan uzaqlaşırlar, ailə quranda isə... Sən hələ evdəsən, bizim yanımızdasan, amma necə sürətlə yadlaşırsan. Biz ta səninlə sakit söhbət eləyə bilmirik. (Gedir)
Z ə r i f. (Hər iki əliylə yanaqlarını tutur, bir növ sifətini ovcalayır və yenə də telefonu götürür, yığır, qulaq asır) Düz deyirsiniz, telefon ya söndürülüb, ya da sahibi əclafdır! (Telefonu hara gəldi tolazlayır. Başını kreslonun söykənəcəyinə atıb gözlərini yumur)

Başı ağ örpəkli Çiçək sinidə süfrəni döşəmək üçün qab-qacaq gətirir. Çox gənc, gözəl qızdır. Baş örtüyündə xristian müqəddəslərinə bənzəyir. Çiçək sinini masanın üstünə qoyur və ayağı altına düşmüş telefonu döşəmədən qaldırır.

Ç i ç ə k. (Gözləri hələ də yumulu Zərifə) Telefondu, əlindən düşdü, yaxşı ki qırılmadı. (Telefonu Zərifə uzadır)
Z ə r i f. (Gözünü açıb telefonu alır) Düşmədi, özüm tulladım, bax belə! (Yenə də telefonu atır) Yaxşısı budur süfrəni düzəlt, arzunu yerinə yetir.
Ç i ç ə k. Sən anana heç oxşamırsan.
Z ə r i f. Heç atama da oxşamıram, amma bu o demək deyil ki, məni də yetimxanadan gətiriblər. Düzdü, köhnə məhəlləmizdə bizi istəməyən bir qonşumuz vardı, anamı sancmaq üçün deyərdi ki, Zərifi yəqin detdomdan götürmüsünüz.
Ç i ç ə k. (Boşqabları süfrəyə düzə-düzə)Görürəm, məndən xoşun gəlmir.
Z ə r i f. Çox yumşaq dedin.
Ç i ç ə k. Mən gedə də bilərəm.
Z ə r i f. Niyə gedirsən? Həriflik eləmə! Belə rahat yeri hardan tapacaqsan? Bir də gördün mama sənin üçün ağzı dualı, əli təsbehli, saqqalı qurşağına çatan bir adaxlı da tapdı, əlbəttə yaşasan, yəni sağalsan.
Ç i ç ə k. Hər şey Allahın əlindədi. Yetimxanaya düşməyim mənim günahım deyil, heç bu xəstəliyi də özüm seçməmişəm.
Z ə r i f. Nə qəşəng danışırsan? Bəlkə şairliyin də var?
Ç i ç ə k. Sənin bu vəziyyətdə olmağın da mənim günahım deyil.
Z ə r i f. (Pərtdir) Nə vəziyyətdə? Mənə nə olub ki?
Ç i ç ə k. Bilmirəm nə olub? (Zərifə diqqətlə baxır, Zərif gözünü çəkir) Çox narahatsan.
Z ə r i f. Ekstrasenssən? Yoxsa... Başını da ikonalardakı arvadlar kimi bağlamısan. Bəlkə operasiyadan sonra vergi verilib sənə?
Ç i ç ə k. Allah köməyin olsun!
Z ə r i f. Allah özü bilər, sənin məsləhətinə ehtiyacı yoxdur.
H u m a y. (Gəlir. Əlində meyvə dolu vaza var. Süfrəyə baxır) Çiçək, sənin yaxşı evdarlığın varmış. Bəh-bəh! İndi doktor da gələr. Hələ şam da yandırarıq. Olar gözəl bir şam yeməyi.
Z ə r i f. Ağ süfrə, büllur çilçıraq, şam işığı! Bəs şampan şərabı, büllur fucerlər?
H u m a y. Bizə nə şərab, nə fucer gərək deyil, inamlı adama xoşbəxtlik üçün ruhi rahatlıq bəs edir. Çiçək, gedək namazımızı qılaq.
Ç i ç ə k. Gedək, Humay mama.

Humayla Çiçək gedirlər.

Z ə r i f. Humay mama! Çox aferist qızdı.

Döşəmədə telefon zəng vurur. Zərif diksinir və yerindən qopub telefonu axtarır. Bu işi o qədər tələsik, həyəcanlı edir ki, ilişib yıxılır. Elə üzüqoylu vəziyyətdə əlini uzadıb telefonu götürür.

Z ə r i f. Hardasan? Niyə telefonu söndürmüsən? Demirsən... Axı mən... Həmişəki yerdə? Bu saat!.. Bu saat gəlirəm... Orda deyəcəm... (Telefonu qapayıb ayağa qalxır) Orda deyəcəm... (Gedir)

Qərib gəlir, döşənmiş süfrəni görüb təəccübünü fitlə bildirir.

Q ə r i b. Yenə Humay xanım qonaqlıq eləyir. Zəhləmizi tökmədi bu başı-gözü bağlı arvadlar. (Süfrədən nəsə götürüb çeynəyir) Deyinməkdənsə çeynəmək yaxşıdır. (Sağ qapını ehmallıca aralayıb içəri baxır və tez də örtür) Ev deyil ki, meçiddir. Əvvəllər bir adam əyilib qalxardı, indi iki adamdı, bu xəstə qızı da qoşdu özünə. Dünya dağıla, evə oğru gələ, terrorist girə, bu arvad namazı yarımçıq qoymaz. Elə ona görə də müsəlman pis gündədir. (Kreslonun qabağına düşmüş cürnalı götürür) Moda... moda... (Curnal masasının üstünə atır. Telefon zəng çalır. Dəstəyi qaldırır) Bəli! Salam aleykum! Xeyr, Humay xanım transdadır, namaz qılır. Allah sizdən də razı olsun... Salam aleykum! (Dəstəyi qoyur. Kresloda oturur) Başım ağırdır.
H u m a y. (Gəlir) Doktor, gəlmisən? Necəsən? (Əlini üzünə, alnına, başına çəkir)
Q ə r i b. Yenə qonağın var? Hacı xanımlar gələcək?
H u m a y. Qorxma, qonaq-zad yoxdur. Çiçək istədi bir yerdə şam eləyək, ağ süfrə arxasında. Mən də qəlbini qırmaq istəmədim. Deyir, Humay mama, tez-tez yaddaşımda bir xatirə canlanır, nağıl kimi. Deyir, guya hardasa oturmuşam ağ süfrə ətrafında. Məndən başqa bir yaraşıqlı kişi, deyir, doktora oxşayır, amma cavandı ondan, bir gözəl qadın da var, o da deyir sizə oxşayır, mənə...
Q ə r i b. Səndən cavan, yoxsa...
H u m a y. Onu demədi, ağıllı qızdı... Deyir, mənə elə gəlir ki, o xatirə mənim ailəmlə, ata-anamla, bacımla bağlıdı.
Q ə r i b. Bacısı da yəqin Zərifə oxşayır. Zərif hanı, yenə evdə yoxdu?
H u m a y. Evdədi. (Kresloya baxır) İndicə burdaydı. (Çağırır) Zərif! (Əvvəl bir, sonra o biri qapını açıb baxır) Yoxdu. Bu qızın dərdi alıb məni, kirpi kimi yumurlanıb oturub, əl vurmaq da olmur.
Q ə r i b. Başın qarışıb onun-bunun yetiminə, özcə qızını yaddan çıxartmısan.
H u m a y. Mən onu tanıya bilmirəm, Qərib. O mənimlə danışmır, danışanda da meydan oxuyur, dava-dava deyir.
Q ə r i b. Hamıyla dil tapırsan, telefonumuz dönüb olub qaynar xətt, ona məsləhət, buna öyüd-nəsihət, kimə yardım kampaniyası, kimə dava-dərman, ürək-dirək, nə bilim dini seminar, dini veriliş... gündə beş dəfə namaz, hərəsi də yarım saat, amma bircə qızına təsir eləyə bilmirsən.
H u m a y. Allahın ürəyinə, qulağına möhür vurduğu adama mən neyniyə bilərəm. Səndə də günah az deyil. Dini-imanı, ibadəti o qədər lağa qoydun ki, qız da mənim dediklərimə ciddi yanaşmadı. Əslində o məni bekara, səfeh adam bilir.
Q ə r i b. İndi də o xəstə qızı gətirdin evə. (Səsini azaldır) Niyə sən yad, adamlara görə mənə problem yaradırsan? Axı o bu gün-sabah ölə bilər.
H u m a y. Ölüm Allahın əmridir. Kimin nə vaxt öləcəyini bəndə bilməz.
Q ə r i b. Hərdən sənin ağıllı olduğuna məndə şübhə yaranır. Ay müsəlman, mən onkoloqam, onun kəllə qapağını açmış həkiməm, axı mən gördüyümü görmüşəm. İndi nə deyirsən, sən onu namazla, ibadətlə, dua ilə sağaldacaqsan?
H u m a y. (Üzü işıqlanır) Sən görəsən o bu az vaxtda o necə namaz qılır, necə dualar eləyir, elə sözlər deyir ki... nə bilim, Allah rəhmlidir. Bax, mən ayrıldım namazdan, o hələ davam eləyir. Deyir, Humay mama, mən xoşbəxtəm ki, xəstələndim, sənə rast gəldim, sizin ailəyə düşdüm. Deyir Allahımı tanıdım, ruhumu hiss elədim... İlahi, o necə gözəl danışır, yetimçilik çəkəsən, uşaq evində böyüyəsən, belə gözəl, təsirli, rəvan nitqin ola. Vallah, bu möcüzədir. (Gözlərindən axan yaşı silir) Deyir mənim içimdə günəş doğub, bundan sonra küçələrə düşsəm də, yolumu azmaram, qəlbimdəki Allah işığı mənə düzgün olan yolu göstərəcək.
Q ə r i b. (Təsirlənir) Heyif ki, o düzgün yol ona gərək olmayacaq. Allah elədiyini eləyir, dualara qulaq asmır.
H u m a y. Əstafurullah de! İnanmırsan inanma, ta küfr danışmaq nəyə lazım?
Q ə r i b. Yaxşı, Humay xanım, duaları, gözəl sözləri qoyaq bir tərəfə, bu öləndə nə edəcəyik?
H u m a y. Nə demək istəyirsən?
Q ə r i b. Çox mürəkkəb dedim? Bilmirsən ölünün dərdi dirininkindən çoxdu? Bir-bir sayım, ya özün başa düşəcəksən?
H u m a y. Təklifin nədir, doktor? Bəlkə yiyəsiz, kimsəsiz, xəstə uşağı ataq küçəyə, deyək yeri harda ölürsən öl?
Q ə r i b. Sən məni əcaib monstra çevirmə. Bu xəstə hardan gəlmişdi?
H u m a y. Sən məndən yaxşı bilirsən.
Q ə r i b. Əlbəttə bilirəm. Öz risqimə, öz xərcimə bacardığımı elədim? Elədim! İndi xəstə gəldiyi yerə qayıtmalı deyil?
H u m a y. Axı, sən özün deyirsən ki, əməliyyat ona kömək eləmədi.
Q ə r i b. Mən elə deməzdim, operasiya onun ömrünü bir az uzatdı.
H u m a y. Deməli, az qalıb?
Q ə r i b. Təəssüf ki, elədir.
H u m a y. Bəs bu insafdandır ki, bunu bilə-bilə onu uşaq evinə qaytaraq?
Q ə r i b. Bəs necə, Humay xanım? Mən operasiya elədiyim bütün ümidsiz xəstələri evimə yığmalıyam?
H u m a y. Belə hadisə sənin praktikanda birinci dəfədir. Bəlkə bu qızla Allah bizi sınağa çəkir? Bəlkə bu sınaqdan necə çıxacağımızdan asılıdır bizim sonrakı taleyimiz?
Q ə r i b. Gör məsələni necə fırladıb adamı mat vəziyyətinə salır? Axı niyə bizim ailənin taleyi bu yetim qızla münasibətimizdən asılı olmalıdır? Niyə mən özgə adamın dəfn mərasimini öz üzərimə götürməliyəm? İndi sən cənnətə hazırlaşırsan deyə, mənə bu dünyada problemlər yaradacaqsan?
H u m a y. Problem bu deyil, doktor. Problem sənin içindədir, qəlbinə yol tapmış şeytandadır. Sən ona qalib gələ bilmirsən, çünki inamın zəifdir.

Qapı şaraqqıltı ilə açılır. Qərib diksinir. Çiçək qaçaraq gəlir. O sevinc
və həyəcan içindədir.

Ç i ç ə k. Humay mama! (Qucağına atılır) Mən Onun səsini eşitdim, o mənimlə danışdı. (Ağlayır)
Q ə r i b. Dəlixanadı!
H u m a y. Çiçək, sakit ol... sakit ol, qızım, belə şeyi bərkdən danışmazlar.
Ç i ç ə k. Mən Onun səsini eşitdim...
H u m a y. (Səsini alır) Sakit, inamlı, həlim, ilahi bir səsdi, eləmi?
Ç i ç ə k. Elədi, Humay mama. O dedi sən xoşbəxt olacaqsan, mən sənə uzun, xoşbəxt bir ömür verdim, çəkdiyin bütün əzab-əziyyətlərin əvəzinə. Sonra əlini çəkdi başıma. Bədənimə elə bir isti gəldi ki, ağladım.
H u m a y. Sakit ol, qızım, şükr elə, sən Onun səsini eşidən xoşbəxt insanlardan biri oldun. Sən mütləq sağalıb şəfa tapacaqsan, inan, qızım, sən O deyən kimi uzun, xoşbəxt bir ömür yaşayacaqsan.
Q ə r i b. O kimin səsini eşidib, Humay?
H u m a y. Sən bilməzsən, Qərib, bu möcüzədi.
Ç i ç ə k. O dedi ki, səni doktorun əli ilə xilas elədim, öp onun əllərindən... (Humaydan qopub Qəribə yaxınlaşır, qarşısında diz üstə düşüb əllərini etiraza yer qoymayan sürətli öpüşlərə qərq edir) Doktor, sizin əlləriniz məni sağaltdı. Siz aylarla yetimxana küncündə ağrılardan qovrulan, gecə-gündüz sızıldayan, elə ona görə də hamının lənətlədiyi, danladığı kimsəsiz qıza şəfa verdiniz. (Qəribin əllərini öpməkdə davam edir)

Qərib sarsılır. Kömək üçün gah əllərini göyə açıb dua eləyən Humaya,
gah əllərini öpüşlərə qərq edən Çiçəyə baxır və qeyri-iradi əyilib
Çiçəyin ağ örpəkli başından öpür...
İşıq sönür.

Həmin məkandır, səhnə alaqaranlıqdır. Zərif ağır addımlarla gəlir. Torşeri yandırır, söndürür, bir də yandırır, bir də söndürür, bir növ nə elədiyinin fərqində deyil. Humay gəlir və böyük işığı yandırır.

H u m a y. Zərif, axı gedəndə dedim ki, paltarları maşından çıxarıb sərərsən. İndiyə qurumuşdu. Evdə iki qız uşağı, hər işi mən görürəm. (Zərifdən reaksiya görmür) Eşitmirsən, ya dediyimi eyninə almırsan?
Z ə r i f. Nə bilim, mama, yuxu tutub məni, sonra da... yadımdan çıxıb.
H u m a y. Nə olub sənə? (Yaxınlaşıb əlini alnına vurur) Xəstələnməmisən? Rəngin də avazıyıb. Dərsə də getməmisən bu gün? Çiçək deyir Zərif bütün günü evdə olub.
Z ə r i f. Qələt eləyir Çiçək! Bəlkə yerini dar eləyirəm?
H u m a y. Elə demə, qızım, Allaha ağır gedər. Axır vaxtlar dəyişmisən, elə bil qayğılısan.
Z ə r i f. Qayğılı! Sən bunu nədən bildin?
H u m a y. Gözlərinin ifadəsi xoşuma gəlmir. Adamın içində işıq sönəndə gözlər belə tutqun, qayğılı olur.
Z ə r i f. Sən mənim gözlərimə də baxırsan, mama? Mənə elə gəlir ki, səni məndən çox yetim-yesirin taleyi düşündürür.
H u m a y. Neçə dəfə demişəm sənə, işlətmə o yetim-yesir sözünü!
Z ə r i f. Neynək, qoy olsun valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar. Bu, nəyisə dəyişir?
H u m a y. Qızım, hərdən mənə elə gəlir ki, sən yaşamırsan, döyüşürsən. (Yüngülcə qucaqlayır) Nədi səni narahat eləyən, bəlkə kimsə səni incidib? Evdə tapılmazdın, indi də evdən çıxmırsan? Axı sən məndən heç nəyi gizlətməzdin. (Başını çiyninə qoyub saçını sığallayır) Belə hikkəli olma, qadındı, qızdı qılıqlı, mehriban olmalıdır.
Z ə r i f. Mama, mən ilişmişəm!
H u m a y. (Diksinir) İlişmisən? O nə deməkdir? Sən nə demək istəyirsən?
Z ə r i f. (Kəskin şəkildə Humaydan aralanır) Mən hamiləyəm!
H u m a y. Allah sən saxla!
Z ə r i f. Nədi, mama, niyə qorxdun? Yoxsa qeyri-təbii bir şey dedim?
H u m a y. Qeyri-təbii? Ərə getməmiş, ailə qurmamış qızın hamilə olması qeyri-təbii deyil?
Z ə r i f. Mama, mən kişi olub hamilə olduğumu desəydim, bu olardı qeyri-təbii, göstərmə bir iş. Mən...
H u m a y. (Ona bərk şillə vurur) Sus! Sən hələ bir həyasızlıq da eləyirsən? Təbii, qeyri-təbii... Bəlkə bu təbii işə görə mən səni bağrıma basıb öpməli, gözaydınlığı verməliyəm?
Z ə r i f. Öz həyatımın ağası mən özüməm, heç kəsin də təhqirinə dözmək fikrində deyiləm. Əgər mənə bir də əl qaldırsan, istər sən, istər də papa, çıxıb gedəcəm evdən.
H u m a y. (Heysiz diz üstə düşür) İlahi, sən özün mənə səbr, hövsələ ver, mənə doğru yol göstər.
Z ə r i f. Doğru yolu mən özüm bilirəm. Hər şeyi də düşünmüşəm. Məni apar o arvadın yanına, qurtarım bu zibildən.
H u m a y. (Hövlnak qalxır) Nə dedin? Sən uşağı tələf eləmək istəyirsən?
Z ə r i f. Əlbəttə! Yoxsa bic doğulmuş nəvə istəyirsən?
H u m a y. (Qulaqlarını tutur) İlahi, mən nələr eşidirəm? Kimdi o?
Z ə r i f. Bilmirəm, mən onu tanımıram.
H u m a y. Zərif!
Z ə r i f. Elə bilirdim tanıyıram, səhv eləmişəm.
H u m a y. Çoxdandı səninlə danışmırıq biz. İndi birdən mənə məlum oldu ki, mən də səni tanımıram.
Z ə r i f. Mama, sən tək məni yox, bu dünyanı da unutmusan, tanımırsan. Sən real dünyanı qoyub uydurduğun irreal bir zamanda yaşayırsan. Sənin dinin bizi ayırdı, indi biz din adlı bir hasarın ayrı-ayrı tərəflərindəyik.
H u m a y. Dinə şər atma, o, insanları ayırmır, birləşdirir.
Z ə r i f. Mən gördüyümə inanıram, amma indi bu söhbətin yeri deyil. İstəmirsən sən getmə, zəng elə o arvad məni qəbul eləsin, qorxmasın.
H u m a y. Abort adam öldürmək kimi bir şeydir, qızım, əslində elə qatillikdir.
Z ə r i f. Onda bütün ginekoloqlar qatildir?
H u m a y. Niyə bütün ginekoloqlar? Abort eləyənlərdi qatil. Həm öz körpəsinə qıyan ana, həm də o körpəni sifarişlə qətlə yetirən həkim, killer! (Elə bil öz-özünə danışır) Ana bətnində dünyadan xəbərsiz yatan körpəni uf demədən qaba əli ilə dartıb çıxaran insan qatil deyil, bəs nədir?
Z ə r i f. Mama! (Ağlayır)
H u m a y. Ağladın? Nəhayət, sənin içində gizlənmiş qadın zühur elədi. Sən o körpəni məhv eləyə bilməzsən. Onun haqqı var. Məni bu saat sənin taleyin, camaatın qınağı, abır-həya, bizi gözləyən rüsvayçılıq yox, o günahsız körpənin taleyi düşündürür. Mən onu var gücümlə qoruyacam, Zərif, bizi sınağa çəkən Allahı köməyə çağıracam. O körpə bu saat mənə möhtacdır.

Zərif hönkürüb Humayı qucaqlayır. Qərib gəlir.

Q ə r i b. Salam-aleykum, mənim qızlarım, gözəllərim, nə yaxşı qucaqlaşmısınız. Zərif, nə vaxtdır görüşmürük, elə ötəri görürəm səni, amma bir görüşmürük, gəl öpüm səni...

Zərif Humaydan aralanıb qaçaraq gedir.

Q ə r i b. Getdi? Humay, o ağlayırdı? Elə sən də ağlamısan. Nə olub?
H u m a y. Başın ağrımır ki?
Q ə r i b. Əl çək mənim başımdan? Nə olub? Faciə qəhrəmanı kimi düz qalmısan.
H u m a y. Zərif hamilədi.

Qərib sarsılır, dizləri bükülür, kresloya çökür.

Q ə r i b. Mən belə zərbə gözləmirdim.
H u m a y. Qərib, bu elə bir sınaqdır ki, ondan ləyaqətlə çıxmaq dözüm istəyir. Bu, Allahın bizim ailəyə göndərdiyi sınaqdır.
Q ə r i b. (Qışqırır) Çəkmə allahın adını!
H u m a y. Sakit ol, səbrli ol, asi düşmə.
Q ə r i b. Humay, mənə dərs demə, taqsır səndədi. Başın qarışdı namaza, ibadətə, dini təbliğata, yetimxanalara, şillərə-şikəstlərə, yadından çıxartdın özcə qızını. Çağır onu bura!
H u m a y. Səbr elə, Qərib, hövsələli ol. Gəl bir qədər təklikdə düşünək. Onu çağırsaq qara-qışqırıq qopacaq, nəticəsi də olmayacaq. O, bu saat uçurum qarşısındadır. Özünə qəsd eləyə bilər.
Q ə r i b. Qoy eləsin, qoy öldürsün özünü, amma əvvəl mən onun üzünə tüpürəcəm.
H u m a y. Bunu həmişə eləmək mümkündür.
Q ə r i b. Kimdi o binamus, biqeyrət?
H u m a y. Qız heç onun adını çəkmək istəmir.
Q ə r i b. Səni bilmirəm, Humay xanım, o əclaf kimdisə ya bu saat toy eləyib evlənməlidir, ya da doğrayacam onu, cərrah bıçağımla.
H u m a y. Qəzəb yaxşı məsləhətçi deyil, Qərib, səbr elə. Biz qızımızı zorla ərə verə bilmərik. Bu çıxış yolu deyil.
Q ə r i b. Bəs nədi çıxış yolu? (Xəcalətdənmi, ağrıdanmı başını tutur) Mən necə rüsvay oldum, Humay! Ağlıma gəlməyən başıma gəldi.
H u m a y. İndi ah-nalə eləməklə heç nəyi düzəltmək olmaz, Qərib, gəl fikirləşək, götür-qoy eləyək.
Q ə r i b. Nə götür-qoy, nə fikir, Humay? Abort elətdirərsən qurtarar gedər, heç kəs də bilməz. Bəs biz özümüz? Bundan sonra mən onun üzünə necə baxacam, ona necə qızım deyəcəm?
H u m a y. (Qətiyyətlə) Mən aborta imkan verməyəcəm.
Q ə r i b. Necə? Nə dedin?
H u m a y. Bu böyük günahdır.
Q ə r i b. Ah, belə de! Bəs onda sən özün neçə günah eləmisən, Humay xanım? Bir, iki, beş, on beş?
H u m a y. Danışma, Qərib, illər keçdikcə mən daha çox əzab çəkirəm.
Q ə r i b. O qədər uşaq tələf elədin ki, istəyəndə də bətnin uşaq saxlamadı. Qaldıq bir qızın ümidinə. Bilirəm, deyəcəksən ki, mən məcbur eləyirdim, evimiz yoxuydu, amma kişi çox şey deyə bilər, bəs qadın, bəs ana?
H u m a y. Belə qəddar olma. Adam xoşbəxtliyi də, bədbəxtliyi də sakit qarşılamalıdır. O qədər küfr danışdın, dini-imanı lağa qoydun ki, Allah cəzalandırdı bizi.
Q ə r i b. Küfr, küfr! Azad bir söz deyən kimi küfr damğası vurursunuz. Bəs allah mənim şəfa verdiyim adamları niyə görmür? Bəlkə bunlar savaba yazılmır?
H u m a y. Şəfa verən Allahdır. Bir az sus, səbrini bas, düşünək.
Q ə r i b. Neynək, düşünək! Sən ki, bütün şəhərə məsləhət verirsən, ölkəyə radio ilə moizə oxuyursan, ver məsləhətini. Yol göstər bizə. Bilmirsən, amma mən bilirəm. Allah, allah... Mən qızımı həkimə aparacam. (Başını tutur)
H u m a y. Aparmayacaqsan, Qərib! Allah verən uşaq doğulmalıdır.
Q ə r i b. Sənin başdan xarab olduğunu çoxdan bilirdim, amma bu qədər? Sən bu rüsvayçılıqla yaşamaq istəyirsən?
H u m a y. O şey ki, bizə, Allahımıza məlumdur, beş-on qonşunun bilməsi o qədər də dəhşətli deyil. Biz əlimizi o günahsız körpənin qanına boyaya bilmərik!
Q ə r i b. Başa düş, ay müsəlman, yerə düş göylərdən, bu dünyanın öz qanunları var. Sənin haqqa söykənən məntiqin burda işləmir.
H u m a y. Bu mənim yox, Allahın məntiqidir. Sənin dediyin reallıqla götürsək, İsa peyğəmbər də bic doğulub, amma o, dünyanın axarını dəyişdi.
Q ə r i b. Humay, sən çoxdan dini ideoloq olmusan, amma mən cərraham, praktika adamıyam. Bu işdə sən mənə mane ola bilməzsən. Sən qıraqda dur, mənəviyyatını qoru, saxla Allah yolunu. Bütün günah da, məsuliyyət də mənimdir. Qızı çağır bura! (Çağırır) Zərif!
H u m a y. (Qabağına keçir) Qərib, mən həmişə bir arvad kimi öz yerimi bilmişəm. Allahımı tanıyana qədər səni, əstafürullah, Allah bilmişəm, sənə görə günahlara da batmışam, amma mən qalan ömrümü Allah buyuran kimi yaşayacam.
Q ə r i b. Yaşa, Humay xanım, yaşa Allahın, peyğəmbərin deyən kimi yaşa, amma mən qarnında bic gəzdirən qızla bir dam altında qala bilmərəm.
H u m a y. (Qətiyyətlə) Onda get evdən!
Q ə r i b. (Çaşır) Sən ciddi deyirsən? Mənim evdən getməyimi istəyirsən?
H u m a y. Bu çox ciddi məsələdir, Qərib. Mən hətta özümdən çox istədiyim sənə görə də qatilə çevrilə bilmərəm. Mən o körpəni qoruyacam. Sənin, uşağına atalıq eləməkdən qorxan o nakəsin, yolunu azmış qızımın, atasız körpələrə bic deyən qəddar, ürəksiz insanların qənim kəsildiyi o günahsız tifilin mənə ehtiyacı var. Onu mən qoruyacam!
Q ə r i b. Neyniyim, Humay, döyüm səni? İyirmi beş ildən sonra əl qaldırım? Yoxsa boşanım, baş götürüb gedim evdən?
H u m a y. Vur, döy, öldür məni, əgər bu nəyisə dəyişəcəksə vur. (Üzünü şillə üçün tutur)

Qərib qəzəblə əlini qaldırır ki, vursun, qəfil ağrıdan diksinib ikiqat olur, başından yapışıb inildəyir, daha sonra səssiz qışqırıb döşəməyə yıxılır.

H u m a y. Qərib! (Üstünə əyilir) Nooldu sənə? (Üzünə baxır, nəbzini tutur) Çiçək! Zərif!
Ç i ç ə k. (Qaçaraq gəlir) Humay mama... doktor...

Qərib tərpənir və yavaş-yavaş dikəlir. Humay ona qalxıb oturmaqda kömək eləyir.

Q ə r i b. (Humaya) Qorxma, zəng elə... bizim klinikaya...
H u m a y. (Onun üzünə, başına sığal çəkir) İndi çağıraram, bu saat... (Telefona sarı gedir) Çiçək, dua elə, dua elə, qızım... (Dəstəyi götürür)
Ç i ç ə k. Bilirəm, Humay mama, mən hər şeyi bilirəm, görürəm... (Səhnənin önünə gəlib diz üstə düşür, əllərini göyə açır)

Qərib başını kreslonun söykənəcəyinə söykəyib, gözləri yumuludur. Zərif asta addımlarla gəlir və elə göründüyü yerdə də dayanır. İşıq azalır.

Ç i ç ə k. (Dua eləyir) Allahım, bilirsən ki, sənə layiq olduğun şəkildə dua etməkdə acizəm, qüsur tutma, eşit səsimi. Eşit on altı il atasız-anasız yetimçilik çəkmiş aciz bəndənin səsini. Qərib ataya rəhmin gəlsin, məni təzədən yetim qoyma. Eşit Humay mamanın dualarını, rəhm elə onların təkcə balasına, axı sən istədiyin vaxt çətini asan eləyən, hər şeyi bilən, görən, səhvləri, günahları bağışlayansan...

İşıq sönür
I hissənin sonu

Allahla dost olduqdan sonra
ömür də gözəldir, ölüm də.
C.Rumi

İKİNCİ HİSSƏ

Həmin məkandır. Çiçək əlində bir dəstə çiçəklə gəlir.
Vazaya qoymamışdan çiçəkləri iyləyir.

Ç i ç ə k. Heyif ki, iyi yoxdu. Gözəlliyi var, ətri yox. (Bir az aralıdan vazaya qoyduğu güllərə baxır, sonra güzgüyə yaxınlaşır, özünə baxır, ehtiyatla başındakı ağ örpəyi açır. Dibdən qırxılıb sonradan uzanmış saçlarını əlləri ilə geri darayır. Yeniyetmə oğlanlara oxşayır) Əcəb priçoskadı.
H u m a y. (Gəlir) Çiçək? Başını açdın? Nə gözəl görünürsən, maşallah olsun, neçə vaxtdır adam gözünü səndən çəkə bilmir. Yanaqlarına qan gəlib, gözlərində işıq var. (Yanağından öpür) Bu Allah nurudur, düşüb üzünə.
Ç i ç ə k. Bu həm də sənin işığındır, Humay mama.
H u m a y. Sən mənə elə gözəl Humay mama deyirsən ki, elə bil gözünü açıb məni görmüsən.
Ç i ç ə k. Mən öyrəncəliyəm, Humay mama, lap körpəlikdən. Kim mehribanlıqla üstümə gəlir, üzümə gülür, xoş söz deyir, ya bir konfet verirdisə, mama deyib qollarımı açırdım.
H u m a y. Övladını atan anaları başa düşmək çətindir.
Ç i ç ə k. Elə ki, üzümə xoş baxan məni qucağına almırdı ağlayır, qara-qışqırıq salırdım, əvəzində tərbiyəçi deyilən arvadların qapazını qazanırdım.
H u m a y. Danışma, Çiçək, sən başına gələnləri deyəndə halım dəyişir.
Ç i ç ə k. Humay mama, bu yetimxana uşaqlarının adi, gündəlik həyatıdır. Arzu olunmayan uşağın dünyaya gəlməsi sevinc yox, dərd gətirir. Bir dəfə məktəb tapşırığı vermişdilər bizə, ədəbiyyat dərsindən. Mövzu da «Anama məktub»du. Müəllimə çox əzazil, qəddar qadındı, amma məni həmişə tərifləyərdi, hətta bir dəfə dedi ki, sənin yiyən olsaydı, yaxşı yazıçı çıxardı səndən. Dedi dur oxu inşanı, qalanlar da görsün necə yazmaq lazımdır. Mən görmədiyim, heç təsəvvür belə eləmədiyim anama məhəbbət dolu elə bir məktub yazmışdım ki, o əzazil müəllimə də ağladı. Niyə atılmış uşaqlar analarını belə sevirlər, dedi müəllimə.
H u m a y. (Gözlərini silir) Nə yazmışdın, Çiçək? Yadında qalıb nəsə?
Ç i ç ə k. Mən o məktubda yazdıqlarımı heç vaxt unutmuram, Humay mama. Ağlım kəsəndən o məktubu ürəyimdə yazırdım, xəyalən anamla danışır, söhbət eləyirdim. İmkan oldu bir dəfə o məktubu internetə ötürdüm. Qızını atmış ünvanı məlum olmayan anaya məktub. (İşıq azalır. Çiçək işıq haləsindədir) Heç vaxt üzünü görmədiyim, əziz anam, salam! Bilirəm ki, məni unutmamısan, unuda bilməzsən, heç vaxt da unutmayacaqsan, lap bundan sonra bir yox, on bir uşağın da olsa, yetimxanaya atdığın körpə qızını yadından çıxara bilməyəcəksən. Bilmirəm niyə mənə həyat verib, sonra da imtina elədin məndən? Amma əminəm ki, sən məni öz xoşunla, öz istəyinlə atmadın, hər şeyə bais insanlardır, onların tənəsindən, dedi-qodusundan, ondan da əcaib qəddarlıqlarından qorxmusan. Bəlkə də mənim sağ-salamat qalmağımı istəyib özgələrin ümidinə buraxmısan. Bilmirəm, yəqin heç vaxt da bilməyəcəm. Mən sənin günahınam, heç vaxt bağışlanmayacaq günahın, amma mən səni bağışlayıram, çəkdiyim bütün əziyyətləri, əzabları, təhqirləri, təcavüzləri, haqq-nahaq başıma dəyən qapazları halal eləyirəm sənə, yox, bu azdır, mən səni sevirəm. Kaş səni bircə dəfə görəydim, əziz ana. Mənə görə əzab çəkmə deyə biləydim, amma illər keçdikcə bu istəyin bir vaxt çin olacağına inamım tükənir.
H u m a y. (Çiçəyi qucaqlayır) Yaxşı ki, qınamırsan o bədbəxt qadını, onsuz da yazdığın kimi o sənə görə daima əzab çəkəcək, özünü həmişə natamam, kəsik hiss edəcək.
Ç i ç ə k. Humay mama, gördün ki, mən ağlamadım, ağlayanda da mən özümə görə yox, yazıq anama görə ağlayıram. Nə bilim, bəlkə çox sadəlövhəm, aldanıram. Mən atıldığım kimi həm də unudulmuşam. Çox güman ki, həqiqət belədir.
H u m a y. Yaxşıya ümid elə, qızım. İnsanı xoşbəxt eləyən sevgidir, nifrət yox. Qəzəbdə, nifrətdə, pislikdə səadət yoxdur.
Ç i ç ə k. Bu neçə vaxtda, Humay mama, sən mənə çox şey öyrətdin, mən ruhumu tanıdım, onun varlığını hiss elədim. Doktor mənim cismimi, siz ruhumu xilas elədiniz.
H u m a y. Hər şey Allahın iradəsiylə olur, qızım, bəndələr onun buyurduqlarını yerinə yetirirlər.
Ç i ç ə k. Yəqin ki, siz deyəndir, amma inanmıram ki, anam məni lazımsız bir şey kimi atanda Allahın buyruğunu yerinə yetirib.
H u m a y. Çiçək, hər şey göründüyü kimi sadə deyil. İnsan, bəndə bu dünyanı Allahını sevdiyi qədər dərk edir. Bu dünyada hər şeyin, hər bir sualın cavabı var, hər şey bir-biriylə bağlıdır. Əgər biz bilmiriksə, bu o demək deyil ki, cavab yoxdur. Bu fani dünyanın anlamına görə hər bir xoşbəxtliyin sonu da bədbəxtliklə bitir, ən azı ona görə ki, hər şeyin sonu ölümdür. Şəfa Allaha sevgidə, itaətdədir.
Ç i ç ə k. Mən bu evdə xoşbəxtliyin nə olduğunu bildim, ağrılardan qurtardım, sağlam olmaq, özünü gümrah hiss eləmək necə böyük xoşbəxtlikdir. (Humayı öpür)
H u m a y. Əlbəttə, sağlamlığın qədrini insan xəstəlik gələndə bilir, elə xoşbəxtliyin özü də həqiqi qiymətini bədbəxtliklə müqayisədə alır.
Ç i ç ə k. Mən həm də sıxılıram sizdə, Humay mama. Yaxşılaşdıqca, sağalıb şəfa tapdıqca utanıram.
H u m a y. Niyə, Çiçək? Bu nə deməkdir?
Ç i ç ə k. Mənim gəlişimlə bu evə qəm-kədər yol tapdı. Yetimin ayağı da taleyi kimi ağır olurmuş.
H u m a y. Elə danışma, Allaha ağır gedər. Doktorun xəstəliyi səndən qabaq başlamışdı, özü başısoyuq yanaşırdı, ciddiyə almırdı. Zərifə gələndə isə... Nə deyim? Allah adamı xoşbəxtliklə də sınağa çəkir, bədbəxtliklə də. Hər şey Onun əlindədir. Mən bu gün verilişdə danışa-danışa necə ağladığımın fərqinə belə varmamışam, yaxşı ki, radiodu, göz yaşları görünmür. Allah bizə çox şey verdi, cavandıq doktorla, sağlamdıq, çox xoşbəxt idik, görünür, qədrini bilmədik, şükranlığı unutduq. Ən pisi odur ki, doktor sağalacağına inanmır. İnanmır ki, Allah istəsə ən ümidsiz xəstəni də ayaq üstə qoya bilər. İkinci operasiyaya da razılıq vermədi. Özü öz ölümünü yaxınlaşdırır.
Ç i ç ə k. Mən gündə beş dəfə namaz üstdə ona dua eləyirəm.
H u m a y. Allah səndən razı olsun. Cavan adamın duaları müstəcəb dualardır. Mən də Allahdan təvəqqe eləyirəm ki, onun ürəyinə vurduğu möhürü açsın, gözündəki pərdəni götürsün, onu ibadət yoluna yönəltsin ki, heç olmasa əzabları azalsın, günahlarına görə tövbə eləsin.

Zərif gəlir. Bir müddət səssiz dayanıb onları süzür.

H u m a y. Zərif? Necəsən, ürəyin bulanmır?
Z ə r i f. Yox, mama, gördüyün kimi çox yaxşıyam. (Acı gülümsəyir) Bu evdə indi hər kəsin, yumşaq desək, öz qrupu var. Humay xanım və Çiçək. Xəstəliyi ilə əlləşən, onunla yoldaşlıq eləyən doktor Qərib. Bir də sorğu-sualsız öz istəyi ilə doğulacaq körpəylə mən. Ən xoşbəxt görünən sizsiniz.
H u m a y. Məni xoşbəxt hesab eləmək üçün necə optimist olmalısan.
Z ə r i f. Mənəm optimist? Məni bu saat nəyin, kimin yaşatdığını heç özüm də bilmirəm. Ötən hər gün mənim əleyhimədir. Sən mənim xilas yolumu bağladın, mama, məni ev dustağı elədin. Allahınla əlbir olub mənim bütün həyatımı məhv elədin.
H u m a y. Qızım, mən o körpəni xilas eləyəndə sonranı düşünmürdüm. Sonranı düşünsəydim, sına bilərdim. Axı mən də bu mühitdə yaşayıram, amma mən peşman deyiləm, hətta indiki dəhşətli vəziyyətimdə də Allahımdan razıyam ki, doktorun, sənin, daha kimlərin basqılarına davam gətirə bildim, o günahsız tifili xilas elədim, Allahın köməkliyi ilə.
Z ə r i f. Əvəzində məni məhv elədin.
H u m a y. Sən özün özünü məhv elədin, qızım, indi döz, özü yıxılan ağlamaz. Şükür Allaha ki, ta o körpənin də mənim köməyimə ehtiyacı yoxdur. Heç bir qatil ona əl qaldıra bilməz.
Z ə r i f. Mən daşdan, dəmirdən deyiləm, mama.
H u m a y. Allah yolunu azanın cəzası ağır olur, qızım. Hətta dünyaya yeni həyat gətirmək kimi nəcib işin özü də cəzaya çevrilə bilir. Allah hər şeyi bilən, görəndir, o qadir və adildir.
Z ə r i f. Həri, görəndir, biləndir, adildir. O adildirsə papa nəyin cəzasını çəkir? Bəs bu yazığın taqsırı nədir? O niyə ölməlidir, kimə nə pisliyi keçib?
Ç i ç ə k. Necə? Mən niyə ölürəm? Humay mama, doktor məni sağaltmayıb?
H u m a y. Qorxma, Çiçək, sən sağlamsan, özün görürsən ki, sağlamsan.
Z ə r i f. Həri, sağlamdır! Onun xəbəri yoxdu ki, həkimlər ona bir-iki ay vaxt veriblər?
Ç i ç ə k. (Sarsılır) Humay mama, o düz deyir?
H u m a y. İndi ki, söz açılıb bil, Çiçək, həqiqətən həkimlər, elə doktor özü də sənin sağalacağına inanmırdılar, amma sən saydığını say, gör Allah nə deyir? Sənin ibadətlərin, duaların, Yaradana hədsiz inamın sağaltdı səni. Onlar deyən vaxtdan çox keçib, amma sən getdikcə yaxşılaşırsan. Axırıncı analizlər də yaxşı çıxdı. Doktor gözlərinə inanmadı.
Z ə r i f. Deməli, həkimlər səhv eləyiblər, şiş xoşxassəli imiş.
H u m a y. Yox, qızım, çox qorxulu şişdi, amma Allahın əlində çətin iş yoxdur. Çiçəyi sağaldan onun sidq ürəkdən, inamla elədiyi dualar oldu.
Z ə r i f. Güldürmə bizi, mama.
H u m a y. Sən gülə bilərsən, amma biz gülmürük, Yaradanımızın qüdrətinə pənah aparıb şükür eləyirik.
Ç i ç ə k. Mən Onun səsini eşitdim, Zərif.
Z ə r i f. Kimin səsini?
Ç i ç ə k. Rəbbimin səsini eşitdim, O mənimlə danışdı.
Z ə r i f. Allah adamla danışır? Sənin başın xarabdı?
H u m a y. Bəsdirin! (Pauza) Allahın qüdrətinə şəkk gətirənlər necə yazıqdırlar.
Z ə r i f. Ta onda xəstəxanalar, təbabət nəyə lazımdır? Nə dərdimiz olsa, oturaq dua eləyək də. Səhiyyəyə dövlət büdcəsindən pul ayırmaq da lazım gəlməz.
H u m a y. Atan kimi danışma.
Z ə r i f. Mən istehza eləmirəm, sizin oyuna qoşuluram.
H u m a y. İlahi, bağışla mənim ən yaxın, ən əziz adamlarımı. Onlar nəinki hasarın o üzünü, heç burunlarından o tərəfi də görmürlər
Z ə r i f. (Heyrətlə baxır) Siz həqiqətən xoşbəxtsiniz, həsəd aparıram sizə.
H u m a y. Bəs sən niyə xoşbəxt olmayasan? Nədi sənə mane olan? Qoşul bizə, gəl mənim bazar günü söhbətlərimə qulaq as. İnam öz-özünə yaranmır, onu əkmək, suvarmaq, cücərtmək lazımdır.
Z ə r i f. Mən sizin kimi illüziyalarla yaşaya bilmirəm. Əslində mən heç yaşamıram da. Ümidsizlik içində boğuluram. Hər şey mənim üçün mənasını itirib. Elə bil yaşayıb qurtarmışam.
H u m a y. Sən Allaha inansan, onu hər şeydən, hər kəsdən artıq sevsən, bütün bəlalara, çətinliklərə asanlıqla dözərsən. İnsan itirə-itirə gedir: cavanlığını, gözəlliyini, sağlamlığını, ən yaxın adamlarını. Bütün bu ayrılıqlara dözmək üçün əbədi olan Allaha tapınmaq, ona təslim olmaq gərəkdir.
Z ə r i f. Xoşbəxt olub Allaha şükür eləməyə nə var? Sən heç vaxt dərd bilməmisən, papa səni həmişə özündən, hətta bircə qızından da çox istəyib, bütün çətinliklərdən qoruyub səni. Həmişə firavan yaşamısan, ürəyin istəyən işlə məşğul olmusan, darıxmamaq üçün. Sənin kimi adam əlbəttə allahını sevər. Hünərin var bədbəxt ol və Allahı sev, ona şükür elə. Allahına asi olanlar çox vaxt bədbəxt, ac-yalavac olanlardır, ya da pulun çoxluğundan quduranlar.
H u m a y. Qızım, indi mən sən deyən mənada xoşbəxt deyiləm. Bu dünyada yeganə dayağım olan atan ağır xəstədir. Ümid bir Allaha qalıb. Sən də, mənim yeganə qızım... nə deyim, hər şey göz qabağındadır. Amma mən dözürəm, Allahdan güc, qüvvə istəyirəm, inanıram ki, nə olursa Allahın iradəsiylə olur.
Z ə r i f. Biz ayrı-ayrı dillərdə danışırıq, mama.
H u m a y. Amma bir-birimizi çox gözəl başa düşürük. Bu dünyada mahiyyət həmişə üzdə olmur, onu görmək üçün insanın bəsirət gözü açılmalıdır.
Z ə r i f. Bilmirəm, mama, mən sənə qulaq asanda içimdə hər şey qarışır bir-birinə, özümə yer tapa bilmirəm.
H u m a y. Onda oxu müqəddəs kitabı. Bədəninin tələblərini yerinə yetirirsən, bəs ruhun? Axı onun da qayğıya, qidaya ehtiyacı var. Görürsən Çiçək necə narahatdır, namazının vaxtı keçir. Get, Çiçək, mən də gəlirəm. (Çiçək gedir) Gedək mənimlə namaza, aç qəlbini Allaha, tövbə elə, günahlarının bağışlanmasını istə. Göz yaşlarınla yu günahlarını. (Əlindən tutub Çiçək gedən tərəfə çəkir) Gedək, qızım, mən səni xilas eləmək istəyirəm.
Z ə r i f. (Əlini çəkir) Yox, mama! Mən o yola gedə bilmərəm. Mənim qəlbim donub, buz kimidir, heç nə onu yumşaltmır, hətta bətnimdə ilk tərpənişini bu gün hiss elədiyim körpə də məni isitmir.
H u m a y. Bax, ikimizik, qızım, özgə şahid yoxdur, inanmasan da ibadət elə. Qoy Allah nurunu salsın qaranlıq qəlbinə, ürəyini nifrətdən, hikkədən azad eləsin... Dua elə ki, Allah qəlbinə hakim kəsilmiş şeytanı qovsun, ruhunun yarasını sağaltsın.
Z ə r i f. (Pis gülümsəyir) Yaxşı, mama, dua eləyəcəm, namaz da qılacam. Ürəyimdə yığılıb qalmış qarğışları yönəldəcəm ona. Ona görə yox ki, o məni uşaqla tək buraxdı, ona görə ki, yaxşı nə varsa hamısına qarşı nifrət oyatdı içimdə. İndi mən uşaq yox, nifrət doğacam.
H u m a y. Sus, Zərif, sus! Danışma! İçindəki pislikləri sözlərə çevirmə.
Z ə r i f. Mən indi şər işlərdən, ziyankar əməllərdən zövq alıram. Dəhşətli hadisələr haqqında informasiyalar, ölümlə nəticələnən fəlakətlər mənə kədər deyil, sevinc gətirir. Bu saat dünyanın axırı gəlsəydi mən necə sevinərdim.
H u m a y. Sus dedim! Sən ağlını itirmisən.
Z ə r i f. İnsan fəlakətləri ilə bağlı xəbərlər selində Allaha tapınıb yaşamaq mümkün deyil. Dünya bu saat al qırmızı qan rəngindədir, bütün bunlar mənim əhvalımla, ruhi vəziyyətimlə o qədər həmahəngdir ki, qəhqəhə çəkib gülmək istəyirəm. (Teatral qəhqəhə ilə gülür)
H u m a y. Sus! (Zərifə möhkəm bir şillə vurur. Zərif şillə yerini tutub daha çox təəccüblə Humaya baxır) Nəhayət, sus! Yolunu azmış qız! Sən ismətini itirdiyin kimi ağlını da itirmisən. Bu azmış kimi, hələ bir həyasızlıq da eləyirsən!
Z ə r i f. Elədir, ağlımı da itirmişəm, ismətimi də! Bütün dünyanın, millətlərin, elə ölkənin ismətini itirdiyi yerdə, axmaq bir qızın qeyri-qanuni hamilə olması doğrudanmı belə əcaib işdir?
H u m a y. (Onu qucaqlayıb başını sinəsinə sıxır) Sakit ol, yazıq balam, sakit ol, səni şeytan dilləndirir. Asi düşmə, qızım, dünyaya da meydan oxuma. Heç kəsə nifrət eləmə, qarğışlama, yamanlama. Allah hər bir günaha görə insanları cəzalandırsaydı, dünyada adam qalmazdı, həyat məhv olardı. Nəyin mükafat, nəyin cəza olduğunu bilən Allahdır. Bu gün cəzaya oxşayan bəlkə də elə mükafatın özüdür. Bəlkə haqqında bir xoş söz söyləmədiyin o körpə elə sənin xoşbəxtliyindir. Mən namaza gedirəm, dua eləyəcəm sənin üçün, Allah eşidəndir, istəkləri yerinə yetirəndi. Gedək mənimlə, namaz qılma, eləcə bir tərəfdən dayan bax, Allah kərimdi. (Bir əli ilə belindən qucaqlayıb Zərifi özüylə aparır)

İşıq sönür.

Həmin məkandır. Qərib gəlir. Əynində yataq picamasının üstündən çox sadə xalat geyib, başında nazik, toxunma papaq var. Ləng, asta addımlarla yeriyir. Kitab şkafından şəkil albomunu götürüb kresloda oturur. Xalatın cibindən eynəyini çıxarıb gözünə taxır və yorğun-yorğun albomu vərəqləyir. Hərdən hansı şəkildəsə
diqqətini saxlayır.

Q ə r i b. (Təəssüflə gülümsəyir) Yazıq anam, Allah rəhmət eləsin sənə, necə çətin yaşadın... (Eynəyini çıxarıb gözünü silir) Adam yaşa dolduqca kövrək olur. Nə bilim, bəlkə morfinin təsirindəndir, göz yaşım ovcumdadı...
H u m a y. (Gəlir. Hiss olunur ki, evə indi gəlir) Doktor, nə yaxşı durmusan... (Əyilib üzündən öpür. Qalxmaq istəyəndə Qərib onu saxlayır)
Q ə r i b. Bir də öp. (Humay öpür) Hardasan, niyə gec gəldin? Bir saatdır verilişin qurtarıb.
H u m a y. O şikəst bacılara dəydim, verəcəyim vardı. Elə radioya yaxın yerdədi evləri.
Q ə r i b. Əlinə gələn pulu da ona-buna paylayırsan?
H u m a y. Onlar ona-buna deyillər, Qərib, çox yaxşı qızlardır. Dünyada xeyirxah, mərhəmətli insanlar da çoxdur. Verilişdən çıxırdım, gördüm bir cavan uşaq, tələbədi, məni gözləyir. Əlində də on manat pul. Deyir mənim gücüm bu pula çatır, ehtiyacı olan bir allah bəndəsinə verin, siz onları daha yaxşı tanıyırsınız. Heç adını da demədi. Sonra bildim ki, ikinci dəfədi gəlir.
Q ə r i b. Yəqin pərəstişkarındır, səsinə vurulub.
H u m a y. Hər kimdi, əsası odu ki, ürəyində Allah sevgisi var. De görüm necəsən?
Q ə r i b. Dünəndən pis, sabahdan yaxşı. Morfidən də kayf alıram.
H u m a y. (Onunla yanaşı oturur) Bəlkə morfidən istifadə eləməyəsən.
Q ə r i b. Ağrıdan qorxuram, ölümdən yox.
H u m a y. Ölümü nə belə nağd eləmisən?
Q ə r i b. Baxıram anamdan qalan şəkillərə... Nə qədər adam ölüb gedib, qohum, tanış-biliş, qonum-qonşu. Mən bu adamların çoxunu tanıyırdım, hamısı xatirimdədir. İndi yoxdular. Çoxdan yada salmırdım onları.
H u m a y. (Əyilib albomun açıq səhifəsinə baxır) Allah rəhmət eləsin, yeri behişt olsun, yaxşı insandı...
Q ə r i b. Axırıncı dəfə kəndə gedəndə dedi a Qərib, ürəyim nazilib, eləcə sapdan asılıdı... Dedim, aparım səni şəhərə, yaxşı ürək həkimi var, bir yerdə işləyirik, dedi yox bala, ta nəyim qalıb bu dünyada, getmək vaxtıdı, yoruldum həsrətdən. Allahdan bircə istəyim var, asan, ucuz ölüm versin mənə... (Təsirlənir, danışa bilmir)
H u m a y. Rəhmətlik altmışı təzə keçmişdi, amma yaşamaqdan yoruldum deyirdi.
Q ə r i b. Bizim nəsil ölümü sevən nəsildi, elə atam da tez getdi, əllini tamam eləməmişdi öləndə. Heç vaxt inanmazdım ki, mən ölümü belə sakit müdrikliklə qarşılayacam.
H u m a y. Ölüm haqdı, Qərib, amma sənin çox tez-tez dediyin hədisi niyə unutmusan? Bu dünyada elə yaşa ki, guya heç vaxt ölməyəcəksən.
Q ə r i b. Ölümün soyuq nəfəsi peysərini üşüdəndə adamın hər şeyə münasibəti dəyişirmiş. Bu saat mən heç nə istəmirəm, heç nə! Heç nə məni maraqlandırmır, heç kəsi görmək istəmirəm. Bir səni görmək, səni hiss eləmək, daim gözümün qabağında olmağını istəyirəm. (Biləyindən tutur) Qorxuram öləndə yanımda olmayasan.
H u m a y. Mən çox istəyirəm ki, sən namaz qılasan, üzünü tutasan Allaha, günahlarının bağışlanmasını istəyəsən. Qərib, səndən asılı olanı elə, qalanını Allahın insafına buraxaq. Mən axır vaxtlar çox düşünürəm, birgə həyatımızı saf-çürük eləyirəm, günahlarımızı yadıma salıram.
Q ə r i b. Çoxdu günahlarımız?
H u m a y. Günahsız bir Allahdır. (Albomu Qəribin dizinin üstündən götürüb örtür, stolun üstünə qoyur) Niyə biz çox xoşbəxt olduğumuz bir vaxtda Allah bizə cəza göndərdi?
Q ə r i b. Nə bilim, Humay? Mən yetim, kimsəsiz bir qızı operasiya eləyirəm, bu azmış, gətirib evimdə saxlayıram, əvəzində özüm sağalmaz xəstəliklə mükafatlandırılıram. Qızımın... (Başını tutur) Qızımdan danışa bilmirəm.
H u m a y. Sənə uzanmaq lazımdır. Yuxu indi sənin üçün ən yaxşı dərmandır.
Q ə r i b. Sən doğrudan mənim sağalmağıma ümid eləyirsən?
H u m a y. Ümidsiz şeytandır.
Q ə r i b. Mən inanmazdım ki, sən mənim xəstəliyimi belə toxtaq qarşılaya bilərsən. Boynuma alım ki, inciyirəm səndən.
H u m a y. Sən mənimçün öz həyatımdan da qiymətlisən, Qərib, amma biz kimik ki, Allahın istəyinə qarşı çıxaq? Sən ibadət eləsən, qalan ömrünü tanrıya dualara həsr eləyib günahlarının bağışlanmasını diləsən, ruhun dincələr, rahatlıq tapar.
Q ə r i b. Mən ha fikirləşirəm tapa bilmirəm günahlarımı.
H u m a y. Nə fərqi var, sən dualarını elə, bağışlanmağını istə. Bu dünyada hər şey, hər bir hadisə bir-biriylə əlaqədədir, dünyada təsadüfi heç nə olmur. Otuz-qırx il əvvəl elədiyin günahın cəzasını bu gün ala bilərsən. Qaldı bizim konkret günahımıza, mən bilirəm, yadıma salmışam, əslində heç unutmamışdım da.
Q ə r i b. Mən də iştirak eləmişəm o günahlarda?
H u m a y. Zərifdən sonra nə qədər uşaq tələf elədik? Mənim gic başım.
Q ə r i b. Taqsır məndəydi. Dedim ikinci, üçüncü uşağı neynirik, ev alaq sonra... Qorxma, islama görə qırx beş günəcən uşaq saldırmaq elə də günah deyil, icazə verilir.
H u m a y. Yalan sözdür. Dini, imanı, kitabı mənafeyinə uyğunlaşdırmaq istəyən ruhanilərin uydurmasıdı bu. Onları da qınamalı deyil, dünyanın indiki vəziyyəti nəinki adi adamları, ruhaniləri də çaşdırır.
Q ə r i b. Allah bizi cəzasız qoymadı. İkinci uşağı istəyəndə alınmadı, dalbadal abort öz işini görmüşdü. Axırda bircə qızla kifayətlənməli olduq, o da soxdu başımızı yerə.
H u m a y. Zərifi çox qınama, cavanlıqda adamı ağlı yox, hissləri idarə eləyir. O vaxtlar mən də Zərifin taleyini yaşaya bilərdim.
Q ə r i b. Sənin göydə Allahın, yerdə də Qərib kimi sevənin varıydı. O da indi yol üstədi, gedər gəlməzə hazırlaşır.
H u m a y. Hər şey Allahın əlindədi.
Q ə r i b. Elədi, amma Allah bizə ağıl da verib. Bütün canlılardan fərqli olaraq bir insan öləcəyini bilir. Səndən belə tez ayrılacağıma inanmazdım.
H u m a y. Allaha ümid eləyək, Qərib. Bax Çiçəyə, maşallah, çiçək kimi açılıb. Ona da bir-iki ay vaxt vermişdiniz.
Q ə r i b. Mən indi də təəccübdəyəm. Yaxşı, mən səhv elədim, bəs Heydərov, konsilium, bəs professor? O hələ də bu fikirdədir ki, bu müvəqqəti yaxşılaşmadır, tibbdə belə şeylər olur.
H u m a y. Sizin bədbəxtliyiniz ondadır ki, siz Allahın möcüzə yaratmaq qüdrətinə inanmırsınız. Niyə inanmırsınız ki, Allah duaları eşidəndir?
Q ə r i b. Xəstə adama belə qəliz suallar vermək insafsızlıqdır.
H u m a y. Qurban olum, Qərib, Allahını tanı, tapın ona.
Q ə r i b. Humay, mən allahsız deyiləm.
H u m a y. Bəs niyə Onun qüdrətinə inanmırsan?
Q ə r i b. (Tərəddüdlə) Niyə ki... inanıram, amma bu zəhrimar xəstəliyin gücünü də bilirəm axı, beynimi yeyə-yeyə gedir, hətta səninlə mübahisə eləyə bilmirəm, beynim artıq kütləşir, gücdən düşür. Bu yerdə anamın ucuz, asan ölüm istəyi düşür yadıma, abırlı ölmək istəyirəm. Tez ölməsəm səni də tanıya bilməyəcəm bir azdan. (Gülür)
H u m a y. Doğrudan da, başın xarab olub.
Q ə r i b. (Gülümsəyir) Hələ harasıdır, keçən hər gün özüylə yeni-yeni sürprizlər gətirəcək.
H u m a y. Sabah bundan ağıllı olacaqsan.
Q ə r i b. Hələ ağlım üstümdədi, məni ələ salırsan, sonra neynəyəcəksən? Arsız adam olmasam bəlkə də ağlayardım.
H u m a y. Ağlama, ibadət elə, bütün dərdlərini, istəklərini Allaha söylə, bütün günahlarına görə tövbə elə. Ondan şəfa dilə.
Q ə r i b. Çiçəyin möcüzəsini təkrarlamaq istəyirsən? Əgər mən də dualarla sağalsam, bu artıq olardı komediya. (Acı gülümsəyir) Ey mənim məndən çox-çox yaxşı həyat yoldaşım, əlli iki illik ömrümdə rast gəldiyim, gördüyüm insanların ən təmizi, ən yaxşısı, ən gözəli, ən sevimlisi, adı da özü kimi gözəl arvadım...
H u m a y. Adamı belə tərifləmək özü günahdır.
Q ə r i b. Eybi yox, qoy bu mənim daha bir günahım olsun. Nə deyirdim, çaşdırdın məni... Gör ağlı ləng işləyən adamın, daha doğrusu, xəstənin sözünü kəsərlər? Hə, yadıma düşdü, həyatda səhnədən fərqli olaraq hər bir komediyanın da, xoşbəxtliyin də axırı faciədir, bədbəxtlikdir, çünki insanın sonu, axırı ölümdür.
H u m a y. Amma sonu olmayan Allah var, necə ki, əvvəli də yoxdur.
Q ə r i b. O sənin üçün elədir, islama görə, amma özgə dinlər də var.
H u m a y. Fərqi yoxdur, bütün dinlərin, yerə endirilən kitabların mənbəyi də Odur, hər şeyə qadir Allah.
Q ə r i b. Doğrudur, elə o qadir Allah bizim ayrılmağımıza fitva verib. Nə gələndə bizim istəyimiz nəzərə alınır, nə də gedəndə adamdan soruşurlar ki, a yetim, Humay xanımdan ayrılmaq istəyirsən, ya yox?.. (Təsirlənir) Səndən ayrılmaq mənim üçün nə qədər ağır olsa da, səndən nigaran getmirəm, səni heç vaxt yalqız buraxmayacaq Allahın var. Sənə təsəlli tapmaq çox da çətin olmayacaq, nigarançılığım qızdandır. O, həyatını pis başladı... (Susur) Bizim çoxlu gözəl övladlarımız ola bilərdi... Sənə demirdim, mənim təhrikimlə məhv elədiyimiz, doğulmayan övladlarımıza görə çox heyifsilənmişəm...
H u m a y. Mənim günahım daha çoxdu, amma keçən keçib, keçmişdə olanları dəyişmək bizim gücümüz xaricindədir. İndini, sabahı düşünmək gərəkdir. Tövbə qapıları həmişə açıqdır. Gedim əynimi dəyişim.
Q ə r i b. Məni tək buraxma, sonra peşmançılıq çəkəcəksən.

Humay dayanıb Qəribə xeyli baxır, gözləri dolur.

Q ə r i b. Getmə, qucaqla məni, hələ pis deyiləm, qucaqlamaq olar. Güzgüyə baxanda özümü tanıyıram. (Ayağa qalxır)
Humay ona yaxınlaşıb nəvazişlə qucaqlayır.

Q ə r i b. Qorxma, bərk qucaqla.
H u m a y. Sən bütün vəziyyətlərdə mənim üçün ən yaraşıqlı kişisən.
Q ə r i b. Mənim bu dünyada ən böyük uğurum sən oldun, mən sənə rast gələndən içimdə bir xoşbəxtlik, bayram ovqatı daşıyıram. Gözümü həmişəlik yumanda da axırıncı səni görmək istəyəcəm. (Ehtirasla öpür)
H u m a y. Bu sözləri mən sənə artıqlaması ilə qaytara bilərdim, doktor. (Gözlərini silir)
Q ə r i b. İndi oturt məni, yoruldum.
H u m a y. Bəlkə yatağa salım səni.
Q ə r i b. Yox, bir az burda oturmaq istəyirəm... (Oturur və gözlərini yumur)

Humay gedir.

İşıq azalır. Zərif gəlir. Kresloda oturub gözlərini yummuş Qəribi görür. Yumşaq addımlarla ona yaxınlaşır.

Z ə r i f. Papa...
Q ə r i b. (Yüngülcə diksinir, amma gözlərini açmır) Sənsən... Mən sənin papan deyiləm, demişdim sənə, unutmusan. Xəstə olmasaydım, bəlkə də ananın sözünə qulaq asıb elə onda gedərdim evdən.
Z ə r i f. (Diz üstə düşüb Qəribin dizi üstə qərar tutmuş əlindən öpür) Sən məni heç sevmirsən?
Q ə r i b. Sevgidən, məhəbbətdən keçib. Sən mənim kişi ləyaqətimi çirkaba batırdın, məni təhqir elədin, indi mən sənin üzünə baxmağa xəcalət çəkirəm. Sən ta mənim sevib oxşadığım o təmiz, göyçək qız deyilsən. (Gözündən yaş çıxır) Necə gözəl günlər idi. Sən təzəcə gəlmişdin, bir neçə gündü doğum evindən evə gətirmişdik səni. İşdən tələsik çıxırdım ki, gəlim səni görüm. Kirədə yaşayırdıq, sənə hələ krovat ala bilməmişdik, divanın bir küncündə qulaq yastığının üstünə qoyurduq səni, ağappaq bələkdə. Çox yatağan uşaqdın, heç yeməyə də oyanmırdın. Yaman təlaş eləyirdik. Səni yuyanda, bir də bələyəndə ağlayıb oyanırdın, onda mama tələsik döşünü verirdi. Bir-iki ağız əmib yenə yatırdın. (Başını tutur. Zərif üzünü onun dizində qərar tutmuş əlinin üstünə qoyur) Hələ heç kəs mənim rüsvayçılığımdan xəbər tutmayıb, amma mən adamlarla sənin haqqında danışa bilmirəm. İşdə səni soruşanda cavab verə bilmirəm... Şükür ki, bir azdan cavab verməyə ehtiyac olmayacaq.
Z ə r i f. Sən niyə belə inamsızsan, papa. Çiçək ki sağaldı.
Q ə r i b. Əslində mən tezliklə öləcəyimi bilsəm də təəssüflənmirəm, əksinə sevinirəm. Ölüm məni biabırçılıqdan qurtaracaq. O uşaq doğulanda mən olmayacam. Budur mənə təsəlli verən. (Qalxıb asta addımlarla gedir)
Z ə r i f. (Bir müddət diz üstə qalıb ağlayır. Sonra gözlərini silib qətiyyətlə qalxır) Neynək, papa, canını qurtar ölümlə. Sən də məni rüsvayçılığımla baş-başa qoyub get o əclaf kimi. Dərdimə mən özüm əlac eləyərəm. Heç kəs, heç nə mənə mane ola bilməyəcək! Nə Allah, nə şeytan, nə də qeyrət, namus mücəssəməsi olan bu millət, onun insanlara bədbəxtlik gətirən qırx üzlü mentaliteti! (Çox tələsik və kəskin hərəkətlərlə şkafın bir neçə gözünü açır və nəhayət kiçik mücrünü çıxardır. Qapağını açır. Əlləri əsdiyindən mücrü döşəməyə düşür. Əyilib mücrüdən tökülən şeyləri yenə də yerinə yığır, şkafa qoyur, əlində qızıl bilərzik parıldayır. Tələsik telefona sarı qaçır)

Çiçək əlində çay gəlir və Qəribin otağına tərəf getmək istəyir. Zərifi təlaşda görüb ayaq saxlayır. Zərif telefonun dəstəyini götürüb nömrə yığır.

Z ə r i f. O gün sizə zəng eləmişdim... Hazıram, pul deyil, bahalı bilərzikdir... Qorxmayın, özümündür. Yox, heç kəs bilməyəcək. Dörd ay olmayıb... hələ. Mən sizə dediyinizdən dörd-beş dəfə çox verirəm, fransız malıdır. On beş-iyirmi dəqiqəyə ordayam. (Dəstəyi qoyur və görməsə də otaqda kiminsə olduğunu hiss eləyir. Qəfil çönür) Çiçək! (Çiçək diksinib sini qarışıq çayı döşəməyə salır) Əlin quruyub?
Ç i ç ə k. Zərif, sən neynəmək istəyirsən?
Z ə r i f. Deməli, pusursan. Humay mamanın şpiyonusan? (Yaxınlaşıb Çiçəklə üz-üzə dayanır) Mama bilsə, səni rak öldürmədi, mən öldürəcəm.
Ç i ç ə k. Zərif, bu günahdır, çox böyük günahdır.
Z ə r i f. Səndən soruşan yoxdur, bu günahdır, savabdır, şərəfdir! Guya günah eləməyib bu! On altı il detdomda küllənən qız bəlkə təmizlik simvoludur? Bəlkə demək istəyirsən bəkarətin də yerindədir?
Ç i ç ə k. Zərif, özünü günaha batırma, göydən Allah baxır.
Z ə r i f. Mən də bilirəm baxır, amma görmür!
Ç i ç ə k. İlahi, keç onun günahından.
Z ə r i f. Keçmir! O mənim günahımdan keçmir, əksinə yeni-yeni günahlara doğru itələyir.
Ç i ç ə k. Axı sonra istəyəndə də uşağın olmayacaq sənin.
Z ə r i f. Onu da bilirsən? Bu elmi kim öyrədib sənə, adı heç olmasa yadındadır? (Getmək istəyir)
Ç i ç ə k. (Qorxsa da Zərifin əllərindən yapışır) Öldürsən də buraxmayacam.
Z ə r i f. Çəkil yolumdan! (İtələyir. Çiçək qışqırıb döşəməyə yıxılır) Bax belə qorxarsan. İndi hamı məndən qorxur, doğmağımı tələb eləyən Humay mama da qarnıma qorxa-qorxa baxır, bilir ki, cidanı çuvalda gizlətmək mümkün deyil. Eybi yox, mən özüm hamını bu qorxudan azad eləyəcəm, qoy doktor Qərib də öləndə rahatlıqla, namusla nəfəs alsın.
Ç i ç ə k. Sənin qəlbinə şeytan girib, bismillah de.
Z ə r i f. Mən özüm bu saat şeytandan betərəm, kimin qəlbinə desən girə bilərəm.
Ç i ç ə k. Axı ana bətnində tərpənən uşağı kim tələf eləyə bilər? Bu cinayətdir.
Z ə r i f. (Pis gülür) Sadəlövh qız! Humay mamaya qoşulub on altı yaşından cənnət eşqiylə yaşayırsan, bu qəddar dünyadan xəbərin yoxdur.
Ç i ç ə k. Axı sən anasan, bir az düşünsən, o uşağa qıymazsan, bu mümkün deyil.
Z ə r i f. Sus! Ona da uşaq demə! (Əlini qarnına vurur) Nəhayət, mən bu gün ondan xilas olacam... (Axan göz yaşını əlinin kəskin hərəkəti ilə bir sivirimə silir) Əgər əlləri yüzlərlə körpənin qanına bulaşmış o qaniçən arvad məni rədd eləsə, bunu öz əllərimlə dartıb çıxardacam, ta ki bu millət dincəlsin! Başını uca tuta bilsin. (Gedir)
Ç i ç ə k. (Diz üstü düşüb əllərini göyə qaldırır) Pərvərdigara, sən özün onu saxla bu yoldan, sən özün onu dəhşətli günaha batmaqdan qoru, çəkindir onu bu cinayətdən, qurtar o körpəni qəddar əllərdən. Mənə şəfa verən qüdrətli əlini Humay mamanın təkcə balasının başına çək, onun xəstə ruhuna şəfa ver. (Hönkürüb ağlayır)
H u m a y. (Gəlir) Çiçək! Nooldu sənə, Çiçək? Başın ağrıdı?
Ç i ç ə k. Humay mama! (Qalxır) Zərif getdi.
H u m a y. Hara getdi, Çiçək? Zərif hara getdi?
Ç i ç ə k. O arvadın yanına, o cəlladın yanına...
H u m a y. İlahi, sən özün saxla! (Getmək istəyir)
Ç i ç ə k. Humay mama, mən də gedim.
H u m a y. Yox, Çiçək, doktoru tək qoyma, yığışdır bunları! (Döşəməyə düşmüş sinini, stəkanı göstərir) Hara getdiyimi demə. (Gedir)
Ç i ç ə k. Allah amanında! (Döşəməni yığışdırıb gedir)

İşıq azalır. Səhnə demək olar ki, qaranlıqdır. Bir müddət süküt çökür və bir azdan bu sükütü Qəribin səsi pozur.

Q ə r i b. (Pıçıltı ilə danışır) Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki yaumiddin. İyyakə nə’budu və iyyakə nəstəin. İhdinas-siratəl-müstəqim. Sirat-əl-ləzinə ənamtə əleyhim. Ğeyril-məğzubu əleyhim vələz-zalin...

Səs getdikcə aydınlaşır və tədricən pərdə arxasından namaz qılan Qəribin silueti görünür. O namaz hərəkətlərini edir. Qapı açılır. Humayla Zərif gəlir. Humay bir əli ilə Zərifi belindən qucaqlayıb. Onlar namaz qılan Qəribin siluetini görüb dayanırlar. Humay heyrət və sevinc içərisindədir.

Z ə r i f. Mama...
H u m a y. İlahi, şükür sənin kərəminə. Götürdün onun gözündən pərdəni, qəlbinə vurduğun möhürü açdın... (Kresloya oturur. Zərif də diz üstə düşüb başını Humayın dizinə qoyur, çiyinləri titrəyir. Humay əlini onun başına qoyur)
Çiçək gəlir, bu mənzərəni görüb addımlarını yavaşıdır və səssizcə Humayla Zərifə yaxınlaşır. Əyilib ağlayan Humayın saçından öpür. Qəribin səsi bir qədər güclənir.

Q ə r i b. (Səsi eşidilir) Allahım, sən Rəbbimsən, Səndən başqa tanrı yoxdur. Məni Sən yaratdın, mən Sənin qulunam. Allahım, işlədiyim qüsurların pisliyindən sənə sığınıram. Mənə verdiyin nemətləri etiraf edirəm. Günahlarımı bağışla. Allahım, zarafatımı, ciddi halımı və bilə-bilə etdiyim günahlarımı bağışla... Amin! (Musiqi səslənir, getdikcə güclənib Qəribin səsini batırır. Musiqi işıq sönəndən sonra da bir müddət davam edir)

İşıq sönür.

Həmin məkandır. Güzgünün üstünə örtük salınıb. Çiçək otaqda yır-yığış eləyir. Humay gəlir, başında qara örpək var. Çiçək əl saxlayır.

Ç i ç ə k. Humay mama, nə yaxşı tez gəldin. Qulaq asırdım söhbətinə, radio xırıldasa da axıracan qulaq asdım. Çox gözəl, maraqlı söhbət idi. (Sumkasını əlindən alır)
H u m a y. Havalar xeyli qızışıb. (Örpəyi başından sivirib çiyninə salır) Mən də razı qaldım verilişdən. Həmsöhbətim, allah ondan razı olsun, məsələni yaxşı bilir. Misirdə universitet bitirib. Çiçək, o örtüyü də götür güzgünün üstündən.
Ç i ç ə k. (Örtüyü götürür) Nə gözəl dedi: ölüm elə meyvədi ki, hamı onu dadacaq.
H u m a y. (Oturur) Elədir, Çiçək, ölüm müvəqqəti həyatla əbədi həyatı birləşdirən körpüdür, hamı o körpüdən keçəcək. (Pauza) Mən bütün bunları bilirəm, hər şeyin də Allahdan gəldiyinə inanıram, bəs onda doktorun ölümü ilə niyə barışa bilmirəm? Elə bil həyatımın işığı sönüb, özümü gücsüz, köməksiz, hətta heysiz hiss eləyirəm. Onun səsi qulağımdan getmir, gündə neçə dəfə məni çağıran səsini eşidirəm. Hərdən elə bilirəm bir qıraqda dayanıb mənim ağlamağıma baxır. (Gözlərindən yaş axır) Mən elə bilirdim Allahı olan, Onun varlığını bütün varlığı ilə duyan adam itkidən belə üzülməz... Mən belə zəif olduğumu bilməzdim... (Ağlayır)
Ç i ç ə k. Mən elə bilirəm atamı itirmişəm, təzədən yetim olmuşam.
H u m a y. (Toxtayır) Zərif hanı, yatıb?
Ç i ç ə k. Yox, yatmayıb, dedi bir havaya çıxım.
H u m a y. Şükür olsun ki, artıq vəziyyəti ilə barışıb, əvvəlki firounluğu qalmayıb, amma çətin imtahan hələ qabaqdadır. Nəsə bir şey eləməliyik, Çiçək, ölçü götürməliyik.

Zərif gəlir. Əynində enli yüngül plaş var.

H u m a y. Gəldin, Zərif? Plaşda isti deyil sənə? Havalar da qızışıb.
Z ə r i f. İstidi. (Plaşı soyunub divanın üstünə atır. Hamiləliyi bilinir) Maskirovka eləyirəm.
Ç i ç ə k. İndi mağazalarda hamilə qadınlar üçün xüsusi paltarlar satırlar.
Z ə r i f. Qeydinizi nəzərə alarıq.
H u m a y. Acıqlı olma, qızım, acıq insanı içindən yeyir, pas dəmiri yeyən kimi.
Z ə r i f. (Oturur) Elədir, mama, bilirəm. Hərdən acıqlı olmaqdan yoruluram, amma özümlə bacara bilmirəm. Bu körpəyə yazığım gəlir, onu bu dünyada nələrin gözlədiyini bilsəydi, yəqin ki, ölü doğulardı.
H u m a y. Allah eləməsin! Elə pis şeylər fikirləşmə, məsələni də bu qədər şişirtmə, hər bir çətinin bir asanı da var.
Z ə r i f. Getmişdim papanın yanına.
H u m a y. Qəbir üstünə getmişdin? Təkcə?
Z ə r i f. O ki var ağladım, ürəyimi boşaltdım, qəbrindən üzr istədim.
H u m a y. Toxta qızım, sən də otur, Çiçək. İkiniz də mənə qulaq asın. Papa yoxdur, doktor haqqın dərgahındadır. Bundan sonra biz üç arvad papasız yaşamağı öyrənməliyik. Evin xərci-xəracı mənim üstümə düşür. Mən indi əvvəlkindən çox işləməliyəm...
Ç i ç ə k. Humay mama, mən...
H u m a y. Sus, Çiçək, siz hələ danışmayın, qulaq asın, məni çaşdırmayın. Mən bu bir ayın içində çox düşünüb-daşındım, nəhayət, qəti qərara gəldim. Biz bu evdən köçüb getməliyik, bir az aralıda ucuzvari ev alarıq, mikrorayonların birində.
Z ə r i f. Nə danışırsan, mama?
H u m a y. Bu hər cəhətdən bizə əl verir, qızım. Doktorla bu evdə ömrümün ən gözəl illərini yaşamışam, çox istərdim mənim cənazəm də bu evdən çıxsın, amma hissə qapılmaq vaxtı deyil. Biz indi realist olmalıyıq, vəziyyəti düzgün qiymətləndirməliyik.
Z ə r i f. Yəqin əsas səbəb mənim bu vəziyyətimdir? Bizi tanımayan adamlar arasında çox şey uydurmaq olar.
H u m a y. O da var, qızım. Biz camaata, yaşadığımız mühitə, adət-ənənələrimizə meydan oxuya bilmərik. Mən sənin, doğulacaq körpənin gələcək taleyini düşünürəm.
Z ə r i f. Deməli, yalanlar uyduracaqsan, eləmi? Bəs bu günah deyil?
H u m a y. Xeyirə xidmət eləyən yalan bəzən həqiqətdən üstündür. O körpənin xatirinə mən hər şeyə hazıram, təki o bu dünyada rahat yaşaya bilsin. Allah bizim hər niyyətimizdən xəbərdardır.
Ç i ç ə k. Humay mama, mən gedəcəm.
H u m a y. Hara gedəcəksən, Çiçək? Bu nə sözdür deyirsən?
Ç i ç ə k. Mən həmişəlik sizdə qala bilmərəm ki? Məni sağaltdınız, ölümdən qurtardınız, allah sizdən razı olsun, sizin ailəyə ta qəm, kədər göstərməsin. Qoy Allah Zərifi xoşbəxt eləsin!
Z ə r i f. Artıq eləyib, Çiçək, bolşe ne kuda!
H u m a y. Zərif, bəsdir, hamını günahkar bildin. Allaha istehza eləməklə heç nə qazana bilməzsən. İlahi yaratdıqlarına ağıl verib ki, özünü, nəfsini idarə eləyə bilsin. Şeytana uyana Allah neynəsin?
Z ə r i f. Neynəsin? Qorusun şeytandan. Bəlkə gücü çatmır öz yaratdığına?
Ç i ç ə k. Humay mama...
Z ə r i f. Mənə elə gəlir ki, hər şeyi bilən, görən, hər şeyə qadir Allah şeytandan çəkinir, onun fitnə-fəsadından qorxur.
H u m a y. Allah özü sənə rəhm eləsin, qanmadan-bilmədən dediyin sözlərə görə. Qəzəbi tutmasın nadan bəndəsinə, o körpəyə xatir. Rəhmətlik atan da sənin kimi küfr danışmağı sevərdi, amma bu dünya ilə onu bağlayan tellər bir-bir qırıldıqca sakitləşdi, ram oldu. Şükür olsun Allaha ki, ömrünün son günlərində onu iman yoluna gətirdi, ibadət elədi, canını da namaz üstündə tapşırdı.
Ç i ç ə k. Doktor bir dəfə mənə dedi ki, Çiçək, mən doyunca namaz qılmaq istəyirəm. Dua elə Allah mənə qüvvə versin, namazda bütün ağrılarımı, bu dünya ilə bağlı nigaranlıqlarımı unuduram. (Gedir)
Z ə r i f. Mən siz deyənlərə inanmaq istərdim.
H u m a y. İnan qızım, inan, inanmağa çalış, səy göstər. Xilas yolu inamdadır. Axirət olmasaydı, bu dünyada yaxşıyla pisin fərqi də olmazdı, mənasız bir şeyə çevrilərdi dünya.
Z ə r i f. Elədir, Allah olmasaydı, onu uydurmaq lazım gələrdi.
H u m a y. Onu deyən kafirdir. Allahın bizə yox, bizim ona ehtiyacımız var. Müzakirəni bitirək, düşək aşağı, yerüstü problemlərimizi həll eləyək. Sənə bir illik icazə almalıyıq institutdan. Sizin prorektor doktorun yaxınıydı, ona deyərik. Çiçəyin də uşaq evindən çıxmasını rəsmiləşdirək, məktəb məsələsini yoluna qoyaq. Çiçək! Çiçək hanı? Necə getdi ki, xəbər tutmadıq.

Çiçək əynində nazik kurtka, çiynində kiçik idman sumkası gəlir. Başını da yaylıqla örtüb. Humay təəccüblə ayağa qalxır.

H u m a y. Çiçək, bu nədi, hara yığışmısan?
Ç i ç ə k. Humay mama, mən gedirəm, məni halal eləyin. Getməliyəm.
Z ə r i f. Hara gedirsən? Getməli yerin var?
H u m a y. Çiçək, sən özbaşınasan?
Ç i ç ə k. Bir rəfiqəm var, orda həmişə bir yerdə olmuşuq, ev tutacağıq.
H u m a y. Sən qələt eləyib ev tutacaqsan! (Sumkasını dartıb əlindən alır) Bu iki qız mənim başıma oyun açır. Yaxşı deyiblər qız yükü-duz yükü! Soyun kurtkanı da. Allah yaratdığının ruzisini özü yetirir. Bu dünyada heç kəs heç kəsin çörəyini yemir, insana ruzini verən Allahdır. Qoy gördükləriniz sizi aldatmasın.
Ç i ç ə k. (Humayın boynuna sarılır) Humay mama, elə qorxurdum, elə qorxurdum.
H u m a y. Nədən, Çiçək, nədən qorxurdun?
Ç i ç ə k. Dedim birdən məni buraxarsınız... (Ağlayır)
Z ə r i f. Səni qovan var, Çiçək?
H u m a y. Mən səni heç yana buraxmaram, Çiçək, sən doktorun, Qərib atanın yadigarısan, səni Zərifdən ayırmıram, bir olan Allah şahiddir, qızım...

Telefon zəng çalır. Zərif dəstəyi qaldırır.

Z ə r i f. Alo! (Donub qalır)
H u m a y. Nə oldu, Zərif? Niyə danışmırsan, kimdi?

Zərif bir xeyli qulaq asır və birdən hirslə dəstəyi aparatın üstünə çırpır.

H u m a y. Zərif, nə olub? Kimdi?
Ç i ç ə k. Zərif, odu?
H u m a y. O kimdi, Çiçək? Zərif, niyə cavab vermirsən?
Z ə r i f. Odu! (Qarnına işarəylə) Bunun müəllifi! İt kimi peşman olub. Bağışlanmasını istəyir, atalıq hissi oyanıb olmayan qəlbində, asqırıb oyanıb altı aydan sonra.
H u m a y. İlahi, çox şükür! (Diz üstə düşüb hönkürür)
Ç i ç ə k. Bu möcüzədi! Allahın bizə rəhmi gəldi.

Telefon zəng çalır. Humay yerindən qalxıb telefona yaxınlaşır, amma dayanır.
Çönüb Zərifə baxır.

H u m a y. Zərif, qaldır dəstəyi, cavab ver.
Z ə r i f. Yox, mama! Mən bütün bu əzablardan, əziyyətlərdən, təhqirlərdən sonra onu bağışlamaq nədir, heç eşitmək istəmirəm... (Ağlamağını gizlətməyə çalışır) Mən daşdan deyiləm, mama...

Bütün bu dialoqları aramsız səslənən telefon zəngi müşayiət eləyir.
H u m a y. Cavab ver, qızım, o körpənin xatirinə. Allah açan qapını bağlama, bu xilas yoludur.
Z ə r i f. Mama, mən o adama nifrət eləyirəm.
H u m a y. Düz demirsən, bu nifrət deyil, inciklikdir, hikkədir. O qorxub, məsuliyyətdən qorxub. Kişi ata olacağını biləndə çaşır, ilk keçirdiyi hiss qorxu olur. Sevinc sonra gəlir.
Ç i ç ə k. Allahın o körpəyə rəhmi gəlib.
Z ə r i f. (Dəstəyi götürmək istəyir) Yox, mama, bacarmıram, mən onunla danışa bilmərəm.
H u m a y. Axı sən ondan heç nə istəməmisən. Hədələməmisən, şikayətçi olmamısan, heç adını belə çəkməmisən. Əgər bundan sonra o öz istəyi ilə qayıdıb bağışlanmasını, uşağına atalıq etmək istədiyini deyirsə, o... pis adam deyil, qızım.

Zəng səsi güclənir.

Z ə r i f. (Dəstəyi qaldırır, amma danışmır. Bir müddət səssiz qulaq asır) Yavaş, göz yaşın üzümə sıçradı.
Ç i ç ə k. Yəqin ağlayır.
H u m a y. Sss...
Z ə r i f. Neynək, gəl! Gəl görüm necə baxacaqsan üzümüzə? Əlbəttə! Mən indi tək deyiləm. (Dəstəyi qoyur və heysiz kresloya çökür)
H u m a y. İlahi, çox şükür! Sən çətini asan eləyənsən.
Ç i ç ə k. Humay mama, Allah möcüzəsini göstərdi.
Z ə r i f. Həri, möcüzədi, bu arsız zamanda itkin atanın tapılması həqiqətən möcüzədi.
H u m a y. Çiçək, gedək bir şükr namazı qılaq.

Humayla Çiçək getmək istəyirlər.

Z ə r i f. Bəlkə məni də sıranıza qəbul edəsiniz?
Ç i ç ə k. Humay mama!
H u m a y. Sən namaz qılmaq istəyirsən?
Z ə r i f. (Tərəddüddədir) Yox, mama... yox, mən hələ hazır deyiləm.
H u m a y. Neynək, qızım, tövbə qapıları həmişə açıqdır.

Humayla Çiçək gedir. Zərif qalxıb güzgü qabağına keçir. Daraqla saçını səliqəyə salmaq istəyir, dayanır, əli ilə saçını qarışdırıb yenə də kresloya oturur. Qapının zəngi çalınır. Zərif bu zəngi gözləsə də diksinir. Ayağa qalxır.

Z ə r i f. İlahi, mənə səbr, dözüm, qüvvə ver! (Qəti addımlarla qapıya tərəf gedir və görünməz olur)

İşıq sönür

Pərdə

Fevral-mart, 2008
XS
SM
MD
LG