Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Z. Məmmədov: «Bakı Olimpiya Stadionuna gedən yolların tikintisi əsas məsələlərdəndir»


Ziya Məmmədov
Ziya Məmmədov
-

Nəqliyyat naziri Ziya Məmmədov yap.org.az-a müsahibə verib. Nazir Bakıda keçirilməsi planlaşdırılan Avropa Olimpiya Oyunlarına hazırlıqdan tutmuş, yeni çəkiləcək, əsaslı təmir olunacaq yollardan və s.-dən danışıb. Müsahibəni qısa ixtisarla təqdim edirik:

- Ziya müəllim, gəlin əvvəlcə son dövrlərdə Azərbaycanın əldə etdiyi uğurlara bir nəzər salaq...

- Azərbaycan Respublikasının sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində son illər ərzində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlər ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməllər yaratmışdır.

Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir. Respublikamızın öz müstəqilliyini yenidən əldə edərək daha da möhkəmləndirməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaranması Ümummilli Liderimiz Heydər Əliyev siyasətinin nəticəsi, Ulu Öndərin ölkəmiz və xalqımız qarşısında tarixi xidmətidir. Bu gün bu strategiya Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri İlham Əliyevin yüksək idarəçilik bacarığı, tükənməz enerjisi, işgüzarlığı və vətənpərvərliyi sayəsində daha da zənginləşdirilərək, dövlətimizin mənafeyinin qorunmasını və xalqımızın firavan yaşamasını təmin edən səviyyədə uğurla həyata keçirilir.

İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu nəticəni məhz dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət, aparılan hərtərəfli və köklü islahatlar sayəsində qazanmışdır. Respublika rəhbərliyinin xüsusi dəstəyi və səyləri nəticəsində respublikanın nəqliyyat-yol kompleksi də günbəgün yenilənir, daha da inkişaf edir, avtomobil yolları infrastrukturu genişlənir və səviyyəsi yüksəlir. Son illər ölkəmizin sürətli tərəqqisinə, aparılan iqtisadi islahatların uğurla təmin olunmasına yönəlmiş tədbirlər planlarının və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində mühüm işlər görülmüş, nəhəng layihələr həyata keçirilmişdir.

- Bu uğurlarda nəqliyyat-yol kompleksinin öz çəkisi var...

- Əlbəttə, təkcə son 1 ilin göstəricilərinə nəzər salmaq kifayətdir ki, nəqliyyat sektorunun dinamik inkişafı göz önündə canlansın. Diqqətinizə çatdırım ki, 2012-ci il ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilib, yük və sərnişin daşımaları 2011-ci ilə nisbətən müvafiq olaraq 6,2 və 8,4 faiz artaraq 153,5 milyon ton yük və 1,6 milyard nəfər sərnişin təşkil edib. Yüklərin 22,9 milyon tonu dəmir yolu, 12,4 milyon tonu su, 117,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınıb. Limanlarda 11,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilib. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilmiş investisiyaların həcmi 1,7 milyard manat təşkil edib.

Dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq ölkəmizin dəmir yollarında aparılan iri həcmli yenidənqurma işləri davam etdirilib. Hazırda, Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji və rabitə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri mərhələlərlə həyata keçirilir.

Layihə üzrə bu istiqamətdə yolun artıq 132,4 km hissəsi yenidən qurulub, tələb olunan avadanlıq və materialların müəyyən hissəsi alınıb.

Ölkəmizin tranzit imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə tikinti işləri sürətlə davam etdirilib. Hazırda, Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 km uzunluğunda yeni yolun üst quruluşu inşa edilmiş və bu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 km-lik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisi və uzunluğu 153 km olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir.

Su nəqliyyatı sahəsində Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmi parkının yeniləşdirilməsi və donanmanın imkanlarının artırılması məqsədilə dövlət büdcəsi hesabına Xorvatiyada sifariş olunmuş 2 ədəd 54 vaqon tutumlu bərələr ölkəyə gətirilərək istismara verilib.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və liman kompleksini birləşdirən yol infrastrukturunun tikintisi işləri davam etdirilir. Liman akvatoriyasında aparılan dib dərinləşdirmə işlərinin 90 faizi yerinə yetirilib.

Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 2012-ci ildə «Azərbaycan Hava Yolları» QSC tərəfindən 1 ədəd «Boeing 767» tipli sərnişin təyyarəsi alınmış, Heydər Əliyev Hava Limanında yeni aerovağzal kompleksinin tikintisi davam etdirilib.

Hesabat dövründə avtomobil nəqliyyatı sahəsində avtonəqliyyat parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.

2012-ci il ərzində paytaxtda 428 (278+150) ədəd yeni iri və orta tutumlu avtobuslar və 1000 ədəd «London-Taksi»ləri olmaqla 1085 ədəd yeni taksi minik avtomobilləri gətirilərək istismara verilib.

Daşkəsən, Gəncə və Horadiz avtovağzallarının tikintisinə başlanılıb, Yevlax Avtovağzalının tikintisi isə başa çatdırılaraq istifadəyə verilib.

«Yollar iqtisadiyyatın və iqtisadi inkişafın əsas faktorlarından biridir. İqtisadiyyat müasir infrastruktur və yollar olmadan inkişaf edə bilməz»... Bu fikirlər Cənab Prezident İlham Əliyevə məxsusdur. 2012-ci ildə avtomobil yolları sahəsində görülmüş işlərdən bir qədər ətraflı danışaq...

Avtomobil yolları infrastrukturunun inkişafı və ölkəmizdə müasir yol şəbəkəsinin yaradılması ilə bağlı dövlət başçısının tövsiyə və tapşırıqları əsasında irimiqyaslı yol layihələrinin icrası davam etdirilib, yeni yollar və körpülər istifadəyə verilib.
2012-ci il ərzində 537,2 km, o cümlədən 134,6 km respublika əhəmiyyətli, 402,6 km yerli əhəmiyyətli yol təmir olunub, avtomobil yollarında 25 ədəd körpü tikilib. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 km hissəsi (bayraq meydanına gedən yol),Yevlax-Bərdə (29 km), Qusar-Ləzə avtomobil yolu (39 km) və bu yol üzərində ümumi uzunluğu 318 metr olan 8 körpü tikilərək, Saatlı-Mərzəli avtomobil yolunda Araz çayı üzərindəki körpü (238,8 m) yenidən qurularaq istismara verilib. Bakı-Ələt avtomobil yolunun 50-69 km hissəsinin tikintisi, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa–Poylu–Gürcüstan sərhədi (59 km) avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M-2 (336 km)-Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri həyata keçirilib.

Həmçinin Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Quba-Qəçrəş, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yolların yenidən qurulması və əsaslı təmiri işləri aparılıb.
Beynəlxalq kreditlər hesabına Yenikənd–Salyan (31–54,04 km), Salyan–Şorsulu (55,8 –80,6 km) və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı–Yevlax, Tağıyev–Sahil, Yevlax-Gəncə, Hacıqabul–Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul – Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilir.

«Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı»na uyğun olaraq, Heydər Əliyev Hava Limanı-Mərdəkan - Bilgəh - Novxanı - Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilib.

Böyük-Şor yol qovşağının üçüncü mərhələsi (asma körpü) və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin layihəsi çərçivəsində uzunluğu 566 metr, Həsən Əliyev və Atatürk prospektlərinin kəsişməsində uzunluğu 546 metr olan tunellər istismara verilib.

Buzovna - Mərdəkan – Qala, Zığ dairəsi - Hava Limanı avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilib.

Bakı şəhərində 94 km yol əsaslı təmir olunmuş və 6 yeraltı piyada keçidi istismara verilib.

- Ziya müəllim, görülmüş işlər öz yerində. Qarşıda bizi mötəbər yarışların ev sahibliyi kimi məsuliyyətli vəzifələr gözləyir. Avropa yay Olimpiya Oyunları da bu qəbildən olan çox əhəmiyyətli bir tədbirdir. Yəqin ki, bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırırsınız.

- Azərbaycan Respublikasının sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində Cənab Prezident, Zati-Aliləri İlham Əliyevin rəhbərliyi altında son illər ərzində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlər ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edib, gələcək uğurlarımız üçün möhkəm təməllər yaradıb.

Bütün sahələrlə yanaşı ölkəmizin idman sahəsində son illər ərzində dünya miqyasında əldə etdiyi uğurları da xüsusi olaraq qeyd etmək istərdim. Bu gün Azərbaycan idmançıları böyük qələbələr qazanır, ölkəmiz nüfuzlu beynəlxalq turnirlərə «ev sahibliyi» edir. Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərar hər birimizdə böyük fərəh və qürur hissi doğurmuşdur. Bu münasibətlə dövlət başçısı Azərbaycan xalqına təbriki və söylədiyi fikirlərlə bu tarixi hadisənin qazanılmasında ölkəmizin nail olduğu yüksəlişi, tərəqqini xarakterizə etmiş, həmdə bu mötəbər tədbirin keçirilməsi hüququnun Azərbaycanın ən layiqli namizəd olaraq parlaq qələbəsi kimi qiymətləndirmişdir. Bu qələbə də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi və Möhtərəm Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil Azərbaycanın inkişaf strategiyasından bəhrələnir.

Şübhəsiz ki, ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət hissi qoyur, bu oyunların yüksək səviyyədə keçirilməsi üçün böyük təşkilatçılıq işləri tələb edir.

Biz yaxşı dərk edirik ki, olimpiyada iştirakçılarına, şəhərimizin qonaqlarına və vətəndaşlarımıza yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üzərimizə düşən ən vacib və ciddi məsələlərdəndir. Eyni zamanda, ötən illər ərzində Azərbaycanda keçirilən bir çox beynəlxalq idman tədbirləri, bilavasitə dövlətin dəstəyi, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən «Eurovision» mahnı müsabiqəsi və digər tədbirlərdə toplanmış təcrübə deməyə əsas verir ki, qarşıdakı Olimpiya Oyunları da yüksək səviyyədə keçiriləcək

- Nəqliyyat Nazirliyi tərəfindən konkret hansı təkliflər irəli sürülüb?

- Nəqliyyat Nazirliyində bu mövzuda konkret təkliflər müzakirə edilir və kompleks Tədbirlər Planı hazırlanır.

İlkin məlumata görə 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Hava Limanı, Bakı Dəmir Yolu vağzalı, Avtomobil Nəqliyyatı strukturları nəzərdə tutulur.

Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Hava Limanı vasitəsi ilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcək.

Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin edilməlidir. Olimpiada vaxtı bu şəxslərin, həmçinin idmançılar və onları müşayiət edənlərin Olimpiya şəhərciyindən Olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin turist gəzintilərinə daşınması həyata keçiriləcək.

Nəqliyyat xidmətlərinin təşkili üçün Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair Tədbirlər Planının layihəsi hazırlanır və fevral ayının sonunadək Təşkilat Komitəsinə təqdim ediləcək.

Əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir. Hal hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində yekunlaşdırılacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaq. Həmçinin, Buzovna-Mərdəkan-Qala və Qala-Zığ şössesi, bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşdırılacaq. Şəfa stadionun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcək.

Sadalanan bu yollar Olimpiya Oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaq.

Eyni zamanda, respublika və yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir.
Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı Dəmir Yolu vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaq. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron ödəmə sisteminə keçid təmin ediləcək.

Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcək. Qeyd etmək lazımdır ki, Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac var.

Şübhəsiz ki, hazırlıq işləri dövründə həllini gözləyən bir sıra məsələlər də olacaq ki, bununla bağlı tərəfimizdən zəruri tədbirlər görüləcək və Təşkilat Komitəsinə müvafiq hesabatlar təqdim olunacaq.

Sonda əmin etmək istərdim ki, Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq dövründə və oyunların keçiriləcəyi müddətdə Nəqliyyat Nazirliyinə həvalə olunmuş bütün işlərin icrası vaxtında və yüksək səviyyədə təmin olunacaq.
XS
SM
MD
LG