Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:36

«Diktator xalqına pis, yəhudilərə yaxşı ola bilərmi?»


-
ANTİSEMİTİZMİN OLMADIĞI AZƏRBAYCAN

İsrailin Haaretz qəzetinin jurnalisti Anshel Pfeffer “Antisemitizmə yox deyənlərin vətəni” adlı yazısında Azərbaycan hakimiyyətinin ölkədə yaşayan yəhudilərə və cəmiyyətin digər təbəqələrinə münasibətini müqayisə edir.

Pfeffer yazır ki, Bakıya gedəndə az qala rastlaşdığım hər kəs, adi vətəndaşlardan tutmuş dövlət rəsmilərinə, İsrail diplomatlarından tutmuş ravvinlərə qədər – hər kəs bu torpaqlarda heç vaxt antisemitizmin olmamasından fəxrlə danışırdılar. Əslində, doğrudan da bura nadir ölkələrdən idi ki, israilli olmağım mənə heç bir problem törətmirdi, əksinə rahatlığı var idi. Azərbaycanlıların 95 faizinin şiə müsəlmanlar olmasını, və Bakının İranın bir neçə saatlıq məsafədə yerləşmsini nəzərə alanda bu qəribə görünə bilər.

Müəllif antisemitizmin olmaması ilə bağlı bir sıra faktları misal çəkir. Əlavə edir ki, Azərbaycan prezidenti günü bu gün də yəhudi icmalarına tez-tez baş çəkir, hətta onlara pul ayırır, və ya dövlət hesabına yeni sinaqoq tikdirir. Amma Azərbaycan heç də parlayan demokratik ölkə deyil. Yeni neft yataqlarının da kəşfiylə ölkəyə milyardlarla pullar axır. Ancaq bu gəlirlər cəmiyyətin xeyrinə xərclənmək yerinə nümayişçiləri döyən, jurnalistləri və fəalları həbs etdirən, seçkini saxtalaşdıran rejimin möhkəmlənməsinə gedir.

"DEMOKRATİYANIN YƏHUDİLƏRLƏ SINAĞI"

Mənim inandığım bir qayda var: İstənilən ölkədə demokratiyanın nə dərəcədə doğrucul olub olmadığını yoxlamaq üçün, orda yəhudilərə münasibətə baxmaq lazımdır. Ayrı-seçkilik yoxsa, təqiblər yoxsa – demək demokratikdir.

Bu qaydanın Azərbaycan və Putin Rusiyası kimi ölkələrdə necə işlədiyini sınaqdan keçirmək üçün yaxşı fürsət əldə etdim. Çünki, hər iki ölkədə avtoritar rejimlər antisemitizmlə mübarizə üçün öz təhlükəsizlik orqanlarını işə salırlar, dövlət yəhudi icmalarına hər cür şərait yaradır, öz cibindən pullar ayırır, məktəblər açır.

"DİKTATOR ÖZ XALQI ÜÇÜN PİS, YƏHUDİLƏR ÜÇÜN YAXŞI OLARMI?"

Məndə sual yarandı ki, doğrudanmı hansısa diktator öz xalqı üçün pis, amma yəhudi vətəndaşları üçün yaxşı ola bilər? Bəs əgər bütün bu yaxşılıqları Vaşintondakı yəhudi lobbisinə xoş görünmək üçün edirsə, onda necə?

Dünyada antisemitizm cəhdlərini müşahidə edən məlumat mənbələrini incələyəndən sonra gördüm ki, əslində heç Azərbaycanda son illər ərzində ciddi antisemitizm halları olmayıb da.

Olanlar da hansısa marjinal siyasətçilər tərəfindən ortaya atılıb. Ortaq bir meyl hiss olunurdu ki, sanki, antisemitizm cəhdləri bütün hallarda müxalifətdən gəlir.
Antisemitizmlə Mübarizə forumun rəqəmlərində bir fakt diqqətimi çəkdi. 2011-ci ildə rusiyalı yəhudi mənşəli jurnalist Vladimir Solovyov Azərbaycan Hava Yolları şirkətindən şikayət edəndən sonra Azərbaycandan antisemitizm məzmunlu məktublar- hədələr alıbmış.

YƏHUDİLƏR MÜXALİFƏTƏ QOŞULSALAR...

Bəlkə də, özəl bir duruma görə nəticə çıxarmaq düz deyil. Amma görünən odur ki, yəhudilər ancaq Azərbaycan hakimiyyətinə çox sadiq olanda tolerantlıqla qarşılanırlar və xüsusi qoruma altında olurlar. Maraqlıdır, bəs birdən onlar da parlamentdə heç deputatı olmayan əsl müxalifətə qoşulsalar necə olardı?

Pfeffer qeyd edir ki, uzun illər formalaşan yəhudi diasporunun qaydalarına görə, yəhudilər gərək yaşadıqları ölkələrin iqtidarlarına onlara pis davranmaq üçün bəhanə verməsinlər. Yəni sadiq olsunlar.
Amma 20-ci əsrdə bu davranış dəyişməyə başladı. Yəhudilər Cənubi Afrikadakı azadlıq hərəkatında iştirak etməyə başladılar, ABŞ-dakı vətəndaş hərəkatlarına qoşuldular, Britaniyada monarxiyaya son qoyulmağını təbliğ etməyə və fikirlərini açıqca bəyan etməyə çəkinmədilər.

Müəllif deyir ki, “Mən Bakıdakı yəhudilərin rahatlığına və təhlükəsizliyinə paxıllıq etmirəm. Amma bir şey aydındır ki, onlar öz yerlərini bilirlər. Bu üzdən də sinaqoqların divarlarında Prezident Əliyevin Hanuka bayramında şamları yandırması və İsrail dövlət başçısı Şimon Perezlə şəkillərini vururlar. Ancaq əsl sınaq onda olacaq ki, önəmli sayda yəhudi gəncləri də Əliyev rejiminə qarşı getdikcə artan etiraza qoşulsun. Bəs o zaman, yəhudi icması indiki kimi qorunacaqmı?”

Qısacası, müəllifin fikrincə, istənilən azlığın təhlükəsizliyinə əsl təminatı ancaq demokratik rejim verə bilər, korrupsioner və əzazil diktatorun yaxşı münasibəti yox.
XS
SM
MD
LG