Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:33

Sabir Hüseynov: «Öz-özlərini tutası deyillər ki...»


Sabir Hüseynov
Sabir Hüseynov
-
Martın 2-də «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlindən 8 il ötür. 8 il öncə prezident İlham Əliyev qatillərin tapılacağına söz verdi və istintaqı nəzarətə götürdü. ABŞ və Türkiyə xüsusi xidmət orqanlarından mütəxəssislər dəvət olundu. Az sonra istintaq Tahir Xubanovla Teymuraz Əliyevin qətli törətdiyini və onların Gürcüstanda gizləndiklərini açıqladı. Amma həmin şəxslər hələ də həbs olunmayıblar.

Elmar Hüseynovun atası Sabir Hüseynovla söhbətə bundan və prezident vədindən başlayırıq:

- Tapıldı qatillər, hamısını bilirəm, kimdir, nədir. Amma... Əmələ gəlmir. Hamı bilir, deyən yoxdur.

- Qatillərin tapıldığını dediniz. Kimlərdir? İstintaqın dediyi şəxsləri nəzərdə tutursunuz?

- Eynulla gedib Gürcüstanda həmin adamları tapdı. Onu da tutdular dama saldılar, 4 il 3 ay yatdı. Dəqiq deyən yoxdur, kimlərdir. Ancaq heç kim də tutulmayıb. Bilirik kimdir, nəçidir. Kimlər edib. Ancaq durub neyləyəcəm bundan sonra? Nə dava, nə zad...

- Sabir bəy, niyə qatilləri həbs etmirlər?

- Siz məndən də yaxşı bilirsiniz. Niyə tuturlar axı? Özləridir də.

- Yəni siyasi hakimiyyət durur bunun arxasında?

- Bəli. Öz-özlərini tutası deyillər ki. Öz-özünü tutan adam varmı? Nə isə, əvvəl-axır açılacaq, vaxt lazımdır.

- Sizcə, Elmar Hüseynovun qatili siyasi hakimiyyət dəyişəndən sonra tapılacaq?

- Aydın məsələdir. Başqa cür mümkün deyil. Gör neçə ildir, 8 ildir artıq...

- Amma İlham Əliyev qatillərin tapılması ilə bağlı Sizə söz vermişdi. Belə çıxır ki, ona da inamınız itib?

- Hər dəfə gedib onun qapısını kəsən deyiləm. Hər dəfə gedib ona xəbərdarlıq etməyəcəyəm. Hər kəs öz dediyinin dalında durmalıdır. Deyib də, eləmir etməsin.

- Sizcə, Elmar Hüseynovun həmkarları bu məsələdə nə dərəcədə tələbkardırlar?

- Tələbkar Eynulla idi, tutdular 4 il 3 ay iş verdilər. Tələb edəni tuturlar. Kim tələb edəcək qorxusundan? İndiki dövrdə çox çətindir.

- Sizin ünvanınıza da bəzən bu cür iradlar, ittihamlar səslənir ki, qətlin üstünün açılmasında yetərincə tələbkar olmadınız.

- Kim deyir bunu, qələt edir. Mən getmişəm də, İlhamın qəbulunda da olmuşam. Deyib ki, tapılacaq-filan. Mən də gözlə, gözlə, 8 ildir gözləyirəm...

- Özünüzü aldadılmış sayırsınız?

- Məni niyə aldadırlar? Onların mənimlə nə işi?

- Nəvəniz Aslanla danışırsınızmı?

- Yox. Gəlin küsüb, nömrəni dəyişib. Şəkillərini böyüdüb asmışam, indi də sizinlə danışa-danışa ona baxıram.
XS
SM
MD
LG