Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Müsəlmana hansı bayramlar olar?


Moskvada Valentin günü. 14 fevral 2013
Moskvada Valentin günü. 14 fevral 2013

-
Müsəlmanlar hansı bayramları qeyd edə bilər? Bu zaman hansı seçim kriteriyaları işə düşür? Müsəlmanın bayram seçimində sərbəstliyi varmı? Bu və digər suallar “İslam və demokratiya” proqramında müzakirə olunub.

İlahiyyatçı Nəsimi Həsənov deyir ki, İslamın ən mühüm bayramlarından olan Ramazan və Qurban ibadət sonucu bayramdır.

“Bu bayramlar konkret fərz olunub. Burada “istəmirəm, etmirəm, sonra edərəm” kimi təxirə salmalara yol vermək olmaz. Allaha inanan adam hansı mentalitetdən gəlməsindən asıl olmayaraq Allahın kəlamını əsas tutmalıdır”.

"DİLƏK TUTUB TONQAL ÜSTÜNDƏN TULLANMAQ GÜNAHDIR"

İlahiyyatçının sözlərinə görə, Novruz bayramının tarixi İslamdan əvvələ gedib çıxır və bu, dinlə əlaqəsi olmayan bir bayramdır. Ümumilikdə, təbiət dəyişikliyi qeyd olunur. Amma Novruzun bəzi adətləri, tonqal üstündən tullanmaq İslama ziddir:

“O kəslər ki umaraq dilək tutmaqla tonqal üstündən tullanır, günaha yol verir. Müsəlman üçün dua olunacaq yeganə mənbə Allahdır”.

DÖVLƏT BAYRAMLARININ DİNƏ AİDİYYƏTİ YOXDUR

N.Həsənovun dediyinə görə, Respublika Günü, Müstəqillik günü, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi tarixlər dövlətçilik naminə qeyd olunası bayramlardır, sonradan yaradılıb və dinə aidiyyəti yoxdur

“Ümumiyyətlə, belə bayramlarda Allaha ziddiyyət təşkil edən bir şey, insanları əxlaqsızlığa təşviq edən amil yoxdursa, onu Allaha xoş gedən tərzdə qeyd olunmalıdır. Yeni il, Valentin günü kimi bayramlar İslama ziddir. Əvvəllər mən də Yeni ili qeyd edirdim. Allahın fikrini bildikdən sonra, əməllərimə çəki-düzən verməyə başladım. Hədislərdən birində deyildiyinə görə, bizdən başqasının sünnəsi ilə əməl edən kəs bizdən deyil. Özünü kənar cəmiyyətin adamlarına bənzətmək olmaz”.

TƏMİZ NİYYƏTLƏ HƏDİYYƏ VERMƏK OLAR

Ekspert bildirir ki, bayramlarda kiçik hədiyyə verməkdə problem yoxdur. Əsas odur ki, hədiyyə verməkdə niyyət təmiz olsun.

“Ümumiyyətlə, hər bir məsələdə Allah nəzərdə tutularsa, bu hərəkət də bir ibadətə çevrilər. İnsan xoş niyyətlə birinin üzünə gülərsə, əlindən tutarsa, bu da bir ibadətdir. Bu məsələdə həddi aşmaq olmaz. Bəziləri həccə gedə bilmir, qurban kəsir. Amma bilmək lazımdır ki, evdə çatışmazlıq olduğu halda, kiməsə borcun olduğu halda qurban kəsmək düz deyil”.

BAYRAM GÜNÜ GÜNAH ETMƏK OLMAZ

Dini Etiqad və Vicdan Azadlığının Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu deyir ki, Yeni il bayramını İsa peyğməbrin mövluduna əlaqəsi yoxdur:

“31 dekabra keçən gecənin qeyd olunması sovet dövründən qalma ənənədir, mahiyyətcə elmi əsası yoxdu, formaca da fəsadla və günahla müşayiət olunur. Müsəlman isə elmə zidd, əsassız günü bayram saya bilməz. Bayram o gündür ki, insan özünü allah dərgahında hiss edir və günah etmir”.

YOLKA QURMAQ İSLAMA ZİDDİR

İlahiyyatçı alim Ramin Vəkilov Yeni il bayramının bir sıra simvollarının qətiyyən İslama aidiyyəti olmadığını deyir. Məsələn, Santa Klaus, yolka qurulması, yolka ətrafında toplanmaq kimi dini içərikli əməllər İslama ziddir:

“Artıq toplum da bunu belə qəbul edir, artıq heç kim Şaxta Baba demir. Istər Novruz bayramı olsun, istər dövlət liderinin ad günü, istənilən bayramın içərisində ibadət səviyyəsində olan bəzi elementlər, tövhidi prinsipləri pozan ünsürlər daxil olursa, onda artıq bunlar müsəlman topluluğu tərəfindən qəbul edilə bilməz”.

YENİ İLİ QEYD ETMƏK OLAR

Dindar yazar Kənan Rövşənoğlu isə deyir ki, İslam şəriətlə əks olmayan adətləri qəbul edir. Bu baxımdan, Yeni il bayramını da adət kimi qəbul etmək olar və müsəlmanların onu qeyd olunmasında problem yoxdur.

“Yeni il gecəsi şərab süfrəsi açmaq kimi haram əməllərə kimsə müsəlmanı qınaya bilər. Amma klassik qaydadan kənara çıxmadan, yolka qurmaq, hədiyyə almaq kimi dinin zidd görmədiyi əməllərlə qeyd edilməyə heç kim irad bildirə bilməz”.

XS
SM
MD
LG