Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Rza Nuriyevin xanımı: «Bütün kənd camaatı deyir ki, o, bizim qurbanımızdır»


Südabə Fərzəliyeva
Südabə Fərzəliyeva
-
Fevralın 23-də AXCP Culfa rayon Təşkilatının keçmiş sədri Rza Nuriyevin ölümünün üçüncü ili tamam olur.

Rza Nuriyevin həyat yoldaşı ilə müsahibəni təqdim edirik

- Südabə xanım, Rza müəllimi necə xatırlayırsız?

- Həyatda o cür insanlar təsadüf olur. Xalqın, vətənin yolunda canından keçən biri idi. Üçrəngli bayraq Azərbaycanda yüksələndə, o qədər sevinmişdi ki... Ancaq həmin bayrağı sərdik onun üstünə son mənzilə apardıq. Vətən yolunda, xalq yolunda canından keçməyə hazır idi. Elə keçdi də canından… Kənddə böyük hörməti var idi, ağsaqqal idi. İndi də hər kəs onu böyük hörmətlə yad edir. Bütün kənd camaatı deyir ki, o, bizim qurbanımızdır.

- O vaxt həkimlər bildirirdilər ki, Rza Nuriyev ürək çatışmazlığından vəfat edib. Siz necə fikirləşirsiz, əvvəllər hər hansı xəstəlikdən şikayət edirdimi?

- Yox. Çox sağlam adam idi. Bütün təsərrüfat işlərini özü görürdü. Onun nə ürəyi xəstə olub, nə başqa xəstəliyi. O vaxta kimi heç bir dərman belə qəbul etməmişdi. Yanvarın 23-ü həbsxanadan çıxdı, düz bir ay sonra - fevralın 23-də qəfil xəstələndi, səhər götürdük xəstəxanaya, axşam vəfat elədi. Bizə dedilər ürəyindəndir. Heç, kağız da vermədilər ki, xəstəliyi nə idi.

- Deyirsiz ki, Rza müəllim həbsxanadan çıxandan bir ay sonra qəfil xəstələndikdən sonra vəfat edib. Bəs, evdə olduğu bir ayda harasındansa şikayət edirdimi?

- Onun ayağından dubinka ilə o qədər vurmuşdular ki, qıçları həddən artıq şişmişdi. Mənə elə gəlir ki, ayağında tromb yaranmışdı. Deyirdim gedək həkimə, deyirdi ki, həkimə getsəm, tapşırıq verəcəklər, iynə vurub məni qəsdlə öldürəcəklər. Qisməti beləymiş….

- Rza Nuriyev Bənəniyar hadisələrinin təşkilatçılarından biri kimi həbs olunmuşdu. Siz necə hesab edirsiz, onun bu işlərlə əlaqəsi var idi?

- Yox. Hadisələr yeni başlayanda, bir qrup kənd camaatı gedib polis şöbəsinə hücum etmək istəyiblər. Rza da namazını qılıb getdi onların qarşısını almağa. Deyirdi ki, camaat gedib polis idarəsini dağıdar, tutarlar onları. Sakitləşdirmək istəyirdi, ağsaqqal kimi. Onların da qabağını almışdı. Nail olmuşdu buna. O olmasaydı, daha pis olacaqdı. O istəyirdi ki, dinc yolnan həll olunsun. Sonradan zəng elədilər ki, guya təşkilatçı Rzadır.

- Rza müəllimin həbs olunduğu günü necə xatırlayırsız?

- Qonşu gəldi həyətə dedi ki, kəndi basıblar. Elə bildim ki, ermənilər kəndi basıb. Dedi yox, polislərdir, hərbçilərdir. Rza kişi çıxdı evdən. Elə, o gedən çıxmışdı. Gizlənmişdi. Sonra demişdilər ki, arvadını aparacağıq, məcbur qaldı çıxdı üzə. O cür də tutdular apardılar.

- İndi necə dolanırsız? Sizə dəyib-dolaşan yoxdur ki?

- Uşaqlarımız başını aşağı salıb təsərrüfatla məşğul olurlar. Başımızı salmışıq aşağı dolanırıq. Nə bizə dəyən var, nə də təzyiq eləyən. Niyə yalan deyim? Kim onun həyatdan köçməyinə bais oldusa, Allah onun cəzasını verəcək.

Rza Nuriyev 2010-cu il yanvarın 5-də Bənəniyar hadisələri ilə bağlı tutulub. 2009-cu ilin dekabrında Aşura mərasimi zamanı Bənəniyar kəndində polislə qarşıdurma yaşanmışdı. Bundan təqribən 10 gün sonra Naxçıvan polisi və daxili qoşunları kənddə əməliyyatlar keçirərək həbslərə başlamış və bir neçə ev, şəxsi əmlak dağıdılmışdı. Onda həbs edilən Rza Nuriyev də 18 gün saxlanıldıqdan sonra yanvarın 23-ü azadlığa buraxılmışdı. Fevralın 22-si səhhəti ağırlaşan Rza Nuriyevi yaxınları Naxçıvan şəhər Xəstəxanasına aparıblar. Bir gün sonra - 2010-cu il fevralın 23-də xəstəxanada vəfat edib.

Həkimlər Rza Nuriyevin ürək çatışmazlığından öldüyünü bildirirdilər.

O vaxt istər Naxçıvan Daxili İşlər Nazirliyi, istərsə də Naxçıvan Ombudsman Aparatı Rza Nuriyevin ölümü ilə bağlı açıqlama verməmişdilər.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə Rza Nuriyevin təcridxanada işgəncələrə məruz qalması barədə iddiaları rədd etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilirdi ki, nə Bakıda, nə də Naxçıvandakı təcridxanalarda işgəncə hallarına yol verilir.
XS
SM
MD
LG