Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

N.Cəfərov: «Əkrəm Əylisli yaxşı bilir əxlaqsız əsər yazıb»


(soldan sağa) Şahvələd Çobanoğlu, Natəvan Dəmirçioğlu, Pərviz Cəbrayıl və Nizami Cəfərov
(soldan sağa) Şahvələd Çobanoğlu, Natəvan Dəmirçioğlu, Pərviz Cəbrayıl və Nizami Cəfərov
-

Şahvələd Çobanoğlu: "Bu adamlar qəbul etmək istəmirlər ki, bir nəfəri boğmaq azad sözü boğmaqdır. Bu cəzalara çağırış faşizmdir".


“Pen klub” proqramında parlamentin Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov, jurnalist Şahvələd Çobanoğlu və yazıçılar Pərviz Cəbrayıl, Natəvan Dəmirçioğlunun debatı.
“KİTAB YANDIRMAQ ETİRAZIN ERAMIZDAN ƏVVƏLKİ FORMASIDIR”
Şahnaz Bəylərqızı:
- Düşünmək olardı ki, kitab yandırma aksiyası artıq XX əsrdə, faşist Almaniyasında qalıb. Amma XXI əsrin 13-cü ilində kitab yandırılır və bunu ziyalılar edir...
Natəvan Dəmirçioğlu:
- Mən kitab yandırılmasının əleyhinəyəm. Ancaq Əkrəm Əylislinin insanları hiddətləndirmiş kitabı yandırılıbsa, buna həm də etiraz forması kimi baxmaq olar.
Pərviz Cəbrayıl:
- İlk kitab yandırma faktı eramızdan əvvəl 221-ci ildə Çində baş verib. Son dəfə faşist Almaniyasında 1933-cü ilin mayında olub. Mən XXI əsr vətəndaşı kimi özümü birdən-birə eramızdan əvvəl 221-ci ildə təsəvvür etdim. Natəvan xanım düz buyurdu ki, kitab yandırmaq etirazın bir formasıdır. Amma o etirazın eramızdan əvvəlki formasıdır. Və etirazın ən ibtidai, ən primitiv, ən kobud formasıdır.
Ş.B:
- Belə düşünənlər də var ki, milli heysiyyət o qədər həssas məsələdir ki, orda artıq ziyalılıq unudulur və bu cür addımlar atmaq olar.
P.C:
- Üzdən baxanda bəlkə də elədir. Amma biz xalq etirazları müşahidə etmirik. Əvvəlcədən kameraların gəlməsi, kitabların yığılması göstərir ki, bu təşkildir.
“Burda ictimai qınaq da, dövlət tədbiri də olmalıdır”
Nizami Cəfərov:
- Əkrəm Əylisli nankor bir hərəkət etdi. Bunu başqa cür izah edə bilmirəm. Öz xalqını aşağıladı. Özü də bu, təsadüfən, başıxarab olmaqdan irəli gəlsəydi, bəlkə də tamam ayrı üsullardan istifadə etmək olardı. Yəni müalicə olunsun-filan. Uzun illər biz Əkrəm Əylislinin yaradıcılığında, fikirlərində belə şeylər görmüşük. Düzdür, bu qədər “fontan” eləməyib. Burda əlbəttə, çox ciddi ictimai qınaq da olmalıdır. Dövlət tədbiri də olmalıdır. Bizim Ermənistanla, ermənilərlə münasibətimiz ölüm-dirim münasibətidir. Bizim əsgərimiz necə döyüşürsə, yazıçımız, ziyalımız da o cür döyüşməyi bacarmalıdır. Millətini müdafiə etməlidir.
Ş.B:
- Yazıçının elə bir missiyası varmı ki, əsgər kimi səngərdə döyüşməlidir?
Verlişi dinləmək üçün:

N.C:
“Pen klub” proqramındakı debata yazıçı Pərviz Cəbrayıl, elmlər doktoru Natəvan Dəmirçioğlu, Milli Məclisln Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov, jurnalist Şahvələd Çobanoğlu qatılıb
“Pen klub” proqramındakı debata yazıçı Pərviz Cəbrayıl, elmlər doktoru Natəvan Dəmirçioğlu, Milli Məclisln Mədəniyyət Komitəsinin sədri, professor Nizami Cəfərov, jurnalist Şahvələd Çobanoğlu qatılıb
- Şübhəsiz. Məşhur sözdür ki, sən şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan... Fikir azadlığı nə deməkdir? O deməkdir ki, bir əsər yazasan və deyəsən ki, mən əxlaqsızam, mənim dinim mənəviyyatsızdır, mənim millətim oğrudur, quldurdur?
HAFİZ HACIYEVİN TƏKLİFİ BƏDİİ TƏKLİFDİR?
Ş.B:
- Şahvələd Çobanoğlunun fikrincə, Əkrəm Əylisli bu yolla azərbaycanlıları ermənilərə sevdirmək istəyir.
N.C:
- Əkrəm Əylisli kimdir ki, xalqı erməniyə sevdirmək istəyir? Bu ona oxşayır ki, Əkrəm Əylisli söyüş söyəcək, millətinə “itoğlu” deyəcək, mən də deməliyəm ki, bu bədii obrazdır?
Ş.B:
- Onda belə çıxır ki, kitabların yandırılmasına, yazıçının ünvanına fiziki təhdidlər səslənməsinə haqq qazandırırsız?
N.C:
- Şübhəsiz. Elə hadisələr var ki, hansı texnologiya ilə sənə qarşı yönəlirsə, o texnologiya ilə də cavab verməlisən.
Ş.B:
- Hafiz Hacıyev yazıçının qulağının kəsilməsi üçün mükafat təyin edib. Onda belə çıxır ki, sivil dövlətdə kimsə bunu icra etsə, normaldır?
N.C:
Daha elə də olmaz. O da bədii bir təklifdir. Necə ki Əkrəm Əylisli bu millətin qulağını kəsmək istəyir, o cür də ona təklif gəlir. O ki qaldı, kitabların yandırılmağına, təbii ki, kitab gərək yandırılmasın. Burda söhbət kitabları yandırmaqdan çox etirazdan gedir. Bu xalq etirazıdır... Mən düşünürəm ki, bu etirazları hökumət təşkil etməyibsə belə, təşkil etməsi düzgün olardı.
“DAŞ YUXULAR” MƏŞƏL KİMİ YANDIRILMALI İDİ”
P.C:
Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl
- Vallah XXI əsrdə Azərbaycanın görkəmli elm xadimi, ziyalısı, millət vəkili bu ölçüdə düşünürsə, anladığım qədər insanın qulağının hamısının yox, yarısının kəsilməsinə razılıq verirsə, hətta baş verənləri dövlət xətti kimi həyata keçirilməli olduğunu deyirsə, onda mən dəhşətə gəlirəm. Biz nə vəziyyətdəyik? Bu gün iki ziyalı tipi meydana çıxır: Əkrəm Əylisli və Nizami müəllim. Biri sülhü istəyir, o biri yox. O sülhü ki, bu gün həmin xətt Azərbaycanın xarici siyasətində əsas götürülüb. Sadəcə, bu tip şeylər sanki ermənini bizdən itələmək üçün düşünülüb, biri yazıçının qulağını kəsmək istəyir, biri linç etmək istəyir, biri də kitabını yandırır. Əslində, Əkrəm Əylislinin “Daş yuxular”ı yandırılmalı idi. Amma məşəl kimi yandırılmalı idi. Azərbaycan dövləti bu kitabı məşəl kimi yandırıb ermənilərin, dünya birliklərinin, Minsk Qrupunun gözünə soxmalı idi. Deməliydi ki, baxın, biz sülh istəyirik, hətta bu xalqı müəyyən mənada təhqir edən yazıçıya gözün üstə qaşın var demirik. Əkrəmin əsəri bu gün bizim üçün çox böyük silah ola bilərdi.
“PROFESSİONAL XALQLAR DOSTLUĞUNDAN NECƏ YAZMAĞI BİLİR”
N.D:
- Mən bu gün iddia edə bilmərəm ki, hörmətli Əkrəm Əylisli, siz bu əsəri yazmaq üçün ya sifariş almısız, ya da maddi təminat. Amma Azərbaycanda bir kimsə tapılmaz ki, Əkrəm Əylsilinin bu addımının arxasında nəsə olmadığını mənə sübut etsin. Pərviz müəllim dediyi kimi bu kitabı əlimizdə məşələ çevirmək istəyiriksə, yazıçı əsərdə bəşəri ideya qoymalı idi. Elə ədəbi anlam yoxdur ki, xalqın birini aşağılayasan, o birini önəmsiyəsən. Əkrəm Əylisli peşəkar yazıçıdır, professional xalqlar dostluğundan necə yazmağı bilir.
“BİZ ƏKRƏM ƏYLİSLİNİ CƏZALANDIRMALIYIQ”
Ş.B:
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- Nizami müəllim, Pərviz Cəbrayıl deyir ki, bu əsəri Azərbaycan dövləti əlində məşələ çevirməli idi. Siz nə fikirləşirsiz?
N.C:
- Çox mənasız söhbətdir. Hər dövrün öz hökmü var. Sən ədəbiyyat adamısansa, ziyalısansa, bu hökmlə hesablaşmalısan. Bu gün sənin qaçqınların var, ölkənin çox ciddi problemləri var. Doğrudur, Azərbaycan prezidenti erməni prezidentiylə görüşür, bu söhbətlərdə də prezidentimiz həmişə Azərbaycanın mənafeyini müdafiə edir... Əkrəm Əylislinin məntiqi düz gəlmir. Elə bil o deyir ki, mən mənəviyyatsız, tərbiyəsiz xalqam, gəlin dost olaq. Belə məntiq olmur axı. Ona görə də biz Əkrəm Əylislini əlbəttə lazımı formada cəzalandırmalıyıq.
Ş.B:
- Hansı formada cəzalandırmaqdan danışırsız?
N.C:
- Elə bu formada, hansı ki cəzalandırırıq. Kitabları da yandırılmalıdır, adları da əlindən alınmalıdır.
“BU CƏZALARA ÇAĞIRIŞ FAŞİZMDİR”
Şahvələd Çobanoğlu:
- Adam təəccüb edir ki, belə bir adam alim adını daşıyır, yazı adamıdır. Onun hakimiyyətyönlü millət vəkili olması və bu cür fikirləri də hakimiyyətin bir yazıçıya, bir fikrə qarşı təşkil etdiyi repressiyanın nümunəsidir. Bu adamlar qəbul etmək istəmirlər ki, bir nəfəri boğmaq azad sözü boğmaqdır. Bu cəzalara çağırış faşizmdir. Bunun başqa adı yoxdur. Dövlət özü bu şouları təşkil edir, dövlət deyir ki, hamı məni kimi fikirləşməlidir. Bu cinayətdir və millətin ruhunu sarsıdırlar.
N.C:
- Bir var hadisəni dərk etmək, bir var onunla oynamaq. Hadisəni dərk etmək lazımdır. Yəni millətin çörəyini yeyən, orden-medallarını alan, hər cür şıltaqlığına dözülən adam dövləti, dini, milləti təhqir edir. Nəzərə də alır ki, onu müdafiə edəcəklər. Söz, fikir azadlığı kimi ifadələrlə xaini müdafiə etmək olmaz.
Ş.Ç:
- Hər kəs gərək məşğul olduğu işi bilsin. Saxta mandat gəzdirən bu adamlar əminəm ki, ədəbiyyatı da bilmirlər. Bunlar xalqı sevən adamlardısa, korrupsiyanı niyə yığışdırmırlar, oğurluğu niyə yığışdırmırlar?.. Əkrəm Əylisli görür ki, 20 ildir hakimiyyət sülhdən, ermənilərə yüksək muxtariyyət verəcəyindən danışır. Ancaq bütün günü də düşmənçilik səpələyir, xalqları aldadırlar. O zaman belə əsər yazır, ermənilərə sevgi nümayiş etdirir, orda da sevgi, etiraf yarada bilmək istəyir. Artıq ermənilər yazırlar ki, biz də Xocalını, yüz min azərbaycanlının qovulmasını etiraf etməliyik.
N.D:
Natəvan Dəmirçioğlu
Natəvan Dəmirçioğlu
- Siz əsərdə sevgi yaradacaq bircə abzas tapa bildinizmi? Bu əsər iki xalq arasındakı münasibəti dalana dirəmək üçün yazılıb.
P.C:
- Bir alim cəzadan danışırsa, dəhşətə gəlirsən. Deyəsən, doğrudan da biz faşizm ərəfəsindəyik. 20 ildir Azərbaycan xalqının malını dağıdırlar, bəs niyə millət qalxmır, Nizami Cəfərov qalxmır? Azərbaycan hökumətinin 20 ildə görmədiyi işi Əkrəm Əylislinin bu əsəri görüb. Əkrəm Əylislinin ilk əsəridir ki, ədəbiyyata yox, millətə xidmət edib.
N.C:
- Mənasız söhbətdir. Əkrəm Əylisli özü də yaxşı bilir ki, əxlaqsız bir əsər yazıb. Özü də bir yox, bir neçə əsər yazıb. Niyə yazıb? Səbəb şəxsi-inciklik, şıltaqlıq, ortaya düşmək, budur, bu əsər heç bir xalqa xidmət etmir. Əkrəm Əylisli 1980-ci illərin sonu, 1990-cı illərdə də belə hərəkət etmişdi, onda onu müdafiə etdim, daha onu müdafiə etmirəm.
Ş.Ç
- Bilirsiz niyə müdafiə etmir, hökumət belə istəyir. Ona görə də əleyhinə çıxır. Yadımdadır ki, Nizami Cəfərov vaxtilə İsa Qəmbəri də müdafiə edib. Bədii əsərdə tarixi fakt axtarmaq nağıl qəhrəmanını – Cırtdanı məhkəməyə vermək kimidir. Əkrəm Əylisli deyir ki, xalqımı müasir, tolerant göstərmək istəyirəm, erməniləri inandırmaq istəyirəm ki, birgə yaşaya bilərik. Bu barışa çağırışdır, bir cəhddir.
İZLƏ
XS
SM
MD
LG