Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Elçin: ""Daş yuxular" Əkrəmin zəif romanıdır"


Elçin Əfəndiyev
Elçin Əfəndiyev
-

Əkrəm Əylisli: “Bunu deyən yazıçı Elçin deyil, dövlət adamı Elçindir".


Baş nazirin müavini, yazıçı Elçin həmkarı kulis.az-da Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanına münasibət bildirib:

"Neçə gündür ki, müxbirlər, həmkarlar, ziyalılar, sadə vətəndaşlar mütəmadi olaraq telefon açıb, Əkrəm Əylislinin «Daş yuxular» romanı haqqında mənim fikrimi bilmək istəyirlər.

Doğrusunu deyim ki, indiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb.

Təəssüf etdim ona görə ki, siyasi düşüncəsindən asılı olmayaraq iqtidarlı-müxalifətli – bütün xalq torpaqlarımızı Ermənistan işğalından azad etmək əzmində olduğu və bu zaman dünya güclülərinin ikili standartları ilə üzləşdiyi bir məqamda Əkrəm Əylislinin yazısı daha artıq və daha aqressiv birtərəfli mövqe nümayiş etdirir.

Təəssüf etdim ona görə ki, qatı erməni millətçiliyi və bu millətçiliyi mənəvi dəyər kimi qəbul etmiş erməni lobbiçiliyi heç şübhəsiz ki, Əkrəmin bu romanından effektli surətdə sui-istifadə edəcək. Ona görə effektli surətdə ki, bu yazıda təsvir edilən azərbaycanlı vəhşiliyi, qəddarlığı, talançılığı bu gün tərəddüd içində olan sadə erməni vətəndaşını da qəzəbləndirəcək və onda sülhlə, dinc qonşuluqla yaşamaq hisslərini yox, azərbaycanlılardan intiqam almaq hissini oyadacaq.

«Genosidlə» bağlı Türkiyəyə hücumlarda, təzyiqlərdə də bu yazıdan istifadə ediləcəyinə şübhə etmirəm.

Güman edirəm ki, Əkrəm istəməzdi belə bir təxribatçı nəticə alınsın, ancaq indiki halda onun yaradıcılıq faciəsi bundadır ki, özü istəsə də belədir, istəməsə də. Mən bu barədə detallara vararaq, epizodları bir-bir təhlil edərək danışmaq istəmirəm, çünki görünən dağa nə bələdçi? Eyni zamanda, oxucuları da bir daha qıcıqlandırmaq istəmirəm.

Əkrəm Əylisli bu yazını yazarkən sadə bir məntiqi unudub: birtərəfli həqiqət yoxdur. «Birtərəfli həqiqət» – yalnız birtərəfli mövqeyin ifadəsidir, bu isə, Əkrəm özü də yaxşı bilir ki, həqiqi ədəbiyyat üçün yaramaz bir cəhətdir.

Hər bir yazıçı yazılarında öz mənəvi dünyasını, düşüncələrini, dünyagörüşünü ifadə edir və Əkrəm Əylisli də bir yazıçı kimi, əlbəttə, istisna deyil.

Yazıçı üçün, o cümlədən də Əkrəm üçün Söz azadlığı məfhumu var və bu yaradıcılıqda olduqca vacib cəhətdir, ancaq yazıçının yazdığına münasibət bildirməkdə də Söz azadlığı məfhumu var və bu da eyni dərəcədə vacib cəhətdir.

Burası da yəqin təsadüfi deyil və eyni zamanda əlamətdardır ki, «Daş yuxular» bədii cəhətdən də Əkrəmin zəif əsərlərindən biridir. Burada siyasi publisistika bədiiliyi tamam küncə sıxıb və çox acılar ki, bu yazının emosional təsiri bədii-estetik hadisə yox, qəddarlığın, vəhşiliyin birtərəfli, yəni antiazərbaycan təsvirindən doğan sosial hadisədir.

Aydın məsələdir ki, hansı bucaqdan yanaşırsan, yanaş, bu romanı heç vəchlə qəbul etmək mümkün deyil, ancaq mən onu da qəbul etmirəm ki, bu yazı ilə bağlı tənqidi, həm də haqlı, prinsipial və kəskin tənqidi, müəllifə qarşı təhqir, təqib və fiziki hədələr əvəz etsin. Mən vətəndaşlarımızı, xüsusən də min bir qəzavü-qədər içində olmuş, min bir əzab-əziyyət çəkmiş, iztirablar içində yaşayan bir milyon qaçqın və məcburi köçkünlərimizi səbirli və mərhəmətli olmağa çağırıram".

"Qafqazinfo"ya açıqlamasında Əkrəm Əylisli Elçinin tənqidlərinə belə münasibət bildirib:

“Bunu deyən yazıçı Elçin deyil, dövlət adamı Elçindir. Əsərə bu cür münasibət kökündən yanlışdır. Yazıçı Elçin söz yox ki, deməli idi ki, əl çəkin bu adamdan, əsəri təhrif edib özünüzə siyasi şou düzəltməyin. Amma məmur Elçin bunu deyə bilməzdi. 37-nin nə demək olduğunu Elçin də bilir, Anar da bilir, mən də bilirəm”.
XS
SM
MD
LG