Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:45

Aqşin Yenisey: "Artıq qaliblər bəllidir, 10 min manat bölüşdürülüb" (İmtina)


Aqşin Yenisey
Aqşin Yenisey
-

Aqşin Yenisey:

“Müsabiqənin Yazıçılar Birliyi tərəfindən keçirildiyini bilmirdim. Ona görə də, bəri başdan öz imzamın namusunu qorumaq üçün geri çəkildim”.

Ədalət Əsgəroğlu:

“Dostbazlıq etməsinlər, gerçəkliyi əks etdirsinlər. Necə ki Kamal Abdulla neytral bir adam idi, yeni sədr Mövlud Süleymanlı da elədir”.



Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazarlara dəstək məqsədi ilə" təsis etdiyi mükafatın ilkin siyahısı bir neçə gün əvvəl açıqlandı.

Yanvarın 21-də mükafat komissiyasının sədri, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyinin sədri Anara məktub yazaraq, işlərinin çoxluğunu əsas göstərib, sədrlikdən azad olunmasını xahiş edib.

Yanvarın 22-də mükafata şeirlər kitabı təqdim etmiş Aqşin Yenisey də mükafatdan imtina etdiyini açıqlayıb. Mükafatın ilkin nəticələri açıqlanandan sonra komissiya sədrinin imtinası və Aqşin Yeniseyin geri çəkilməsi bir sıra suallar yaratdı.

Məsələ ilə bağlı Aqşin Yeniseyin münasibətini öyrəndik. Onun sözlərinə görə, müsabiqənin AYB tərəfindən keçirilməsindən xəbərsiz olub:

- “Sözün açığı mən bu müsabiqənin Yazıçılar Birliyi tərəfindən keçirildiyini bilmirdim. Elə bilirdim, bu müsabiqə mədəniyyət fondu tərəfindən keçirilir. Ona görə də kitabımı mədəniyyət fondunun keçirdiyi müsabiqəyə təqdim etmişdim. Amma sonra məlum oldu ki, bu müsabiqənin yiyəsi yenə də Yazıçılar Birliyidir. Yazıçılar Birliyinin indiyə qədər keçirdiyi müsabiqələrdə olduğu kimi, burda da mütləq şəxsi münasibətlər rol oynayacaq. Ona görə də, bəri başdan öz imzamı ləkələməmək üçün, öz imzamın namusunu qorumaq üçün geri çəkildim. Yenə deyirəm, əvvəlcədən bilmirdim bu müsabiqəni AYB keçirir.

“Müsabiqə başlayanda mətbuatda dəfələrlə yazıldı ki, bu müsabiqəni Yazıçılar Birliyi elan edib. Necə olur, siz bundan xəbərsiz olmusunuz?” sualına Aqşin Yeniseyin cavabı belə olub:

“Mən müsabiqə haqqında olan informasiyalarda oxudum ki, müsabiqəni AYB Slavyan universiteti ilə bir yerdə keçirir. Orda həm AYB-nin təmsilçiləri, həm də Slavyan Universitetinin münasifləri var. Mənim Azərbaycan yazıçısının həqiqətə tapındığına inamım yoxdur. Kimsə Kamal Abdullanın istefası ilə mənim geri çəkilməyim arasında bağlılıq axtarmasın. O, Kamal müəllimin verdiyi qərardır, bu mənim fikrim. Sadəcə, bu, təsadüf nəticəsində üst-üstə düşdü. Mən başa düşdüm ki, Milli Kitab Mükafatında söhbətlər hansı səviyyədə gedirsə, burda da eyni məsələ olacaq. Artıq qaliblər bəllidir, 10 min manat pul bölüşdürülüb. Mən orda niyə olmalıyam? ”

Ədalət Əsgəroğlu
Ədalət Əsgəroğlu
Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Oxuzali.az-a açıqlamasında bildirib ki, mükafat komissiyasının sədri Kamal Abdullanın məktubuna müsbət cavab verildikdən sonra, onun yerinə xalq yazıçısı Mövlud Süleymanlı sədr təyin olunub.

“Bununla yanaşı müsabiqədə başqa bir yenilik var. “Azərbaycan” jurnalının nəsr şöbəsinin rəhbəri yazıçı Məmməd Oruc komissiyaya əlavə olunub. Aqşin geri çəkilibsə, bu onun öz seçimidir. Yazıçılar Birliyinin burda heç bir günahı yoxdur. Məsələyə baxılar və yəqin ki, onun yerinə kimsə başqa birisi əlavə olunar”.

Aqşin Yeniseyin ittihamlarına gəlincə Ədalət Əsgəroğlunun mövqeyi belə olub: “Mövlud Süleymanlı sədrdir, bütün səlahiyyətlər onun əlindədir. Dostbazlıq etməsinlər, gerçəkliyi əks etdirsinlər. Necə ki Kamal Abdulla neytral bir adam idi, Mövlud müəllim də elədir. Burda Yazıçılar Birliyinin nə günahı var? Bu məsələni biz yazıçıların vicdanına buraxmışıq. Möhkəm dayansınlar, kim layiqdirsə, mükafatı ona versinlər. Bura Anarın, yaxud başqa vəzifəli şəxsin heç bir dəxli yoxdur. Yazıçılar Birliyinin sədrinin hansısa müdaxiləsindən söhbət gedə bilməz”.

Xatıradaq ki, müsabiqədə hər biri 2 min manat olmaqla 5 nominasiya üzrə qalib elan ediləcək.
XS
SM
MD
LG