Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:45

Rasim Balayev: «Mən qəhrəman deyiləm axı, qəhrəmanları oynamışam»


Rasim Balayev
Rasim Balayev
-
Tanınmış aktyor Rasim Balayev yanvarın 18-də Azərbaycan Kinematoqrafçılar İttifaqından istefa verib.

O, istefasını son zamanlar Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqı barədə mediada müxtəlif söz-söhbətlərin dolaşması ilə əlaqələndirir.

AzadlıqRadiosuna müsahibəsində Rasim Balayev istefa verməsinin səbəblərini açıqlayıb.

- Rasim müəllim, Sizin bir müraciətiniz yayılıb, dedik özünüzlə də bir dəqiqləşdirmə aparaq. Müraciəti özünüz yaymısınız?

- Bəli, özüm yaymışam

- Nə oldu ki, belə müraciət yazmaq qərarına gəldiniz?

- Gəldim də...

- Bəlkə Sizə təzyiqlər olub?

- Yox, yox

- Məktubunuzda bir cümlə var ki, ziyalı gərək prezidentin yanında olar. Amma bu yazdıqlarınıza görə Sizi tənqid etməyə başlayıblar. Deyirlər, gərək Rasim Balayev belə addım atmayaydı, belə yazmayaydı...

- Əşi... day atdım da...

- Peşman deyilsiz ki?

- Nə bilim vallah, içimdə təbəddülat gedir, amma elədim də...

- Gənclər Sizin müdafiənizə başlamışdılar. Deyirdilər Rasim Balayevi, «Nəsimi» ni, «Babək»i sona qədər müdafiə edəcəyik...

- Bəli… Mən istəmirəm məndən ötəri aksiya-filan olsun. İstəmədim bu işdə marağı olan adamlar bu məsələdən sui-istifadə etsinlər. Hər bir adam istintaqa çağırıla, şahid ola bilər. Məni şahid kimi dindirdilər, soruşdular bu qol sənindir, sənin deyil, vəssalam. Adamın Allahı var, doğurdan da məni hörmətlə qarşıladılar. Şokolad qoydular, söhbət etdik. Bunu bir az siyasiləşdirdilər, ay, elə, ay belə. Mən zarafatla bir müxbirə dedim ki, əşi, lap uzaqbaşı tutarlar, gedib 3 öynə havayı yemək yeyərəm.

- Rasim müəllim, insanların içində Sizin qəhrəman obrazınız var. Bəziləri Sizin belə bir məktub yazmağınızla barışmırlar.

- Mən qəhrəman deyiləm axı, qəhrəmanları oynamışam. Qəhrəman deyiləm. (gülür)

- Bəlkə ailənizin məsələyə təsiri olub, yoxsa özünüz birbaşa qərar qəbul etdiz ki, belə bir məktub yazasınız?

- Nə bilim... O hala gəldim...

- Hansı hala gəldiniz ki, Rasim müəllim? İstintaqa çağırdılar, Sizə təzyiq etdilər?

- Yox, sadəcə, çox götür-qoydan sonra belə qərar qəbul etdim. Bir də mənim səhhətimdə problemlər var. İstəyirəm gedəm müalicə olunam. Mənim 65 yaşım var, artıq pensiya vaxtımdır. İndi hansı filimdə lazım bilsələr, gedib çəkilərəm, belə də...

- Bəs necə dolanırsınız, maddi baxımdan deyirəm?

- Şükür, dolanıram. Mənim heç böyük iddiamda yoxdur axı... Mən bilən, Azərbaycan vətəndaşı kimi ehtiyacım yoxdur…

- Siz tək özünüzü deyirsiz, bəs ölkədə aktyorlar, ziyalılar necə dolanır?

- Yaxşı dolanan da var, pis dolanan da. Elə adam var filmə çəkilir, dublyaja gedir. Amma teatrlarda maaş çox azdır. Yəni, ehtiyac içərisində yaşayanlar da var.

- Sizin hansısa uşaq oyuncağı ilə bağlı reklama çəkildiyiniz barədə məlumat oxudum, səsinizdən istifadə ediblər deyəsən.

- Uşaq oyuncağı deyil, «Akkord» şirkətlər qrupunun bir reklamı var idi. Heç xəbərim yoxdur veriblər ya yox. Yaxşı qonorar verdilər, çəkildim. Bəs nə edim? İndi belədir də. Bir də görürsən ki, futbolçular, məsələn, Messi, nə bilim digərləri o qədər milyonlar alır, amma yenə də reklama çəkilir.

- Yazdığınız məktuba görə dostlardan, tanışlardan, Sizi sevənlərdən qınaq zəngləri gəlmədi ki, niyə belə etdiz və s.?

- Qınaq yox, elə Sizi kimi soruşdular ki, birdən-birə nə oldu belə. Dedim birdən-birə olmayıb. Vaqif Səmədoğlunun bir şeri var. Deyir, birdən qəfil ölsəm, elə hesab etməyin ki, qəfil öldüm. Bilin ki, uzun sürən ağır xəstəlikdən öldüm. İndi qəfil olmur. Adamın içində təbəddülat gedir. Gərək işlər bu dərəcəyə gəlib çıxmayaydı. Yəni, Kino İttifaqı parçalandı, cürbəcür şeylər oldu. Lazımlı-lazımsız debatlar oldu. Belə deyək, dost adamlar düşmən oldu, bu, gərək olmayaydı. Bütün bunların hamısı elə peşmançılıqdır...

- Bəlkə susmaq daha yaxşı olardı?

- Susmadım, mən də bu cür hərəkət etdim...Yaxşı elədim, pis elədim artıq elədim...

- Məktubdan, Kinematoqrafçılar İttifaqından istefadan sonra Rüstəm İbrahimbəyov Sizə zəng etmədi ki?

- Mən telefonumu bağlamışdım, elə indi açdım, Siz zəng etdiniz.

- Belə çıxır ki, Rüstəm İbrahimbəyovdan uzaqlaşdınız?

- Mən uzaqlaşmadım, onun xətrini çox istəyirəm, bir dost, ağsaqqal, şəxsiyyət kimi. İndi Azərbaycanda beynəlxalq aləmdə tanınan iki nəfər var. Onun biri Tahir Salahov, o biri də Rüstəm İbrahimbəyovdur. Başqa adamımız yoxdur.

- Rüstəm İbrahimbəyova qarşı hücumlara münasibətiniz necədir?

- Belədir ki, o, hakimiyyəti tənqid edir, bu da hakimiyyətin xoşuna gəlmir. Özü bilər. O, yaşca böyükdür, məni Kinematoqrafçılar İttifaqına 22 il qabaq o, gətirib. Rüstəm azadfikirli adamdır. Deyilən də bəzi adamların xoşuna gəlmir.

- Rasim müəllim, Sizin azadfikirli olmanıza mane olan nədir?

- Bayaq dedim, mən qəhrəman deyiləm...

- Məktubu yazdığınıza görə Sizə minnətdarlıq edən olmayıb ki?

- Yox, yox...

- Sizi qınayanlara sözünüz, cavabınız nədir? «Facebook»da Sizi özünün kumiri, idealı sayanlar deyir içdən qırıldıq, sındıq?

- Qırılmasınlar, mən tamaşaçının qəlbinə Kino İttifaqının 1-ci katibi kimi yol tapmamışam. Mənim neçə nəfər pərəstişkarım varsa, bu, sənətimlə bağlı olub və mən bu sənətimlə məşğul olmaq istəyirəm. Qırılmasınlar, mən elə həmin adamam. Sadəcə, bir az dincəlib, çəkilişlə, işlə məşğul olmaq istəyirəm.

- Səhhətiniz necədir, ötən il Türkiyəyə müalicəyə getdiyiniz barədə məlumatlar yayılmışdı?

- Türkiyəyə gəzməyə getmişdim. Problemlər var, amma həmişə deyirəm - ey böyük Allah, özümə və bütün insanlara dərd verəndə, müalicəsi mümkün olan dərd ver. Belimdə müəyyən problemlər var. Onurğamda yırtıq var. Hərdən ağrısı tutur yeriyə bilmirəm. Bəlkə müalicə üçün Türkiyəyə getdim.
XS
SM
MD
LG