Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

«Səfər Əbiyevi istefaya göndərə bilərdi»


Səfər Əbiyev və İlham Əliyev
Səfər Əbiyev və İlham Əliyev
-
«Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar».

Prezident İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetindəki toplantıda belə deyib. Onun fikrincə, orduda qüsurlar ola bilər, ancaq önəmli olan odur ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət ciddi ölçülər götürür.

Ötən həftə Ceyhun Qubatovun müəmmalı ölüm xəbəri yayılıb. Müdafiə Nazirliyi onun ürək çatışmazlığından, amma anası işgəncələrdən öldüyünü bildirib. Yanvarın 12-də Bakıda əsgər ölümünə etiraz aksiyası keçirilərkən gənclər ali baş komandan İlham Əliyevdən baş verənlərə cavab istəyiblər.

«FƏRQLİ DANIŞA BİLƏRDİ»

REAL-ın yaradıcılarından Natiq Cəfərli hesab edir ki, prezident əsgər ölümünə etirazlarla bağlı daha fərqli danışa bilərdi:

«Əslində, prezidentin əlinə çox güclü şans keçmişdi. O, orduda illərlə davam edən özbaşınalıqlarla bağlı gənclərin təpkisini əsas götürüb onlara dəstək verə bilərdi. Yəni, ali baş komandan kimi orduda gedən proseslərin önündə durmağa çalışmalıydı. Hətta Səfər Əbiyevi istefaya göndərə, bundan seçki ilində gözəl istifadə edə bilərdi. Amma İlham Əliyevin ora çıxan gənclərə ünsür deməsi, aşağılaması 9 milyonluq xalqın prezidenti olmağa and içən bir şəxsin deməyəcəyi sözlərdir».

«YERİNDƏ VƏ DÜZGÜN VERİLMİŞ CAVAB İDİ»

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu cür yanaşmanı qəbul etmir. Onun fikrincə, prezident əsgər ölümünə etiraz nümayişinə yerində və düzgün cavab verib:

«Bir də iki gün öncə Müdafiə Nazirliyindəki iclasa, nazirin gördüyü tədbirlərə baxın. Onlar yuxudan durub qərar verməyiblər ki? Sadəcə, nazirin siyasi bəyanat verməyə ixtiyarı yoxdur. Prezident hərbçilər vasitəsilə bu cür addım atdı, müşavirədəsə belə bəyanat verdi. Ali baş komandanın cavabı bugünkü ordunun inkişafıdır. Hətta ermənilər də etiraf edirlər ki, Azərbaycan ordusu çox güclüdür».

«100 İL DƏ KEÇSƏ DƏ, BİZ POSTSOVET ÖLKƏSİYİK»
Natiq Cəfərli
Natiq Cəfərli

Prezident həmin toplantıda Azərbaycanın postsovet ölkəsi adlandırılmasına da etiraz edib:

«Postsovet ölkəsi kimi bu adı, necə deyərlər, artıq çoxdan arxada qoymuşuq... Azərbaycan postsovet ölkəsi deyil. Bəlkə kimsə (oxunmalıdır – harasa –Ş.B.) postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik».

Natiq Cəfərli deyir ki, Azərbaycan 100 il sonra da postsovet ölkəsi olaraq qalacaq:
«Postsovet sözünün mənası sovetlərdən çıxmış ölkə deməkdir. Azərbaycan Sovetlər Birliyində olmayıbmı? Çox güman, bununla prezident Azərbaycanın inkişaf etdiyi mesajını vermək istəyib. Ona qalsa, postsovet ölkələri Qazaxıstanın, Rusiyanın iqtisadi göstəriciləri Azərbaycandan xeyli irəlidədir. Amma bu əsas vermir ki, postsovet anlamından imtina edəsən».

Bəlkə prezident postsovet ölkələri haqda formalaşmış yanaşmadan imtinanı nəzərdən tutur. Yəni, Azərbaycanın demokratik, azad, islahatlar aparılmış ölkə olmasını vurğulayır? Natiq Cəfərli deyir ki, bunun üçün YAP hakimiyyəti son 20 ildə ciddi siyasi islahatlar aparmalıydı.

«BU, AVROPAYA ÇAĞIRIŞDIR»
Mübariz Əhmədoğlu
Mübariz Əhmədoğlu

Mübariz Əhmədoğlu prezidentin bu fikrini Avropaya çağırış sayır:

«Bu, irəliyə doğru çağırışdır. Bütün parametrlər üzrə – həm iqtisadi, həm sosial, həm də mental baxımdan».

Mübariz Əhmədoğluna görə, prezident bu yolla SSRİ-ni bərpa etmək istəyən şimal qonşusuna cavab verib.

Prezident həmin iclasda korrupsiya və rüşvətxorluqla mübarizənin gücləndirilməsindən də danışıb. O, «biz bu bəlanı aradan götürməliyik» deyib.

Mübariz Əhmədoğluna görə, hakimiyyətin bu yöndə başladığı mübarizə rüşvəti azaldıb. O, pensiya sistemində, ali məktəblərdə, hərbi çağırışda rüşvət hallarının yığışdırıldığını deyir. QHT rəhbərinin fikrincə, prezidentin bu yöndə gördüyü işləri qiymətləndirməmək insafsızlıqdır.

Natiq Cəfərli prezidentin sədrliyi ilə keçirilən toplantıya korrupsiyaya qurşanmış məmurların da qatıldığını qeyd etdi:

«Azərbaycan prezidenti xalqdansa həmin məmurlara mesaj versəydi, ünvanını düz göstərsəydi, daha yaxşı olardı. Həmin nazirlərdən birinin elan etdiyi tenderi oğlu udur, qardaşı da tikir».

Natiq Cəfərli hakimiyyətin məişət korrupsiyası ilə mübarizə aparmasına təəssüflənir.
XS
SM
MD
LG