Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Əsgərlər bir-birilərini niyə güllələyirlər?


AOrduda nə baş verir sualı yenidən aktuallaşır
AOrduda nə baş verir sualı yenidən aktuallaşır
İyunun 29-da Azərbaycan ordusunda növbəti dəfə qanlı hadisə baş verib. Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, əsgər Cəfər Məmmədrzayev avtomat silahdan atəş açaraq iki əsgəri – İlkin Qəhrəmanovla Elvin Əliyevi qətlə yetirib, başqa bir əsgər Asif Musayevi isə yaralanyb. Bundan sonra Cəfər Məmmədrzayev intihar edib.

Respublika Hərbi Prokurorluğunda faktla cinayət işi qaldırılıb. Müdafiə Nazirliyi mətbuat xidmətinin iyunun 30-da yaydığı məlumatda deyilir ki, hadisəni araşdırmaq üçün nazirin göstərişi ilə bir qrup idarə rəisi həmin hərbi hissəyə ezam edilib. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Müdafiə Nazirliyindən baş verənlərlə bağlı əlavə məlumat almaq istəsək də, gün ərzində etdiyimiz telefon zənglərinə cavab verən tapılmadı.

Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, rüşvət amilinə görə, indi Azərbaycan ordusunda psixoloji durum çox ağırdır. Üstəgəl «dedovşina» məsələsi vəziyyəti daha da ağırlaşdırır.

ƏSAS SƏBƏBKAR PUL, RÜŞVƏTDİR

Ələkbər Məmmadov
«Əsgərlərin öz aralarında, əsgərlərlə zabitlər arasında münasibətlər pozulub. Bunun da əsas səbəbkarı pul, rüşvətdir. Bu da təhqir olunmaya gətirib çıxarır. Əsgər ağır şəraitə dözməyə özündə cəsarət tapır. Ancaq təhqirə dözə bilmir. Bu da belə acınacaqlı nəticəyə gətirib çıxarır. Həm də təhqir olunan hərbçi şikayət etməyə yer tapmır. Şikayət eləsə ona təzyiqlər göstərilir».

Ələkbər Məmmədov deyir ki, vəziyyətdən çıxmaq üçün Silahlı Qüvvələrə ictimai nəzarət gücləndirilməlidir. Başqa bir ekspert, istefada olan polkovnik-leytenant Üzeyir Cəfərov da deyir ki, ordu rəhbərliyi baş verənlərdən nəticə çıxarmalıdır:.

NƏTİCƏ ÇIXARMAQ LAZIMDIR

«Ən çox diqqət çəkən məqamlardan biri də odur ki, hadisəni törədən əsgər Cəfər Məmmədrzayev xidmət müddətini başa çatdırıb bu gün evinə getməliymiş. 1 il 6 ay xidmət eləmiş əsgəri hansı səviyyəyə gətirib çatdırmaq lazımdır ki, o uzun müddət birlikdə qulluq etdiyi xidmət yoldaşlarını qətlə yetirsin. Bu qanlı olayda diqqət çəkən məqam odur ki, hadisə komandirlərin baxımsızlığı, özlərinə arxayın olması, cəzasızlıq şəraitindən yararlanması ucbatından baş verib. Nəticə çıxarmaq lazımdır. Hərbi hissənin komandanlığı, ümumiyyətlə, Müdafiə Nazirliyinin rəhbərliyi çox ciddi araşdırma aparmalıdır ki, gələcəkdə analoji hadisələr təkrarlanmasın».

Azad İsazadə
Hərbi ekspert, psixoloq Azad İsazadə isə bu cür hadisələrin baş verməsini orduya gedənlərin hərbi qulluğa hazırlanmaması, hərbi hissələrdə şəxsi heyətlə işin lazımı səviyyədə aparılmaması ilə əlaqələndirir:

CİNAYƏT DƏ CİNAYƏT YARADIR

«Bu, sırf psixoloji amildir. Bundan əlavə əvvəlki hadisələrlə bağlı cinayət işləri açılsa da, cinayətin səbəbkarları aşkarlanmadığına, cəmiyyətin məlumatlandırılmamasına və baş verənlərin ört-basdır olunmasına görə bu hadisələr baş verir. Cinayət də cinayət yaradır. Şəxsi heyətin bir-birinə güllə atması birbaşa hərbi hissə komandanlığı və zabitlər arasında işin düzgün aparılmamasının nəticəsidir».

Bundan əvvəl baş vermiş oxşar hadisələrə münasibət bildirəndə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu orduda «dedovşina», təhqir faktlarının olmadığını, müstəqil hərbi ekspertlərin dediklərinin əsassız olduğunu bildirmişdi.

QANLI XRONOLOGİYA

İyunun 29-da baş vermiş hadisəyə oxşar olay isə bu il yanvarın 28-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermişdi. İki əsgərin avtomat silahdan atəş açması nəticəsində dörd hərbçi həlak olmuşdu, ikisi yaralanmışdı. Sonra həmin əsgərlər özlərini güllələyib öldürmüşdülər. Bu hadisə ilə bağlı da araşdırma davam edir.

Keçən ilin mayında Seyfəli poliqonunda isə 20 yaşlı əsgər Orxan Səfərov 5 hərbçini güllələmişdi. Onlardan dördü həlak olmuşdu, biri yaralanmışdı. Orxan Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onun yaxınları isə baş verənlərə görə hərbi hissə komandirlərinin günahkar olduğunu bildirirdilər.
XS
SM
MD
LG