Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:25

Könül Həsənqulu. Limonluqlar arasında (Seçmə şeirlərdən)


Könül Həsənqulu
Könül Həsənqulu
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb.


Könül Həsənqulu


BÖYÜK ŞAİR ÜRƏYİ

Mən silahı
İnqilabı
Üsyanları
Qəhrəmanı
Yalnız şeirlərdə sevirəm

Aç ovuclarını sən
Sünbüllərə sığal çəkərək gəl

Silahlar qatil
İnqilablar ötəri
Üsyanlar ağır
Qəhrəmanlıqsa addır

Zəif səhhətini
Kədərli gözlərini
Və bir də o böyük şair ürəyini
Yanında da alışqanınla siqaretini
Götür gəl
Gözləyirəm...
Bir əlimdə yarımçıq şeir
Birində qələm

Zəmidəyəm...


LİMONLUQLAR ARASINDA

(Federiko Qarsia Lorkaya məktub)

İndi hardasa bir qadın açdığı pəncərədən
Xırıltılı səsilə evə yığır oğlunun ayaqlarını
Uşaqların top oynadığı toz-torpaqlı döngədən.

Biri baxışlarıyla öpür sildiyi pəncərə şüşəsində
Döşəmənin üstə uzanıb uzun sarı saçlarını
Günəş kimi səpələyən balaca qızının əksindən.

Qadın ömrünün ər dodaqlarından yorulub uzaqlaşan
Oğul alnını öpüb, qız saçlarını hörən yaşlarındayam…

Mənimsə əllərim hələ də Uzaq Qərb limonluğunda,
Sizin gur saçlarınızda dolaşıb-qalıb, cənab Lorka!..

Buraxın evə qayıdım. Ömrümdə şər qarışır... Baxın –
Hətta qarğalar da uçuşurlar ağaclara bu saatlarda,
Dimdiklərilə qurduqları, ac-yalavac körpədolu yuvalarına.

Günəş batar-batmaz yollayacaq məni uzaqlara.
Bütün yarımçıq şeirlərinizi qulaqlarıma pıçıldayın.
Qərb küləyilə köçün ruhuma. Mənimlə birgə qocalın.

Qucaqlaşaq Sizinlə bu tərzdə, qırmızı buludlar altında
Ətirli görüş yeri – sapsarı limonluqlar arasında...


ONUN FOTOŞƏKLİ İLƏ DANIŞARKƏN

Dağınıq saçların əhvalından
Baxışların uzaqlığımdan
Dodaqların susuzluğundan
Xəbər verir

Rəsminə deyil, əhvalına baxıram...
Yaxından həzin bir səs gəlir
Sakitcə qulağıma pıçıldayır
Nazim Hikmət:
“Bir gönülde iki sevda olmaz yalan!
Olabilir!”

Dodağımdakı ilıq təbəssüm də
Bunu təsdiqləyir.
XS
SM
MD
LG