Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:30

Ülkər Ucqar. Üzdür məni


Ülkər Ucqar
Ülkər Ucqar
-

Arazın o tayından


Ülkər Ucqar


ŞEİRLƏR


üzdür məni

mən cəhənnəmin son qatından döndüm
hələ kirpiklərimdə qarsalanma qoxusu var
hələ
uzun sürə saçlarımdan asıldığım üçün
milaq üzümü kimi
möv ağaclarından
uzaq həm də nisgilli xatirələr gəzir içimdə...

cəhənnəmin son qatından döndüm
bir əlimdə Zəncan narı
bir əlimdə Savə bıçağı
həyatın yolunu mənə göstər,
üç yol ayrımında durub
sonuncu tövbəkarını gözləyən son bələdçi!
həyatın yolunu mənə göstər!

bu qurbanlığı qapısında kəsib də
qayıdım
diyirlənə-diyirlənə buraxdığım Yer kürəsinə
yazılmamış kitabının hər sətrinə belə inanıram
çəliyin ilana dönmədən
“hə” deyərəm sənə
“hə” deyərəm sənə...

uç yol ayrıcında rastlandığım birinci ozan!
biləklərimdə qərənfillərimi canlandır
məni “Dırnaq üstü”* yola sal
“kərəm eylə”, məni yola sal
uç yol ayrıcında
mənə qanı qaynayan insan oğlu insan
mən cəhənnəmin son qatından
indicə döndüm
qoy töyşümü alım
sonra aç qollarını
həyata doğru
üzdür məni gedim.
üzdür məni də, tez yola sal
atam çay istəmişdi
geciksəm acıqlanar...

______
*Rəqs tərzi



Tilsim

səksən beş yaşında sonsuz qarıyam
əllərim titrəyir, sümüyüm əsir
o qədər yorğunam, o qədər yorğun
gözlərim ölümün dərvəçəsidir*.

səksən beş yaşında sonsuz qarıyam.
məncə, hər nədənsə vaz geçmək olar
vaxtında çəkmişəm gündə sürməmi
vaxtında tikmişəm güllü boğçalar...

vaxtında nə qədər bayatı falı...
vaxtında nə qədər qızırqanmışam,
vaxtında nə qədər sevə bilmişəm,
vaxtında nə qədər adaqlanmışam

səksən beş yaşında qarı deyirəm...
gör, necə ağzında sözü büzüşüb
qarının yuxusu düz çıxar görən?
hər gecə yuxuda bir dişi düşüb...

səksən beş yaşında!
qınama məni!
sevdiyin o qızı böyüdüb yaşam.
düz səksən beş illik yorğunam,
ancaq,
iyirmi üç yaşda tilsim olmuşam.

_____________
*dərvəçə - nəfəslik, kiçik pəncərə


Bubbuu

mənə dimdiyində su gətirginən!
dodaqlarımda buğdalar çaxmaq daşlarına boylu
dodaqlarımda taxıl anbarları talanmaqda
dodaqlarımda
susuzam, susuz!
Bubbuuuuuuu!
Bubbuuuu!
mənə dimdiyində su gətirginən!
ağacları bu il dəlməsən də olar
bu yaz gəlməmiş kimidir!
dədəm məni
ağac başında yaşamağa verməz!
bir içimlik suyun olursa, vəli...
Bubbuuuuu!
Bubbuu!
mən güz almasıyam türküsü*
quşqovanların başına təssədiq
indiyə qalmışam
gör necə susuzam!
Bubbuuuuuu!
Bubbuuu!
mənə su gətir!
Suuuu
Suuu
qışda,
aldanıb,
yeddi dəniz xaqanına adaxlanım deyə,
nişan barmağımı arxa salmışam
mən barmaqsızam belə!
dədəm məni sənə verməz
mənə dimdiyində su gətirginən!
yanır ürəyim!
Bubbuuuuuu!
Bubbuuu!

____________
*türküsü – sözün düzü, sadəsi, əslində


Təbrizin küçələri

Təbrizin küçələrini görsəydin,
mənə darıxma deməzdin,
dayan deməzdin...

səhərlər,
qırx il olar
qırx gün,
durmadan qapını süpürür qonşunun qızı

səhərlər, elə “gəl apar, qurtardı” çığırır tabaqçılar
əl girir ürəyimə!
yer üzündən üzülür
hər nə var, deyəsən
axşamlar
xətt maşınlarında
qarılar, “adaqlıyam” deyəndə inanmır.
axşamlar
xətt maşınlarında
boylu qadınlara yer verməyim gəlmir.
“neçə uşağın var?”
xətt maşınlarında axşamlar.

gecələrsə ayaq səsi gələndə süstəlir ayağım
açar yerindən görünən
iki kölgə
birləşir, ayrılır
birləşir, ayrılır
birləşir..
ayrılır..
birləşir...

yuxuya qalsa qonşunun qızı
bu sabah da Xızırı görməyəcək!


"Balıqçı əllərinə doğru" kitabından
("Qanun")
XS
SM
MD
LG