Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:12

Günel Eyvazlı "Bura bizik" (Seçmə şeirlərdən)


Günel Eyvazlı
Günel Eyvazlı
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Günel Eyvazlı


Bura bizik

Bura bizik
Dünyanın özəyi,
Yolların uzunu.
Ömrün qısası.
Sözün tükəndiyi
Məkan.

Bura bizik
Vərəqlərə köçürülmüş
Cızma-qara
Təqvimin işarə olunmuş məchul günü.
Nəyinsə açılışı,
Nəyinsə düyünü.

Bura bizik
Gün yandıran,
Ot bitirməyən
Sarı səhra.
At çapan
Bədəvi,
Suya həsrət
Somali.

Bura bizik
Yoluxucu vəba
Xəstəlik
Qədəh dolu özümüzü
Bir nəfəsə içirik.
Tükənirik, bitirik.

Bura bizik
Divarda çarpazlaşmış
Kilsə xaçı
Yerindəyik.
Nə müqəddəs,
Nə də kafir əlindəyik.

Bura bizik
Soyuq divar
Soyuq mühit
Ya ölmüşük
Ya da hələ öləcəyik.

Hamıya oxşar,
Hər kəsdən fərqli
Bir həyatın
Ya axırı,
Ya əvvəli.


Bir uşaq

Rəsmini çəkir xəyal
Atasını yaradır.
Qələmlə
aypara qaş, qara gözlər nöqtədir.
Baxışları atanın ovcunun içindədir.

Uşaq yarada bilmir görmədiyi bir kəsi
Necə hiss edə bilsin almadığı nəfəsi.

Amma. təxəyyül hələ qələmlə nəsə cızır
Yeni sözlər yaranır, bu körpə nəsə yazır.

Söz yazır, cümlə yazır.
Gəl yazır, apar yazır.

Qoy tutum uşaqlar tək əllərindən, ay ata.
Çox demirəm bircə gün yanımda görün mənim
Rəfiqələrim görsün atam var, atam mənim.

Nə zaman gələcəksən?
Nə zaman baxacaqsan aldığım qiymətlərə?
Yarışda yer qazandım, təbrik et məni ata.

Hər gün səni düşünmək, hər gün şəklini çəkmək,
Çox çətindir, çox çətin səni dilə gətirmək.

Köks ötürüb dinməzcə mən yollara baxıram,
Ataların üzündə, atamı axtarıram.

Səndən heç kim danışmır, naməlumsan, itkinsən,
Anamın sözlərində əbədi nifrətimsən.

Sadəcə bir maraqdır, səni bir dəfə görmək,
Rəsmini sonumadək, beynimdə həkk etdirmək.

Hər gün eyni şəkillə mən üz-üzə qalıram,
Mən sənin əvəzinə anamı yaradıram.


Mən

Mən.
Həyatın küləyi qarşısında dayanmağı bacaran tək ağac.
Ağır yükü çiyinlərində daşıyan cəngavər
Əlini qarla isidən yoxsul.
Dünyanı qucağında daşıyan ana.
Əli boşluqlara toxunan kor.
Taleyindən edam edilmiş kəs.
Eyibsiz, əlçatmaz kölgə.
Keçmişin uşağı,
Bu günün sualı.
XS
SM
MD
LG