Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Şıxəli Qurbanov. Mənə elə gəldi ki, toyda yox, qəbir üstəyəm...


Şıxəli Qurbanov
Şıxəli Qurbanov
-

Şıxəli Qurbanov


NEKROLOQ ƏVƏZİNƏ

Hekayə


Mən onu çoxdan tanıyıram. Azı iyirmi il olar. Onun üzü həmişə gülərdi. Adamı harada görsəydi, mütləq ayaq saxlar, salam verər və uzun-uzadı söhbət edərdi.

Bir dəfə axşamüstü ona rast gəldim. Həmişəki kimi kefi kök idi. Gözləri gülürdü.

Məni görüb qollarını açdı:

- Oho, kimi görürəm! Lap yaxşı oldu. Bu saat bizə gedərik. Arvad əla plov bişirib. Dadmasan inciyərəm.

- Axı mən…

- Sən öləsən, inciyərəm. Bu saat bizə gedirik.

- Bəlkə başqa vaxt…

- Bu gün də, başqa vaxt da, gedək!

Mən artıq etiraz edə bilmədim, onlara getdim! Arvadı məni gülərüzlə qarşılamağa çıxdı, xoş gəlmisən, - dedi. Otağa keçib bir müddət olandan, keçəndən söhbət elədik, gənclik illərini xatırladıq.

Heç yarım saat çəkmədi ki, plov bütün dəsgahı ilə stolun üstündə hazır oldu. Qədəhlər doldu. Birinci qədəhi dostluq sağlığına içdik.

Bundan sonra o, qəribə bir sağlıq dedi. İndiki kimi yadımdadır:

«Bunu da o sağlığa içək ki, elə o özü sağlıqdır».

Bundan sonra daha bir neçə sağlıqlar dedi. Boynuma alım ki, mən dünyasında onun kimi sağlıq deyə bilmərəm. Elə bil ki, sağlıqları mərcan kimi ipə düzüb…

Həmin gün gecə yarıya qədər məni stol arxasından qalxmağa qoymadılar. Özü də, arvadı da o qədər hörmət elədilər ki, xəcalətimdən məni dönə-dönə tər basdı. Saat ikidə ancaq evə gəlib çatdım.

Bu hadisədən iki ilə qədər keçdi. Onu görmürdüm. Bir gün yenə görüşdük. Lap evlərinin yanında. Amma çox soyuq. Heç olmasa quru təklif xatirinə olsa da, evə dəvət etmədi: «Salam, xudahafiz».

Öz-özümə fikirləşdim ki, yəqin arada nəsə olub. Çox çək-çevir elədim, yadıma elə bir şey düşmədi ki, düşmədi. Sonra eşitdim ki, onun vəzifəsini bir pillə yuxarı qaldırıblar…

Bu əhvalatdan iki il də keçdi. Axşam üstü idi. Universitetin yanından keçirdim. Birdən məndən ikicə addım aralı bir maşın dayandı. Maşının qapısı açılan kimi onu tanıdım. Ayaq saxlayıb görüşmək istədim. O, başı ilə salam verib kçdi. Demə onun vəzifəsini bir pillə də qaldırıblarmış…

İllər keçdikcə pillələrin də sayı artırdı.

Günlərin bir günü dostlarından biri məni oğlunun toyuna çağırdı. Mən dostumun yaşadığı binaya çatanda qapıda bir maşın dayandı. Şofer maşından çıxıb mənə müraciət etdi:

- Bağışlayın, toy bu evdə olacaq?

- Bəli, elə mən də toya gəlmişəm – dedim. Şofer mənə təşəkkür edib maşının qapısını açdı. Maşından hündür boylu, kök bir kişi və bir də qadın çıxdı. Mən onları dərhal tanıdım. Onlar isə mənə heç bir əhəmiyyət vermədən həyət qapısına tərəf yollandılar.

Məsələ aydın idi. Deyəsən onun vəzifəsini bir pillə də yuxarı qaldırmışdılar. Bəs arvad? Qəribə burasıdır ki, heç arvad da məni «tanımadı»…

Biz dostumun mənzilinə qədəm qoyanda saat artıq səkkizi keçmişdi. Dostum bizi gülərüzlə qarşıladı:

- Baho, köhnə dostlar tapışıblar. Buyurun içəri, subaylarınız üçün olsun.

Sonra dostum ər ilə arvadı yuxarı başa ötürdü. Mən isə aşağı başda oturdum. Masabəyi qonağın qaşqabaqlı olduğunu görüb, tez qədəhləri doldurmağı təklif etdi.

Qədəhlər doldu. Tamadanın təklifi ilə hamı ayağa qalxdı. O, qaş-qabaqlı qonağın şərəfinə uzun-uzadı bir sağlıq dedi. Sonra əlavələr başlandı. Cansıxıcı, əttökən əlavələr! Yanında oturduğum yoldaşdan öyrəndim ki, qaş-qabaq səbəbsiz deyilmiş, onu bu gün bir pillə də yuxarı qaldırıblarmış.

Bir azdan bəylə gəlini gətirdilər. Tamada ha illah elədi ki, qaşabaqlı qonaq bəylə gəlinin şərəfinə bir-iki söz desin, bir şey çıxmadı; o dinmədi ki, dinmədi. Heç elə bil sağlıqları mərcan kimi ipə düzən üzügülər adam bu deyildi.

Sonra öyrəndim ki, o, toyda danışacağını müvafiq yoldaşlarla qabaqcadan razılaşdırmadığı üçün, özünə çıxış yazdırmayıb…

Birdən mənə elə gəldi ki, toyda yox, qəbir üstəyəm və onu diri-diri tabuta qoyub basdırmaq istəyirlər. O isə çığırır, onu basdırmaq istəyənlərin əlindən dartınıb çıxmaq istəyir.

Birdən onun gözlərində ümid qığılcımı parlayır. O, məni görür, yalvarır ki, məni xilas edin.
XS
SM
MD
LG