Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Rüstəm İbrahimbəyov Dövlət Neft Şirkətinin ittihamlarına cavab verdi


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
Kinorejissor Rüstəm İbrahimbəyov kino kompleksinə ayrılan torpağı öz yaxınlarının adına sənədləşdirməkdə ittiham edilir. Bu ittihamı Dövlət Neft Şirkəti irəli sürüb.

Şirkətin noyabrın 15-də yaydığı məlumatda qeyd olunur ki, Rüstəm İbrahimbəyov kino kompleksinə ayrılan torpaqları ev tikilməsi üçün həyat yoldaşı və digər yaxınlarının adına sənədləşdirib.

Məlumatda adlarına torpaq sənədləşdirilən 13 nəfərin adları sadalanır.

«BİZDƏ BU TORPAQLARIN «KUPÇA»SI VAR»

Kinorejissor isə Neft Şirkətinin məlumatını yalan sayır:

«Bu, başdan-ayağa yalandır. Neft Şirkətinin əlində heç bir sənəd də yoxdur. Mənim əlimdə bütün sənədlər var. Bu layihə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib, tikintisi başlanıb. Bunların deməyi ilə deyil axı. Bizdə bu torpaqların «kupça»sı var, amma onların əlində heç bir sənəd yoxdur. Elə deyirlər bu yerlər əvvəldən də bizim olub, amma əllərində sənədləri yoxdur».

Rüstəm İbrahimbəyov deyir ki, ona rəsmi məktub əsasında ayrılan torpaq sahəsi boş yer olmayıb, həmin ərazi müxtəlif adamların əlində olub:

«Biz 5-10 nəfər yığışıb həmin torpaqları şəxsi adamlardan pulla almışıq. Sonra həmin torpaqları vermişik Kino İttifaqına. Bununla bağlı əlimizdə müqavilə də var. Bu məktubların əsasında Bakı şəhər İcra Hakimiyyətində böyük bir layihə təsdiqlənib və tikintiyə icazə də verilib. Tikinti də başlanıb».

«ADLARI ÇƏKİLƏNLƏR MƏNİM QOHUM VƏ YAXINLARIMDIR, AMMA...»

Neft Şirkətinin açıqladığı adlara gəldikdə, Rüstəm İbrahimbəyov həmin adamların ona yaxın qohum və tanış olduğunu təsdiqləyir. Deyir ayrı-ayrı adamlardan aldıqları torpaqları Kino İttifaqının adına sənədləşdirmək mümkün olmadığından belə bir addım
Fuad Ağayev
Fuad Ağayev
atıblar. Torpaq da verilib Kino İttifaqının balansına. Rüstəm İbrahimbəyov deyir ki, sadəcə, bu torpaqlar həmin adamların adlarına sənədləşdirilib.

Rüstəm İbrahimbəyov hesab edir ki, əslində Neft Şirkəti onlara məxsus, bütün hüquqi sənədləri yerində olan torpaqları zəbt edib.

NEFT ŞİRKƏTİ 1962-Cİ İL SƏNƏDLƏRİNƏ İSTİNAD EDİR?

Vəkil Fuad Ağayev qanunları Rüstəm İbrahimbəyovun yox, Neft Şirkətinin pozduğunu bildirir. Deyir ki, əslində torpağı özününkü hesab edən şirkətin əlində heç bir sənəd yoxdur. Belə ki, Neft Şirkəti 2006-cı ildə həmin sahələri özününkü elan edəndə, ortalıqda bunu əsaslandıran hər hansı bir sənəd olmayıb:

«Biz məhkəməyə müraciət edəndən sonra şirkət 2010-cu ildə arxivdən 1962-ci ildə Bakı Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin verdiyi sənədi çıxartdı ki, bu da uzun illər əvvəl öz qüvvəsini itirib. 1962-ci ildən sonra Azərbaycanda 4 torpaq məcəlləsi dəyişib. Həmin məcəllələrin hər hansı biri ilə də şirkətin əlində olan həmin torpağın onlara məxsusluğunu sübut edən sənəd yoxdur».

Fuad Ağayev Dövlət Neft Şirkətinin Rüstəm İbrahimbəyovla bağlı son açıqlamasını şirkətin siyasətə qoşulması kimi qiymətləndirir.

«BU HAKİMİYYƏTİ TƏNQİDƏ VERİLƏN CAVABDIR»

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
Jurnalist Şahvələd Çobanoğlu isə Rüstəm İbrahimbəyova qarşı ittihamları onun hakimiyyəti tənqid etməsi ilə əlaqələndirir:

«Məncə, bu, Rüstəm İbrahimbəyovu susdurmaq cəhdidir. Onun indiyə qədər hakimiyyəti tənqidinə verilən cavabdır. Görünür, doğrudan da neft Azərbaycan siyasətində hərtərəfli istifadə olunur, o cümlədən ziyalıların susdurulması üçün. Bu, eyni ilə intim video fotolarını yaymaqla jurnalistləri susdurmaq cəhdinə oxşayıb. Amma Rüstəm İbrahimbəyovla bağlı bu üsul keçmədiyi üçün bu yoldan istifadə ediblər. Bir sözlə, hərəni bir üsulla susdurmaq istəyirlər».

Amma Şahvələd Çobanoğlu Rüstəm İbrahimbəyovun geri çəkiləcəyinə inanmır.

Elə Rüstəm İbrahimbəyov da deyir ki, yaxın günlərdə sənəd və sübutlarla Dövlət Neft Şirkətinə cavab verəcəklər.

Dövlət Neft Şirkəti isə neft-qaz əməliyyatları üçün onun istifadəsinə ayrılmış torpaqlarla bağlı qətiyyətli tədbirlərini bundan sonra da davam etdirəcəyini bəyan edir. Şirkət bu işin insanların şəxsiyyətinə fərq qoyulmadan aparıldığını qeyd edir.
XS
SM
MD
LG