Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Nazim Hikməti SSRİ-də necə gözümçıxdıya salırdılar? (4)


Nazim Hikmət
Nazim Hikmət
-

Onlar məndən işdən getmək barədə ərizə tələb elədilər. Əks halda, onların ciddi narahatlıqları olacaqmış, sonra onsuz da məni işdən qovmağa məcbur olacaqmışlar...


NAZİMLƏ SON SÖHBƏTİMİZ

(Nazim Hikmətin son sevgilisi olan Veranın bu xatirələri ilk dəfə 2007-ci ildə Rusiyanın "Oktyabr" dərgisində çap edilib. Əlyazmalar əsasında əsərin jurnal variantını Anna Stepanova hazırlayıb. Ruscadan tərcümə Günel Mövludundur)


əvvəli burda

Tezliklə sən ikigündən bir studiyaya baş çəkməyə başladın. Hamının gözü qabağında dəyişir və cavanlaşırdın. Studiyaya gələndə elə cavan, yaraşıqlı, şıq görünür, elə şən olurdun ki!

Sən daha heç nəyi gizləmirdin, indi sən geniş və qonaqpərvər ev kimi hamının üzünə açıq idin!

Qaynar enerjin adamı vururdu, sən planlarla, arzularla dolu idin, öz zövqlərinlə, ehtiraslarınla hamını yoluxdurmuşdun – tezliklə burada hamı, iyirmi yaşlı cavan da, altmış yaşlı ahıl da sənin qardaşın olmuşdu.

Hamı kimi mən də sənin xeyirxahlığına və diqqətinə çox tez alışdım. Səhərlər sən zəng eləməyəndə əlim heç nəyə yatmırdı.

Sənin səsini eşitmək istəyir, darıxır və həyəcanlanırdım. Tədricən sən mənim üçün əvəzolunmaz olmuşdun.

Külək əynimdə qara paltomu, ağ yaxalığımı cırır. Gedim, Fenya ilə sağollaşım. Burada, bu qəbiristanlıqda o sizin komandirinizdi. O olan yerdə gülüş və günah qaçılmazdı. Mənə deyir ki:

- Vera, narahat olmayın, sizin Nazim Hikmətin vəziyyəti burada hamınınkından yaxşıdır. Məgər mən, tatar qızı, qoyarammı ki, kimsə öz müsəlmanımın xətrinə dəysin? Səhər darvazadan girən kimi, görürəm ki, bunların hamısı məni gözləyir. Sabahınız xeyir, uşaqlar! – deyirəm. Salamlaşırıq, bir az söhbətləşirik. Mən onlara televiziyanın, radionun verdiyi təzə xəbərlərdən danışıram, sonra da şlanqla süpürgəni götürürəm. Mən onlarla çox mehriban davranıram, axı bilirəm ki, sabah öləndə, o dünyada darvazanın yannıda onlar məni qarşılaycaqlar. Bundan qaçmaq olmaz! Sizin Nazim Hikmətə isə mənim məxsusi sevgim var. Axı bizim damarlarımızda demək olar ki, eyni qan axır – o türkdü, mən tataram. Odur ki, narahat olmayın, Nazim Hikmət burada elə bil sağ-salamatdı...

Hə, hə, hər şey sənin üçün darıxmaqdan başladı. Sən Daşkəndə getmişdin.

Asiya və Afrika yazıçılarının beynəlxalq konfransına. On gündən sonra qayıdacağına söz vermişdin. Amma konfrans qurtarandan sonra səni Tacikistana, Rudəkinin yubileyinə apardılar.

Ordan da zəng vururdun. Gündə on, iyirmi dəfə. Səsində kədər və mənim barəmdə nəsə öyrənmək istəyi hiss olunurdu. Hər dəfə də heyranlıqla deyirdin:

- Bilirsən, bu taciklər nə gözəl xalqdılar?! Xüsusilə kişiləri! Minillik mədəniyyəti və gözəl poeziyası olan qədim xalq...

Sən məndən necə uzaq idin! Mənə elə gəlirdi ki, aramızda kilometrlər yox, minilliklər var. Sən hardasa orada, qədim farsların, onların ağsaqqallarının yanında, kitabxanalarında qəsidələrdən danışır, fars dilinin avazından həzz alırsan. Mənsə səni yanımda görmək, sənin yanında olmaq istəyirəm... (ardı aşağıda)



– Veraya Varşavadan zəng var!.. Berlindən zəng var!.. Leyptsiqə cavab verin!.. Praqadandı! Parislə danışacaqsınız… Dəstəyi asmayın, xanım qız!

Mən daha müqavimət göstərmirdim. Daha utanmırdım. Telefon kommunal mənzilin divarında özünü öldürür. Üzbəüz, mətbəxdəki qonşular tələsmədən axşam yeməyini yeyirlər. İliç lampası onların sakit, diqqətli üzlərinə işıq salır. Mən özümü elə göstərirəm ki, guya bu, Nazim Hikmətin mənə hər dəqiqə xaricdən zəng eləməyi (İlahi, oralar axı dünyanın o biri başı idi!) adi haldı. Bicliyə əl atıram, min hoqqadan çıxıram:

– Hə. Hə. Hə. Əlbəttə... Çox.... Hə...

Bir dəfə də ağlımıza gəlmədi ki, bizim sevgi söhbətlərimizə onlarla adam qulaq asır, bu söhbətləri maqnitofon lentinə yazıb, məxsusi yerlərdə ağıllı əmilərə qulaq dinlədirlər.

Sevgi gözümüzü elə tutmuşdu ki, biz belə şeylərə fikir vermirdik…

Pis şeylər baş verəndə mən sənin ölkədə olmamağına sevinirdim.

Amma sevindirici şeylər olanda, aramızdakı ayrılığın dərin uçurumunu eşidir, boşa çıxan addımlarımın səsini eşidirdim.

Dünyada hələ heç kim heç kimə görə Əkbərlə mənim sənsiz yaşadığımız həsrəti yaşamayıb. Sən bizi yetim qoymuşdun, Nazim.

Başa düşdüm ki, həsrət səni çılğınlığa vadar eləyir. Sən mümkün olmayan şeylərdən danışırdın. Mənim ailəm vardı – qızım və doğma, mehriban ərim. Bizim kino çevrəsində hamı onu sevirdi – açıq, hay-küylü xasiyyətinə, alicənablığına, ironik məntiqinə görə.

Mən ona hörmət eləyir, onun ədəbiyyatı gözəl bilməyi, kino məsələsində əla mütəxəssis olmağı ilə fəxr eləyirdim. Amma aramızda yalanlar ayaq tutub yeriyəndən sonra, biz daha doğma deyildik. Üçümüzün arasında ən düzgünü o idi və deməli, hamımızdan yaxşı idi.

Mən sənin yerinə özümü naqolay hiss eləyirdim. Nazim, sən bizə gəlir, qollarını açıb onu qucaqlayır, ona «qardaş» deyirdin. Mən sənin gözlərini onun aydın baxışlarından gizlətdiyini, özünü zorla təbii aparmağa çalışdığını görürdüm – sən saxtalığı heç bacarmırdın.

Bir-biri haqda hər şeyi bilən iki adamı bir yerdə görmək dözülməz idi. Biri oğurlamaq istəyirdi, o biri isə gözləri ilə məndən:

- Sən öz qəhrəmanının yaxşı adam olmadığını görmürsənmi? Yəni bu səni düşündürmürmü? – deyə soruşurdu.

Bəs mən? Mən hər şeyi görür, başa düşür və oğrunu sevirdim. Mən onnula əlbir idim. Mən – onun idim.

– Biz birlikdə olmalıyıq – sən və mən. Başa düşürsən? – sən yalvarırdın. – Bizimki əyləncə deyil, sevgi oyun deyil, başa düş, bu taledir. Mən sənin qayğına qalmaq istəyirəm, sıradan bir kişi sevimli arvadının, ailəsinin qayğısına qalan kimi. Mənə əzab vermə.

– Bacarmaram, Nazim. Bacarmaram, bu barədə düşünmək belə qorxuludur.

– Guya belə daha yaxşıdı?

– Mən daha nəyin daha yaxşı, nəyin daha pis olduğunu bilmirəm. Amma mən gedə bilmərəm. Mən başqalarının bəbəxtliyi üzərində qurulan xoşbəxtliyə inanmıram.

O uzun-uzadı üzümə baxdı.

– Yaxşı, Verusya, sən deyən olsun. Amma belə də alınmayacaq.

Nazim, gəl səninlə hələ ayrı yaşadığımız sonuncu payıza qayıdaq. Mən razı olmadım, qulaq asmadım, sənin yanına gələ bilmədim.

"İzvestiya" qəzetinin keçmiş redaksiyası
"İzvestiya" qəzetinin keçmiş redaksiyası
17 oktyabr – pis gündür. Ayağımı studiyanın qapısından atar-atmaz, anam zəng elədi və həyəcanla, dili dolaşa-dolaşa mənə bu gün “İzvestiya” qəzetində Nazima Hikmətin əleyhinə məqalə dərc olunduğunu dedi:

– Yazırlar ki, o, pis adamdı və Sovet İttifaqının əleyhinə çıxır!

Əl-ayağım buz kimi oldu. Kitabxanaya qaçıb, “İzvestiya”nı tapdım və sənin barəndə olan məqaləni açdım. Səni, Nazim, fransız qəzeti “Lettr fransez”də Meyerxoldun adını təmizə çıxarmaq istəyən səni, onun təqibçilərinə böhtan atmaqda günahlandırırdılar.

Sənin ictimai rəyin köməyi ilə Meyerxoldun reabilitasiyasına çalışma cəhdlərindən çoxdan cana doymuş Sovet ideoloqları sənin Qərb mətbuatına müraciət etdiyini görəndə, dəli olmuşdular.

Məqalədən düşmənçilik, qərəz yağırdı. Faktlar isə sonradan öyrəndiyim kimi, saxta idi.

Anamdan fərqli olaraq, o vaxt mən baş redaktoru Xruşşovun kürəkəni – Adcubəy olan hökumət qəzetində belə bir məqalənin nə demək olduğunu başa düşmürdüm.

İki günən sonra studiyada məni direktorun yanına çağırdılar.

Kadrlar şöbəsinin müdiri də onun kabinetində idi.. Onlar məndən işdən getmək barədə ərizə tələb elədilər. Əks halda, onların ciddi narahatlıqları olacaqmış, sonra onsuz da məni işdən qovmağa məcbur olacaqmışlar və elə bir əmr yazacaqmışlar ki, o əmrdən sonra məni heç bir yerdə işə götürməyəcəkmişlər.

– Səbəbi bilmək istəyirsiniz? Siz Nazim Hikmətin zərərli ssenarilərini istehsalata buraxırsınız. O isə pasifistdi və ölkəmizə böhtan atır!

– Yalandı! –dedim. – Siz də bunu bilirsiniz!

Məndən tələb olunan ərizəni əvvəlcədən hazırlanmış kağıza yazıb, iş yoldaşlarıma işdən çıxarıldığımı deyirəm. Onlar özlərinə gələnə qədər mən dünyanın ən humanist, balacalara xeyirxahlıq dərsi keçən studiyasını tərk eləyirəm.

Hə, sən nəzarətdən çıxmışdın. Hamımıız bunu sonradan başa düşdük. Bizdə elə adamları sevmirdilər.

Elə adamların əl-qolunu bağlamışdılar ki.

Bir az başa salırdılar, sınanmış siyasi-iqtisadi üsullarla təsir eləyirdilər.

İpə-sapa yatmayan yazıçıları pulla imtahana çəkmək burada sınanmış üsul idi və çoxları bu sınaqdan sonra ayağa qalxmamışdı.

Nazim Hikmətin Moskvadakı qəbri
Nazim Hikmətin Moskvadakı qəbri
O vaxtdan sonra sən həmişə qonorar yox, qəpik-quruş alırdın.

«İnsan panoramı» poemasının nəşrini necə həyəcanla gözlədiyin yadındadı?

Sən kitabı illərlə həbsxanada yazmışdın – altmış min misralıq poema idi!

O poemanı dostların həbsxanadan gizlicə, hissə-hissə çıxarmışdılar, ölüm təhlükəsi altında gizləmiş, Moskvaya göndərmişdilər...

Budur, o kitabı əlində tutmuşdun. Düzdü, türk dilində yox, rus dilinə təcümə edilmiş halda. Bu – xoşbəxtlik idi! Axırda da o kitaba görə sənə tərcüməçinin qonorarından beş dəfə az pul verdilər.

Üstəlik, sən bunu müzakirə eləməməli, heç nə tələb etməməli idin! Mən səninlə fəxr eləyirəm, Nazim. Mən səndən öyrənirəm. Məndə sənə xas olan güc olmasa da, yaşamaq hər gün daha çətin, daha çətin olsa da…

Çuvikov isə, hə, «İnostrannaya literatura» nəşriyyatının o boz, əzik pencəkli, tösmərək direktoru, sənin poemanı çap eləyəndən sonra qonorar əvəzinə qəpik-quruş ödəyən adam isə səni adam arasında görəndə qollarını açıb, bağrına basır, özünü cavanlıq dostun, yaxın adamın kimi qələmə verirdi.

Sənin dəfnindən sonra o bizə gəlmişdi. Burada, elə sənin ehsan süfrənin başında, hamının yanında elə gözəl kitabı çap edəndə sənə ödədiyi o qəpik-quruşa görə üzr istədi.

Dedi ki, sənə qonorar ödəməməyi ona pis adamlar məsləhət görüblər; Nazimə nə pul, o onsuz da milyonçudu.

Dedi ki, ancaq indi, Əkbərdən öyrənmişəm ki, Nazimin hesabında cəmi otuz yeddi rubl pul qalıb. Dedi ki, bunu eşidəndə vicdan əzabından az qala özünü öldürmək istəyib...

O tərli, balaca, məzlum məmur, balıq sifətli rəhbər işçi...

Qapıdan çıxanda isə məni elə bərk-bərk öpdü ki, öpüşündən gözlərimdən qığılcım çıxdı. Mən dəhşətlə ona baxırdım, o isə donquldanırdı ki, axı yaşamaq lazımdı...

– Sən gələcəksən? Hə? – sən ora-bura baxa-baxa soruşurdun. – Sən gələcəksən? Cavab ver!

Mən susurdum.

– Sən daha belə yaşaya bilməzsən! Sən məni sevirsən. Görürəm axı. Axı sən daha bu əzaba dözə bilmirsən!

– Dözə bilmirəm...

– Bilirəm. İndi öz üzünü görə bilsəydin! Mənim Verusyam, məncə, sən bircə dəfə də olsa, gerçəyi axıra qədər deməkdən qorxursan. Lazım deyil, əzizim. Sən qərar verməlisən. O cavandı. Ona çətin olacaq, amma o birtəhər dözə bilər, mənsə dözə bilmərəm. Mən ölərəm. Mən səni qorxutmaq üçün demirəm, olanı deyirəm. Ölərəm, onda sən hər şeyi başa düşərsən. Sən onda başa düşərsən. Başa düşərsən ki, indi səni saxlayan, sənə belə vacib görünən şey – sadəcə bir çətinlikmiş. Vəssalam! Onda sən özünü bağışlamayacaqsan, birdənəm. Çünki biləcəksən ki, bir adam vardı və o havasızlıqdan öldü, nəfəsi çatmadı. O nəfəs isə – sən idin...

– Axı mən onu necə tərk eləyim? Başa düşün, mən bacarmıram, mən insanı necə tərk eləməli olduğumu bilmirəm...

– Rahatca. Əzab vermədən. Yoxsa mən də əzab çəkərəm, biz də birlikdə xoşbəxt ola bilmərik.... Vera, sən nə vaxt gələ biləcəksən? Evdə hər şeyi qurtarmaq üçün sənə neçə gün lazımdı?

– On gün, – bunu düşünmədən, hesablamadan dedim.

– On?! Niyə belə çox?.. Yaxşı, yaxşı! On. Biz tez Moskvadan harasa gedəcəyik. Harasa, isti bir yerə. Sonra ara sakitləşəcək. Biz qayıdacağıq, yaşayacağıq... çoxlu işləyəcəyik. Sən bilirsən axı, biz çox işləməliyik. Biz hər mənada həyata təzədən, sıfırdan başlayacağıq. Başa düşürsən? Mən hamısını rədd eləmişəm! Bağ evin Yazıçılar İttifaqına qaytarıram, maşını artıq qaytarmışam! Ancaq əsərləri, əlyazmaları, kitabları götürürəm. Sonra sən məni tək qoymayacaqsan ki? Bax, mənə söz vermisən. And iç, məni tək qoymayacaqsan.

– Söz verirəm, Nazim.

– Vera!

– And içirəm…

Mənim yeni həyatım belə başladı. Sənli həyatım, Nazim…

ARDI
XS
SM
MD
LG